Elektron ədəbiyyat və sənət portalı

“Azərbaycan xalçaları” jurnalının yeni sayı işıq üzü görüb

Bölmə: Beynəlxalq 22.04.2016

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının yeni – XVII nömrəsi işıq üzü görüb. AzərTAc xəbər verir ki, oxucular jurnalın bu nömrəsində də Azərbaycanın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika ilə, maraqlı materiallarla, həmçinin incəsənət, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları ilə tanış ola biləcəklər.

Tarix elmləri doktoru, professor Zabil Bayramlının “Səfəvilər dövlətinin etnik mənsubiyyətinə dair”, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarında dabbağlıq sənətinin vəziyyəti”, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Naxçıvan xanlığının yeni aşkar olunmuş döyüş və dövlət bayraqları”, Şahin Əhmədovun “Kolanılar”, Bayram Quliyevin “Elxanilər dövründə Azərbaycanın dini və xatirə tikililəri” kimi məqalələr milli tarixşünaslığımızın aktual məsələlərinə həsr edilib. Tarix elmləri doktoru, professor Şirin Bünyadovanın “Orta əsr Azərbaycan şairləri xalçaçılıq haqqında” adlı məqaləsi həm filologiya, həm də etnoqrafiya elmləri baxımından maraq kəsb edir. Burada Qətran Təbrizi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi və s. kimi şairlərin yaradıcılığında öz əksini tapmış xalçaçılıq terminləri, xalçanın xalq məişətində istifadəsinə dair fikirləri araşdırılıb, nümunələr əsasında təhlil edilib. Filologiya üzrə fəlsəfə doktoru Nailə Əskərin “Ahilik: sosio-kultural cərəyan” adlı məqaləsində XII-XIII əsrlərdə Şərqdə, xüsusilə Azərbaycanda və Anadoluda geniş təşəkkül tapmış bu məşhur sənətkar birliyindən, onun fəaliyyət prinsiplərindən, ictimai həyatdakı rolundan bəhs olunur.

Jurnal ənənəvi olaraq həm respublikamızda, həm də xarici ölkə muzeylərində saxlanılan Azərbaycan xalçaları və xalça məmulatları haqqında ictimaiyyəti məlumatlandırır. Bu nömrədə oxucular Şirvanşahlar sarayında mühafizə olunan xalça və xalça məmulatları, onların tarixi, texniki göstəriciləri haqqında məlumat ala biləcəklər.

Tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin “XIV əsrin sonu-XVI əsrin əvvəllərində Şirvanşahlar dövlətinin pul işi” adlı məqaləsi son illərdə Şirvanşahlar dövlətinin tarixinə dair aparılan əhatəli tədqiqatlar əsasında hazırlanıb. Jurnalda xarici müəlliflərin Qafqaz, o cümlədən Azərbaycan xalçaçılıq tarixinə dair maraqlı məqalələri də yer alıb.