Elektron ədəbiyyat və sənət portalı

Mister Qreyin köpəyi

Bölmə: Ədəbiyyat 31.08.2015

Sözə, bədii mətnlərə tarixin bütün dönəmlərində ehtiyac olub. Söz – zamanın biləyindən yapışan, onun nəbzini yoxlayan bir təbib olub həmişə.  Gərdişin əli hər yerdən üzüləndə, dünya  qələmin gücünə, bədii sözə söykənib. Bunu zaman-zaman sınaqlardan keçən ədəbiyyatımız da təsdiqləyir. Təəssüf ki, yazılan gözəl əsərlərlə yanaşı, bu günün mənzərəsi fonunda yaşanan xaotik bir söz bumuna da şahid oluruq. Bu, əsl sözə qiymət verən oxucularda bir xəyal qırıqlığı yaradır. Ədəbi mühitdə yaşananlar, məsələn, yaşından, təcrübəsindən, istedadından asılı olmayaraq, romançılığa  aludə olmağın bu gün bir dəb halını alması, nəticədə sözün urvatdan düşməsi ədəbiyyatsevərləri məyus edir. Belədə klassiklərimizin tarixin dolanbaclarından keçib gəlmiş əsərlərinə bir daha üz tutmağa dərin ehtiyac duyulur. Bu baxımdan, böyük sənətkarlarımızın əsərlərindən örnəklər verməyi planlaşdırmışıq. Azərbaycan ədəbiyyatının görkəmli ədiblərindən olan Süleyman Sani Axundovun “Mister Qreyin köpəyi” hekayəsi ilə missiyamızı davam etdiririk.

 

***

 

Puan Qay, Xan Qou şəhərinin Nan Si çayının sahilində əski bir daxmada qoca anası ilə yaşayırdı. Bu gənc, küçə aktyoru idi, öz şagirdi balaca Sen O ilə bazarlarda, şənlikli küçələrdə, çayxanalarda oyun çıxartmaq, məzhəkə yaratmaq və mahnı oxumaqla, gündəlik ruzisini qazanardı.

Bəxti gətirib 60-70 qəpikdən çox qazananda, o axşamı, çörək və soğandan əlavə, balıq da alıb şad evlərinə gələrdi və küçədən həyətə daxil olduqda “Ana can, yuy... yuy...” deyə onu səslərdi.

Puan Qayı çinlilər sevərdilər, lakin avropalılar onu görmək belə istəməzdilər, çünki Puan Qay onların pis xasiyyətlərini, məğrurluqlarını, çinlilərə edilən zülmü pontamim tərzi ilə gözəlcəsinə göstərib xalqı güldürürdü. Bunun üstə Puan Qay avropalılar tərəfindən neçə dəfə kötək yemişdi. Lakin yenə də onların təqlidini çıxartmaqdan saqınmazdı. Ancaq şəhərin Avropa hissəsinə enməkdən çəkinərdi.

Bir səhər Puan Qay küçədə həsir salıb, üst paltarını soyunub oyun çıxarırdı. Adamlar yığılıb ona tamaşa edirdilər. Bu zaman mister Qreyin aşpazı bazardan azuqə alıb evə qayıdırdı. Misterin məhşur köpəyi Bollu da onun arxasınca gəlirdi. Bu ingilis buldoqu sahibi kimi qayət kinli, dəhşətli bir köpək idi. Bollunun qapdığı iti və insanı əlindən almaq mümkün deyildi. Ta üstünə su tökməyincə tutduğunu buraxmazdı. Bu köpək çinlilərə çox əziyyət verirdi. Lakin mister Qreyin qorxusundan kimsə onu vura bilməzdi. Bollu adamların dəstəsinə yaxınlaşdıqda uşaqlar: “Mister Qreyin köpəyi gəlir”, deyə qaçmağa başladılar. Böyüklər də kənara çəkildilər. Bu zaman Puan Qay, arxası üstə uzanıb ayaqları ilə Sen O-nu tez-tez yuxarı atıb-tuturdu. Köpəyin diqqətini cəlb edən Puan Qayın həsirin üstə ilan kimi uzanan kəkili idi. Sen O onu gördükdə qışqırdı. Puan Qay, Sen O-nu yerə buraxıb cəld qalxdı. Bu vaxt köpək Puan Qayın arxalığını qapıb qaçmağa başladı... Puan Qay öz şeylərini şagirdinə tapşırıb köpəyin dalınca qaçdı. Küçədən daş yığıb köpəyə atırdı. Lakin Bollu daşların dəyməyinə baxmayaraq, arxalığı dişindən salmırdı. Daşın biri Bollunun ayağına bərk dəymişdi. Lakin höcət köpək yenə də arxalıqdan əl çəkmirdi. Küçəni dönərkən bir Çin polisi onun qabağını aldı:

- Nə üçün köpəyə daş atırsan?

