Elektron ədəbiyyat və sənət portalı

Bahar oğlu… Novruza yetişmədi…

Bölmə: Ədəbiyyat 15.04.2016

 

– Nə olub? – deyə Sona həyəcanla onların qarşısına atıldı.

– Heç!.. – deyə qış günü yaxası açılmış Cəfər gülümsəməyə çalışdı. – Qorxma, Sonası, bir şey yoxdur… Ürəyim balaca çəm-xəm eləyir. Yəqin, kinoprojektorların təsirindən oldu. Boş şeydir… Yerimi düzəlt, bir az uzanım, keçib gedəcək.

Əvvəllər də onda buna oxşar hallar olmuşdu. Ancaq cavan qadın heç vaxt ərinin vücudunu bu qədər əzgin, sifətini bu qədər solğun, gözlərini - iri gözlərini bu qədər kiçik görməmişdi!..

Sona, Cəfəri çarpayıya uzadan kimi özünü telefonun üstünə atdı:

– Amanın günüdü, ay professor, xahiş eləyirəm, tez özünüzü bizə çatdırın! Cəfərin əhvalı xoşuma gəlmir! Fayton göndərirəm, siz Allah, yubanmayın… Çox sağ olun!

Professor gəlib çıxdı, yəqin ki, evdəkiləri qorxutmamaq üçün xəstədə ciddi bir şey olmadığını söylədi. Təcili dərman yazdı. Bir qədər Cəfərlə zarafatlaşdı və gözünü yuxuya verməyi tapşırıb getdi.

O yatmaqla Cəfər iki gün yataqdan qalxmadı. Üçüncü gün ayağa durub, yavaş-yavaş otaqda gəzindi. Sonra yazı masasının arxasında əyləşdi. Amma, ürəyi sıxıldı, qələm işlədə bilmədi. Sona onu təzədən yatağına uzandırdı.

Axşama yaxın xəstənin halı bir qədər yaxşılaşdı. Ona baş çəkən qonum-qonşu, dost-tanışla söhbət də elədi.

Onyaşlı oğlu Aydına özü əzbərlətdiyi “Ana” şeirini söylətdi. Bunun üstündən qəhərləndi.

Dördyaşlı qızı Gülarəyə pianoda özü öyrətdiyi “Azad bir quşdum” mahnısını çaldırıb oxutdurdu. Nə üçünsə doluxsundu.

Zeynəb şam yeməyi gətirdi. Dilinə də vurmadı.

Sona verən dərmanı içdi.

Sonra paltarını soyunub, yatağa girdi. Amma on il əvvəl, anasının toxuduğu, yalnız bir balaca soyuqlayanda geydiyi yun corabları ayağından çıxarmadı:

– Bunlar qalsın, Sonası, – dedi. – Bu gecə, deyəsən, çox soyuqdur. – Pəncərədən həyətə boylandı: – Gör necə qar yağır! – Sonra ayaqlarındakı əlvan naxışlı corablara baxdı. – Amma Ağaməmənin corabları isti saxlayır…

Sona neft pilətəsinin işığını artırdı, yenə çarpayının yanına gəldi. Cəfər başı üstündə dayanmış qadının üzünə bir xeyli baxdı:

–  Sonası, – dedi, – sən də mənim üçün bir yun köynək toxu! – Gözlərini qıyıb gülümsədi: – Yadındadı, bizi nişanlayanda başladın toxumağa, məndən küsdün, yarımçıq qaldı. Toyumuzdan sonra qurtardın… Bir eləsini…

– Başım üstə, Cəfərciyim, günü sabah başlaram; özü də bu səfər lap tez toxuyacağam.

– Çox sağ ol!.. Gecən xeyrə qalsın, əzizim! – Əlini uzadıb, Sonanın barmaqlarını sıxdı: – Uşaqlardan muğayat ol… – Tez də əlavə etdi: – Ev də tikilib qurtarmadı ki, bu soyuq, darısqal mənzildən uşaqların canı qurtarsın.

– Təki sənin canın sağ olsun! Novruza qurtararlar. Bu qışı birtəhər başa vurruq. Novruzu təzə evdə bayram elərik.

– Allah ağzından eşitsin…– deyə Cəfər dodaqları arasında pıçıldadı: – Get yat, Sonası, yorğunsan…

– Gecən xeyrə qalsın, Cəfər. – Sona işığı söndürüb, ayağının ucunda otaqdan çıxdı.

