Elektron ədəbiyyat və sənət portalı

Bütov bir nəslin səsi - Viktor Soy

Bölmə: Mədəniyyət 31.08.2015

Viktor Soy həmin gün səhər saat 6-da oyanmışdı. Göldə balıq tutmağa gedəcəkdi. Muqisiçi Latviyada, Riqa körfəzinin sahilində yerləşən balıqçı qəsəbələrindən birində istirahət edirdi. Arvadı Mariannanın sözlərinə görə, musiqiçi çox zaman balıq tutmağa Latviyaya gedir və oğlunu da özüylə aparırdı. Avqustun 21-də onlar Leninqrada (indiki Sankt-Peterburq) dönməyi planlaşdırırdılar.

Qəza musiqiçi öz maşınında evə qayıdanda baş verdi. Rəsmi versiyaya görə, Viktor Soy sükan arxasında yuxulayıbmış. Yol-nəqliyyat hadisəsi barədə istintaq protokolunda həmin vaxt asfalt örtüyünün quru olması barədə qeyd vardı. Ekspertizanın nəticələri göstərdi ki, Soy həmin ərəfədə alkoqollu içki və ya hər hansı narkotik tərkibli preparat qəbul etməyib...

Viktor Soyun səmimiyyət, sevgi və etiraz dolu yaradıcılığı onu bu gün də yaşamaqda olan canlı əfsanəyə çevirdi. Onun səsi bütöv bir nəslin səsi idi.

 

“İstəyirəm ocaqçı olam!”

Çoxları onu “Kino” rok qrupunun lideri kimi tanıyırdı. Amma Viktor həm də Piter qazanxanalarının birində çalışan adi ocaqçı, sadə bir oğlan idi. Mahnılarından birində öz işiylə bağlı belə deyirdi:

İşə getmək bezdirib!
Hər gün doqquzda işdə olmalısan.
Çıxış yolunu tapmışam.
Mən ocaqçı olmaq istəyirəm...
Üç gündən bir işə çıxmaq,
ocaqçı olmaq istəyirəm!

Soyun qazandığı kütləvi sevgini də elə bu sadəlik və səmimiyyət şərtləndirirdi.

Rok musiqisinə olan ənənəvi münasibəti ifaçı təbii qəbul edirdi. Soy müsahibələrinin birində demişdi: “Yeni həmişə köhnə ilə münaqişədədir. Bu, təbiidir. İronik, bəzən aqressiv, səmimi və azad, sərbəst rok heç zaman saxta, riyakar olmayıb. Yəqin ki, bir çoxlarında roka mənfi münasibət onun mənəvi karlığa, istedadsızlığa, yeknəsəqliyə, harınlığa əks mövqedə dayanmasına görədir. Özfəaliyyət qruplarının müasir texnika, avadanlıq, bahalı studiyalarda səs yazdırmaq imkanları olmasa da, onlar düşündüklərini heç bir güzəştsiz, səmimi şəkildə oxuyurlar. Əlbəttə, qulaqlarındakı sırğalara, bədənlərindəki döymələrə, boyunbağılara, əcaib saç düzümlərinə görə onları qınamaq olar. Amma dərindən düşünsək, bütün bunlar ənənəvi dünyagörüşə, düşüncəyə və həyat tərzinə etirazdan başqa bir şey deyil. Öz auditoriyamı tanıdığım üçün deyə bilərəm ki, onların arasında da pis adamların sayı başqa yerlərdə olduğu qədərdir. Gənc musiqiçilər isə heç də incəsənəti dağıdan xuliqanlar deyil, əksinə, onu qorumaq istəyənlərdir”.

 

“Ana, mən avarayam”

Viktor Soy 1962-ci ilin 21 iyununda Leninqradda anadan olmuşdu. Atası Koreya mənşəli Robert Soy mühəndis, anası rus olan Valentina - fizika müəlliməsiydi. Viktor ailədə yeganə uşaq idi.

Hələ erkən yaşlarından Viktor incəsənətə - musiqiyə və rəssamlığa meyil edirdi. Valideynləri onu rəssamlıq məktəbinə qoydular. Beləcə, Soy tədricən sevdiyi sənəti həm də anlamağa başladı.

Müəllimlərdən biri uşağın istedadını dərhal sezib, onun valideynlərinə belə demişdi: “Övladınızın bircə problemi var – çox səbirsizdir. Hər şeydən tez bezir, onu zor gücünə işləməyə məcbur etmək isə mümkün deyil”.

Viktor məktəbdə xeyli uğurlar qazandı, altıncı sinifdə isə ümumşəhər sərgisində ikinci yeri tutdu. Etnoqrafik muzeydəki ekspozisiyada nümayiş olunan əsərlər arasında Viktorun çəkdiyi şəkillər də vardı. Maraqlıdır ki, balaca istedadın əl işlərinə baxmaq üçün valideynləri hətta Nyu-Yorkda keçirilən sərgiyə də baş çəkməli olmuşdular.

Amma yuxarı siniflərdə o, dərslərindən axsamağa başladı, məktəbə getmədi və nəticədə onu təhsil müəssisəsindən xaric etdilər. İlk qrupunu da elə o zaman yaratdı. Qrup Viktorgilin mənzilində toplaşırdı.

Yeniyetməlik yaşını adlayandan sonra Viktor həyatda öz yerini tapa bilmirdi. Müxtəlif sahələrdə özünü sınasa da, heç bir sənətə, işə maraq göstərə bilmirdi. O, Mixail Boyarskinin və Vladimir Vısotskinin pərəstişkarı idi. Vaxtının böyük hissəsini divanda uzanmaqla keçirir, şəkil çəkir, gitarada nəsə ifa etməyə çalışırdı. “Ana, mən avarayam” mahnısı da o zaman yazıldı.

