Elektron ədəbiyyat və sənət portalı

“Spilberqdən artıq deyilik ki”

Bölmə: Müsahibə 08.04.2016

Rövşən müəllimlə seriallar, onların çəkilməsi və satılması, bir sözlə, serial sahəsindəki vəziyyətlə bağlı danışdıq.

 

- Əvvəlcə gəlin teleserial sahəsindəki ümumi vəziyyətdən danışaq. Bu durum sizi qane edirmi?

- Bizdə yaradıcı adamlar seriala bir qədər qeyri-ciddi yanaşırlar. Bir şeyi deyim, Azərbaycanda Spilberq səviyyəsində rejissor yoxdu, amma o da serial çəkir. Beş ildir ki, bizdə seriallar istehsal olunur. Bu, qısa müddət deyil. Bir rejissor beş ildə üç  serial çəkə bilər. Biri alınmaz, ikincisi uğur qazanmaz, amma üçüncü dəfə iş alınmırsa, deməli, düzgün sənət seçməyib. Məsələ burasındadır ki, bizdə bu sahədə il-ildən səviyyə qalxmaq əvəzinə enir. Adını eşidib üzünü görmədiyim adamlar serial çəkməyə başlayırlarlar. Məsələn, görmüşəm ki, 37 dəqiqəlik xronometrajın beş dəqiqəsini təbiət mənzərəsi fonunda titrlərə, beş dəqiqəsini ötən seriyadakı hadisələrin təkrarına, son 3-4 dəqiqəni isə yenidən titrlərə ayırıblar. Belə çıxır ki, bir seriya üçün cəmi 22 dəqiqəlik material hazırlanıb. Təəssüflər olsun ki, telekanallar da bu cür səviyyəsiz işləri yayımlayırlar. Bir aktyor dostum serialda çəkilirdi. Deyirdi, ssenarini çəkiliş meydançasında verirlər. Məsələn, onu çağırıblar ki, sabah filan kafedə çəkilişdir, gətirib vərəqi veriblər, soruşub, mən bu xanımla çəkilirəm, deyiblər, hə. Cavab verib ki, axı üç seriya əvvəl onunla dalaşdım,  zəng vurdu, dedim ki, daha məni axtarma, nömrəmi də telefondan sil. Rejissor təəccüblənib və səhnəni çıxarıblar. Əslində, bu, rejissorun yox, müəllifin diqqətsizliyidir. O qədər uyğunsuzluq olur ki...

 

- Bəs sizi bu sahəyə cəlb edən nə oldu? Necə oldu ki, serial çəkmək qərarına gəldiniz?

- Təklif gəldi, dəyərləndirdim. O vaxtadək mən seriala baxan deyildim, açığı, heç indi də baxmıram. Təklifi alandan sonra bizim tamaşaçıların marağına səbəb olan türk seriallarına baxdım. Məsələn, “Min bir gecə”nin, “Eşq və cəza”nın, “Möhtəşəm yüzil”in bir neçə seriyasını izlədim. Təxmin elədim ki, nəyi necə etmək olar. Ssenarist dostum Vüqar Əmirovla birgə başladıq mövzu axtarışına. Əvvəl “Xəzər” televiziyasından dəvət almışdıq, nəsə, layihə alınmadı və ATV telekanalı üçün “Pərvanələrin rəqsi”ni hazırlamağa başladıq. Elə 4-5 aylıq hazırlıq işləri görmüşdük ki, ölkə Prezidenti seriallarla bağlı məlum sərəncamı verdi...

 

- Sizin seriallar xeyli maraqla qarşılanır. Bu qədər uğur qazanmağınızın sirri nədədir?

- Sirr deməyək, səbəb deyək. Səbəb odur ki, real həyatdan götürülən hadisələri çəkirik, peşəkar aktyorlarla, peşəkar operator, peşəkar bəstəkarla işləyirik. Səbəbi odur ki, deyəsən, biz özümüz də peşəkarıq, işə məsuliyyətlə yanaşırıq...

 

- Seriallarınızda daha çox əyalət aktyorlarını görürük...

