Elektron ədəbiyyat və sənət portalı

Çəyirtkələr eşidə bilirmi?

Bölmə: Elm 15.04.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Hansı həşərat ən uzunömürlüdür?

 

Nədənsə, təbiət Yer üzünü məskunlaşdıran başqa canlılarla müqayisədə həşəratlara çox qısa ömür əta eləyib. Lakin həşəratlar arasında biri var ki, həyatdan bir çox canlılardan daha uzun yaşamaqla zövqünü alır. Bu cırcıramaların müəyyən bir növüdür ki, 17 il yaşayır! Dişi termitdən fərqli olaraq, heç bir həşərat bu göstəriciyə yaxın belə düşə bilməz!

Lakin inanmırıq ki, başqa həşəratlar ona həsəd apara, çünki həmin cırcıramalar 17 ilin hamısını yerin altında keçirir və sonra daha 5 həftə yaşamaq üçün işıqlı dünyaya çıxıb ölür. Bu xırda məxluqun inkişafı üçün təbiətə niyə 17 il lazım olduğunu heç kəs bilmir. Bəlli olanı yalnız budur ki, həmin cırcırama öz yumurtalarını ağacların budaqlarında qoyur. Elə ki, körpə cırcıramalar yumurtadan çıxdı, yerə düşür və torpağa girərək bitkilərin kökündən yapışıb orda qalır. Bax, onlar növbəti 17 ili bu vəziyyətdə, tam hərəkətsiz, bitki şirəsini əmərək keçirirlər.

Bu müddət ötəndən sonra hansısa gizli qüvvə onları yerin üstünə çıxmağa məcbur edir. Onlar ağaca dırmanır, qılafları açılır və onun içindən yetkin cırcırama çıxır. Yeri gəlmişkən, hərdən səhərdən təbiətin qoynuna çıxanda siz yəqin cırcıramaların uca səsini eşitmisiniz. Bu səsi erkək cırcırama çıxarır. Onun öz əzələləriylə hərəkətə gətirdiyi boşqaba bənzəyən xırdaca orqanları olur və cırcırama əzələlərinin köməyiylə həmin “boşqabcıqları” durmadan titrədərək səs çıxarır.

Alimlər deyir ki, cırcıramanın bu səsi çıxaran orqanları təbiətdə olan “musiqi” orqanlarından ən mürəkkəbidir.

Ümumiyyətlə, cırcıramaların yer üzündə 800-dən artıq növü var, amma uzunömürlü cırcıramaya hələlik yalnız Amerikada rast gəlmək mümkün olub. Qalan cırcıramalar isə orta hesabla 2 ilə yaxın yaşayır.

 

Bitkilər həşəratlarla qidalana bilərmi?

 

Əgər siz heç vaxt çiçək yetişdirməmisinizsə, onda yəqin, elə bilirsiniz ki, çiçəklər, güllər tam ziyansız olur. Amma bitkilərin də ən azı üç növü var ki, həşəratla qidalanır və onların hər biri ov eləyən bütün heyvanlar kimi, qana hərisdir.

Bu bitkilər arasında ən məşhuru tropik Asiyada, Borneoda yaşayan nepentes adlanan bitkidir. Nepentes özündən həşəratları cəlb edən şirə buraxır. Bundan əlavə, bitkinin kənarlarından da al-qırmızı, cəlbedici xətt keçir. Həşərat gülün rəngi və gözəl qoxusuna aldanıb yaxınlaşır. Nektardan içmək üçün dolçaşəkilli çiçəyin ləcəyinə qonur. Dolçanın yuxarı divarı o qədər sürüşkəndir ki, həşərat aşağı sürüşür və orada artıq yolunu gözləyən güclü bir mayenin içinə düşür. Həşərat həmin mayedə batmağa başlayır və maye öz qurbanını həll edərək bitki üçün qidaya çevirir.

