Elektron ədəbiyyat və sənət portalı

Atalı atasızlar

Bölmə: Ədəbiyyat 31.08.2015

O gün necə də maraqlıydı. İlk dəfəydi qrup uşaqlarıyla yığışıb harasa gedirdik. Meşədə top-top, sonra uşaq kimi qaçdı-tutdu oynamaq, tərləmək və üstündən buz kimi su içmək... Özü də bulaq suyu. Xoşbəxt olmaq elə qəşəngdi, kaş, adam hər gün xoşbəxt ola, heç olmasa, istirahət günləri.

Bulaq suyu elə bil ilk sevgimiz, lap uşaqlığımız kimidi. Adam hərdən uşaq olmaq istəyir, dükandan saqqız oğurlamaq istəyir, hələ bunun tullanıb-düşməyi də var. Elə xoşum gəlir atılıb-düşməkdən.

Biz də belə elədik. Hamımız bir neçə saat uşaq olduq. Özü də çox nadinc uşaq. Ağaclar bizim əlimizdən meşədə qaçmaq istəyirdi.

– Yox, Emil düz oynamadı, – biri deyir.

– Əli cığallıq elədi, – o biri deyir.

– Top gətirmək sırası Aygündədi, – bu birisi deyir.

– Biz qazandıq, biz qazandıq... Uraaa... – bunu da mən deyirəm.

Səsimiz meşəni başına götürmüşdü, bütün ağaclar bizim səsimizə yuxudan oyandılar. Quşlar bizə baxıb gülürdülər. Bir dovşan üzümüzə elə baxırdı, elə bil dovşan bizik.

Bir müəllimimiz var, Həsən müəllim. O da şalvarının balağını corabının içinə salıb bizlə yan-yana top-top oynayırdı. Elə həvəslə oynayırdı, elə bil heç vaxt uşaq olmayıb, elə dünyaya əlli beş yaşında gəlib. Həsən müəllim yeri gələndə cığallığından da qalmırdı.

Uşaqlardan biri Həsən müəllimə deyir:

– Ay müəllim, bəs deyirdiniz, hər işdə dürüst olmaq şərtdi? Bəs niyə oyunu pozursunuz? Axı bizim komanda udub.

– Ay bala, mən indi sizin müəlliminiz Həsən deyiləm. İndi mən də sizin tayınızam.

Hamımız gülmüşdük Həsən müəllimə. Əslində, o gün elə hər şey uşaq idi, ağaclar da, yarpaqlar da, sərçələr də... Ayağımız altında can verən otlar kimi, biz də taqətdən düşmüş, yerə sərilən palazın üstünə quş budağa qonan kimi qonmuşduq.

Təbiət o qədər sakit idi ki, vallah, adam qorxurdu. Adətən, filmlərdə belə olur, əvvəl səssizlik olur, qəfildən vəhşi heyvanlar üstünüzə cumur. Bəs mən nə düşünürdüm? Üstümə nə cumur cumsun, heyvan yox, lap insan cumsun, yenə də palazın üstündən qalxan deyiləm. Axı yorulmuşam.

Bir şey də var ki, meşənin sakitliyi insanın yorğunluğun sanki oğurlayırdı, adamın ruhuna laylay çalırdı, sakitlik elə bil saçımı sığallayır, əzizləyirdi. Meh oynamaqdan yorulmuş, tərləmiş bədənimizə qəribə rahatlıq verirdi. Sərin meh sanki həsrət qaldığımız doğmaların bədən hissi idi. Adam mehi qucaqlamaq istəyirdi. Düzü, bir ara istədim qucaqlayam, sonra düşündüm ki, pis başa düşərlər.

Bir dostum da var, adı Gülnardı. Siz Allah, keçmişimin əlindən canımı qurtarıb meşəyə gəlmişik, bu da deyir ki, hərə uşaqlığından nəsə danışsın. Məsələn, bir xatirə. Məndə danışmağa hal qalıb? Doğrudan, maraqlı fikirdi, amma bir şərtlə ki, mən heç nə danışmayacam. Ancaq siz danışın. Onsuz da hamı yorulmuşdu, heç kəsin yerindən qalxmağa halı yox idi. Vaxtı belə yola vermək daha gözəl olardı.

Elə Gülnarın özündən başladıq. Mən bildim ki, Gülnar çox narahatdı, onu nəsə sıxır içində, ona görə danışmaq istəyir. Lap bəhanə axtarır. Hamı sırayla danışacaq deyə, tez yerimi dəyişib axıra keçdim. Qoy hamını dinləyim, özüm danışmayım. Növbə mənə çatanda, onsuz da, gecə düşəcək, çıxıb gedəcəyik.