- Belə deyək, əyalətdən gələn aktyorlar daha çox məndə çəkilirlər. “Pərvanələrin rəqsi”ndə əyalət teatrından – Gəncədən cəmi üç nəfər aktyor çəkilib - Pərvanə Qurbanova, Elxan Abbasov və İlham Hüseynov. Sonuncu eyni zamanda  Akademik Milli Dram Teatrının aktyorudur. “Pərvanələrin rəqsi”ndə də, indi yayımlanan serialımızda da “Azdrama”, Gənc Tamaşaçılar Teatrı, “Muskomediya”, Uşaq Teatrı, Rus Dram Teatrı, Şuşa Teatrından aktyorlar çəkilib. Sadəcə, Gəncədə doğulub böyümüşəm, oranın teatrına daha yaxşı bələdəm, peşəkar aktyorları tanıyıram. Üstəlik, onlar yeni sifətlərdir. Vüqar Əmirovla qarşımıza məqsəd qoyduq ki, “Vicdan haqqı”nda indiyədək işləmədiyimiz aktyorlarla çalışaq. Demək olar ki, bütün teatrlardan aktyor cəlb etmişik, üstəlik, hamısıyla ilk dəfədi işləyirik. Bizim serialda Ramiz Novruzun oğlu Cavidan Novruz çəkilir, tamaşaçı onu indiyədək müğənni kimi tanıyıb, amma adam əla oynayır, fərqli xarakter  göstərir. “Sonuncu fəsil” serialına hazırlaşmağa vaxtımız olmadı, mən gözümdən əməliyyat olunmuşdum, buna görə də “Pərvanələrin rəqsi”ndə oynayan beş aktyoru yenidən dəvət etdik. Jurnalistlərin 90 faizi bu sualı verdilər ki, niyə həmişə eyni simalarla işləyirsiniz. O sualı eşitməmək üçün bu dəfə tamam yeni aktyorlarla çalışdıq.  Serialda yeni simalarla işləmək çox çətindir. Bədii filmdə uzağı 30-35 çəkiliş günü olur. Amma serial zülmlü işdir. Bir il hər ayın 26-27 gününü eyni adamlarla işləyirsən. Aktyorluq bacarığından başqa məsuliyyət, insanlıq – xarakter məsələsi də var axı.

Çox şükür ki, iki təcrübədən dolayı üçüncü işdə, göz dəyməsin, deyəsən, səhv etməmişik. Amma bu truppanı yığmaq üçün 1 ildən çox vaxt sərf olundu. Elə rol var ki, onu canlandırmaq üçün 20-dən çox aktyor dəvət etmişdik. Tam səmimiyyətimlə deyirəm, Azərbaycanda heç kəs serialı belə çəkmir. Göz qabağında olan cəmi 30-35 aktyor var. Hamı onları dəvət edir. Bəzən eşidirəm ki, bir aktyor eyni vaxtda iki serialda çəkilir. Nəticədə də nə ad yadımızda qalır, nə obraz. Dünyada belədir ki, aktyor bir serialda əsas roldadırsa, paralel yayımlanan serialda oynaya bilməz. Amma bizdə hər şey olur. Bu işə belə barmaqarası baxdıq, nəticədə serialı tamaşaçının gözündən saldıq, onlarda belə bir fikir formalaşdı ki, serial nədirsə, biz bunu çəkəmmirik, guya əslində biz heç nə bacarmırıq. İvanı, ya Məhməti bizə tez-tez misal çəkirlər. Amma təkəbbürlü görünməsin, bizə sosial şəbəkələrdə gələn rəylərin böyük faizini belə bir fikir təşkil edir: ölmədik, bu günü də gördük ki, Azərbaycanda səviyyəli serial çəkilir. Çünki ümidsizlik yaranmışdı. İki cümləni bir-birinə qoşub fikrini ifadə edə bilməyən adamlar ssenari yazır, rejissorluğun “r” hərfindən xəbəri olmayanlar rejissorluq edirlər. Özüm ekrandan izləmişəm, serial var ki, maşının içində çəkilən epizodda şüşə açıq qalıb ya nədirsə, gurultudan danışığı eşitmirsən. Yaxud ssenaristdən eşitmişəm ki, axşam rejissor ona zəng edib ki, sabah cəmi iki aktyor gələ bilir, onlara bir epizod yaz. Efirdə gedən seriyada suflyorun səsini eşitdiyim olub. Mən heç vaxt suflyorla işləməmişəm. Bizdə ssenari 10 gün əvvəldən aktyora göndərilir. Bir dəfə, bəzənsə on bir dəfə məşq edirik, olur ki, montajda bəyənmədiyim hissəni yenidən çəkirik. Özümü tərifləmirəm, çünki qayda budur. Əgər titrdə rejissor kimi mənim adım yazılırsa, mənim adıma 15 nəfər ekran qarşısında oturursa, deməli, o 15 nəfərə görə işimə məsuliyyətlə yanaşmalıyam.

