Elektron ədəbiyyat və sənət portalı

Sovet Azərbaycanının ilk filmləri

Bölmə: Mədəniyyət 02.05.2016

(Əvvəli ötən sayımızda)

Təbii ki, «Pravda»nın bu iradına mütləq əməli işlə cavab vermək lazım idi. Ona görə də «Leyli və Məcnun», «Hacı Murad»  filmlərinin çəkilməsi Azərbaycan Foto-Kino İdarəsinin (AFKİ) planından çıxarıldı. Dəvət olunmuş kinodramaturq P.A.Blyaxinə «26-lar» filminin ssenarisini yazmaq tapşırıldı. Pavel Andreyeviç Blyaxin (1886-1961) həm də tanınmış yazıçı idı. 1919-cu ildə rejissor İ.Perestiani ilə öz povestinin motivləri üzrə «Qırmızı şeytanlar» filminin ssenarisini yazmışdı. 1923-cü ildə Bakıya dəvət olunmuş P.A.Blyaxin «26-lar» və «Bismillah» ssenarilərini hazırlamışdı. 1925-ci ildən isə onun Azərbacan kinosunda işləmədiyi məlumdur.

Mətbuat xəbər verirdi ki, «AK(b)P-nin Bakı komitəsinin Divani-Rəyasəti «26-lar» kino lentasını mövqe tamaşaya qoymaq üçün lazımi idarələrə direktiv verib». Lakin AFKİ-nin tabeliyindəki I Dövlət kino-fabrikinin maddi-texniki bazası zəif olduğundan, bu layihəni gerçəkləşdirə bilmədi. Ona görə də idarənin tabeliyindəki I Dövlət kino-fabriki ilə nisbətən yaxşı imkanlara malik olan «Kino-Qornyak»ın birgə işləməsi haqqında fikir meydana çıxdı. Amma burada uğurlu işbirliyinə mane olacaq cəhətlər elə əvvəlcədən nəzərə çarpırdı. O dövrdə AFKİ Rusiyadan dəvət etdiyi peşəkar kinematoqrafçılara malik olduğundan, ssenarinin yazılması və quruluşun reallaşdırılması məsələlərini öz üzərinə götürür, «Kino-Qornyak» isə mövzunun seçilməsi və çəkilişlərin maddi-texniki təchizatı problemlərini həll edirdi.

AFKİ – «Kino-Qornyak» cütlüyünün ilk filmi «Mədənçi-neftçi istirahətdə və müalicədə» adlanırdı. Filmin ssenarisini A.Litvinov və P.Velski yazmışdı. A.Litvinovun quruluş verdiyi həmin lentdə baş rollardan birini də V.Leqoşinlə yanaşı, P.Velski ifa edirdi. Operator V.P.Lemkenin lentə aldığı bu 5 hissəli komediya 20-ci illərin ruhunda məişət əhvalatıdır. Filmin qəhrəmanı mədənçi-neftçilərə müalicə və istirahət üçün putyovka verən sanatoriya-kurort komissiyasının sədridir. Bu sahədəki çatışmazlıqları inqilabi nöqteyi-nəzərdən məsxərəyə qoyan lent bədii cəhətdən qüsurlu və bayağı olduğundan, respublikanın həyatında hadisəyə çevrilmədi.

AFKİ – «Kino-Qornyak»ın ikinci ekran əsəri olan «Göz-gözə» («Çoxlarından biri») lenti də eyni sxem üzrə həmin çəkiliş qrupu (ssenariçilərdən biri S.Troitski olmaqla) tərəfindən gerçəkləşdirilmişdi. «Filma» aksioner cəmiyyətinin 1916-cı ildə lentə aldığı «Ölümünə bir saat qalmış» məhkəmə xronikasını nəzərə almasaq, «Göz-gözə», Azərbaycanda çəkilən ilk detektiv ekran əsəridir. Çekistlərin xarici casuslara qarşı mübarizəsindən bəhs edən film Bakıda və Kislovodskdakı «Bakı fəhləsi» sanatoriyasında çəkilmişdi, rolları P.Kirillov, N.Vendelin, S.Troitski, K.Vyaznova və başqaları ifa edirdilər. Lakin bu film də hakimiyyət tərəfindən kinonun qarşısına qoyulmuş vəzifələrə cavab vermirdi.

Hakim ideologiya, ekran sənətindən sinfi mübarizəyə, yoxsul kəndlilərin bəy-xan rejiminə qarşı çarpışmalarına, dinin kütlələr arasındakı mürtəce roluna, nəhayət, yeni quruluşun üstünlüklərinə həsr olunmuş əsərlər gözləyirdi. «Qız qalası haqqında əfsanə» filmi ideoloji yönümdən tənqidlərə məruz qaldığına görə, AFKİ-nin rəhbərliyi yeni mövzunun seçiminə ciddi münasibət bəsləyirdi. 1924-cü ilin əvvəllərində Kiyevdən Bakıya dəvət olunmuş yazıçı-ssenariçi Leo Mur (Leonid Muraşko) «Azərbaycanda burjua-mülkədar ağalığının son günlərindən» bəhs edən «Bayquş» filminin ssenarisini yazdı. Yeni ekran əsərində «Azərbaycan kəndlisinin yerli feodallara qarşı mübarizəsi, ruhanilərin acgözlüyü və camaatı min hiylə ilə aldatmaları» əks etdirilməli idi. Filmin rejissoru G.Kravçenko, operatoru V.P.Lemke olmaqla əsas rollara görkəmli sənətçi Abbas Mirzə Şərifzadə, Ağarza Quliyev, Möhsün Sənani, Mirzə Muxtar Məmmədov, A.Makovski çəkilmişdilər.

