Elektron ədəbiyyat və sənət portalı

Hər suala bir cavab

Bölmə: Elm 31.08.2015

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

***

 

Dondurma harda yaranıb?

Əlli il qabaq dondurmanı yalnız yayda yeyirdilər. İndi isə ilboyu yeyirlər. Onu Şərqdə, özü də lap çoxdan kəşf ediblər.

Səyyah Marko Polo adamların dondurma yeməsini səfərlərinin birində öz gözləriylə görmüşdü. Bu ideya ona o qədər xoş gəlmişdi ki, özüylə İtaliyaya gətirmişdi. Ordan dondurma Fransaya gəldi və əsilzadələr arasında çox populyar oldu. Onlar dondurmanın reseptini qara camaatdan gizlətməyə çalışırdılar. Amma çifayda, tezliklə camaat da dondurmanın dadını bildi və onu sevdi. Ondan sonra, qısa bir zamanda dondurma bütün dünyaya yayıldı, hətta gəlib Amerikaya da çıxdı.

İlk dondurma zavodu öz fəaliyyətinə Merilend ştatının Baltimor şəhərində, 1851-ci ildə başladı. Lakin iyirminci əsrin əvvəllərinə, böyük soyuducu qurğular yarananadək dondurma istehsalı o qədər də geniş yayılmamışdı.

Dondurma qaymaqdan, süddən, yaxud süd məhsullarından ibarətdir, amma hərdən ona yumurta da əlavə edirlər. Dad üçün dondurmaya vanilin, şokolad, giləmeyvələr, fındıq-qoz, yaxud meyvə əlavə olunur. Adi dondurmanın resepti belədir: 80-85% qaymaq, yaxud başqa süd məhsullarına 15% şəkər, 0,5 – 4% arası qoxu verən aromatizator, 0,3% stabilizator əlavə olunur.

Az miqdarda stabilizatoru ona görə əlavə edirlər ki, dondurma yekcins olsun və onun içində buz kristalları əmələ gəlməsin. Bu məqsədlə, adətən, jelatindən istifadə olunur.

Siz vanilli dondurmanın üçdən birini yeyəndə yarım fincan süddəki qədər kalsium, protein və vitamin B və bir fincan süddəki qədər vitamin A qəbul etmiş olursunuz.

 

Konfet harada yaranıb?

Demək olar ki, hər ölkədə qədim zamanlarda adamlar konfetə bənzər nələrsə yeyirdilər. Misirdəki qazıntılar zamanı konfetlərin necə düzəldiyi, onların görkəminin necə olduğu barədə şəkillər, qeydlər tapılıb.

O dövrlərdə təmizlənmiş şəkər hələ insanlara bəlli deyildi, ona görə də baldan şəkər əvəzinə istifadə edirdilər. Misirdə konfetlərin əsas komponenti isə xurma idi.

Şərq ölkələrində hər qəbilənin özünün şirni ustası, məxfi reseptləri vardı. Bu yerlərdə badam, bal və əncirdən konfet hazırlamaq üçün istifadə olunurdu.

Qədim bir Roma reseptində fındıq-qozu, xaşxaş toxumlarını balda bişirir, sonra ona istiot vurub üzərinə balda isladılmış küncüt səpirdilər. Nəticədə indi bizim nuqa kimi tanıdığımız konfetlərə bənzər bir şey əmələ gəlirdi.

Avropada şirin şirə içirdilər, amma ondan dərmanların acılığını itirmək üçün istifadə olunurdu. Konfet düzəltmək heç kəsin ağlına gəlmirdi. Lakin 17-ci əsrdə Avropaya müstəmləkələrdən çoxlu şəkər gələndə şirniyyatçılıq əsl incəsənətə çevrildi.

Fransızlar meyvələri şəkərləyir, yeni reseptlər yaradırdılar. Onlardan biri qozlu şəkər şirəsi idi ki, onun adına “Prolinqs” deyirdilər. Bu mənada, onu Yeni Orleanın “praline” adlanan məşhur şirnisinin əcdadı saymaq olar.

Müstəmləkəçilik dövründə və daha sonralar ağcaqayın şəkəri, qara patka və bal evlərdə konfet hazırlanarkən istifadə olunurdu. Bizim nənələrimiz ona iris çiçəyinin kökünü və zəncəfil şəkərləməsi əlavə edərək nabat düzəldirdilər.

