Elektron ədəbiyyat və sənət portalı

“Əfqanlar cəbhə bölgəmizdə baş verənləri addım-addım izləyirlər”

Bölmə: Müsahibə 02.05.2016

 

- Əfqanıstan səfəriniz necə keçdi? Oradan hansı təəssüratlarla qayıtmısınız?

- Bildiyiniz kimi, bu il bütün türk dünyasında və Şərqdə Əlişir Nəvainin 575 illik yubileyi qeyd olunur. Əfqanıstana səfərimiz də bu tədbirlə bağlı idi. Beynəlxalq simpoziuma dəvət gəldi və Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovla birgə məni ora ezam etdilər. Paşa müəllim “Nəvai və XVII əsr Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə etdi, mənsə iki mövzu – “Azərbaycan ədəbiyyatında Nəvai irsinin öyrənilməsi” və “Azərbaycanda keçirilən I türkoloji qurultayda Nəvai izləri” ətrafında çıxış etməli oldum. Məsələ burasındadır ki, bu il 90 illiyini qeyd etdiyimiz həmin türkoloji qurultayda qoyulan problemlərin hamısı, o cümlədən türk ədəbi dili məsələsi Nəvainin əsərlərində əksini tapıb. Yəni o vaxtkı qurultayda da bir Nəvai ruhu vardı, birinci iclası bitən kimi, Nəvainin 435 illik yubileyi bayram olunmuşdu. Bundan başqa, bir məqamı da deyim: Firudin bəy Köçərlinin 1925-ci ildə  “Azərbaycan ədəbiyyatı tarixi” kitabının ilk səhifəsi türkdilli ədəbiyyatın ən böyük təmsilçilərindən olan Əlişir Nəvai haqqında yazı ilə başlayır. Digər tərəfdən, Əfqanıstanda yaşayıb-yaradan Nəvai XV əsrdə türk ədəbi dili üçün inqilab edib, fars dilinin hökmran olduğu vaxtda türkcə “Xəmsə” yaradıb. Bütün bunlar məruzəmdə əksini tapmışdı. Konfransdan əlavə, müxtəlif görüşlərimiz oldu - Əfqanıstanın baş naziri, vitse-prezidentləri, birinci ordu generalı ilə görüşdük, telekanallarda qonaq olduq.

 

- Ümumilikdə konfrans daha çox sizin üçün nəylə əlamətdar oldu? Hansı dildə anlaşırdınız?

- Səfərdən çox razı qaldıq. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, İran, Pakistan, Hindistandan qonaqlar gəlmişdi. Əfqanıstanın bütün ziyalıları ordaydı. Beş gün davam edən simpozium çox yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirin rəsmi dili fars dili idi, amma biz Azərbaycan dilində danışdıq, çünki əksəriyyət, hətta puştuların özü də bizim dili yaxşı anlayırdılar. Orada qarışıq xalqlar çoxdur və maraqlıdır ki, əksəriyyət bir-birinin dilini bilir.

Məsələn, özbəklər həm fars, həm özbək, həm türkmən, həm puştu, həm urdu dilini başa düşürlər. Yəni dil baxımından qətiyyən hər hansı problem yaşamadıq. İki gün ərzində Kabildəki konfransda alimlərin qırxadək məruzələri dinlənildi. Nəvainin əsərləri ilə bağlı sərgilərə tamaşa etdik. Sonra Zəhirəddin Baburun məzarını ziyarətə yollandıq, onun bağını gəzdik. Dedilər ki, oradakı ağacların çoxunu Babur öz əlləri ilə əkib, dünyanın hər yerindən yetmiş növdə lalə gətirtdirib. Bu rəngbərəng lalələr hər bahar çiçək açır. Talibanlar bir dəfə bağı dağıdıblar, amma biz gedəndə artıq abadlıq işləri bitmişdi. Baburun tikdirdiyi cameni ziyarət etdik. Sonra təyyarə ilə Məzari-Şərif şəhərinə getdik, orada Nəvainin tikdirdiyi camedə olduq. Bu abidə ilə bağlı maraqlı əfsanələr dolaşır. Deyilənə görə, Sultan Hüseyn Bayqara yuxusunda görüb ki, Cənab Əlinin qəbri filan düzənlikdir. Gəlib oranı qazıblar, orada həqiqətən də cənazə görüblər və sonradan bu məzarın üstündə böyük məqbərə tikiblər. Ustadı Əbdürrəhman Caminin məsləhəti ilə Nəvai burada came tikdirib.

