Elektron ədəbiyyat və sənət portalı

Müasir İncəsənət Muzeyində “Xallı Tembel papaq” sərgisi

Bölmə: Beynəlxalq 01.04.2016

AzərTAc xəbər verir ki, muzeyin direktoru Xəyyam Abdinov açılış mərasimində çıxış edərək sərginin təşkilində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib. O qeyd edib ki, sərgi israilli rəssam Roy Maayan və azərbaycanlı rəssam Nailə Sultanın birgə layihəsidir.

İsrailin aparıcı dulusçusu olan Roy Maayan yerli rəssamlarla birgə əməkdaşlıq etmək üçün dünyanın hər yerindən tez-tez dəvətlər alır. Rəssam səfərlərinin hər birində yerli keramika ənənələri ilə öz iş üslubu arasında material və texnoloji əlaqə qurmaqla hibrid əsər yaratmaq istəyini gerçəkləşdirir.

Təqdim edilən layihədə tədqiqat xarakterli yaradıcı iş prosesi şəxsi estetik ifadə tərzi ilə yerli keramika ənənələrini əhatə edərək Roy Maayanın və Nailə Sultanın forma, faktura, quruluş, material və təsvirləri arasında əlaqə yaratmaqdan ibarətdir.

Bildirilib ki, Nailə Sultanın əsərləri Azərbaycanda və digər ölkələrdə nümayiş etdirilir. Rəssam öz müasir incəsənət əsərlərində nar, miniatür rəsmlər, Qobustan mağara rəsmləri, xalçalardan götürülmüş həndəsi xətlər kimi ənənəvi Azərbaycan motivlərindən istifadə edir. O, bu motivləri geniş ritmlərdə və zəngin rənglərdə ifadə edərək şüurlu olaraq ümumi qəbul olunmuş şeyləri qeyri-adi formaya salır.

İsrailin Azərbaycandakı səfiri Dan Stav mərasimdə çıxış edərək bildirib ki, azərbaycanlı rəssam Nailə Sultan və israilli dulusçu Roy Maayanın müştərək sərgisinin Bakıda Müasir İncəsənət Muzeyində açılışını etməkdən böyük şərəf duyur. Diplomat diqqətə çatdırıb ki, son illər dulusçuluq, incəsənəti sevənlər arasında böyük maraq doğurub. Muzeydə təşkil olunmuş bu birgə sərgi də dulusçuluğun bütün dünyada çəkisinin artmasının göstəricisidir. İncəsənət çox zaman insanlar, cəmiyyətlər və mədəniyyətlər arasında körpü kimi xarakterizə olunur.

İki fərqli ölkədən olan rəssamları bir araya gətirən bu sərgi, incəsənətin müxtəlif mədəniyyətlərin qarşılıqlı ifadəsi üçün möhkəm körpü olması ilə yanaşı, həm də iki zəngin ənənədən istifadə edərək bərabər işləmək və sənət yaratmağın mümkünlüyünün göstəricisidir. Bu, yəqin ki, təsadüfi deyil, amma məhz bu iki rəssamın 2010-cu ildə ilk görüşdüyü sərgi, əsrlər boyu qədim keramika ənənələri ilə məşhur olan Um el Fahm şəhərində baş tutub. İndi bu əməkdaşlıq Roy Maayanı Bakıya gətirib. Sərgidə nümayiş olunan əsərlər arasında həm müstəqil yaradılmış və həm də bir yerdə görülmüş işlər var.

İsrailin mifik əşyaları – Tembel papaq (parçadan olan fincan formalı papaq) və çimərlikdə oynanılan kürək (ağacdan düzəldilmiş kürək ilə və kiçik topla oynanılan oyun) israilliliyin köhnə göstəricilərindəndir.

Sərgi aprelin 17-dək davam edəcək.