…Cəfər öz iş otağında, Sonayla Zeynəb, bir də uşaqlar qonşu otaqda yatırdılar. Hər iki otağın qapısı şüşəbəndə açılırdı. Gecə uşaqlar ayılanda həmişə Cəfər öz otağından səslənərdi: – “Qorxma Sonası, oyağam!..” On il idi ki, Sona ərinin hənirtisinə adətkərdi. Bu gecə də obaşdana yaxın, yenə uşaqlardan kiçiyi yuxuda hönkür-hönkür ağladı. Sona qıza çay verib, ovundurdu. Cəfərin hənirini eşitməyib, qeyri-ixtiyari dilləndi:

– Yatmısan, Cəfər?

… Cavab gəlmədi.

– Sənnənəm ey, Cəfər?! – Sona azcana səsini ucaltdı. Bu dəfə də Cəfərdən səs çıxmadı. Sona şübhəli bir vahimə içində yerindən qalxıb, ərinin otağına keçdi, yenə də ehtiyatla:

– Cəfər, ay Cəfər. – Dedi. – Nə bərk yatmısan? Niyə cavab vermirsən?.. – Bu nə zarafatdı, məni qorxuzma, Cəfər!

Cəfərdən yenə bir səs çıxmadığını görən Sona özü öz səsindən qorxaraq, çarpayıya yaxın gəldi, ərinin əlindən tutdu. İllərdən bəri hərarətinə alışdığı zərif əl bu dəfə ona çox soyuq göründü. Deyəsən, nəbzi də vurmurdu. Ürəyini yoxlamaq istədi. Ancaq fikrindən daşındı.

Məgər Cəfərin bütün bədəni başdan-başa böyük bir ürək deyildimi? Məgər həmişə o isti barmaqların hər birinin ucunda Sona şiddətlə çarpan ürək duymamışdımı? Bəs indi bu barmaqlar niyə belə sakit və soyuq idi? Yoxsa o odlu ürək öz-özünə müxənnət çıxıb, öz-özünü yandırıb külə döndərmişdi? Vücuduna üşütmə daraşan qadın  üzünü hövlnak qonşu otağa tutub çığırdı:

– Məmə, ay məmə!.. Gəl bax gör Cəfər niyə belə eləyir? Tez ol!.. Sən də yatmısan? Yoxsa, bu gecə bütün aləm yuxuya gedib?!

Zeynəb təlaş içində özünü çatdırıb, kürəkəninin biləyini əlinə aldı və birdən qarının yuxulu gözləri bərələrək elə bil öz hədəqəsindən çıxdı. O biri əlini üzünə atıb, sifətini cırdı, nalə çəkib dizi üstə çökdü:

– Bu cavan vaxtında nöşün belə elədin, ay Cəfər? Övümüzü niyə yıxdın, ay müxənnət oğul?..

Cəfər cavab vermədi. Sol əlini ürəyinin üstünə necə qoymuşdusa, eləcə qalmışdı. Sağ gözünün altında bir gilə yaş vardı. Dodaqları müəmmalı bir təbəssümlə qıyılmışdı. Həmişəki kimi sakitcə yatırdı. Ancaq Cəfərin budəfəki yuxusu əvvəlkindən deyildi, əbədiydi...

Sonanın gözləri qaraldı, qulaqları tutuldu. Artıq heç nə görməyərək, heç nə eşitməyərək, ayaqyalın, başıaçıq, qar basmış həyətə, ordan da yeri ağ, göyü qara boş dalana yüyürdü, saçını yolaraq şivən qopardı:

– Bu nə vaxtın yatmağıdır, ay camaat?.. Dadımıza çatın, durun ey, Cəfər əldən gedir!.. Qoymayın, ay camaat!

Dalanın bütün qapıları açıldı. Gecə paltarında özünü bayırın qarına, soyuğuna atmış kişilər, arvadlar, qocalar, uşaqlar donub-quruyub qalmışdılar:

– Nə olub, Sona bacı?

– Daha nolacaq? Evim yıxıldı, ay camaat! Cəfər getdi! Balalarım yetim qaldı!.. Aydın! Gülara! Hardasız? Gedin, qoymayın Mirzəmi getsin!

O gecə soyuq idi, çox soyuq idi. Ancaq Bakının buz bağlamış telefon telləri soyuqdan-şaxtadan qısalmamış, əksinə, uzanmışdı. Bu qarlı-şaxtalı gecədə üfüqdən-üfüqə, Şubanıdan Xəzərədək dartılaraq bütün Bakını yuxudan oyatmışdı. Telefon telləri o səhər isti hıçqırıqlardan tir-tir titrəyirdi…

– Eşitmisən? Cəfər ölüb!

– Nə danışırsan?

– Cəfər Cabbarlını itirdik!

– Ola bilməz?!.

Ancaq olan olmuş, Cəfər cavanca yaşında dünyadan köçmüş, Qış qarısı bahar oğlunu gedər-gəlməz bir səfərə aparıb getmişdi.

Seyfəddin DAĞLI