Elektron ədəbiyyat və sənət portalı

... 6 min adamsız şəkil

Bölmə: Mədəniyyət 29.04.2016

Sərginin birinci günü. Şəkillər.

 

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonundayıq - Orxan Əzimin Çernobıldan çəkdiyi fotoların sərgisində. “ÇernoBıl” adlı bu ekspozisiya məlum faciənin 30 iliyinə həsr olunub...

“Ağır fotolardır”. Tanıdığım dostlarının çoxunun reaksiyası belədir. Amma məni başqa detallar maraqlandırır. Məsələn, Çernobılda da günəş çıxır, axşam düşür və ya ora da payız gəlir, yarpaqlar tökülür, xəzan olur, ağaclar – ilahi, orada hətta ağaclar da var – çılpaqlaşır, hətta qar da yağır. Orada günəş var, ora turist kimi, jurnalist kimi, fotoqraf kimi getmək olar, oradan şəkil çəkmək, hətta orada qalmaq olar. Necə ki Orxan Əzim gedib, iki gecə qalıb və altı minə yaxın şəkil çəkib.

Bu fotoların əksəriyyətində günəş məyus-məyus da olsa, gülümsəyir. Zatən başqa cür onları fotoobyektivin yaddaşında fiksə etmək çətin olardı. Çünki Çernobılda işıq yoxdur. Telefon işləmir, internet tutmur. Yalnız fənər işığından istifadə etmək olur. Amma xidmət sektoru var. Turistlər gəlir, qonaq evində gecələyir, orada yemək yeyirlər...

Fikirlərimi yarıda saxlamağa məcbur oluram. İşarə edirlər ki, tədbirin rəsmi hissəsi başlayır. Adamları yarıb reproduktora yaxınlaşıram ki, nitqləri aydın eşidə biləm. Başqa cür mümkün deyil. İştirakçı çoxdur, səsi ayırd edə bilməyəcəyəm. Diktofonumu çıxarıb düz səsgücləndiricinin yanındaca özümə yer eləyirəm. Arada salona, adamlara nəzər salıram. Son vaxtlar sərgilərdə belə qələbəlik görməmişəm. Bu, xoşuma gəlir. Təbəssümüm yarıda qırılır. Çernobıl faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edirik.

Sükutu Xalq rəssamı Ağaəli İbrahimovun səsi pozur. Rəssam deyir ki, sərgi ictimaiyyətdə maraq doğurub və ümumiyyətlə, dünyada son zamanlar baş verən qlobal çətinliklər belə tədbirlərin əhəmiyyətini olduqca artırır. Ağəli müəllim gənc fotoqraf Orxan Əzimin nümayiş etdirdiyi fotoları əsl sənət əsəri adlandırır. Söyləyir ki, heç bir musiqi, sənət əsəri, film insanları fotolar qədər təsirləndirə bilməz.

Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov isə çıxışında tarixə ekskurs edir, azərbaycanlıların Çernobıl qəzasının aradan qaldırılmasında iştirakından, Çernobıl əlillərinin vəziyyətindən söhbət açır. Mən də asta-asta oxuduqlarımı, eşitdiklərimi xatırlayıram. Faciə 1986-cı ildə, aprelin 26-da baş verib. Ukraynada yerləşən, Leninin adını daşıyan Çernobıl Atom Elektrik Stansiyasının dördüncü blokunda partlayış olub. Reaktorun tamamilə dağılması nəticəsində ətraf mühitə xeyli radioaktiv maddələr buraxılıb. Bu, həm insan tələfatı, həm də iqtisadi ziyan baxımından atom energetikası sahəsində ən böyük qəza hesab olunur. Qəzadan sonrakı ilk üç ayda rəsmi məlumatlara görə 31 nəfər həlak olub, şüalanmaya məruz qalmış adamlardan 60-80 nəfəri bundan sonra cəmi 15 il yaşaya bilib. 134 nəfər ağır şüalanmaya məruz qalıb. 115 min nəfərdən çox əhali isə yaxınlıqdakı ərazidən təxliyə olunub. Qəzanın fəsadlarının aradan qaldırılması işlərinə 600 min nəfər cəlb olunub...