Həşəratları yeyən digər çoxbilmiş bitki isə şehçiçəyidir. Onun hər yarpağının üst tərəfi xırdaca kirpikciklərlə örtülüdür. Bu kirpikciklər cəlbedici bir maye ifraz edirlər və bu maye hər kirpiyin ucunda şeh damlası kimi görünür (çiçəyin adı da elə bundan əmələ gəlib). İstənilən kirpiyə toxunan kimi, həşərat ona yapışır. Bundan sonra qalan kirpikciklər ona tərəf əyilərək qurbanlarından bərk-bərk yapışırlar. Yazıq həşəratı əhatə edən maye onun bədənini əritməyə başlayır. Təxminən iki gündən sonra bütün proses başa çatır və kirpikciklər yenidən açılır.

Şimali və Cənubi Kaliforniyada dioneya adlanan (onun başqa adı “Venera milçəktutanı”dır) bir bitkiyə rast gəlmək olar. Bu, həşəratyeyən bitkilər arasında ən “işgüzarıdır”. O, yarpağının iki yarısını çənə kimi açaraq gözləyir. Elə ki, milçək yarpağın səthində bitən tükcüklərə toxundu, onun hər iki yarısı tələ kimi bir göz qırpımında örtülür. Bundan sonra milçək şirədə həzm olur və yarpağın hər iki yarısı yenə açılaraq əvvəlki vəziyyətini alır.

 

Niyə ağcaqanadı insanın ən qəddar düşməni hesab edirlər?

 

Təsəvvür edin ki, xoş havası olan bir yay günündə günəşin altında uzanıb canınızı qızdırırsınız... Birdən vızıltı eşidirsiniz, az sonra əlinizə, ayağınıza soxulan neştərin acısı duyulur. Cəld həmin yerə bir şapalaq endirirsiniz – bəxtiniz gətirsə, əlinizi çəkəndə yerində xırdaca qan ləkəsi görəcəksiniz. Bu, o deməkdir ki, bəşəriyyətin ən qəddar düşmənlərindən biriylə indicə döyüşə girdiniz...

Çoxumuz üçün ağcaqanad zəhlətökən bir parazitdir. Onun vızıltısı bizi, xüsusilə gecələr bezdirir. Amma onun sancması da xoşagələn bir şey deyil, sancandan sonra yerinin qaşınması da.

Bu xırda həşərata sadəcə parazit demək səhvdir – o qədər parazit var ki, varlığından da bixəbərik. Ağcaqanad isə malyariya və sarı qızdırmanın daşıyıcısı olduğundan qədim yunan və qədim Roma sivilizasiyalarının məhvində öz müdhiş rolunu oynayıb, yeni torpaqlar kəşf edən neçə-neçə səyyahı öldürüb. Tropik sahillərin və isti iqlimi olan bəzi yerlərin zəif məskunlaşmasına və inkişafdan qalmasına da oralarda ağcaqanadın bolluğu səbəb olub.

Xoşbəxtlikdən son dövrdə insanlar ağcaqanadların daşıdığı bu xəstəliklərlə mübarizə aparmağı öyrənib. Maraqlıdır ki, ağcaqanadın erkəyi yalnız bitki şirələriylə qidalanır, dişisi isə qan içməyə üstünlük verir! Odur ki, bizi sancan da yalnız dişilərdir və demək lazımdır ki, bu xırda həşəratların bunun üçün hər təchizatı var. Dişi ağcaqanadın xortumunun ucları diş-dişdir, onda nəyisə püskürtmək və sormaq üçün xüsusi kanallar var.

Dişi ağcaqanad dərinin üstünə qonan kimi, onu deşməyə başlayır. Yaranan xırdaca deşiyə qana laxtalanmaq imkanı verməyən kimyəvi tərkib püskürdür və uçub-gedir. Adətən, həmin yerin möhkəm qaşınması sancmadan deyil, yaraya daxil edilən mayedəndir. Odur ki, əgər siz ağcaqanadı həmin mayeni qanla bir yerdə sormağa macal tapmamışdan öldürsəniz, qaşınma daha güclü olacaq!