 

-  Çəkdiyiniz seriallar xaricilərdən heç də geri qalmır. Onları xaricə satmağı düşünürsünüzmü?

-  İşin bu tərəfi ilə maraqlanmıram. Əvvəla, vaxtım yoxdur. İkincisi, bu, biznes layihəsidir. Gəlir ola bilər. Biz  “Vicdan haqqı”nda israr edib, efir vaxtını 45 dəqiqədən 75 dəqiqəyə çatdırdıq. Bəlkə bundan sonra bu haqda fikriləşməyə dəyər. Ümumiyyətlə, xaricə çıxmağa gəlincə, ilk dəfə sizə bir sirri açım: Türkiyədən bir bədii filmlə bağlı təklif almışam, onu dəyərləndirməyi düşünürəm. Əslində, bədii film çəkmək daha ürəyimcədir. İnsan gərək naşükür olmasın, serialı aşağılamıram, Spilberqdən artıq deyilik ki. Sadəcə, bədii filmdə hər xırda detal haqqında düşünməyə və işləməyə daha çox vaxt olur. Serialın isə bir ayağı qaçaraqdır. Düzdür, adının hallanması, gündəmdə olmaq üçün serial daha qısa yoldur. Amma gördüyün iş bir, uzağı, beş dəfə yayımlanır, kino isə qalır. 

 

- Həm ssenari yazır, həm də rejissorluq edirsiniz. Daha yaxşı olmazdımı ki, yalnız quruluş verəsiniz, mətni başqası yazsın. Belədə həm də vaxt itkisi olmaz.

- Bizdə serial ssenarisini əsnəyə-əsnəyə yazırlar. Unudurlar ki, tamaşaçı filmdəki qəhrəmanları real həyatdakı kimi qəbul edir. Belə şeylərlə rastlaşmamaqdan ötrü özüm yazıram. Bir neçə dəfə adam çağırdım, söhbət etdim, gördüm, işi bilmirlər. Normal ssenarist tapa bilmirəm. Bir dəfə beş roman müəllifi olan yaşlı bir nəfər mənə bir ssenari gətirdi. Oxudum, sual verdim ki, qəhrəmanın neçə yaşı var? Dedi, bizlə yaşıddı. Dedim, axı bu dialoq 13-14 yaşlı yeniyetmənin danışığını xatırladır. Bunu aktyor necə oynasın?.. Vəziyyət belədir. 

 

- Bəs tamaşaçılarınızdan necə, razısınızmı?

- Çox diqqətli, həssasdırlar. Bizim serialda heç kəs çəkilişə öz paltarında gəlmir, çəkiliş apardığımız evlərin hamısı kifayət qədər səliqəli, təzə təmir olunmuş evlərdir. Bir dəfə belə bir hədisə oldu. Qız açıq rəngli corabda evdən çıxıb görüşə getdi, evə qayıtma səhnəsi 10 gün sonra çəkildi, çəkiliş günü corab cırıldı və qara rəngli corab tapdıq. Bunu şərhlərdə yazmışdlar. Tamaşaçı haqlıdır və belə iradlar bizə xeyirdir. Bəraətin yeri yoxdu. Azərbaycan tamaşaçısı dünya səviyyəli tamaşaçıdır, yetər ki, sən ona onun öz səviyyəsində - dünya səviyyəli material göstər. Üstünü unlu görüb adını dəyirmançı qoymaq lazım deyil.