Konfetin sənaye üsuluyla hazırlanmasında əsas komponent qamış, yaxud çuğundur şəkəridir. Onu qarğıdalı şirəsi, qarğıdalı şəkəri, nanə, bal, bədrənc və ağcaqayın şəkəri ilə qarışdırırdılar. Sonra şokolad, meyvələr, qoz-fındıq, yumurta, süd məhsulları, vanilin və rəng əlavə olunurdu. Bəzi qoxuları vanilin, limon, nanədən, digərlərini isə süni yollarla alırdılar.

 

İlk dəfə saqqızı kim çeynəyib?

Adamlar niyə çeynəyir? Yəqin, bu, onları sakitləşdirir. Bu gün biz sakitləşmək, başımızı qatmaq üçün bundan çox istifadə edirik. Lakin saqqızı hələ kəşf eləməmişdən belə, insan çeynəyərək sakitləşmək üçün cürbəcür üsullardan istifadə edirdi. Ona görə də müxtəlif ölkələrdə adamlar qatran, hətta yarpaq, ot belə çeynəyirdilər.

Saqqızı təbii kauçukdan və digər elastik materiallardan hazırlayırlar. Adamlar kauçuku artıq yüz illərdir ki, çeynəyir! Mayyalar və Mərkəzi Amerikanın digər əhalisi ağ insanlar ora gələndən min illərlə kauçuk çeynəyib.

Yeni İngiltərə, yəni Birləşmiş Ştatların hinduları küknar qatranı çeynəyirdilər və oralara məskunlaşmağa gələn ilk amerikalılar da onların bu vərdişini mənimsəyir. 19-cu əsrin əvvəllərində Birləşmiş Ştatlarda satılan ilk saqqız küknar qatranından düzəldilmişdi.

19-cu əsrin 60-cı illərində saqqız üçün əsas maddə kimi kauçukdan istifadə etməyə başlayırlar. Onu çeynəmək daha asan idi və kauçuk cürbəcür qoxuları özündə saxlaya bilirdi. Nəticədə saqqızlar çox populyarlaşdı.

Bu gün saqqızın 20 faizi elastik maddədən, 19 faizi qarğıdalı siropundan, 60 faizi şəkərdən, 1 faizi qoxu verən maddələrdən ibarətdir. Onun elastikliyini artırmaq üçün qarışığa təxminən 25 faiz bitki südü, yaxud ona bənzər məhsullar əlavə edirlər. Bu məhsulları tropik meşələrdə bitən vəhşi ağaclardan alırlar. Ağacın üzərini çapırlar və şirə qablara axır. Həmin şirəni yığıb qaynadır və ona kub şəkli verirlər.

Saqqızı düzəltmək üçün onun əsas komponentlərini yuyur, üyüdür, sterilizə edir və qarışdırırlar. Qarışdırma qazanlarında ərinmiş əsas komponentin üzərinə qarğıdalı siropu, şəkər, qoxu verən maddələr əlavə edilir. Sonra hazır qarışığı yayır və təbəqələrə, yaxud kublara bölürlər. Müxtəlif növ nanədən alınan efir yağı əsas qoxu maddəsi sayılır. Bir dənə saqqızın 9 kalorisi olur.

 

Tütün çəkməyə nə vaxt başlayıblar?

Yeni dünyanın Köhnə dünyaya ən böyük hədiyyələrindən biri də tütün olub. Avropalılar Amerikanın kəşfinədək min illər boyu tütünsüz yaşayıblar. Şimali və Cənubi Amerika hinduları yer üzündə tütün yetişdirən ilk insanlardır. Şimali Amerikada hindular tütündən müxtəlif mərasimlərdə istifadə ediblər. Məsələn, “sülh çubuğunun çəkilməsi” mərasimini xatırlayın. Tütünün Avropada yayılmasının başlıca səbəbi bu idi ki, ondan ilkin dövrlərdə dərman vasitəsi kimi istifadə olunurdu.

Elə ki, tütün Avropada peyda oldu, onu dünyanın bir çox yerində becərməyə başladılar. 1556-cı ildə tütün Fransaya gətirildi, 1558-ci ildə Portuqaliyaya, 1559-cu ildə İspaniyaya, 1565-ci ildə İngiltərəyə. Kubada 1558-ci ildən tütün yetişdirilir, Virciniya ştatının Ceymstaun şəhərində isə 1612-ci ildən.

Maraqlıdır ki, tütün ölkəyə ilk dəfə gətiriləndə belə onun çəkilməsini hamı bəyənmirdi. Bir zamanlar türklər tütün çəkilməsinə görə ölüm cəzası verirdilər, rus çarı isə əmr etmişdi ki, tütünə aludə olanların burun pərələri cırılsın; bundan sonra onları çubuqla döyür və Sibirə sürgün edirdilər! Bü gün dünyanın istənilən guşəsində tütündən istifadə olunur.