 

Çəyirtkələr eşidə bilirmi?

 

Bəzi heyvanlar var ki, elə bilirik, eşitmir, görmür, yatmır, çünki onların görkəmləri bizə qeyri-adi gəlir. Çəyirtkə də məhz belə heyvanlardan biridır. Hə, bir çox cəhətlərinə görə o, qəribə məxluqdur, amma sizin düşündüyünüzün əksinə olaraq, onun qulaqları da var, eşitmə qabiliyyəti də.

Çəyirtkənin çox növü var, amma görkəm etibariylə onları bir-birindən fərqləndirmək asan deyil. Çəyirtkələrin hamısının güclü çənələri, üç cüt ayağı və çox vaxt iki cüt qanadı olur. Qanadların birinci cütü sərt və düzdür, ikincisi arakəsməli olur və birinci qanadın altında yerləşir. Çəyirtkənin yalnız sıçramaq üçün istifadə etdiyi arxa ayaqları çox uzun, güclü olur. Bığlarının uzunluğundan asılı olaraq, çəyirtkələr iki əsas qrupa ayrılırlar: uzunbığ və qısabığ çəyirtkələr.

Sarança kimi tanınan qısabığ çəyirtkələr qrupuna həm də adi qəhvəyi çöl çəyirtkələri daxildir. Bu növ çəyirtkələr arxa ayaqları ilə ön qanadlarını hərəkətə gətirərək “mahnılarını oxuyur”. Qulaq asmasına isə qarnında, arxa ayaqlarının dibində yerləşən qulaqları kömək edir. Yaşıl çəmənlik çəyirtkələri, darqanadlı çəyirtkələr də daxil olmaqla, uzunbığ çəyirtkələrin bığları bədənlərindən uzun olur.

Bütün növlərdən olan çəyirtkələrdə “mahnı” oxuyan yalnız erkəklərdir. Onların qulaqları isə qabaq pəncələrində yerləşir. Odur ki, çəyirtkələrin eşitmə qabiliyyətinə malik olmalarına baxmayaraq, onların qulağının çox qeyri-adi quruluşu var. Elə bədəndə yerləşdikləri yer də adi deyil.

 

Dəvədəlləyi nədir?

 

Yer üzündə ən maraqlı həşəratlardan biri də dəvədəlləyidir. Dünyanın müxtəlif yerlərində ona cürbəcür adlar qoyublar və onların arasında “abid”, ya elə bizim dediyimiz “dəvədəlləyi”, “qatır qatili” kimi qəribə adlar da var. Sonuncu ad belə bir inancdan qaynaqlanır ki, guya onların tüpürcəyindən qatırlar zəhərlənə bilər. Bizim qoyduğumuz ad, yəni dəvədəlləyi bu həşəratın çox uzun boyu ilə əlaqədardır. Axı dəvəyə dəlləklik etmək üçün gərək yaxşı boyun ola! Ruslar isə ona “boqomol”, yəni “Allaha ibadət edən” adını qoyublar. Çünki uzun, dar bədəni olan bu həşərat sakit, hərəkətsiz qalanda, iri qabaq pəncələrini qaldırıb cütləyir – elə bil ki, dua edir. Maraqlı burasıdır ki, həmin vəziyyəti almış dəvədəlləyi dua-zad eləmir, əksinə, ovla məşğuldur...

Dəvədəlləyi həqiqətən də ən qaniçən məxluqlardandır və ona qatil də demək olar, hannibal da! Dəvədəlləyi başqa həşəratlarla qidalanaraq yaşayır. Ov zamanı o, hərəkətsiz oturur, tələyə bənzəyən qabaq pəncələrini irəli uzadıb yanından keçən istənilən həşəratı tutmağa hazır olur. Məhz daim hücuma hazır vəziyyətdə durduğu üçün dəvədəlləyinin qabaq pəncələri yuxarı qalxmış olur. Ovunu tutub saxlamağa qabaq pəncələrinin içəri tərəfindəki iti tilişkələr kömək edir. Dəvədəlləyi dörd pəncəsi üzərində yeriyir, uzaq məsafələrə uça-uça gedir.

