Elektron ədəbiyyat və sənət portalı

Müqəddəs Marçellinio və Pietro katakombaları yeni qiyafədə

Bölmə: Mədəniyyət 08.04.2016

Multikultural Azərbaycanın zaman-zaman dünyada üfüq kimi işıqlanan tarixi sədaları sanki qoca Avropanın miqrant problemli tolerantlıq dəyərləri ilə sınağa çəkilərək, ağır əsrin çətinlikləri ilə üz-üzədir. Avropada təhsil alan tələbələr olaraq bu prosesləri daha yaxından izləyir, müzakirə edir, münasibətimizi bildiririk.

Məlum olduğu kimi, Avropada bəzi dövlətlərin köməyi ilə ərəb dünyasına tətbiq olunan süni sosial inqilablar, zorakılıq, qəddarlığın nəticəsi olaraq çəhrayı çevrilişlər müsəlman ölkələrində həyat təhlükəsi yaratdılar. Ümumiyyətlə, ancaq öz tarixi ənənələrinə, dəyərlərinə söykənən dövlətlər, cəmiyyətlər, xalqların yaşaya bilməsi və tərəqqisi faktı danılmazdır.

Ümummilli liderimiz Heydər Əliyev mədəniyyətlərin, dillərin, dinlərin dialoqunu sabaha bir körpü, gələcəyin açarı kimi dəyərləndirərək ölkəmizə düzgün istiqamət verdi. Azərbaycan  Prezidenti İlham Əliyev isə  2015-ci ili “Multikulturalizm ili” elan etməklə həmin humanitar siyasətin alternativi olmadığını təsdiqləmiş oldu.

Bu günlərdə Portuqaliyanın məşhur “Dnoticias.pt” portalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru, professor Terasa Damasionun təmsil etdiyi ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin müdavimlər tərəfindən çox maraqla qarşılandığı qeyd olunub.

Xalqımızın tarixən formalaşmış multikultural ənənələrini inkişaf etdirən mövcud hakimiyyət ölkənin azyaşlı xalqlarının mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamaqla siyasi yolu düzgün istiqamətləndirir. Azərbaycan multikulturalizminin dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban  xanım Əliyevanın fəaliyyəti dünya azərbaycanlıları tərəfindəndən də rəğbətlə qarşılanmaqdadır.

Qədim tarixi və memarlıq baxımından xüsusi yeri olan Vatikandaki müqəddəs Marçellinio və Pietro katakombaları ən qədim xristian abidələri sırasındadır. Əvvəllər Romada müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. İlkin xristianlıq dövründə ən məşhur katakombalar İtaliyada olub. Tarixi mənbələrə əsasən, katakombalar II-IV əsrlərdə xristianlar tərəfindən dini ayinlərin icrası və dəfn mərasimləri üçün istifadə olunub.

Məlumata görə, Romadakı katakombalar çox qədim şəbəkəyə malik olub, uzunluğu 150-170 kilometr təşkil edir. Burada 750 minə yaxın insan dəfn olunub.

İnsanlar burada mənsubiyyəti, vəzifəsi və s. mövqeyinə görə dəfn olunurdular. Roma katakombalarının ziyarətçilərinin sayı IX əsrdən azalmağa başlayıb. 600 il onlar haqqında məlumat olmayıb. 1578-ci ildə (XVI əsr) qazıntı aparan fəhlələr təsadüfən üzərində yazı və şəkillər olan daş plitələrə rast gəlirlər. Bununla Roma katakombalarının mövcudluğu ictimaiyyətə yenidən məlum olur və tədqiqat obyektinə çevrilir.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Vatikanda bərpa edilən müqəddəs Marçellinio və Pietro katakombalarının açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bərpa ilə bağlı təqdimat mərasimində iştirak edərək demişdi: “Asiya və Avropanın arasında yerləşən ölkəmizin mədəni müxtəlifliyinə bu coğrafi ərazi öz təsirini göstərib. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin etnik qrupların nümayəndələri sülh, qardaşlıq və hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində qorunub-saxlanılıb. Azərbaycan bu gün çoxmillətli bir ölkədir və bu gün  də tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür. Ölkəmizdə heç vaxt dini zəmində qarşıdurma olmayıb və olmayacaq”.

Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri, kardinal Sanfranko Ravazi Müqəddəs Marçellinio və Pietro katakombalarının məhv olmaq təhlükəsi ilə üzləşərkən onların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdiyini, lakin müsbət cavab almadığını qeyd edərək, “Yalnız Heydər Əliyev Fondu bu çağırışı müsbət cavablandırdı”, - deyərək xatırlatmışdı ki, Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilir.

İtaliya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı mədəniyyətlərarası, dinlərarası dialoqun inkişafına ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir. İtaliyanın və Vatikanın aparıcı KİV-ləri bu hadisəni möhtəşəmliklə əhatəli işiqlandırıblar. “Avvenire” və “Nes.va” qəzetinin saytlarında, “Roma Sette” informasiya portalında yerləşdirilmiş yazıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan sitatlar gətirilib: “Bizim ən böyük dəyərimiz ölkəmiz və burada müxtəlif dinlərin bir arada mövcudluğudur”.  Bu sıraya İtaliyanın “La Republica” qəzetinin saytında yer alan geniş məqalə də əlavə edilə bilər. Vatikanda dini xəbərlərin yer aldığı ən nüfuzlu qəzetlərdən olan “L Osservatore Romano”da kardinal Ravazinin bu tarixi hadisəyə müsbət münasibət bildirən yazısı yer alıb.

“Roma Sette” informasiya portalında, katolik xəbər agentliyi kimi tanınan “ACİ stampa” media qurumunun saytında və KİV-lərdə xristian mədəniyyətinə verilən bu dəstək ətraflı işıqlandırılıb.

Eşgün RÜFƏTLİ,
Latviyanın Lusofona Universitetinin II kurs tələbəsi