Elektron ədəbiyyat və sənət portalı

Qələbə əzmli 3 gün

Bölmə: Ədəbiyyat 08.04.2016

Aprelin 2-nə keçən gecə başlanan və üç gün davam edən lokal müharibə 23 il ərzində daşlaşmış bəzi şübhələri misqal-misqal əridə bildi. Milli birliyin əslində ən böyük mənəvi dirilik olduğunu sübut edən üçgünlük savaş ikinci Qarabağ müharibəsi kimi tarixə düşə bilməsə də, çox vacib missiyaları yerinə yetirə bildi. Anladıq ki, üç gün Vətən üçün 23 ilə bərabər olarmış. Anladılar ki, (təkcə ermənilər yox!) 23 ildə görülə bilməyən işləri bir neçə günə də sığdırmaq olar.

Müdafiə Nazirliyinin rəsmi məlumatında üçgünlük savaşda ermənilərin 200-dən çox ölü, 500-ə qədər yaralı verdiyi göstərilir. Üstəlik, düşmənin 50-ə qədər zirehli hərbi texnikası və tankları da sıradan çıxarılıb.

Aprelin 5-də qarşılıqlı razılaşma ilə müvvəqqəti də olsa, saxlanılan savaşda, çox təəssüf ki, biz də 29 şəhid verdik. Amma şəhidlərin qanı Avropa Şurası, ATƏT və onun Minsk Qrupunu, BMT, NATO kimi dünya təşkilatlarını danışmağa sövq etdi.

 

Sabir Rüstəmxanlı, Xalq şairi: “Hamı başa düşdü ki, xalq lazım olanda bir olmağı bacarır”

Müstəqilliyimizin ilk illərində, milli hərəkat meydanlarında xalqın, həm də bacardığı qədər səngərdə əsgərin yanında olmuş Sabir Rüstəmxanlı da bugünkü döyüşlər barəsində çox nikbin danışır. Xalq şairinin ən çox ürəyincə olan məqam isə xalqda, əsasən də gənclərdə birliyin, döyüş şövqünün titrəməsi olub:

“Xalqın 1990-cı illərin əvvəllərində müşahidə olunan döyüş ovqatı, savaş əzmi ilə indiki ovqat, qələbə inamı arasında heç bir fərq yoxdu. O zaman da xalq Qarabağ məsələsində çox inamlı idi. Ermənilərin haqsız olduğunu bilirdi. Buna görə də yüz minlərlə insan küçələrə çıxırdı. Qarabağı müdafiə etmək üçün könüllü dəstələr yaranmışdı. İndi də lazım olsa, mülki əhali silahlanıb könüllü cəbhəyə getməyə hazırdı. Odur ki, xalqın o vaxtkı ilə indiki inamı arasında heç bir fərq görmürəm. Fərq ayrı məsələdə idi. Dövlətin başında duran o vaxtkı rəhbərlər Qorbaçova inanıb adi ov silahlarını da əhalidən yığmışdılar. Xalqın özünümüdafiə imkanları zəifləmişdi. Mərkəz bu tərəfdən bizlərin əliylə silahlarımızı alır, amma o biri tərəfdən erməniləri daha yaxşı silahlandırırdı. Bizim rəhbərlər də məsələnin həllində Moskvaya ümid edirdilər.

Müharibə başlayanda artıq millət özü silahlanmağa başladı. Xalq özünümüdafiə dəstələri yarandı. Dövlətlə xalq arasında birlik, bir-birini anlama hissi yox idi. Dövlətin başında dayanan rəhbərlər xalqdan çox ehtiyat edir, onun silahlı dəstələrindən qorxurdu. Elə həmin rəhbərlər xalqın təzyiqi ilə də hakimiyyətdən uzaqlaşdı. Təəssüf ki, bu hadisələr Qarabağ məsələsinə də mənfi təsir etdi.

İndi vəziyyət tamam ayrı cürdü. Hamı bir daha başa düşdü ki, bu xalq lazım olan zamanda bir olmağı çox gözəl bacarır. Əhalinin savaş əzmi olmadığını, müzakirələrin cəbhədə deyil, yalnız sülh danışıqları ilə həllinə ümid edən, insanların birliyinə inanmayan bəzi daxili və xarici qüvvələr nə qədər yanıldığını gördülər. Son hadisələr göstərdi ki, xalq ehtiyac yarandığı halda dövlətlə həmfikir olur və vacib olan birliyi yarada bilir. Bu gün insanlarda, xüsusən də gənclərdə savaş əzmi çox yaxşı inkişaf edib. Amma bizdə bu savaş əzmi, qələbəyə inam hər zaman olub. Əsas iş ondan necə istifadə edilməsidi”.