Sonra Orxan Əzim özü sərgi barədə bir-iki cümləlik qısa arayış verir və lenti kəsir. Bundan sonra şəkillər danışır. Üzərinə dəftər qalaqlanmış məktəb partaları, uşaq bağçasında tənha qalmış oyuncaq kukla, uşaq ayaqqabısının tayı, təxliyə zamanı yerə atılmış əleyhqazlar, şagirdlərdən birinin çəkib masanın üzərindən götürməyə imkan tapmadığı açıq albomun vərəqindəki uşaq şəkli, xəzəllər, xəstəxananın “Müharibə veteranlarının palatası” lövhəsi, neçə illərdir yağışdan başqa su damcısı görməyən hovuzlar, istismara verilməmiş park və uşaq üzü görməyən “Şeytan çarxı” yelləncəyi, böyük supermarket bölmələri, qonaq evi, otel otaqları və bir də... zalda Qorbaçovun iri şəkli. Yeri gəlmişkən, Orxanın çəkdiyi fotodan da görünür ki, qəzadan sonra Çernobıla gedənlərdən kimsə SSRİ-nin bu ilk və son prezidentinin ağzına qara “sarğı” çəkib. Mistik qəbul etmək olar. Çernobıl hadisəsi SSRİ-nin süqutunu sürətləndirdi...

Və əlbəttə ki, fotoların heç birində adam görünmür. Yetim qalmış bu şəhərdə daimi sakinlər yoxdur. Bələdçilər də, xidmət sektorundakı  adamlar da tez-tez dəyişir. Heç kəs həyatını riskə atmaq istəmir. Daha yaxşı şərtlərlə iş tapan kimi buradan gedirlər. Bircə Çernobılın kənarındakı, şüalanma təhlükəsi nisbətən az olan kəndlərdə adamlar yaşayır. Bu detallar Orxanla sərgidən sonrakı söhbətimdə məlum olur. Fotoqraf söyləyir ki, bu sakinlərin əksəriyyəti qoca təqaüdçülərdir. Onlar özləri hökumətdən geri, vətənlərinə qaytarılmalarını istəyiblər. Deyiblər ki, onsuz da ömrümüzə az qalıb, qoyun doğulub, boya-başa çatdığımız torpaqda ölək...

Fürsət tapıb müəlliflə təfsilatlı söhbətləşə bilmirəm. Normaldır. Günün qəhrəmanı odur. Buna görə də səhərisi bir də sərgi salonuna baş çəkməyi düşünürəm.

 

Sərginin ikinci günü. Müəllif

 

Əlli beş fotonun nümayiş olunduğu sərginin ikinci günü də şəkillərə baxmağa gələnlər az deyil.  Amma ikinci dəfə gəlməyimin bir üstünlüyü də var. Hər foto barədə müəllif özü danışır - harada, necə, hansı şəraitdə çəkilib. Şəkilləri bir-bir yenidən nəzərdən keçirdikdən sonra diktofonu yandırıram. Səfərindən danışır.

Ukraynaya fevral ayında gedib. Deyir, Bakıya qayıdanadək özü də Çernobılda olduğuna, az qala inanmırmış. Hətta orada qaldığı üç gün müddətində yalnız sonuncu saatlarda yadına düşüb ki, özünü çəkən olmayıb və əlbəttə, Orxan dərhal səhvini düzəldib bələdçidən onu “Çernobıl”ın girişindəki lövhənin qarşısında fotonun yaddaşına köçürməsini istəyib.