Gəzirəm. Mən tək gəzirəm.
Sonra neyləyim, bilmirəm.
Ev yoxdur. Evdə heç kəs yoxdur.
Mən zibil yığını kimi heç kəsə lazım deyiləm.
Mən avarayam, ana, mən avarayam.

Viktorun saçlarını uzatması, müxtəlif simvollu bəzək əşyaları taxması, qəribə adamlarla dostluq etməsi valideynlərini narahat edirdi. Amma onun qarşısında şərt qoymaq da mümkün deyildi.

Bir gün Viktor evə qızla gəldi. Onu valideynlərinə təqdim edib dedi: “Marianna ilə mən birgə yaşamağa qərar vermişik. Alınsa, evlənəcəyik”.

Amma bundan əvvəl bir dəfə ərdə olmuş və oğullarından yaşca böyük gəlinlə qayınana arasında gərginlik yarandı. Anasının dəstəyi ilə Viktor kirayə mənzil tutdu. Üç il sonra o, Marianna ilə evləndi. Atasının Viktor üçün aldığı evi satıb, üçotaqlı mənzil aldılar. Gəlinin anası da yeni evlənənlərlə bir yerdə yaşamağa başladı.

Viktor orduya çağırılanda oğlanın valideynləri ilə gəlinin arasındakı münaqişə daha da gərginləşdi. Ata-anası oğullarının hamı kimi əsgərlik çəkməsini istəyir, Marianna isə Viktoru ordudan yayındırmaq üçün onu əsəb dispanserində yatırmağı təklif edirdi. Bir müddət Viktor dəlixanada yatdı və beləliklə, əsgərliyə getmədi.

 

“Günəş adlı ulduz”

1981-ci ilin yayında Soy dostlarıyla birgə “Qarin i Giperbolidi” qrupunu yaratdı. Sonra onlar daha sadə ad seçməyi qərara aldılar –“Kino”.

 Bu qısa, asan yadda qalan və məzmunlu ad az sonra gənclərin dillərində əzbər olacaqdı... 

Məşhur ifaçı Boris Qrebenşikov təsadüfən elektrik qatarında gitara ilə çalıb-oxuyan gənci kəşf etdi və bu məqam Viktorun gələcək uğurları üçün həlledici amilə çevrildi. Tezliklə “Kino” rok-klubda keçirilən festivalda konsertlə çıxış etdi. 1982-ci ildə isə qrupun ilk albomu buraxıldı. Mahnılar ölkədə ildırım sürəti ilə yayılmağa başladı.

Qrup əvvəlcə məhəllələrdə çıxış etsə də, onların milyon tirajlarla buraxdırdıqları vallar əl-əl gəzirdi. Buna görə də böyük konsertlər verən zaman “Kino” üçün stadionları doldurmaq çətin olmadı. Hətta qrup “kinomaniya” fenomeni də yarada bildi.

Həyat yoldaşı Marianna da Viktora çox dəstək oldu. Hələ qrupun tanınmadığı vaxtlarda “Kino”nun bütün qayğılarını bu qadın çəkdi. O, sonradan həmin vaxtları belə xatırlayırdı: “Biz kilsə siçanları kimi yoxsul idik”.

Saşa 26 iyul 1985-ci ildə anadan oldu. Tezliklə Soy tərcüməçi Natalya Razqolovaya vuruldu. Saşa bir yaşına çatanda Viktor evdən getdi. Amma nikahda olan cütlük rəsmən ayrılmamağa qərar verdi. Musiqiçi arvadı və oğlu ilə müntəzəm ünsiyyət saxlayırdı. “Saşa” adlı mahnısını da o, oğluna həsr etmişdi. 

1985-ci ildən sonra “Kino”nun populyarlığı artmağa başladı. Viktor Moskvaya köçdü. Başı xarici ölkələrə qastrol səfərlərinə, konsertlərə qarışdı. Soy filmlərə çəkilməyə başladı. Hətta o, “Sovetski ekran” jurnalının keçirdiyi sorğuda və festivallarda ən yaxşı aktyor adına da layiq görüldü. Amma kino ilə yadda qalmaq istəmədi. Çünki onun öz “Kino”su vardı...

Həmin ərəfədə qrupun Rusiya, Ukrayna və Belorusiyadakı konsertləri anşlaqla keçdi.

1989-cu ildə “Kino” ilk dəfə SSRİ-dən kənarda – Fransada konsert verdi. Növbəti albom da elə orada yazıldı. Həmin il Soy ABŞ-a da səfər etdi.

24 iyun 1990-cı ildə “Kino”nun növbəti konserti Moskvada Lujnikov adlı böyük idman arenasında keçirildi.

 

“Arxamca qapını bağla, mən gedirəm”

Viktorun ölümü onun pərəstişkarlarını sarsıtdı. Soyun dəfn mərasimində minlərlə insan iştirak etdi. Onun fanatları arasında bu itkiyə dözməyib intihar edənlər də oldu.

Soyun ölümünü müəmma hesab edənlər də az deyil. Bir versiyaya görə, o, maşının maqnitofonundakı kaseti dəyişmək istəyəndə diqqəti yayınıb və nəticədə qəza baş verib. Başqa bir ehtimala görə, Soyu hakimiyyətdə olanlar aradan götürüb. Hərçənd, atası Robert Sovet ittifaqı dağıldıqdan sonra verdiyi müsahibələrində də bu versiyanı qətiyyətlə rədd edir.

RƏBİQƏ