Elektron ədəbiyyat və sənət portalı

Musa Nağıyevin kişi sözü...

Bölmə: Tarix 08.04.2016

...Bu fayton sanki gecənin səssizliyini yarıb keçmişdi. Atların nalı yola döşənmiş qəmbərlərə çırpılır, səslər “Telefonnı” küçəsində qəribə əks-səda verirdi. Ağzından buxar çıxan atlar ara-sıra fınxırdıqca zınqırovlar daha gur səslənir, ləngər vuran faytonun cırıltısını batırırdı.

Bakı küçələrində gecənin bu aləmində qaradovoylardan başqa kimsəyə rast gəlməzdin. Onlar da şütüyən faytonun sərnişinlərini görən kimi farağat dayanıb hərbi salam verirdi. Faytondakıları hamı tanıyırdı. Arxa oturacağa qısılmış, başına qara buxara papaq qoymuş, əlində qiymətli əsa olan yaşlı adam məşhur Bakı milyonçusu Ağa Musa Nağıyev idi. Onunla üzbəüz dostu, Quba meydanındakı qoçu yığıncağında öz mərdliyi ilə ad çıxarmış qoçu Ağaəli əyləşmişdi. Ağalar az əvvəl Krasnovodski (indiki S.Vurğun) küçəsindəki Nağıyevə məxsus “Qış klubu” kazinosundan birlikdə çıxmışdı. Ağa Musanın avtomobili olsa da, sürücünü evə buraxmışdı, çünki faytonda gəzməyi çox xoşlayırdı.

Şəhər çoxdan yuxuya dalmışdı, ancaq qaranlıq küçələrdə qaradovoylar səhərə qədər keşik çəkirdi. 1910-cu ilin Bakısı qaynar qazana bənzəyirdi. Hər gecə evlərin divarlarına bolşevik vərəqələri yapışdırılır, fəhlələr tətilə çıxır, quldurluq, adam oğurluğu, sui-qəsdlər baş alıb gedirdi. 1906-cı ildə imperator Nikolayın fərmanı ilə bir neçə şəhərdə, o cümlədən Bakıda şəhər rəisliyi - qradonaçalstvo yaradılmışdı. Cəlladlığı ilə məşhur olan Markelov şəhər rəisi təyin olunsa da, xaosun qarşısını almaq mümkün deyildi.

Bütün bu qarışıqlığa baxmayaraq, cənub şəhəri sürətlə inkişaf edirdi. Neft və milyonlar səltənətində fontan vuran quyuların sayı günbəgün artır, yeni fabrik və zavodlar açılır, park və xiyabanlar salınır, mərkəzi küçələrdəki ağ neft fonarlarını elektrik çıraqları əvəz edirdi. Yük gəmiləri Rusiyadan Bakıya ardı-arası kəsilmədən inşaat materialları daşıyırdı.

...Fayton tini burulub Bolşoy Morskoy küçəsinə çıxdı. Ağa Musa iki əllə əsaya dirsəklənib gecəboyu kazinoda eşitdiyi söhbətləri beynində saf-çürük edirdi. Yaxın dostu, Bakı milyonçusu Murtuza Muxtarov ona bugünlərdə şəhəri çaxnaşdıran bir dələduzluqdan danışmışdı. Söhbətdən məlum olmuşdu ki, quldurlar lal bir adama general libası geyindirib, özləri də “intiligent” qismində ona qoşularaq məşhur “Cavahir” mağazasına gəlib. Dükan sahibləri - Əliyev qardaşları yalançı generala hər cür sayğı və diqqət göstərərək dünyanın ən bahalı ləl-cəvahirini onun qarşısına töküb. Dələduzlar qiymətli əşyaları generalın xanımına göstərməyin vacibliyini söyləyib. “Qoy işçilərdən ikisi bizimlə getsin, xanımın seçdiyi malların pulunu da evdə ödəyərik” deyib dükan sahiblərini inandırıb. Qoçaqlar yolda qızıl-brilyant dolu çantanı götürüb aradan çıxıb. Jandarma da o biçarə lalı tutub, oğrular yazığa heç bir qara qəpik də verməyib! Deyirlər, bu işdə bolşeviklərin barmağı var. Başçılıarı da gürcüdür, ləqəbi də Koba! Bu quldur mədənlərdə çaxnaşma salır, adam oğurluğunda ad çıxarıb, indi jandarma hər yerdə onu axtarır.

Murtuza söhbəti belə bitirmişdi:

- Ağa Musa, zəmanə pisləşib, bu dələduzların əlindən nə desən gələr! Sən ki, bunların dabbaqda gönünə yaxşı bələdsən...