 

Aqil Abbas, millət vəkili, yazıçı: “İndi göydən mərmi tökülsə də, adamlar buranı tərk etməz”

Çox təəssüf ki, 1990-cı illərin əvvəllərində başlanan və bitən birinci Qarabağ savaşında bugünkü imkanlarımız olmadığı üçün gözəl torpaqlarımızı itirəsi olduq.

Mövzu barəsində danışan ziyalılar birinci Qarabağ savaşında əsgərlərlə bərabər səngərdə olan tanınmışlardı. Birinci savaşı, onun çətinliklərini gözləri ilə görən ziyalılarımız bugünkü müharibə ilə öz gördükləri savaş arasında müqayisə apardılar. Oxşar və fərqli cəhətləri səsləndirdilər. Birinci Qarabağ savaşında hər zaman əsgərin yanında olan, müharibədə gördüklərinin kiçik bir hissəsini məşhur “Dolu” romanında əks etdirən millət vəkili, yazıçı Aqil Abbas qısamüddətli müharibəni elə cəbhə xəttində olan zaman dəyərləndirdi. “İndi olduğum kəndə axşam mərmi düşüb, amma adamlar buranı tərk etmək barəsində qəti düşünmürlər” deyərək, söhbətə başlayan yazıçı hər iki müharibə barəsində mülahizələrini bu cür ifadə etdi:

“1990-cı illərin əvvəllərindəki birinci Qarabağ savaşı ilə indiki qısamüddətli müharibə arasında xeyli fərq oldu. O zaman əsasən könüllülər vuruşurdu. Amma indi peşəkar ordu düşmənlə mübarizə aparır. İndi o vaxtkından fərqli olaraq, peşəkar ordumuz və bütün dünyaya, Obamasına da, Putininə də öz sözünü deyən Ali Baş Komandanımız var. Baş Komandan yerindədirsə, əsgər də yerindədir. Ona görə də ermənilərin gözlərini çıxartdıq, onlar da qaçıb getdilər. Ağdamdan hücum edəndə bütün Şuşa boşaldı. Çünki göstərdik ki, güc birlikdədir. Birinci əsas fərq ordumuzun peşəkarlığı, əsgərlərimizin öz işini yaxşı bilməsi oldu. Camaatımızı da gördünüz. Səngərə girmək istəyirdilər. Hamı əsgərin yanında idi.

İkinci fərq isə budur: birinci savaşda əsgər az qala səngərdən qaçırdı. Ona baxan mülki əhalinin də canına qorxu düşürdü. Amma indi göydən mərmi tökülür. Heç kəs qaçmır. Çünki əsgərə arxayındı. Arxayındı ki, əsgər düşməni bu tərəf buraxmayacaq. Mən bu saat cəbhəyanı ərazidəyəm. Axşam mən olduğum kəndə qrad düşmüşdü. Fərqlər çoxdu. Sadəcə, vaxt qıtlığından danışa bilmirəm. Cəbhəyanı başqa kəndlərə də gün ərzində baş çəkməliyəm”.

 

Nurəddin Mehhdixanlı, Xalq artisti: “Üç il döyüşən şəxs kimi indiki gəncliyimizlə fəxr etdim”

Birinci Qarabağ müharibəsində düşmənə qarşı 3 il sərasər səngərdə vuruşan Xalq artisti Nurəddin Mehdixanlı üçgünlük mübarizənin sonucunu əsl qələbə kimi dəyərləndirdi. Həm bir ziyalı, həm də keçmiş döyüşçü kimi aprel savaşlarını incələdi:

“O zaman bu məsələlər başlayanda Azərbaycan hələ müstəqilliyinə tam qovuşmamışdı. Biz SSRİ deyilən bir dövlətin tərkib hissəsi idik. Amma elə SSRİ-nin tərkibində ola-ola da Qarabağda baş verən hadisələrə qarşı etirazımızı bildirirdik. Sonrakı mərhələdə Azərbaycan öz müstəqilliyini elan edəndən sonra Moskva tərəfdən, bizə münasibətdə təbii ki, təxribatların da sayı çoxaldı.