Hə, Gülnar bir yana qalsın, bizdə bir Əli var, onun keçmişi məni lap dəli elədi, vallah. Əli əhlikef bir uşaqdı. Baxanda elə bilirsən dünya vecinə deyil. Əliyə özüm də məəttəl qaldım, əməlli-başlı ciddi söhbət eləyirdi. Siz Allah, Əli hara, ciddi danışmaq hara?! Lap məəttəl qaldıq.

– Mənim elə də gözəl xatirələrlə dolu uşaqlığım olmayıb ki... Nə danışım? – Əli ilk əvvəl belə dedi.

Birdən-birə o gülümsər üzünə, elə bil hüzür düşdü. Təsəvvür elə, qəflətən yas mağarı quruldu. Mənə elə gəldi ki, sifətində yekəqarın, başında ağ çalma olan molla yeriyir. Cavan uşaqlar əlində qab-qacaq ora-bura qaçırlar, gəlib-gedənlərə çay verirlər. Hüzür yeri necə olur, bax, elə.

– Ola bilməz bu boyda illər yaşıyasan, yadda qalan heç nə olmaya, – Həsən müəllim dedi, – yalandan da olsa, bir şey danış, növbə sənindi.

Əli gözünü təxminən, bayaq bizə baxan dovşanın dayandığı yerə dikib danışmağa başladı. Dedi, birinci sinifdə oxuyurdum, o vaxt ağlım kəsmirdi. Birdən-birə anam mənə dedi ki, daha babamgildə qalacağıq, bura bizim təzə evimizdi. Qardaşım uşaq idi, mən də ondan bir az böyük. O zamanlar bizim üçün həyat babamın işdən gələndə aldığı saqqız qədər şirin idi, kindersurprizdən çıxan oyuncaq qədər maraqlı. Onda dizlərimdə olan yaralara görə ağlayardım, indi yadıma düşəndə ağlamağıma gülməyim gəlir.

O zaman babamgilə hələ təzə köçmüşdük. Atam tez-tez gəlib qardaşımla məni aparar, bir az gəzdirib gətirərdi. Sonra yavaş-yavaş atam gec gəldi, axırda heç gəlmədi. Atam gəlməsə də, böyüyürdük. Atamın əvəzinə babam bizə “oğlum” deyirdi ki, darıxmayaq, canımızda o hissin yeri boş qalmasın deyə babam bizim üçün nələr eləmirdi.

İndi anlayıram ki, o vaxt atamdan ötrü yox, oyuncaqdan ötrü darıxırammış. İndi dərk edirəm ki, uşaq olub böyüməyi arzu etmək, böyük olub uşaq olmağı arzulamaqdan daha gözəldir. Anam məni döyəndə atam yadıma düşürdü, elə bilirdim ki, uşağı ancaq atası döyə bilər. Anam məni çağıranda səsi qulağıma kişi səsi kimi gəlirdi.

Qonşu uşaqlarda olan oyuncaqların bizdə olmadığını görəndə atamı istəyirdim. Hələ o da yadımdadı ki, bir gün bağçadan gələndə dedim ki, vitrində gördüyüm bir oyuncağı alsın.

Anam bir söz dedi:

– Qoy atan alimenti ödəsin, söz verirəm, alacam.

Mən heç bilmirdim, aliment nədi. Amma bilirdim ki, hər nədirsə, pul deməkdi. Pul da mənim üçün oyuncaq deməkdi. Tez-tez anama deyirdim ki, mənə nə vaxt aliment alacaqsan?

Bu söz nədənsə məni üşüdür. Alimenti deyirəm. Elə bil bu sözü eşidəndə, boynumun dalı qızışır. Atam mənim üçün aliment olmuşdu. Atama aliment deyirdim. Amma nə atam gəlib çıxırdı, nə də aliment. Hər bağçadan gələndə yolumuzun üstündə olan banka girib – indi bilirəm ki, ora bank deyirlər – anam soruşurdu ki, onun hesabına ödəniş olub?

Hər dəfə də eyni söz eşidirdik:

– Xeyr, xanım, hələ heç bir ödəniş yoxdu.

Hər şeyə aliment kimi baxır, evdə qab-qacağı oyuncaq kimi oynadırdım. Elə bil bu sözü yeyirdim, amma aliment sözündən doymurdum. Ürəyim istəyən oyuncaqların hamısı satılmışdı, istəyirdim satıcıya deyəm ki, o yuxarıdan ikinci maşını satma, anamın adına pul köçürüləndə gəlib alacağam.

