Elektron ədəbiyyat və sənət portalı

Xanım İsmayılqızı - 60

Bölmə: Ədəbiyyat 08.04.2016

Bir küçə, bir adam, bir də yalqızlıq...

Bir adam, bir ürək, bir də haqsızlıq...

Bir ürək, bir nifrət, bir də qansızlıq...

Bir nifrət, bir əzab, bir insafsızlıq...

Bir əzab, bir ölüm və vicdansızlıq...

Bir ölüm, bir küçə və

                ADAMSIZLIQ...

***

Evimin künc-bucağını

Dolaşıram veyil-veyil.

Ayağım yerə yapışır,

Gördüklərim yuxu deyil?

 

Duman kimi görünürsən

Gözlərimin pərdəsindən.

Təzə örpək hörürəm mən

Uzaqdan gələn səsindən.

 

Saçımın qarası qaçıb

Ağa keçir yavaş-yavaş.

Ürəyim soldan yıxılıb

Sağa keçir yavaş-yavaş.

 

Yuxu ilə gerçəkliyin

Arasında gor qazıram.

...Yoruldum... Sinədaşına

Oturub şeir yazıram...

***

Səndən danışa-danışa,

Ömrünü uzadım bir az.

Bir az ölümə gecikim,

Sağlığına çatım bir az.

 

Oturub ayağın altda,

Başımı dizinə qoyum.

Ürəyimi ağrılara,

Gözümü izinə qoyum.

 

Səsini çək əllərimə,

Divardan yapışa bilim.

Hər yanda nəfəsin qalsın,

Bir az da danışa bilim.

 

Elə bir ev tikmişəm ki,

Heç zaman göz dəyməyəcək.

Qapısı, pəncərəsi yox,

Qorxma, heç kim döyməyəcək.

***

Mən xəstə adamam, ozan,

Gəl aldatma, doğrunu çal.

Simləri çək, aha köklə,

Al qopuzu, ağrını çal.

 

Görürsən, Haray quşuyam,

Bir ağacda budağım var.

Üz tutmuşam göyə sarı,

Yer altında otağım var.

 

Sən çal ki, bir də oxuyum,

Səsim də başıma düşsün.

Bütün ömrümün avazı,

Sinəmin daşına düşsün.

 

Çal, elə yandır ki, məni,

Közə düşüm, külə dönüm.

Bir daşı da dilləndirim,

Gözəl bir şəkilə dönüm.

 

Azan deyim, səsim uçsun,

Bu yerdən ötənə gedim.

Son nəfəsi ala bilib,

Sağ olan vətənə gedim.

 

Mən xəstə adamam, ozan,

Bu çatlayan bağrımı çal.

Simləri çək, aha köklə,

Al qopuzu, ağrımı çal.

***

Bir az gecə düşür günün üzünə,

Bir az günəş qonur pəncərəmizə.

Bir az dirilən var, bir az da ölən,

Bir az duman çökür gözlərimizə.

 

Bir az küləkləri yola salırıq,

Bir az yağış yağır qərib nəfəsdə.

Bir az özümüzə səsimiz çatır,

Bir az quruyan var ayağı üstə.

 

Bir az quşlar belə nəğmə oxuyur,

Bir az bacalarda tüstü yorulur.

Bir az qapıların zəngi çalınır,

Bir az ömrümüzə oyun qurulur.

 

Bir az dünyamız da yazıya gəlir,

Bir az gəzən olur səhifəmizdə.

Bir az ruhumuzu köçürmək üçün,

Bir az düyün düşür əllərimiz də...

***

Hansı günümdən danışaq,

Bir günüm olmayıb ki.

Yıxılanda əl tutacaq,

Sağ yerim qalmayıb ki.

 

Yandıran nə varsa yasaq,

Hamısı da oyuncaq.

Ürəyimdə qalan uşaq,

Heç yaşa dolmayıb ki.

 

Yazılanlar - qismət, baxtsa,

Körpəyə beşik yoxsa.

Məni, öz anam, nə vaxtsa,

Əlindən salmayıb ki...

***

İndi həmin həyətdə

Rəngli çiçəklər açmır.

Tikanlar baş qaldırıb,

Kəpənəklər də uçmur.

 

Yağışların döyməyə

Pəncərəsi qalmayıb.

Küləklər azad olub,

Qəhqəhəsi qalmayıb.

 

Gecə ilə gündüzün

Üzünə də baxan yox.

Nə uzaqdan gələn var,

Nə yoluna çıxan yox.

 

Sükutun özü belə

Əvvəlkinə oxşamır.

Deyəsən həmin qadın,

Buralarda yaşamır.

***

Ağacam, yarpaq deyiləm.

Çılpağam, qorxaq deyiləm.

Hələ ki, torpaq deyiləm,

Ayaq üstə qazma məni.

 

Komamın damı uçuqdu,

Bir bəxtim var ki, qaçaqdı,

Qapım, pəncərəm açıqdı,

Divarlara yazma məni.

 

Ruh adamı bitirmisən,

Qucağına götürmüsən,

Allah, seçib gətirmisən,

Yaddaşından pozma məni.

***

Bu yağışlı gecədə

Bir duyğu axtarıram

Büküb əzizləməyə...

Bu yağmurlu şəhərdə

Bir yarpaq axtarıram

Altında gizlənməyə...