Rejissor G.Kravçenko Azərbaycan xalqının adət-ənənələrinə, məişətinə, yerli şəraitə bələd olmasa da, sənədli çəkilişlərlə süjet xəttinin təsirliliyini artırmağa çalışırdı. Bu məqsədlə o, Bakının Şıx və Bibiheybət kəndlərində həyata keçirilən dini mərasimləri lentə almağı qarşısına məqsəd qoymuşdu. Lakin yerli camaat bu cür hallara çox pis münasibət bəsləyirdi. Mətbuatda xəbər verilirdi ki, «sentyabrın 28-də Azərbaycan Foto-Kino İdarəsi işçilərindən bir dəstəsi «Bayquş» şəklini çəkməkdən ötəri, «Şaxsey-vaxsey» nümayişinin şəklini almaqdan ötəri Bibiheybətə getmişlər.

Şəkil çəkildiyi zaman Türk səhnəsinin qocaman artisti Mirzə Muxtar Məmmədov dərviş rolunu ifa etdiyi halda, avam və cahil müsəlmanlardan bir dəstə onun üzərinə hücum edərək, bihal olana qədər onu döymüşdür. Rejissor Kravçenko və şəkilçəkən Lemke dəxi yaralanmışlar... Bu vəhşi hadisəyə baxmayaraq, «Bayquş» şəklinə lazım olan parçaların rəsmi alınmışdır».

A.M.Şərifzadə və A.Quliyev çəkiliş meydanına ilk dəfə çıxsalar da, yaxşı ekran duyumu nümayiş etdiriblər. Xüsusilə, Xan obrazı A.Şərifzadənin ifasında çox koloritli və baxımlı alınıb. Səhnə ifaçılığının zəngin təcrübəsindən ustalıqla bəhrələnən görkəmli sənətçi, ideoloji qüsurlarına baxmayaraq, bitkin obraz yarada bilib.

Filmdə xalq kütləsinin rəhbəri Məmməd rolunu ifa edən aktyor A.Quliyev isə daha çox inqilabi pafosa üstünlük verdiyindən, obrazı yetərincə inandırıcı yarada bilməyib. Qalan aktyorların ifasında da açıq-aşkar teatrallıq duyulur. Bütün bunlar filmin ümumi bədii səviyyəsinə mənfi təsir göstərmişdi. Üstəlik, «Q.Kravçenko quruluşçu-rejissor kimi kəndin mübariz ruhunu hiss etməmiş, onu lazımınca göstərə bilməmişdi; filmdə ictimai mübarizə səhnələri zəif və sönük, hadisələr dağınıq idi, yaddaqalan təsirli bir epizod belə yox idi; rejissor və operator işində səliqəsizlik gözə çarpırdı».

Kinoşünas N.Sadıqovun qeyd etdiyinə görə, «Bayquş» filmi qarşıya qoyulmuş ideoloji tələblərə cavab vermədiyindən, AFKİ rəhbərliyi tərəfindən yaxşı qarşılanmayıb və ekranlara buraxılmayıb. Ancaq 1924-cü ilin sonunda mətbuat xəbər verirdi ki, «Azərbaycan Xalq Maarif Komissarlığı Foto-Kino İdarəsi tərəfindən hazırlanmış böyük bədii kinofilm - «Bayquş» çəkilib hazırlanmış və bu günlərdə Azərbaycan Foto-Kino kinosunda göstəriləcəkdir.

Film 6 hissədən ibarətdir. Proloqu və epiloqu vardır. Göstəriləcəkdir. Afişaları təqib ediniz». Elanlardan bir neçə həftə sonra «Bayquş» adındakı əsərin böyük və son hissələrinin çəkilib qurtardığı», «Əsərin səhnələri üçün Xan Sarayının bütün görünüşlərinin alındığı» («Kommunist qəzeti», 18 yanvar, 1925-ci il) xəbər verilirdi. Çox güman ki, həm yuxarıda göstərdiyimiz qüsurlar üzündən, həm də dinin ələ salınmasına kəskin etirazını bildirən xalq kütləsinin reaksiyasını görən AFKİ rəhbərliyi filmi ekrana buraxmağa ehtiyat edib.

Beləliklə, 1923-1924-cü illərdə Azərbaycanda istehsal olunmuş ilk sovet bədii filmlərini ideya-bədii cəhətdən yüksək sənət əsərləri saymaq çətindir. Əsasən AFKİ-nin I Dövlət Kino-fabrikində çəkilən «Qız qalası haqqında əfsanə» və «Bayquş» filmləri yeni-yeni formalaşan sovet kinosunun estetik tələblərinə cavab vermirdi. Kinematoqrafı ideologiya silahına çevirməyə can atan yeni hakimiyyət kütlələrin şüuruna təsir edən ekran əsərlərinin, yaradılmasına nail ola bilməmişdi.

Bu filmlərin başlıca qüsuru kimi peşəkarlıq, aktyor oyunu yox, mövzunun ideoloji cəhətdən zəruriliyi, inqilabi mübarizə motivləri, sinfi münasibət mövqeyi ön plana çəkildiyindən, bədii dəyərlərə söykənən lentlərin ortaya çıxarılması olduqca çətin idi. Üstəlik, milli kino kadrlarının çatışmazlığı, başqa studiyalardan dəvət olunmuş ssenariçi, rejissor, operator və rəssamların Azərbaycanın məişətinə, adət-ənənələrinə və milli xüsusiyyətlərinə bələd olmaması çəkilən filmlərin yad yanaşma məhsulu olmasını şərtləndirirdi.

Nəriman ƏBDÜLRƏHMANLI