Üç gün ərzində 6 min foto çəkib. Onlardan əlli beşini iki azərbaycanlı, bir isveç fotoqrafın köməyilə seçib sərgiyə verib. Planlarından danışmağı sevmir, elə mən də soruşmağa qorxuram, düşər-düşməzi olar, amma deyir ki, gələn ay bu fotoşəkillərdən sərgi üçün xaricə göndərəcək. Bu arada üzümə baxıb qətiyyətlə deyir: “Satış olmayacaq”. Sonra izahat verir: “Çünki bu fotolar mənim üçün əzizdir. Orada çəkdiyim əziyyəti heç bir məbləğə dəyişmərəm. Hətta qiymət fantastik olsa belə. Onu da bilirəm ki, satsam, o fotoların arxasınca gözüm qalacaq. Üstəlik, onlarda istər-istəməz ağır ab-hava var. İstəmərəm, kimsə evinə bu enerjini aparsın”.

Çernobıl hələ də yaşayış üçün təhlükəli ərazi hesab olunur. Ora getmək istəyən turist və  fotoreportyorların şüalanmaya məruz qalma riski var.  Orxan deyir ki, bu təhlükəni gözə alıb. Bir məqamda isə ciddi qorxu yaşayıb: “Pripyatda dağılmış bir məktəbin yaxınlığından keçirdik. Bələdçi dedi ki, mən içəri daxil ola bilmərəm, amma ora heç sənin üçün də arzuolunan yer deyil. Yolu nişan verdi, vahiməli bir aurası vardı o məkanın. Şəkilləri çəkdim, amma özüm də risk edib çox içərilərə keçə bilmədim. Birinci mərtəbəni çəkdim, ikinci mərtəbənin pilləkənləri tamamilə dağılmışdı, yuxarı qalxmaq olmurdu. Üstəlik, şüalanma riski çox idi. Amma bir məsələ də var ki, adam özünə xəstələnəcəyini təlqin edəndə o taledən qaça bilmir. Hələ ki, Çernobıldan qayıdandan sonra ümumi müayinə olunmamışam. Gələndən sonra bir ay, ay yarım başağrılarım oldu, sonra keçib-getdi, ciddi bir şey deyil. Bəlkə bir aydan sonra yoxlamadan keçdim”.

Orxan Əzim Pripyat həbsxanasından da görüntülər çəkə bilib. Bələdçinin söylədiyinə görə, oranı çox az adam görüb. İnternetdə də bu həbsxanadan fotolar gözə dəymir.

Ümumilikdə, Çernobıl da daxil olmaqla, Pripyatda, Zalissiyada, Kapaçidə, Dityatki, Rıjıy Les və başqa bölgələrdə çəkilişlər edən müəllif ətrafdakı yaşayış olan kəndlərə baş çəkə bilməyib. Bunun üçün əlavə vaxt və həm də deməli, pul lazım idi. Dördüncü radioaktiv blokun içərisində çəkilişlər üçün ödəniş isə daha bahadır.  Bu məbləğin böyük bir hissəsi xüsusi skafandr üçün nəzərdə tutulur. Orxan ora da gedə bilməyib. Başqa bölgələrdə isə qoruyucu geyimə xüsusi ehtiyac yoxdur: “Amma, əlbəttə, qoruyucu nəfəsliklə keçmək istəyənlər də olur. Bu da normaldır. Çünki radiasiyanın ağır olduğu yerlər var. Mənə dedilər ki, əlindən düşən heç nəyi götürmə. Bir-iki dəfə fotoaparata aid olan parçaları əlimdən saldım, bələdçi onlara toxunmağa qoymadı”.

Sərgiyə reaksiyalar barədə soruşuram. Deyir, bu qədər çox adamın gələcəyini gözləmirmiş. O ki qaldı fotolarla bağlı rəylərə, hələ tənqidi fikirlərlə qarşılaşmayıb. Daha çox tərifləyirlər...

Diktofonu söndürməyə hazırlaşıram. Orxanın sonuncu cümləsi düşündürür. Deyir, çalışacaq, bir də Çernobıla getsin. Bu dəfə həm də adamları çəkməyə...

RƏBİQƏ