Bu, çox nadir memarlıq kompleksidir. Onun üzərində 30-35 kiloqram qızılla “Məzari-Şərif” kəlmələri həkk olunub. Bura hər gün çoxlu sayda ziyarətçi gəlir. Əfqanıstanda türk kökənli xalqlar olduqca çoxdur. Bəzi cavanlar bizə yaxınlaşıb Azərbaycanda ali təhsil almaq istədiklərini bildirirdilər. Hər addımda qeyd edirdilər ki, Nəvainin ustadı Nizami Gəncəvi olub. Füzulidən sevgiylə danışırdılar. Bu, əlbəttə, qürurvericidir. Əfqanlar Nəvaini ortaq coğrafiya, ədəbiyyat faktoru kimi qəbul edirlər. Məzari-Şərifdən sonra bizi Herata apardılar. Təbii ki, ilk növbədə biz Əlişir Nəvainin məqbərəsini ziyarət etdik. Onun bir neçə addımlığında Əmir Teymurun gəlini, Mirzə Şahruhun xanımı, Uluqbəyin anası Gövhərşadbəyimin məqbərəsi yerləşir, onu da, yaxınlıqda yerləşən Sultan Hüseyn Bayqaranın məqbərəsini də ziyarət etdik. Talibanlar onların hamısını darmadağın etmişdilər, amma abadlıq işlərindən sonra bu memarlıq nümunələrinin hamısı əvvəlki vəziyyətinə qaytarılıb, bircə Bayqaranın məqbərəsi hələ bərpa ərəfəsindədir.

Bundan başqa, Əbdürrəhman Caminin məqbərəsini, Kəmaləddin Behzatın məzarını ziyarət etdik. Sonra sufi ziyarətgahlarında, Ərk qalasında, Herat muzeyində olduq. Orada çox gözəl konsert proqramı təşkil olunmuşdu. Sonra bizi 1978-79-cu illərdə sovet qoşunlarının Əfqanıstana müdaxiləsi ilə bağlı yaradılmış tarixi muzeyə apardılar. Muzey eksponatları arasında köhnə sovet hərbi sursatları, geyimlər, heykəltəraş və rəssamların əl işləri vardı.

Ümumiyyətlə, təəssüratlarım zəngindir. Düşünürəm ki, Əfqanıstanda belə tədbirin təşkil olunması bir tərəfdən Nəvai dühasına olan ehtiramla bağlıdırsa, digər tərəfdən bu, əfqanların öz mədəniyyətlərinə, vətənə olan münasibətlərinin göstəricisidir. Burada böyük bir ismarıc vardı: müharibələr insan həyatları ilə yanaşı, həm də mədəniyyətləri, tarixi məhv edir. Düşünürəm ki, bu simpozium həm də əfqan xalqının bu çətin məqamda özünüdərk prosesinə növbəti təkan oldu.

 

- Yeri gəlmişkən, Azərbaycan keçmiş postsovet ölkəsidir. 1978-79-cu illərdə sovet qoşunlarının Əfqanıstana müdaxiləsində istər-istəməz ruslarla yanaşı özbəklər, türkmənlər, qırğızlar və azərbaycanlılar da iştirak edib. Əfqanlar bunu sizin üzünüzə vurmadılar ki?