Fayton artıq Balaxanı küçəsi ilə şütüyürdü. Faytonçu “hə, hə, çər dəymişlər, tərpənin görüm” deyib atları qamçılayırdı. Murtuzanın son sözləri Ağa Musaya yaman təsir eləmişdi. O, həqiqətən bu quldurların əməllərinə yaxşı bələd idi. Bir neçə il əvvəl Ağa Musanı silah gücünə oğurlamışdılar. Quldurlar onun azad olunması müqabilində 10 min manat istəsə də, milyonçu cəmi min manat verə biləcəyini bəyan etmişdi. Oğrubaşı əvvəlcə razılaşmamışdı:

- Ağa, milyonların yanında min manat nədir ki? Yəni həyatın 10 minə dəyməz? Əgər verməsən, səni öldürəcəyik!

Ağa Musa heç kefini pozmamışdı:

- Onda heç qara qəpiyin də yiyəsi olmayacaqsız!

Oğrular Ağa Musanı 3 gün girov saxlamışdı, yaxşıca yedirib-içirtmişdi, hətta qumar da oynamışdılar, amma bu tərs adamı heç cürə yola gətirə bilməmişdilər.

- Mən samansatan Hacı Nağının oğlu Musayam! Dedim min, qurtardı!

Nəhayət, quldurlar əlacsız qalıb Nağıyevi buraxmışdılar. O da kişi kimi sözünə əməl edərək işlər müdiri Fətulla bəyə göstəriş vermişdi ki, oğrulara min manat pul göndərsin...

Hələ o zaman Qoçu Ağaəlinin əlaltıları öyrənmişdilər ki, M.Nağıyevin oğurlanması sifarişini “Koba” ləqəbli gürcü bolşevik İosif Cuqaşvili verib. Bakı milyonçuları Kobanı fəhlələr arasında çaxnaşma yaratdığına və quldur dəstəsinə başçılıq etdiyinə görə öldütdürüb Bibiheybətdəki neft quyularından birinə atmaq istəyirdi. Ancaq son anda M.Ə.Rəsulzadə bolşevik Cuqaşvilini ölümdən xilas etmişdi. 7 dəfə həbs olunmuş İosifi axırıncı dəfə Bayıl türməsindən müsavatçılar qaçırtmışdı. Yeri gəlmişkən, Stalin bu yaxşılığı unutmamış, 1920-ci ildə XI Qızıl Ordu Bakını zəbt edəndən dərhal sonra, həbsdə yatan M.Ə.Rəsulzadəni türmədən çıxartdıraraq özü ilə Moskvaya aparmışdı.

...Bakının qaranlıq küçələri ilə gecənin bu aləmində  bir fayton şütüyürdü. Arxa oturacağa qısılmış, başına qara buxara papaq qoymuş, əlində qiymətli əsa olan yaşlı adam məşhur Bakı milyonçusu Ağa Musa Nağıyev idi. Onunla üzbəüz dostu, Quba meydanındakı qoçu yığıncağında öz mərdliyi ilə ad çıxarmış dostu Ağaəli əyləşmişdi.

...Fayton Puşkin küçəsinə dönər-dönməz bir qrup əlisilahlı adam qaranlıqdan çıxıb onlara doğru qaçdı. Sərnişinlər əsir alındı.

İndi onlar üz-üzə, göz-gözə dayanmışdı. İki fərqli məfkurənin daşıyıcısı olan bu şəxslər ilk dəfə idi ki, qarşı-qarşıya gəlmişdi. 59 yaşlı neft milyonçusu Ağa Musa Nağıyev və 28 yaçlı bolşevik, “Koba” ləqəbli İosif Vissarionoviç Cuqaşvili. Sonradan dünyanın Stalin kimi tanıyacağı bu adamın həmin an gözlərini qan örtmüşdü. Bu qaranlıq zirzəmidə heç kimin görə bilmədiyi ölüm kabusu dolaşmaqdaydı!

Rütubət və tütün qoxusunun bir-birinə qarışdığı zirzəmidə neft lampasının hiss tutmuş şüşəsindən güc-bəla ilə süzülən işıq selində ətrafdakıların üzünü görmək mümkün deyildi. Onsuz da Ağa Musa onların heç birini tanımırdı. 1910-cu ilin Bakısında belə səfil, təhlükəli işlərlə məşğul olanlar o qədər idi ki! Rus, erməni, gürcü və digər millətlərin nümayəndələri iş və çörək ümidi ilə dəstə-dəstə bu cənub şəhərinə axışırdı. Səhərdən-axşamadək qəpik-quruşa çalışan muzdurlar çox asanlıqla bolşevizm pərdəsi arxasında gizlənən quldurların təsiri altına düşürdü. Sel kimi axan neft pullarının parıltısı, Qərbdən gələn inqilab qoxusu Bakıda hər an partlamaq təhlükəsi olan mərmiyə çevrilməkdəydi. Vəziyyət o həddə çatmışdı ki, quldurlar artıq dövlətə meydan oxuyurdu. Nəzərə alsaq ki, M. Nağıyev həm də Bakı Dumasının qlasnısı idi, deməli təhdidin bir ucu da gedib II Nikolaya çıxırdı...

