Elektron ədəbiyyat və sənət portalı

Yaxşını yaşadaq

Bölmə: «Aydın Yol»çular 01.04.2016

Arxadan eşitdiyim bu səs mənə tanış deyildi.  Ani olaraq düşündüm ki, bəlkə müraciət mənə ünvanlanmayıb? Amma qeyri-ixtiyari ayaq saxladım. Çevriləndə qarşımda cavan bir oğlanın dayandığını gördüm. 30 yaşı olardı. Görkəmindən hiss elədim ki, əyalətdən gəlib. Yanında təxminən 9-10 yaşlı yaraşıqlı bir oğlan uşağı vardı. Balacanı çox zövqlə geyindirmişdilər, saçları səliqə ilə yana daranmışdı. Uşaq sakitcə durmuşdu, başını aşağı dikib heç birimizin üzünə baxmırdı.

- Buyurun, eşidirəm...

Düşündüm ki, yəqin şəhərə kifayət qədər bələd olmadıqları üçün ünvan soruşacaq. Görüş “28 May” metrostansiyası yaxınlığında baş tutduğu üçün bu qənaətə gəldim. Cavan oğlan uşağın əlindən tutub mənə bir az da yaxınlaşdı, yazıq görkəm alıb utana-utana danışmağa başladı:

- Qardaş, siz Allah, bağışlayın, biz dilənçi deyilik, ancaq bir məsələ var ki...

- Pullarınızı itirmisiz? Yolpulu lazımdı?

Bunu ona görə dedim ki, son vaxtlar Bakıda qəribə adamlar peyda olub. Demək olar ki, son dəblə geyinmiş bu şəxslər yoldan ötənlərə yaxınlaşıb “mədəni şəkildə” min-bir bəhanə ilə pul istəyir, üzrxahlıq eləyir.

- Yox, heç nəyimiz itməyib... Pulumuz da var... Sadəcə...

Hiss elədim ki, müsahibim fikrini anlatmaq üçün münasib sözlər axtarır.

- Siz həyəcanlanmayın, buyurun, sözünüzü deyin.

- Bilirsiz, bu uşaq mənim bacım oğludur. Bir müddət əvvəl sağalmaz xəstəliyə tutulmuşdu. Həkim, dava-dərman qalmadı, haralara aparmadıq... Bütün pirləri, müqəddəs ocaqları gəzdirdik, qurbanlar kəsdik, nəzirlər payladıq. Bir müddətdən sonra uşaq yavaş-yavaş özünə gəlməyə başladı. Bacımın yeganə övladıdı, bizlərdə də belə bir adət var: mən, dayısı olaraq, əhd eləmişdim ki, uşaq sağalsa, onu da götürüb qapı-qapı düşərək sədəqə toplayacağam! İndi əhdə əməl etmək vaxtı çatıb, ona görə də nə qədər bacarırsınızsa...

Müsahibimin sözünün ardını dinləməyə hövsələm çatmadı:

- Qardaşım, axı bizim xalqın belə qondarma adəti olmayıb! Bir də ki, bu adət harda, kim tərəfindən yazılıb? Kişiyə küçələrə düşmək, üstəlik, günahsız uşağı da yanına salıb qapı-qapı dilənmək yaraşmaz! Sən azərbaycanlı kimi şərəfli bir ad daşıyırsan. Yaşıdların ön cəbhədə erməni quldurları ilə mərd-mərdanə döyüşür, hər an ölümlə üz-üzə gəlir, şəhid olur. Bəs sən? Bu utancverici hərəkətinlə uşağa hansı nümunəni göstərəcəksən? Bir dayı kimi ona necə örnək olacaqsan?

- Əhd eləmişəm axı...

- Yaxşı işi, xoş əməli, saf niyyəti əhd edəydin. Əgər belə arzun vardısa, qədim adətlərə hörmət göstərirsənsə, əməlini əvvəlcədən götür-qoy edəydin. Niyyətin xoş məramlı olmalı idi: uşaq sağalacağı təqdirdə 5-10 ağac əkəydin, yaşadığın küçəyə ehsan deyib su çəkəydin, abadlaşdıraydın. Yetimlərə, kimsəsizlərə Allah ruzusundan pay verib sevindirəydin, şikəstin, əlilin qayğısına qalaydın... Əhd eləyəydin ki, həmin bu bacının yeganə övladı sağalsa, onun mükəmməl təhsil almasına yardımçı olacaqsan, idman bölməsinə, yaxud musiqi dərnəyinə yazdıracaqsan, bu uşağın layiqli vətəndaş və əsl kişi kimi formalaşması üçün əlindən gələni əsirgəməyəcəksən... Kifayətdir, yoxsa siyahını davam etdirim?

- Vallah, günah məndə deyil, göz açıb belə görmüşük də... Bizi böyüklərimiz bu işə təhrik edirlər... Açığını deyim ki, tutduğum əməl heç öz ürəyimcə də deyil, di gəl ki, evdəkiləri anlatmaq müşkül məsələdir!

Bax belə! Sadə vətəndaşları aldadaraq onların inamından, mərhəmətindən sui-istifadə edən, asan yolla pul qazanmaq həvəsinə düşən belə üzdəniraq “kişilər”, sizcə, hansı məfkurənin daşıyıcısı ola bilər?

Qədim adət-ənənələrimiz çoxdur. Biz, müasir dövrün adamları, bu adətlərdən ən yaxşılarını qoruyub yaşatmalı, onu gələcək nəsillərə ötürməliyik. Dilənçiliyi əhd eləmiş “dayı”ya isə bir tövsiyəm var: belə iş tutma, çünki o, səni qarabaqara izləyib əvvəl-axır mütləq gerçəkdən qarşına çıxacaq!