-  Mən özümlə 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin “Əfqanıstan ağrıları” kitabını da götürmüşdüm. Orada Ülvinin həmin hadisələrə dair bir hekayəsi və poeması yer alıb.

Məsələ burasındadır ki, sovet qoşunlarının Əfqanıstana göndərilən hissələrində daha çox türk xalqlarının nümayəndələrinə üstünlük verilirdi. Çünki zahiri oxşarlıq var, biz əfqanlara daha çox oxşayırıq. Seçmək daha çətin olur. Amma siz dediyiniz incikliyi qətiyyən duymadım. Əksinə, bizə də, özbəklərə, türkmənlərə, qırğızlara da “qardaş” deyirdilər.

 

- Əfqanıstandan Azərbaycan həqiqətləri necə görünür? Qarabağ münaqişəsi ilə bağlı orada nə düşünürlər?

- Qonaqlar arasında Azərbaycandan iki nəfərin olduğunu biləndə çay fasiləsi zamanı hamı həyəcanla bizi dövrəyə alıb ölkədəki vəziyyətlə bağlı suallar yağdırırdı. Bildirirdilər ki, Qarabağ uğrunda azərbaycanlılarla birgə savaşmağa hazırdılar. Çox səmimi, isti münasibət vardı. Təbii, biz onlara təşəkkür edib dedik ki, müharibə istəmirik, amma torpaqlarımızın bir qarışını da düşmənə verməyəcəyik, əgər sülh danışıqları nəticə verməsə, Ali Baş Komandan müharibə əmri versə, Azərbaycan xalqı özü öz torpaqlarını azad etmək iqtidarındadır. Təsəvvür edin ki, hər çay fasiləsində gəlirdilər ki, bu gün də cəbhə bölgəsində atışma olub, şəhid vermişiniz, başınız sağ olsun. Yəni cəbhə bölgəmizdə baş verənləri addım-addım izləyirlər.

 

- Əfqanıstan talibançıların təxribatı və başqa səbəblərdən təhlükəli bölgə hesab olunur. Ora gedəndə hər hansı qorxunuz vardımı?

- Yox, gedəndə bu barədə düşünmürdüm. Vəziyyətdən xəbərdar olsam da, heç bir qorxu yox idi. Hər hansı narahatlıq hiss etsəm, yəqin ki, getməzdim, uşaqlarıma, ailəmə görə narahat olardım. Amma ora çatandan sonra dərk etdim ki, hara gəlmişəm. Hər dəqiqə atışma səsləri gəlirdi. Heratdan qayıdanda yolda bizi saxladılar, yerli rejimlə hökumət təmsilçiləri öz aralarında danışıb anlaşdılar. Amma şəhərdə özbaşına bir addım ata bilməzdik. Hər yerdə bizi hərbçilər müşayiət edirdilər. Gerçəkdən təhlükə vardı. Amma dövlət  strukturları bütün təhlükəsizlik tədbirləri görmüşdülər. Bununla belə, əlbəttə ki, ölkədəki gərginlik hiss edilirdi. Tədbirlər hərbçilərin əhatəsində keçdi. Orada Paşa müəllim dedi ki, bu simpozium 1941-ci ildə Böyük Vətən müharibəsi illərində Nizamınin Leninqradda keçirilən yubileyini xatırladır. Bununla belə, heç kəs qorxmurdu, tədbir iştirakçılarında qəribə bir xoş ovqat vardı, görünür, bu, Nəvainin işığı ilə bağlı məsələdir. Sanki Nəvainin yaşadığı əsrlərə köçmüşdük. Məmnuniyyətlə, yenə Əfqanıstana getmək istərdim. Bütün əfqan şəhərlər möcüzəvi gözəlliyə malikdir. Allah qismət eləsin, hər bir ziyalımızın yolu ora düşsün. Amma orada əmin-amanlıq tam bərqərar olandan sonra.

Rəbiqə NAZİMQIZI