Dostum Akifin atası aldığı oyuncaq silah artıq dəbdən düşmüşdü, köhnəlmiş oyuncaqlarını mənə verirdi, azarımı öldürürdüm. Amma yenə də, düşünürdüm ki, aliment gəlsin, çoxlu oyuncaqlar alacağam. Hərdən balaca qardaşıma da oyuncaq kimi baxır, saçını yolurdum.

Mən böyüdükcə böyüyürdüm, amma anamın adına olan hesab böyümək bilmirdi. Bir ara qardaşımla başımızı nəylə qatsaq yaxşıdır? Anam bizə parçadan oyuncaq gəlincik tikirdi, sonra əlinə geyinib o gəlinciyin diliylə danışıb bizi güldürürdü. Allah haqqı, anamın tikdiyi gəlinciyə gülmək mənə qonşu uşaqların oyuncaqlarından da maraqlı gəlirdi. Onsuz da gülməyə bəhanə axtarırdıq.

Əli bunları danışdıqca, elə bil ağaclar şirin yuxuya gedirdi, meşədən heç quşların da səsi gəlmirdi. Ağaclar sanki bir-birinə söykənib Əliyə qulaq asırdılar. Uzaqda bir ərik ağacı vardı, deyəsən, ayaq üstə dayanmaqdan yorulmuşdu, çiynini gavalı ağacına söykəyib o da Əliyə baxırdı. Nədənsə gözlərim belə şeylərə çox diqqətlidi.

Hələ də aliment gəlməmişdi. Hər dəfə darıxanda anam məni banka aparırdı, guya başım çıxır. Nədənsə, anamdan çox bankda işləyən kişiyə inanırdım.

– Xeyr, xanım, sizin adınıza heç bir ödəniş yoxdu.

Anamın siması bir az qocalmışdı, qırışlar əmələ gəlmişdi, mənim istəklərimsə dəyişmişdi, qardaşım da deyirdi:

– Ata da pisdi, aliment də pisdi. Mən maşın istəyirəm.

Anam bizə deyirdi ki, gecələr yatmazdan əvvəl əllərini Allaha açıb nə dua etsən, sənə onu da verər. Anam eşitməsin deyə, o yatandan sonra hər gecə Allah babaya dua edirdim. Birinci çoxlu oyuncaqlar istəyirdim, sonra aliment, sora da atamı. Yox, atamı istəmirdim. Guya küsmüşdüm. Ay uşaqlıq!

-Allah baba, sabah oyanaq ki, çoxlu pulumuz olub. Anam mənə həmən vitrində gördüyüm qırmızı maşından da alsın, qonşu Akifin oyuncaq silahından da, Şəfanın rəngli karandaşlarından, Raminin üstü maşın şəkilli bahalı çantasından da...

Hətta bir gecə necə ürəkdən istəmişdimsə, bunu gecə yuxumda görmüşdüm ki, atam hardasa uzaqlardan gəlib, bizə aliment də gətirib. Bu yuxuya necə inanmışdımsa, səhər açılan kimi anamın əlindən tutub güclə aparmışdım həmən banka. Yol boyu da içimdə Allaha yalvarmışdım ki, kaş o kişi olmasın yerində, başqa xala olsun və desin:

– Bəli, Günay Əliyeva adına ödəniş var .

Həmin gün Allahdan da küsmüşdüm. Allah baba istəsəydi, bizə aliment göndərərdi. Nə var ki, burda, böyüyəndə qaytaracaqdım onsuz da.

Anam dizlərini yerə qoyub, məni qucaqlıyır ağlayırdı hər dəfə, anam ağladıqca mən böyüyürdüm. Atamsa bizə bir uşaqlıq borclu idi. Bizim üçün ata sözü – aliment, aliment sözü – həyata keçməyən arzular, uşaqlığım – anamın adına ödəniş yoxdu.

Hamı Əlinin bu söhbətinə diqqət kəsilmişdi. Ağaclar da, otlar da başlarını aşağı dikib dayanmışdılar. Sanki utanırdılar.

– Külək başladı, durun yavaş-yavaş yığışıb gedək, – Həsən müəllim əlini Əlinin sağ çiyninə qoydu, – bu gün sizlə burda gizlənqaç oynadıq. Uşaq olanda bu oyunu mən də çox sevirdim. Amma böyüdükcə anladım ki, həyatla gizlənqaç oynamaq olmur. Həyat bizi hər yerdə tapır, harda gizlənsək belə. Əlidən fərqli olaraq, mənim atam olub, o kişi bir gün də  biz övladlarını tək qoymayıb. Amma elə atanın olmağındansa olmamağı yaxşıydı...

Çinarə ÖMRAY