- Görmürsənmi, köpək arxalığı aparır...

- Görürəm və köpəyin də mister Qreyin olduğunu bilirəm.

- Deməli, mister Qreyin köpəyi üçün qanun yoxdur...

- Puan Qay, özün də bilirsən yoxdur, nə üçün soruşursan? Ya arxalığından əl çək, ya da cürətin varsa, get misterdən al.

- Gedərəm və arxalığımı da alaram, - deyə Puan Qay yola düşdü. O daha qaçmırdı, ahəstə gedirkən dərin fikrə dalmışdı. Böyük və ulu vətəninin azğın, qudurmuş imperialistlərin pəncəsi altında boğularaq, sızlayaraq məhv olduğunu düşünürdü:

Bizim üçün nicat yolu yoxmu? Haçana kimi dörd yüz milyonluq Çin, avropalıların əlində oyuncaq olacaq, - deyə öz-özünə sual verirdi.

Var. Lakin biz biqeyrətlər, hamımız inqilabçı Kanton ordusuna qarışıb vətənimizi imperialistlərin əlindən xilas etmək əvəzinə, inqilabçıların qarşısına çıxıb bunlarla müharibə edirik.

Puan Qay, başında belə fikirlər gəlib mister Qreyin darvazasına çatdı və cürətlə içəri girdi. Bu zaman mister Qrey balkonda oturub qəzet oxumaqla məşğul idi. O, itin ayağının Puan Qay tərəfindən yaralanmasından xəbərdar idi. İndi qəzəbli və səbirsiz halda onu gözləyirdi. Mister Qrey başını qaldırıb Puan Qayı gördü və ayağa qalxaraq acıqlı soruşdu:

- Mənim itimi sənmi vurmusan?

- Bəli, mən vurmuşam. Arxalığımı götürüb qaçdı, mən də daş atdım ki, yerə salsın, lakin buraxmadı.

- Sən bilirsənmi ki, ingilis köpəyi tutduğunu buraxmaz?

- Bəli, ingilislərin köpəkləri sahiblərinə oxşamışlar, tutduqlarını buraxmazlar.

- Doğrudur, sən üç böyük cinayət etmisən, ona görə cəza alacaqsan. Birincisi budur ki, mənim sevgili köpəyim Bollunu yaralamısan...

- Mister, sizin papağınızı və ya başqa bir şeyinizi köpək götürüb qaçsa, nə edərsiniz?

- Tapançamı çıxarıb vuraram, yerində qalar.

- Mən ki hələ itinizi öldürməmişəm.

- Sənin həddin nədir ki, elə iş edə biləsən. İkinci, təqsirin bax budur, - deyə mister Qrey ona bir məktub göstərdi.

- Bu sənin arxalığının cibindən çıxmış, bilirsənmi nədir?!

- Kanton əsgəri dostumdan gəlmiş məktubdur.

- Yalan! Kommunist firqəsi tərəfindən nəşr olunmuş proqlamasiyadır, sən o firqənin gizli üzvüsən və oyun çıxarmaq ilə onun fikrini burada yeridirsən.

Bunu eşitdikdə Puan Qay səbir edə bilməyib dedi:

- Elə ki, siz imperialistlər biz çinlilərlə rəftar edirsiniz, axırı hamımız ona gələcəyik. Üçüncü cinayətimi söyləyin.

- Üçüncü cinayət odur ki, izinsiz mənim həyətimə girmisən, o qapıda yazılanı oxumadınmı?

- Xeyr, orada nə yazılmışdır?

- Orada bu yazılmışdır: “Çinlilərə və köpəklərə daxil olmaq yasaqdır”.

- Mister o, qanunmu?

- Bəli, qanun.

- O qanunu əlahəzrət Corcmu vermiş?