Tütün istehsalında dünya lideri Birləşmiş Ştatlardır. Bu məhsul əsasən, ölkənin şərq hissəsində becərilir. Tütünün müxtəlif növlərindən müxtəlif məqsədlərlə istifadə olunur. Siqaretləri limon sarısı və müalicəvi Virciniya, karolina tütünündən düzəldirlər. Onları başqa növ, daha çox türk növləriylə qatırlar. Kentukki və Tennessidə yetişdirilən tütün çeynəmək üçün istifadə olunur. Siqarlar üçünsə tamam başqa növlər yararlıdır.

 

Od necə yaranıb?

Od insanlara hələ lap qədim zamanlardan bəlli olub. Avropada, qədim insanların yüz min illərlə qabaq yaşadığı mağaralarda daşların arasında kömür qərəntəları və yanmış sümüklər aşkarlanıb ki, bu da həmin yerlərdə alov yandırıldığına dəlalət edir.

Bəs insanlar tonqal qalamağı necə öyrəniblər? Biz bunu ancaq təxmin edə bilərik. İbtidai insan, yəqin ki, əvvəl alovdan istifadə etməyi öyrənib, sonra isə onu özü ala bilib. Məsələn, şimşək quru ağacı yandıra bilərdi, ağacın közü uzun müddət qalardı. Adam isə həmin közdən götürüb tonqal qalayar və onu neçə illər qoruyub saxlayardı.

Biz mağara adamının od almağı necə öyrəndiyini də təxmin edirik. İbtidai insan qaranlıqda daşlar arasında dolaşaraq iki daşı bir-birinə vuranda təsadüfən qığılcım görüb. Amma, yəqin ki, bu yolla alov əldə etməyin mümkünlüyünü anlayanadək neçə nəsil dəyişib. Nəhayət, kiminsə ağlına gəlib ki, iki müxtəlif daşı bir-birinə bərk vurmaqla alov almaq olar!

İbtidai insanın odu necə əldə etdiyini bilmək üçün daha bir üsul var. Biz bunu primitiv insanların indi necə etdiyinə göz qoyaraq müşahidə edə bilərik. Onların bəziləri indi də bizim əcdadlarımızın min illər əvvəlki səviyyəsində qalıb.

Gəlin od almağın bir neçə primitiv üsulu ilə tanış olaq. Alyaskada bəzi qəbilələrin hinduları kükürdü iki daşa sürtüb onları zərblə bir-birinə vururlar. Kükürd alışanda yanan daşın üzərinə quru ot, yaxud başqa yanan material atırlar.

Çində və Hindistanda qırıq gil qabı bambuk parçasına vururlar. Bambukun qabığı çox sərtdir və öz keyfiyyətinə görə fitilə çox bənzəyir. Eskimoslar adi kvars daşını pirit (dəmir kolçedanı) parçasına çırpırlar. Pirit onların yaşadığı yerlərdə çox yayılıb. Şimali Amerika hinduları, adətən iki ağacı bir-birinə sürtüb od əldə edirlər.

Qədim Yunanıstanda və Romada isə tamam başqa üsul vardı. Onlar adını “yandırıcı şüşə” qoyduqları xüsusi linzalardan istifadə edirdilər ki, günəş şüalarını bir nöqtədə toplasınlar. Şüaların istisi bir nöqtədə cəmləşəndə o, quru ağacı alışdırırdı.

Yəqin, sizə bir çox xalqların qədim zamanlarda “əbədi alov”a qulluq etməsini bilmək maraqlı olar. Mayya və asteklər Meksikada tonqalların sönməməsi üçün onlara daim qulluq edirdilər. Yunanlar, misirlilər və romalılar da öz məbədlərində əbədi alov saxlayırdılar.

 

Kibriti kim kəşf edib?

İnsanın özünü qızdırmaq, yemək bişirmək üçün alov əldə etmək arzusu onu cürbəcür “kibritlər” kəşf etməyə həvəsləndirirdi. Mağara adamı qığılcımı çaxmaq daşından alaraq ümid edirdi ki, onunla quru yarpaqları yandıra biləcək. Romalılar minilliklərdən sonra alov əldə etməkdə bir balaca irəli getdilər. Onlar daşı daşa vurur və əldə etdikləri qığılcımla üzərinə kükürd çəkdiqləri qovu yandırırdılar.

Orta əsrlərdə çaxmaqdaşı və dəmirin toqquşmasından alınan qığılcımla quru əsgini yandırmağa çalışırdılar. Asan alışan materiallara “fitil” deyirlər.

