Elektron ədəbiyyat və sənət portalı

Daşkənddə keçirilən dəb nümayişində Qarabağın milli geyimləri də təqdim edilib

Bölmə: Beynəlxalq 22.04.2016

Sərgidə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri, Kəmaləddin Behzad adına Rəssamlıq və Dizayn İnstitutunun müəllim və tələbələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, bu sahədə çalışan müəllim və tələbələr, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə məşhur “Sarı gəlin” xalq mahnısının sədaları altında modelyer qızlar Qarabağ milli geyimlərini nümayiş etdirib. Buraya XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, bölgənin zadəgan xanımlarının geyimləri daxildir. Xüsusi daş-qaşlarla bəzədilən və ipəkdən hazırlanan geyimlər böyük maraqla qarşılanıb və Festivalın Təşkilat Komitəsi tərəfindən xüsusi mükafata layiq görülüb.

Festival çərçivəsində iştirakçılara Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəni irs haqqında məlumatlar toplusu təqdim olunub.

Xatırladırıq ki, Qarabağ geyimləri Bakı Geyim Evi tərəfindən hazırlanıb və Mərkəzin “Azərbaycan milli geyimləri” muzeyində daimi nümayiş etdirilir.

Qulu KƏNGƏRLİ