- Sus, qanmaz köpək, onu mən vermişəm, hər bir ingilisin əmri siz vəhşi çinlilər üçün qanundur.

- Onları verənləri inqilabçı Kanton tezliklə məhv edecək.

Bunu eşitdikdə qan mister Qreyin başına sıçradı və elə bağırdı ki, bütün xidmətçilər səsinə töküldü.

- Bu köpəyi alın, o uzun saçından talvardan asın, mən əmr etmədikcə xilas etməzsiniz, haydı!..

Zavallı Puan Qayı tutub talvarın altına gətirdilər. Mister Qrey də balkondan enib oraya gəldi.

- İndi ayı kimi bağırarsan, - deyə “mədəni, nəcib” Qrey, Puan Qayı söyməyə başladı.

Puan Qayı asarkən, bozarmış dodaqlarından bir kəlmə belə buraxmadı. Lakin qanlı gözlərindən qəzəb atəşi saçılırdı. Qrey cənabları ingilis “ədalətini” icra etdikdən sonra yenə balkona qalxıb qəzet oxumağa başladı. Aradan xeyli keçmiş xidmətçi çinli ona çay gətirirkən, Puan Qayı azad etməyini yadına saldı. Mister saata baxıb dedi: “Hələ iki dəqiqə qalmış”. Sonra qəzeti masanın üstə qoyub çay içməyə başladı. Hərgah mister Qrey o zaman dönüb xidmətçinin üzünə baxsaydı, onun baxışında özünə qarşı nifrət əlamətlərini aydın oxuyardı.

Mister Qrey çayını içib aşağı endi və Puan Qayı xilas etməyə əmr verdi. Onu azad etdilər. Sonra mister Qrey qayçı gətirtdi və öz əli ilə Puan Qayın o uzun saçlarını kəsib ona uzatdı:

- Bunu al, saxla, ta ki, tutduğun cinayəti unutmayasan.

Sonra emr etdi ki, onun arxalığını versinlər. Puan Qay illərlə bəslədiyi saçını alıb:

- Mister, mən and içirəm ki, heç bir an bu günü unutmayacağam, bu günə kimi mən inqilabçı deyildim, siz bu saçları kəsməklə öz əlinizlə məni inqilabçı kantonçular sırasına göndərirsiniz, sizə artıqca təşəkkür edirəm, - deyə Puan Qay götürüldü.

Altı aydan artıq idi ki, Puan Qay Kanton inqilabçı ordusunda şücaətlə dava edirdi. İmperialistlərin ümidi olan Şimal ordusu Qızıl Kanton ordusunun dəhşətli hücumları qarşısında davam edə bilməyib, əllərində olan kənd və şəhərləri boşaltmağa məcbur olurdu. Növbə Puan Qayın vətəni Xan Qou şəhərinə çatmışdı. Puan Qay irəlidə gedən bölüyün sırasında idi. Şəhərə hücum başlandı. Puan Qay qızmış şir kimi müharibə edirdi. Ən atəşli yerə özünü atırdı. Şəhərə girən birinci Puan Qay oldu. Günorta olduqda Xan Qou Kanton əsgərləri tərəfindən alındı. Lakin küçələrdə, ara-sıra güllə səsi gəlirdi.

Puan Qay, mister Qrey sakin olan küçə ilə evlərinə, anasını yoluxmağa gedirdi. Birdən qarşısına misterin köpəyi Bollu çıxdı. Sanki qəza Puan Qayın intiqamını yerdə qoymaq istəmirdi. Puan Qay cəld tüfəngi döşünə alıb iti nişanəyə götürdü. Güllə açıldıqda köpək yerə sərildi. Puan Qay gedib onun quyruğundan tutdu və sürükləyərək mister Qreyin darvazası ağzına gətirdi. Misterin darvazası, qapılan, pəncərələri bağlı idi. Həyətdə, evdə bir insan görünmürdü. Puan Qay kəmərini açıb itin başına keçirdi və xeyli çətinlik ilə darvazadan asdı. Sonra cib kitabçasını çıxarıb bir varaq cırdı, yazdı, darvazaya bənd etdi. Sonra fəxr ilə oxudu:

“İngilislərə və köpəklərə içəri daxil olmaq qadağandır”.

- Mister Qrey! İndi Puan Qayı ölənə kimi unutmazsan, - deyərək yoluna davam etdi.