Müasir kibrit fosforun kəşfiylə ixtira olunub. Fosfor çox aşağı temperaturda alışan bir maddədir. 1681-ci ildə Robert Boyl adlı bir ingilis üzərinə kükürd çəkilmiş talaşanı kükürdlə fosforun qarışığına saldı. Kibrit belə ixtira olundu. Lakin talaşa elə tez yanırdı ki, ondan istifadə etmək mümkün olmurdu.

İstifadə etmək mümkün olan ilk kibritlər İngiltərədə Con Uoker adlı bir əczaçı tərəfindən düzəldildi. Yandırmaq üçün onu üzəri döyülmüş şüşə ilə örtülü iki kağızın arasından çəkmək lazım idi. 1833-cü ildə sürtünmə vasitəsiylə alışdırmaq mümkün olan fosforlu kibritləri Avstriya və Almaniyada düzəltdilər. Lakin bir problem vardı. Ağ, yaxud sarı fosfor kibrit istehsal edən fəhlələr üçün o qədər təhlükəli idi ki, onu 1906-cı ildə beynəlxalq müqavilə əsasında qadağan etdilər.

Axırda istehsalda zəhərli olmayan qırmızı fosfordan istifadə olunmağa başlandı ki, bu da təhlükəsiz kibritlərin yaranmasına gətirib çıxardı. İlk təhlükəsiz kibritlər 1844-cü ildə İsveçdə istehsal olundu. Bütün zəruri kimyəvi komponentləri kibritin başına çəkmək yerinə, qırmızı fosforu kibritin qutusuna çəkirdilər. Kibrit çöpünü həmin örtüyə sürtəndə alışırdı. Belə kibritlər qutudakı örtüyə sürtülməyənədək tam təhlükəsizdir.

İkinci Dünya müharibəsi dövründə bəzi qoşun hissələri Sakit okeanın tropik sahillərinə göndərilmişdi. Orada yağan yağışlar, havadakı rütubət adi kibritləri yararsız edirdi. Onda Raymond Kadi adlı bir nəfər suyun altında hətta 8 saat qalandan sonra belə alışa bilən bir kibrit düzəltdi!

 

Şam harada ixtira olunub?

İnsanın istifadə etdiyi ilk işıq mənbəyi tonqalın içindən götürdüyü yanan ağac parçası olub. İlk çıraq ortasında çökək olan daş, balıqqulağı olub. Onun içinə yanacaq kimi heyvan, yaxud balıq yağı tökür, fitil kimi qamış, yaxud bitki lifindən hörülmüş fitildən istifadə edirdilər.

Şamlar qədim zamanlardan var. Onlar ortasında ağac lifindən, yaxud əsgidən düzəldilmiş fitil olan mum, yaxud başqa bir yağlı maddədən ibarət kobud silindr şəklində olurdu. Arı mumundan düzələn şamlar lap qədim zamanlardan insanlara bəllidir. Biz onlarla qədim Roma müəlliflərinin əsərlərindən tanışıq.

Şamların keyfiyyəti uzun illər boyu eyni qalıb. 19-cu əsrin ortalarınadək şam hazırlanması evdar qadınların vəzifəsi idi. Bunu belə edirdilər. Qoyun, yaxud öküz piyini yekə qazanda əridirdilər. Şamın uzunluğundan iki dəfə uzun olan pambıq lifini nazik ağac parçasından asıb iki ucunu bir-birinə hörürdülər. Sonra neçə dənə belə ipi bir yerdə piyin içinə basır, ardınca soyudurdular. Bu əməliyyat dəfələrlə təkrar olunur, sap hər dəfə soyudulurdu.

Piy qatı lazımi qalınlığa çatanda şam hazır olurdu. Hərdən ərinmiş piyi içinə qabaqcadan fitil qoyulmuş silindrik formaya tökür, orada soyudaraq silindrdən hazır şam çıxarırdılar. Amma çox vaxt təsvir etdiyimiz birinci üsuldan istifadə olunurdu.

Şam istehsalı ilə məşğul olan müasir zavodlar öz məhsullarının keyfiyyətini çox yaxşılaşdırıblar. İndi fitili azca burulmuş pambıq saplardan düzəldir, istehsalda arı mumu, parafin, piy və digər yağlı maddələrdən istifadə edirlər.

Onları elə düzəldirlər ki, işığı mümkün qədər çox, hisi mümkün qədər az olsun. Qədim zamanlarda şamlar yaman his edir, xoşagəlməz qoxusu olurdu, çünki piyin tərkibində qliserin vardı. Müasir istehsalçılar isə artıq qliserindən can qurtarmağın yollarını bilirlər.