Birinci Qarabağ müharibəsinin baş verdiyi 1990-cı illərin ilk çağlarında vəziyyət çox ağır idi. Bizim ordumuz, silahımız, cəbhəxanamız yox idi. Bütün yararlı silahlar yığılırdı. Bir tərəfdən adi ov tüfəngləri də bizdən alınır, o biri tərəfdən isə ermənilər silahla təmin edilirdi. Azərbaycan xalqında o zaman da indiki kimi savaş ruhu var idi. Savaş ruhunda, torpağa sevgidə, vətən uğrunda şəhid olmaq istəyi indi müşahidə etdiyimiz istək arasında heç bir fərq yox idi. İndi döyüş ruhumuz necə yüksək səviyyədədirsə, o zaman da belə idi.

Fərq ondadır ki, silahsız, əliyalın bir xalq rusun vasitəsilə silahlanmış düşmənlə mübarizə aparırdı. O zaman antiazərbaycan dəstələrinin at oynatdığı bir Azərbaycan var idi. Dost kimdi, düşmən kim məlum deyildi. Onda bunu ayırd eləməyin çox çətin olduğu, xaosun hökm sürdüyü, əsasən Rusiya hərbi qüvvələri tərəfindən vurulan, təcavüzə məruz qalan bir Azərbaycan var idi. İndiki Azərbaycan isə tamamilə fərqlidir. Artıq dünyanın ən son, ən yeni silahları ilə təchiz olunmuş bir orduya sahib Azərbaycan var. Bu gün öz iqtisadiyyatını yüksək səviyyədə qurmuş bir Azərbaycan var. Özünün xarici siyasətini və diplomatik gedişlərini çox dəqiq şəkildə yerinə yetirən bir Azərbaycan var.

Bu dövlətin başında harda, nə zaman, hansı qərarlar verməyi yaxşı bilən, yüz ölçüb bir biçən Ali Baş Komandan var. O zaman cəmi iki hərbi təyyarəmiz var idi. Onun da birini vurub saldılar. Amma indi havadan idarə olunan hərbi sursatlar, dünyanın cəmi bir neçə ölkəsində olan, havada, suda, quruda müdafiə üçün istifadə edilən hərbi texnikamız var. Ən sevindirici məqam budur ki, indi onları azərbaycanlı oğullar idarə edir. Havada, dənizdə və quruda nəyin uğrunda vuruşduqlarını yaxşı bilən peşəkar döyüş əsgərlərimiz var. Son hadisələr də göstərdi ki, bu xalqın idarəetmə mərkəzi bir olanda hər şey etmək mümkündür.

Düşmənin 23-24 il möhkəmlənmiş müdafiə sistemlərini bugünkü ordumuz cəmi iki saata darmadağın etdi. Bu o deməkdir ki, o zaman bizim layiqli müdafiəçilərimiz yox idi. Qonşularımızın bəziləri bizi müdafiə etməkdən qorxurdular. Bəziləri, ümumiyyətlə, bizi istəmirdilər. Birinci savaşda silahsız, sursatsız, dağınıq olmağımıza baxmayaraq, daxili xəyanətlər olmasaydı biz yenə də qalib gələrdik.

Amma indi hamı gördü ki, cəmi üç gün ərzində necə hərbi nailiyyət əldə etdik. Əlbəttə, heç kəs istəməzdi ki, şəhid verək. Çox təəssüf ki, şəhidlərimiz də oldu. Amma Azərbaycanın getdikcə artan siyasi nüfuzu, nüvə ölkəsi olmaya-olmaya Nüvə Ölkələri Sammitində iştirak etməsi düşmənin yeni təxribatına səbəb oldu. Təbii ki, biz məsələlərin masa üzərində, sülh yolu ilə həll olunmasını istəyirik. Amma qarşı tərəf buna sövq edirsə döyüşlə qarşılıq vermək gücündəyik. Bunu bütün dünyaya göstərdik. Son hadisələr həm də dünyaya bir mesaj idi.

15 il bundan əvvəl bizi müdafiə edən dövlətlər yox idi. Amma bu gün Pakistan kimi nüvə ölkəsi bizimlədir. Bəyan edir ki, əgər üçüncü bir ölkəsi müdaxilə edərsə, biz də Azərbaycan tərəfdən müharibəyə qoşulacağıq.

Dünyanın güclü orduya sahib olan başqa bir ölkəsi - Türkiyə Cümhuriyyəti də hər zaman bizimlə olduğunu deyir. Gürcüstan, Belarusiya, Orta Asiya dövlətləri, bu günə qədər bizi saymayan AŞPA hamısı bizimlə razılaşdığını bildirir.

Ömrünün ən azı üç ilini düşmənə qarşı döyüşən bir adam kimi deyə bilərəm ki, mən öz gənclərimizlə fəxr etdim”.

Elmin NURİ