Yeri gəlmişkən, dəvədəlləyi yeganə həşəratdır ki, başını çevirib arxasına belə baxa bilir. Yolunu azmış bir milçək görəndə, qabaq pəncələrini irəli atıb onu tutur, elə əlində tuta-tuta, aramla yeyir.

Dəvədəlləyi ailəsinin 800-dən artıq növü var. Onların əksəriyyəti qəhvəyi, yaxud yaşıl rəngdə, 5 santimetr uzunluğunda olur.

 

Hörümçəklər öz torlarını necə hörür?

 

İnsanların əksəriyyəti elə bilir ki, hörümçəklər ipəklərindən yalnız tor hörmək üçün istifadə edirlər. Əslində, öz ipəyindən hörümçək qədər geniş, müxtəlif yerlərdə istifadə edən ikinci həşərat yoxdur. Hörümçəklər həşərat sayılmır, o, “hörümçəkkimilər” ailəsinə aiddir.

Həşəratlardan fərqli olaraq, onun səkkiz pəncəsi, əsasən səkkiz gözü olur, qanadları yoxdur və bədəni iki hissəyə bölünür. Hörümçəklər praktiki olaraq, bütün iqlimlərdə yaşayırlar. Onlar yerdə qaça bilir, ağaclara dırmanır, hətta suda yaşayırlar. Hörümçək, ipəyini qarnında yerləşən vəzilərin köməyiylə düzəldir. Onun mədəsinin sonunda fırlanan orqanları var ki, onların içində çoxlu deşik olur – ipək həmin deşiklərdən çıxır. Bədəndən çıxanda o, mayeşəkilli olur, amma hava ilə təmasa girən kimi bərkiyir.

Hörümçək ipəyin bir neçə növünü istehsal edə bilir: həşəratların düşəcəyi tor üçün yapışqanlı; torun pillələri üçün yapışqansız və barama üçün tamam fərqli ipək. Hörümçəklərin hördüyü torlar da müxtəlif olur. Onların ən geniş yayılmışı girdə tordur, amma dördkünc, yastı, qıf yaxud günbəzşəkilli torlar da olur. Ovun qaçıb canını qurtara bilməməsi üçün qapaqlı hörümçək torları da var. Bəzi hörümçəklər isə evlərini kasa şəklində tikirlər və belə evlər suyun altında olur.

 

Əqrəb nədir?

 

“Əqrəb” sözünü eşidən kimi, adamın yadına təhlükəli bir zəhər düşür. “Dəli Kür” filmində mədrəsə səhnəsi, yəqin, yadınızdadır – aranı qarışdırmaq istəyəndə uşaqlardan biri “Əqrəb!” – deyə qışqırır, molla da başda olmaqla, hamı dəhşət içində qaçıb canını qurtarır.

Bu dəhşətin izahı da var: çoxumuz elə fikirləşirik ki, əqrəblə görüş xoşagələn bir şey deyil. Amma, məsələn, Birləşmiş Ştatlarda əqrəblərin ölümcül zəhərə malik olanları yalnız Arizonada yaşayır. Bu əqrəblər Meksikada yaşayan, düranqo adlı əqrəblərin yaxın qohumudur. Düranqonun sancması insanı cəmi 1 saat ərzində öldürür və son 35 ildə onun zəhəri 1600 nəfərdən artıq insanın həyatına son qoyub.

Keçmiş SSRİ ərazisində əqrəblər Orta Asiyada, Qafqazda və Krımda var. Əqrəblər hörümçəklərlə qohumdur. Onun dörd cüt ayağı, iki dənə qısqacşəkilli qabaq pəncəsi olur – həmin qısqaclarla heyvan qurbanını tutur. Əqrəbin həm də bənd-bənd quyruğu olur, onun ucunda isə zəhər vəzilərinə birləşmiş iti iynə olur.