 

-  Evinizdə sizin seriala baxırlar? Reaksiyaları necə olur?

-  Baxırlar. Böyük qızım türk seriallarını da izləyir. Mən evdə olmasam belə, qızım, bütün qohum-əqraba filmə baxırlar, fikir söyləyirlər. Məktəbdə övladlarımın müəllimələri də deyir ki, atandan soruş gör, bunun axırı nə olacaq.

 

- Belə suallara cavab verirsiniz? Yoxsa düşünürsünüz ki, ssenarini əvvəlcədən bilmək marağı azaldar?

- Qətiyyən demirəm. Amma özüm serialda mənə inandırıcı gəlməyən hadisəylə rastlaşan kimi baxmıram.

 

- Yeri gəlmişkən, ssenari yazarkən hadisələrin necə inkişaf edəcəyini əvvəlcədən bilirsiniz?

- Bilmirəm. Hər an hər şey ola bilər. Hansısa aktyor qovula, özü gedə və ya, Allah eləməmiş, xəstələnə bilər. Başqa məqamlar da var. Məsələn, mənfi qəhrəman tamaşaçılar tərəfindən sevilə, ya müsbət hesab etdiyin obraz qəbul olunmaya bilər. Çəkiliş prosesində aktyorun imkanlarını nəzərə alırsan, kimisə daha çox yükləyirsən, hansısa aktyor səni pəjmürdə edə bilər, tədricən onun yükünü azaldıb, ikinci, üçüncü plana keçirirsən. Ona görə heç vaxt hadisələrin necə cərəyan edəcəyini əvvəlcədən bilmirsən. Amma ümumilikdə hadisələrin axıcılığını – tretmanı maksimum səkkiz-on seriya apara bilərsən, sonra görürsən ki, istər-istəməz süjet yeni səmtə doğru inkişaf etməyə başlayır.

 

- Nədənsə, bizdə tarixi seriallar gözə dəymir. Məsələn, şəxsən sizin tarixi mövzuda serial çəkmək arzunuz varmı? Yoxsa düşünürsünüz ki, bizdə alınmaz?

- Bizdə hər şey alınar. Niyə alınmasın ki? Atom bombası da düzəldə bilərik. İngilisin də iki əli, iki ayağı var, mənim də. Sadəcə, canına cəfa etməlisən, fikirləşməlisən, yazmalısan. Mənim belə fikrim olub, amma serialın öz qanunları var.  Mən tarixi serialı heç vaxt tarixi şəxsiyyətlərimizlə bağlı çəkməyə cəhd eləmərəm. Qorxaram. Serialda nəyisə məcburən uydurmalısan. Məsələn, “Möhtəşəm yüzil”i Azərbaycanda çəksəydilər, yəqin, onu çəkən rejissoru topa tutardılar ki, o boyda tarixi şəxsiyyət iki arvadın əlində qalıb. Mənim belə bir ideyam var ki, tarixi şəxsiyyət yox, tarixi zaman kəsiyi – XX əsrin əvvəlləri barədə serial çəkim. İnanıram ki, bu, həddən artıq böyük marağa səbəb ola bilər. Bax, o serialı Rusiya da alar, Fransa, Almaniya, İngiltərə də. Amma bunun üçün böyük büdcə tələb olunur. 1905-ci ilin Bakısının, heç olmasa, iki-üç küçəsini canlandırmaq lazımdır, bunun geyimi var, qapalı məkanları var. İndi naturadan çəkiliş etmək mümkün deyil, kameranı hara fırlasan, kondisioner görünəcək. Bakı, maşallah, o həddə gəlib çatıb ki, hansısa küçənin üç saatlıq bağlanması böyük tıxaca səbəb olacaq. Ancaq böyük pavilyonda dekorasiya qurmaq olar. Bu da böyük pul deməkdir. Amma inanıram ki, o serial çəkilən xərcləri artıqlamasıyla ödəyər.

RƏBİQƏ