Elektron ədəbiyyat və sənət portalı

Böyük darıxmanın hikmətində

Bölmə: Ədəbiyyat 08.04.2016

Afaq MƏSUD

Xanım barədə düşünərkən, sufilərin bu və ya başqa kontekstdə işlədib mənasını izah etdikləri: “Bilən kəs qəlbini bu dünyayla doyurmaz” kəlamını xatırlayıram. Xanımın çıxılmazlıq, kədər, bu dünyaya yadlıq ovqatıyla yazdığı şeirləri, eləcə, bir sıra mahnıları da bunu deyir: bu dünya Xanıma maraqsız gəlir. Və bundan da artıq, darıxdırıcı və cansıxıcı gəlir. Xanıma şeirlər yazdırıb, mahnılar bəstələdən də, əslində, elə budu.

Xanımın şeiriyyatına, xüsusən, son illər yazdığı misralarına nəzər saldıqca, bu da məlum olur ki, o, zahirən uğurlu tale sahibi olsa da - ailəsi, gözəl övladları, yaraşıqlı görünüşü, samballı oxucu və dinləyici auditoriyası və sair və ilaxır bu kimi, adi qadın üçün əlçatmaz səadət və xoşbəxtlik atributları sayılan nemətlərlə təmin olunsa da, bunlara şad olmur, daha dəqiq desək, sıravi insan üçün arzuolunan bütün bu dünya nemətlərindən məmnun qalmır, bu “rahat firavanlığın” içində daim darıxıb gərilir və bütün bu darıxmaları və gərilmələriylə özünü bu dünyada  tənha və qərib hiss edir. Məhz bu səbəbdən Xanım barədə: “O, bu dünyada rahatlığını itirmiş o kəslərdəndir ki, bu dünyayla yaşamır” - desək, elə bilirəm, yanılmarıq.

Bəli, bu dünyanın görünən tərəfi - son ucu fanilik və puçluqla bitən cazibədar  al-əlvanlığı, nəfsdoyurmaz şirinliyi bizim Xanımı cəlb etmir. Onu cəlb edən - bu dünyanın sıravi gözlə görünməyən, anlaşılmayan ayrı tərəfləridir... Daim qulağına “bu, o deyil” – pıçıldayan, ələgəlməz, görünməz, yalnız qəlbin ehtiyacıyla duyulan sirli həqiqətlər dünyasıdır. Xanımın stixiyası, yaşamaq şövqü həmin bu sirli ərazilərə ara-sıra toxunmaq, oralarda əriyib yoxa çıxmaq , şəffaflaşıb çəkisizləşməkdi.

Təxminən iyirmi il bundan əvvəl Xanımın ad gününü qeyd elədiyimiz xudmani bir məclisdə səbəbkarın sağlığına badə qaldırıb sağlıq dediyim yerdə qəfildən, yaxın doğmalarının arasından üzümə,  zindan barmaqlıqlarının o biri üzündən zillənən tək, məyus-məyus dikilmiş Xanıma baxıb:

- Xanım burda darıxır - demişdim və bu sözümdən masa arxasındakıların anlaşılmazlıq və müəmma dolu baxışlarına cavab olaraq: - Söhbət bu evdən yox, bu dünyadan gedir. Xanım bu dünyada darıxır... – deyə əlavə etmişdimsə də, deyəsən, heç kim heç nə başa düşməmişdi. 

Xanımın, özü ilə bir dünyaya gəlmiş bu Dünyavi Rahatsızlığını mən, onunla bir oxuduğumuz 190 №-li məktəbdə öz uşaq təxəyyülümlə hiss etməsəm də, Mərkəzdə işləməyə başladığımız uzaq gənclik illərində bu 33 yaşlı, həlim təbiətli, qaradinməz qadının, aramızda ola-ola, bizimlə gülüb danışa-danışa, həm də, necəsə, yanımızda olmadığını, bizlərlə, hansısa naməlum, gizli məkanından ünsiyyətə girdiyini hiss eləmişdim.

Xanım bu gün də həmin o gizli məkanındadı. Yanımızda, yaxınlığımızda ola-ola, həmin o gözdənuzaq, ələgəlməz məkanında, sufilər demişkən, hücrəsində yaşamağa, oralarda tapdığı məmnun rahatlığın içində şeirlər yazıb, mahnılar bəstələyəmə davam edirsə də, bu dünyadan duyduğu çarəsiz darıxma yükünü min bir sözlə, fikir və duyğularla canından çıxarmağa çalışırsa da, ondan xilas ola, qurtula bilmir. Əksinə… bir vaxtlar yaşadığı evin, küçənin, şəhərin darısqallığından başlamış bu darıxmanın sərhədləri, illər ötdükcə, böyüyür, daşınmaz, ələgəlməz miqyaslar alır.

Bu, çarəsizliyi və yenilməzliyi ilə, nə Hamletin darıxmasından, nə Svetayevanın sıxıntısından olmayan, əlahiddə bir darıxmadır - davamlı şəkildə dünyanın amansız maddiliyinə sıxışdırılsa da, heç cür daşlaşmayan, öz diriliyini, həyat müqavimətini itirməyən, zaman-zaman tapıb, seçib bədirlədiyi incə dünyaların yasaq laylarında uçunan, oralarda havalanıb çəkisizləşən azad Ruhun çabasıdır. 

 

Bu gün də belə keçdi

Günə qaranlıq düşdü.

Dünən bahar, bu gün payız

Yəqin sabah da qışdı.

Nə tez dəyişdi hava?..

Nə tez soyudu yuva?..

Soyuq küləklər əsir,

soyuq hissimi kəsir,

soyuq nəfəslər gəzir

kürəyimdə, üzümdə...

O soyuq baxışların,

bu yorğun divarların

Külək tək əsənlərin,

buluda dolanların

hələ yağacaq qarın

                arasında qalmışam

Yaman soyuqlamışam...

Bu, 1992-ci ildə yazılmış şeirdir. Xanım bu şeiri 34 yaşında yazıb. Bu şeir isə 2013 də yazılıb:

 

Küncümüz var...

Hamıdan üz döndərib

üzümüzü tutmağa

Küncümüz var...

uçurumda olsa da.

Küncümüz var...

ruhumuz əsir olan

havalardan havalanan

ağrılarla dolsa da.

Küncümüz var...

bizə cəzalar verən,

hisslərimizi kəndirləyən

Küncümüz var...

İki tərəfi hamar.

Bir tərəfi adamlar,

üstü qara fırtınalar,

Alt qatı yox olanlar…

Qapısı açıq

küncümüz alaçıq...

 

Xanımın bu dünyadakı “küncü”, “alaçığı” özü və şeirləridir. Tənha yataq otağında yataqüstü əsir kimi, günlərlə, həftələrlə, aylarla sözbəsöz kağıza köçürdüyü bu misralarda Xanım bizlərə də yaşamağa künc ayırır.

Sözlərlə, hiss və duyğularla bəndləyib ucaltdığı bu qapısıaçıq «alaçığını» Xanım bu dünyada darıxanlar üçün, bir növ xilas məkanına çevirir və bizləri də ora dəvət edir.

2014-cü il