Əqrəb hərəkət edərkən, quyruğunu qövs şəklində başının üzərində qaldırır. Qısqaclı qolları ilə qurbanını tutanda, quyruğundakı iynəsini ona sancır. Zəhər ya öldürür, ya da həşəratı iflic edir.

Əqrəblər əsasən gecələr aktiv olur, gündüzlər isə daşın, ağac qabığının altında, evin qaranlıq künclərində bir kölgəlik tapıb orada gizlənirlər. Yetkin əqrəblər adətən tək yaşayırlar. Əqrəb balasını dünyaya canlı gətirən heyvandır və anadan olan balaları analarının belindən yapışıb bir neçə gün onunla olur, sonra isə çıxıb gedərək müstəqil həyata başlayır. Onlar daha çox isti yerlərdə yaşayır. Ölçülərinə görə bir-birindən çox fərqlənirlər - 1 santimetrdən 17 santimetrədək. Bizdəki əqrəblər 3-7 santimetr arasında olur. Onların ən irilərini tropik ölkələrdə görmək olar.

 

Qarışqalar həmişə koloniyalarda yaşayır?

 

Koloniyalarda yaşayan tək qarışqalar deyil, lakin məhz onların koloniya təşkil etmək bacarığı insanı təəccübləndirməyə bilməz. Bir koloniyadakı həşəratların sayı bir neçə yüz mindən 12 qarışqayadək dəyişə bilər. Onlar yerin altında tam gizlənmiş evlərini hər yerdə - meşədə, təpədə, hətta palıd qozasının içində də tikə bilər.

Qarışqaların təxminən 2000 növündən ən geniş yayılanı qırmızı və qara qarışqalardır. Bütün qarışqalar ictimai həşəratlar sayılır. Onların icması özünün şahı (daha doğrusu, şahbanusu), qanadlı gənc erkəkləri və dişiləri, qanadsız işçi qarışqaları olan kiçik xalqlardır. Qarışqalar, adətən hündürlüyü 1 metrə, eni 30 santimetrə çatan yuvalarda yaşayır.

Qarışqaların bəzi növləri özləri üçün “qullar” saxlayır. Onlar özlərinin daha xırda qohumları üzərinə hücum çəkir, onları yuvasından qovub çıxarır, sürfələrini, yem ehtiyatlarını götürüb öz yuvalarına gətirirlər. Ələ keçirdikləri sürfələri, yumurtaları möhkəm qoruyurlar, ta ki onlardan balalar çıxıb böyüsün və öz “ağalarının” qulluğunda dursun.

Mərkəzi Afrikada, Cənubi Amerikada və Cənubi Asiyada qarışqaların ətyeyən növləri var. Onlara bəzən “Afrika qarışqaları” deyilir. Bu qarışqalardan çox qorxurlar, çünki onlar uzun dəstələr şəklində yürüşlərə çıxaraq yemək üçün qurbanlar axtarır. Belə yürüşlərdə Afrika qarışqalarından azğın məxluqa rast gəlmək mümkün deyil. Ən iri və qorxulu heyvanlar belə Afrika qarışqalarının milyonlarla nümayəndəsinin iti dişləri qarşısında aciz qalır və xilas olmaq üçün özlərini suya təpir, qaniçənlərin bir qismini məhv edirlər.

 

Termitlər harda yaşayır?

 

Bir çoxları termitləri qarışqalarla səhv salır. Onların hər ikisi ictimai həşəratlardan olsa da, bir-birindən tamamilə fərqlidirlər. Termitlərin qalın beli və hamar, geriyə əyilmiş, yaxud antenşəkilli bığları olur. Termitin bədəni adətən ağ rəngdədir. Bu həşəratlara bütün Birləşmiş Ştatlarda və Cənubi Kanadada rast gəlmək olar. Avropada o, materikin cənubundan başlayaraq Paris və Vyana şəhərlərinədək yaşayır. Lakin termitlərin əksəriyyəti tropik rayonlardadır.