Bayaqdan gözlərini qıyıb Nağıyevi canavar baxışları ilə hədəfə almış Koba keçib çirkli masanın arxasında əyləşdi. Ağa Musa yalnız bundan sonra zəif lampa işığında onun üzünü tam görə bildi.

- Əyləşin, cənab Nağıyev, bəlkə söhbətimiz uzun çəkdi.

Ağa Musa üçün stul qoydular. Əyləşdi. Koba çox sakit görünürdü. Ümumiyyətlə, Kobanı tanıyanlar onun ən mürəkkəb anlarda öz hisslərini cilovlamaq bacarığına, mətanəti və dəmir iradəsinə heyran qalırdı. Ehtiyatı heç vaxt əldən verməyən bu adamın üz cizgilərindən onun nə düşündüyünü anlamaq çətin idi. Hələ 1903-cü ildə Bakı jandarmeriyasında İ.Cuqaşviliyə açılmış cinayət işində onun üzütüklü şəkili vardı: arıq cüssə, sıx qara saç, nazik bığ, çopur sifəti və sol qulağında xal. Sürgünlər, türmə və sərgərdan həyat onun görkəmini çox az dəyişmişdi. Quldurluq yolu ilə əldə etdiyi pulların hamısını Leninə və digər silahdaşlarına göndərərək, özünə bir qəpik belə saxlamır, ac-yalavac dolanırdı.

Sükutu Ağa Musa pozdu:

- Siz kimsiz? Nə istəyirsiz? Mən yaşda kişini bura niyə gətirmisiz?

Koba qarşısında mərd-mərdanə oturmuş milyonçunun suallarına dərhal cavab vermədi. Söhbət əsnasında bir müddət susub dinləmək, müsahibin hadisələrə reaksiyasını müşahidə etmək gənc İosifin uşaqlıq adəti idi. Bu qaradinməz gəncin kilsə xorunda oxuyanda da, Tiflisdəki ruhani seminariyasında təhsil alanda da nə düşündüyü bəlli olmazdı...

- Cənab Nağıyev, nə istədiyimizi yəqin başa düşürsüz. Biz bolşeviklər quldur deyilik! Biz çara qarşı mübarizə aparırıq! Partiya üçün çoxlu pul lazımdı. Başqa problemlər də var: qəzet (Koba “Bakinski raboçi” qəzetinin redaktoru idi) və mətbəə (“Nina” mətbəəsi) xərc istəyir...

- Deməli, öz pulumuzla bizi yıxıb sürümək istəyirsiz? Bəs onda bu nə hoqqadı çıxarırsız? Gələydin kontora, deyəydin pul lazımdı da!

Koba acı istehza ilə qımışdı və gürcü dilində dodağının altında mızıldandı:

- Şen xarbixar, şentan puli ar qamova! (Xəsisin birisən, sənin canından pul çıxar?)

Gürcü dilində deyilmiş bü sözlər Ağa Musanın əsəblərini tarıma çəkmək məqsədi güdürdü. Koba zənnində yanılmamışdı.

- Bu şəhərdə hamı məni tanıyır. Sənin kimi minlərlə adama mən çörək verirəm! Pula görə də əyilməmişəm və heç vaxt da əyilmərəm. Şərəf mənimçün hər şeydən üstündür! Mən dağıdan yox, qurub-tikən adamam!

Ağa Musa Nağıyevin belə deməyə haqqı var idi. Hələ 10 yaşından limanda çuval daşıyaraq hamballıq etmiş, illərlə qazandığı qəpik-quruşu yığaraq kiçik torpaq sahəsi almışdı. Milyonlara aparan yol da məhz ilk neft quyusunun fontan vurması ilə başlanmışdı. 49 yaşında milyonçu olmuş Nağıyevin Bibiheybətdə və Qara şəhərdə iri neft mədənləri, neftayırma zavodları vardı. Bu sahədə gördüyü işlərin miqyasına görə II Nikolay Nağıyevi “neft kralı” adlandırırdı. Bakının inciləri sayılan bir çox möhtəşəm binaları Nağıyev tikdirmişdi (98 bina). Realnı məktəbinin hamiliyini öz üzərinə götürmüşdü, Şollar su kəmərinin çəkilişinə Tağıyevlə bərabər külli miqdarda pul qoymuşdu.

Ağa Musa hökmlə ayağa qalxdı:

- Mən ölümdən qorxan adam deyilən. Oğlum İsmayılın vəfatından sonra dünyanın  var-dövləti gözümdə deyil. Ancaq mənliyimi, bir də namusumu heç kimə qurban verməmişəm. Musa Nağıyev üçün bir kişilik, bir də kişi sözü hər şeydən ucadır!

...Onu dərhal azad etdilər. Deyilənə görə, Koba uzun illər bu mərd adamla görüşünü unuda bilmədi.

Fərhad SABİROĞLU