Elektron ədəbiyyat və sənət portalı

“Kitabxanalar innovasiya və müasir texnologiyaların tətbiqi şəraitində” mövzusunda treninq keçirilir

Bölmə: Beynəlxalq 02.05.2016

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirilib ki, tədbirdə çıxış edən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov treninqin təşkilinin əhəmiyyətindən söz açıb.

Bildirib ki, əsas məqsəd şəhər və rayon kitabxanalarında çalışan mütəxəssislər üçün kompyuterlə bağlı tələb olunan proqramların öyrədilməsi və onların fəaliyyətlərinin optimallaşdırılması istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Nazirliyin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov treninqdə çıxış edərək qeyd edib ki, bu gün kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiq olunması oxucular üçün operativ informasiya tələbatını təmin etməkdədir. O, eyni zamanda qeyd edib ki, bütün bu yeniliklərlə yanaşı, ənənəvi mütaliəyə də diqqət yetirmək və kitabla həmrəy olmaq lazımdır.

Nazirliyin kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova bildirib ki, müasir dövrün kitabxanaları rəqəmsal informasiya massivləri ilə işləyən istifadəçilər üçün intellektual asudə vaxt mərkəzlərinə çevrilib. Eyni zamanda oxuculara göstərilən xidmətlərin çeşidi mütəmadi genişlənməkdədir. O, treninqin iştirakçılarına tövsiyə edib ki, burada qazandıqları bilik və təcrübəni çalışdıqları yerlərdə digər əməkdaşlara da aşılasınlar.

Treninqdə Ağcabədi, Abşeron, Qəbələ, Qubadlı, Beyləqan, Balakən, Masallı, Neftçala, Şəmkir, Şamaxı, Salyan, Sabirabad, Hacıqabul, Laçın, Cəlilabad, Tovuz, Xocavənd, Füzuli, Xızı, Yardımlı, Kəlbəcər rayon və Lənkəran, Şirvan, Yevlax, Mingəçevir şəhər kitabxanalarının, habelə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetin, Respublika Elmi-Tibb Kitabxanasının, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşları iştirak ediblər.

Treninq aprelin 29-dək davam edəcək, sonda iştirakçılara sertifikatlar veriləcək.