Elektron ədəbiyyat və sənət portalı

Natiq Səfərovun gülməcələri

Bölmə: Ədəbiyyat 01.04.2016

Dəbə çatanda dəb qurtarır

Ustad tərcüməçi Natiq Səfərov həyat yoldaşını Moskvaya aparır. Geyim-keçimlə heç arası olmadığından mağazaları gəzməkdən yayınmağa çalışsa da, uzunboğaz çəkmələr axtaran qadın bir mağazanın yanından keçəndə vitrində həmin çəkmələrdən görüb özünü içəri salır. Natiq içəri girir, mağazaya göz gəzdirib deyir: 

- Burdan ala bilmərik, univermaq deyil. Bura valyuta mağazasıdı, bütün mallar dollarla satılır, hələ üstəlik, dolları hardan almağın barədə sənəd tələb edilir.

Təbii ki, həyat yoldaşının əhvalı təlx olur. Sonralar Natiq həmişə deyərmiş:

- Zümrüd dəbi görən kimi arxasınca qaçır, qaçır, ona çatanda dəb qurtarır.

 

Füzuli bizim içimizdədir

Natiq Səfərovla dostu Ramiz Rövşən Füzuli şeirini sevir, demək olar, əzbər bilirdilər. Bir dəfə Natiqgildə Füzulidən xeyli danışırlar, arada mübahisəyə girişiriər, saatlarla “Leyli və Məcnun”u və qəzəllərini ayrı-ayrılıqda təhlil eləyirlər. Artıq gec olduğundan ev sahibəsi uşaqları o biri otağa yatmağa aparır, özü də yuxuya gedir, uşaqlarsa oyaq qalırlar. Xanımı oyananda görür ki, Natiqgilin səsi gəlmir, uşaqlardan soruşur:

- Atagil necə oldular?

Uşaqlardan biri cavab verir:

- Ata deyirdi, Füzuli mənəm, Ramiz əmi deyirdi, yox, Füzuli mənəm. Axırda qərara aldılar ki, Füzuli onların içindədi, beləcə çıxıb getdilər.

 

Ya həddən artıq böyük olur, ya həddən artıq kiçik…

Bir gün həyat yoldaşı “tolkuçka”dan Natiqə pijama alır. Amma pijama ona çox böyük olur. Natiq kefini pozmayıb dillənir:

- Eybi yoxdu, bu, elə Şahbazın ölçüsüdü, ona hədiyyə apararam.

Səhəri Natiq pijamanı işə aparır, stolun yeşiyinə qoyur və Şahbaza verməyi unudur. İş gününün axırında Şahbaz Xuduoğlu Natiqin otağına gəlir:

- Natiq müəllim, bu gün mənim ad günümdür, gəlin gedək, bir balaca özümüz üçün qeyd edək.

Hədiyyənin təsadüfən yerinə düşməsi Natiqin ürəyincə olur, tez pijamanı çıxarıb Şahbaza verir. Şahbaz çox təəccüblənir:

- Axı mən heç kəsə ad günüm olduğunu deməmişəm, hardan bildiniz?

Natiq zarafatla dillənir:

- Məndə bir az öncəgörmə də var, bilmirdin?

Şahbaz Xuduoğlu az qala inananda Natiq əsəbiləşir:

- Əşi, mən hardan bilim, sən nə vaxt anadan olmusan? Arvadın mənə aldıqları ya həddən artıq böyük olur, ya da kiçik.

 

O biri tayı da yarımcandı…

Bir gün dostlarından biri Natiqə xaricdən “krokodil” dərisindən ayaqqabı alıb gətirir. Geyim həvəskarı olmasa da, ayaqqabı çox xoşuna gəlir. Günlərin bir günü Natiq təzə ayaqqabısını geyinib Əmircana, Ramiz Rövşəngilə qonaq gedir.

Ayaqqabını həyətdə çıxarır. Yenə başları söhbətə qarışır. Axşam evə gəlməyə hazırlaşanda nə qədər axtarırlarsa, ayaqqabı tapılmır. Ramiz ayaqqabılarından Natiqə verib deyir:

- Natiq, həyət qaranlıqdı, tapa bilmirik, səhər yenə axtararıq.

Natiq də ayağında iri ayaqqabı birtəhər gəlib evə çıxır. Səhəri Ramiz Rövşən zəng vurub deyir :

- Natiq, ayaqqabılarını tapmışıq.

Natiq sevincək soruşur:

- Hardan?

Ramiz Rövşən cavab verir:

- Həyətin o biri başından. İt bir tayını yeyib, “krokodil” çox xoşuna gəlib, o biri tayı da yarımcandı…

 

Oğruları əliboş yola salmayaq...

Natiq bəzən tərcümələrinin altında dostlarının da imzalarını qoyurmuş ki, onlar da qonorar alsınlar. Bir dəfə iş yoldaşlarından biri onun həyat yoldaşına zəng edib Natiqin evə çatıb-çatmadığını soruşur. Deyir ki, Natiq Yazıçılar İttifaqının qabağında dayanıb gəlib-gedənə kitabından aldığı qonorarı paylayırmış. Natiq evə gələndə həyat yoldaşı pulun çox cüzi olduğunu görüb soruşur ki, bəs  qonorar almadın? Natiq dəlil-sübutlarını sadalayır:

- Pulu alıb gəlirdim ki, filankəsi gördüm. Onun arvadı, dörd uşağı var, özü də kirayədə yaşayır. Cibimdə də o qədər pul, vicdanım yol vermədi, ona, o birilərinə payladım. Onlara baxanda şükür Allaha, bizim yenə evimiz var”.

Həyat yoldaşı dillənir:

- Evimiz var, amma qapısı yaxşı halda deyil, axı qapını dəyişdirəcəkdik...

Natiq vəziyyətdən çıxmaq üçün bəhanə gətirir;

- Olsun da, oğrudan qorxursan? Oğru bilir, kimin evinə gedir.

Həyat yoldaşı da öz dəlil-sübutunu söyləyir:

- Yox, oğrudan qorxmuram, oğrudan utanıram, gələr, əliboş gedər, yanında biabır olarıq.

 

Vaxtın əhəmiyyəti

Natiq Səfərov gecədən xeyli keçənədək gəzməyi, çayxana və kafelərdə dostlarıyla oturmağı sevirdi. Bir dəfə evə çox gec, təxminən saat iki radələrində gəlir. Həyat yoldaşı qapını açanda onun üzünə baxıb dillənir:

- Gözlərindən görürəm, narazısan. Kişi gecə 12-yə qədər gəldi-gəldi, gəlmədisə, vaxt daha öz əhəmiyyətini itirir.