Adətən, termitlər meşələrdə yaşayaraq ağacları yeyir. Onların yuvaları sümük kimi möhkəm materialdan olur. Bu material isə ağaclardan alınan kütlənin termitlərin bağırsağında emalından sonra yaranır. Həmin material termit yuvalarında rütubətli havanın qorunmasına da xidmət edir. Termit yuvalarının hündürlüyü 9, eni 15 metrə çata bilər.

Bəzi termitlər basketbol topu boyda yuvalarını ağaclarda qururlar. Bu yuvalar termitləri qarışqalardan, quşlardan, kərtənkələlərdən və hörümçəklərdən qorumağa imkan verir. Afrika termitlərinin bəzi yuvalarında dam çətirşəkilli olur, yağışı içəri buraxmır, digər yuvalar isə elə qurulur ki, içəridə daimi sabit temperatur olsun.

Termitlərin özlərinə ev tikməsini yalnız instinkt əsasında görülən işlərə gözəl nümunə saymaq olar. Yuva koloniyada dünyaya gəlmiş, valideynlərinin gəldiyi yerlərdə heç vaxt olmamış və buna görə də başqa termitlərdən nəsə öyrənməyə heç vaxt imkanları olmayan “fəhlələr” tikir. Lakin termit yuvası hazır olandan sonra, baxırsan ki, bu yuva da yeni yuvada şahla şahbanuluq edəcək termitlərin çıxdığı yuva ilə tam eynidir.

Birləşmiş Ştatlarda üç növ termit var: onların birincisi daşlıqlarda, ikincisi ağaclarda, üçüncüsü  meşələrin arasında, torpaqda yaşayır.

 

Taxılbiti nədir?

 

Bizim ətrafımızda heç vaxt bitməyən bir müharibə gedir – insanlarla həşəratların müharibəsi. Bəzi həşəratlar sadəcə parazitdirlər və xəstəlik yayırlar, digərləri isə bununla məşğuldurlar ki, insanın yetişdirdiyi məhsulları məhv etsinlər. Onların ayrıca sinif deyil, yalnız yarımsinif olmasına baxmayaraq, bu ailə heyvanlar aləminin ən çoxsaylı ailəsi sayılır və təxminən 35 000 növü var. Özü də bu növlərin əksəriyyəti hələ alimlər tərəfindən tədqiq olunmayıb!

Taxılbitilər bir-birindən forma, ölçü və rənglərinə görə çox fərqlənirlər. Adətən onlar uzun xortuma bənzər burunlarından, başlarındakı tiyə kimi çıxıntıdan asanlıqla tanınırlar. Bu çıxıntıların ucunda həşəratın ağzı yerləşir. Dişilər sonradan yumurtalarını qoyacaqları deşikləri açmaq üçün öz burunlarından istifadə edirlər. Taxılbiti sürfəsi adətən, qalın ağ qurdlara oxşayır və elə yetkin həşəratlar kimi müxtəlif bitkiləri iştahayla yeyir.

Taxılbiti özünün nəhayətsiz iştahasına görə, koloniyadakı üzvlərinin sayı ilə müqayisədə o dərəcədə  də ziyanlı sayılmır. Onların ziyanına ən çox dəlalət edən budur ki, taxılbitilər bitkilərin ən qiymətli və ən zərif hissələrini: – tumurcuqları, meyvələri, toxumları, cavan pöhrələri zədələyirlər...

Beləliklə, taxılbitinin, ziyarətindən, sonra bitkiyə yalnız ölmək qalır. Müxtəlif taxıl məhsullarını eyni həvəslə məhv edən anbar taxılbitisi öz ailəsinin ən ziyanlı nümayəndəsidir. Düyü taxılbitisi isə ancaq düyüləri yox, həm də bütün başqa quru ərzaq məhsullarını zay edir.

Pambığın düşməni olan taxılbiti isə bütün tarlanın məhsulunu məhv edə bilər. Odur ki, bu həşəratın ziyanı ilə müqayisə olunacaq heç bir fəlakət ola bilməz.