Elektron ədəbiyyat və sənət portalı

Uzaq yola çıxan sürücünün sonuncu məktubu

Bölmə: Ədəbiyyat 02.05.2016

R.KENDELL,
(ABŞ)

Gəmidağ – amansız qatildir. Alyaskanın uzaq yola çıxan sürücüləri yaxşı bilirlər ki, onunla zarafat eləmək olmaz, xüsusən də qış aylarında. Sərt dağ yamaclarına dırmaşan buz bağlamış əyri-üyrü yolların üstünə hərdən bütöv qayalar uçulub tökülür. Bu yollarda indiyəcən saysız-hesabsız yük maşınları itib-batıb, heç kəsə də məlum deyil ki, buralar hələ neçə adamın həyatına son qoyacaq.

Bir dəfə dağ yoluyla yuxarı qalxarkən mən Kanada yol polisi zabitlərini və qəzaya uğramış əzik yük maşınını yarğandan dartıb çıxaran yedəkçini gördüm. Maşını saxlayıb kabinədən çıxdım, bir yerə yığışaraq bu dəhşətli mənzərəni dinməzcə seyr edən bir dəstə sürücüyə yaxınlaşdım.

Polislərdən biri bizə yaxınlaşıb astadan dedi:

- Mən çox təəssüf edirəm, lakin biz onu tapanda sürücü artıq ölmüşdü. O, yəqin iki gün qabaqkı tufanda yoldan çıxaraq qəzaya uğrayıb. Biz xromlanmış detalları gün işığında uzaqdan parıldayan yük maşınını təsadüfən gördük.

Polis zabiti başını təəssüflə yelləyib əlini cibinə saldı və ordan nəsə çıxartdı.

- Uşaqlar, sizin bu kağızı oxumağınız pis olmazdı. Görünür, soyuqdan donanacan bədbəxt oğlan hələ bir-iki saat sağ olub.

Mən ömründə ağlayan yol polisi görməmişəm, – elə bilirdim onlar gündəlik həyatlarında ölüm-itimlə o qədər rastlaşırlar ki, istər-istəməz hər şeyə vərdiş edirlər. Amma məktubu mənə uzadanda polis zabiti o biri əliylə göz yaşlarını silirdi.

Kağızı ucadan oxuyarkən mən də göz yaşlarımı saxlaya bilmədim. Məktubda yazılanları kirimişcə dinləyəndən sonra sürücülər heç bir söz demədən sakitcə dağılışıb, hərəsi öz maşınının kabinəsinə çəkildi. Ölən sürücünün yazdıqları isə mənim yaddaşıma ömürlük həkk olundu və indi, üstündən neçə illər ötüb keçəndən sonra da mən o məktubdakı az qala hər sözü, hər hərfi çox aydın görürəm; o qədər yaxından görürəm ki, elə bil kağızı öz əlimdə tutmuşam. Uzaq yola çıxan zavallı sürücünün sonuncu məktubunu sizinlə də bölüşmək istərdim.

Dekabr, 1974

Mənim əziz arvadım,

Bu cür məktubları adam öz istəyi ilə yazmır. Amma hər necə olsa, hesab edirəm ki, mənim bəxtim gətirib, axı sənə deməyi tez-tez unutduğum sözləri yazmağa indi vaxtım var: əzizim, mən səni sevirəm.

Sən zarafatla deyirdin ki, guya mən maşınımı səndən çox sevirəm – axı, həqiqətən də vaxtımın çoxunu səninlə yox, onunla keçirirəm. Düzdür, mən həqiqətən bu dəmiri sevirəm – elə o da mənə həmişə yaxşı münasibət göstərib, bütün çətinliklərdən və çətin yollardan mənimlə birgə keçib – uzun reyslərdə etibarlı, qısa reyslərdə cevik olub. Maşınım məni heç vaxt yarıyolda qoymayıb.

Və bilirsənmi nə var? Mən səni də eyni səbəbdən sevirəm. Axı çətin vaxtlarımda sən də həmişə mənimlə birgə olmusan…

Bizim birinci yük maşınımız yadındadırmı? Özümüzə yemək üçün qəpik-quruş saxlayıb, bütün pullarımızı təmirinə xərclədiyimiz köhnə, sınıq-salxaq tarantası deyirəm. Sən hətta özünə iş tapmağa da məcbur olmuşdun ki, hesabları ödəyə bilək. Mənim bütün qazancım o andıra gedirdi, sənin sayəndə isə, heç olmasa, başımızı soxmağa damımız vardı.

Öz maşınımdan nə qədər gileyləndiyim yaxşı yadımdadır, amma sənin bircə dəfə də şikayətləndiyini eşitmədim. İşdən qayıdanda sən yorğunluqdan ayaqüstə güclə dayanırdın, mənsə hələ özümçün yola səndən pul tələb edirdim… lap sən haçansa narazılıq bildirmisənsə də, mən onu eşitməmişəm. Çünki mənim başım öz problemlərimə qarışmışdı, sənin problemlərin barədə düşünmək ağlıma da gəlmirdi.

Mənim yolumda özünü nə qədər fəda etdiyini indi anlayıram. Gözəl geyim, bayramlar, məclislər, dostlar… Yox, heç vaxt gileylənmədin, mənsə, sadəcə bu cür olduğuna görə sənə xoş bir söz deməyə, minnətdarlıq bildirməyə də vaxt tapmırdım. Öz yolyoldaşlarımla bir fincan qəhvə süfrəsi arxasında mən yük barədə, mühərrik barədə, hesablar barədə o ki var danışırdım, amma yaddan çıxarırdım ki, mənim əsl həmkarım sənsən – lap yanımda olmasan da, maşının kabinəsində oturmasan da.

Təzə yük maşını almağımdan ötrü sən məndən daha çox inadkarlıq göstərdin, daha çox əzablara qatlaşdın. Bu maşından elə razıydım ki, sevincimdən, qürurumdan yerə-göyə sığmırdım. Elə səninlə də fəxr edirdim – amma, bax beləcə, günü günə satıb bunu heç vaxt dilə gətirmədim, heç vaxt üzünə demədim. Fikirləşirdim ki, onsuz da özün hamısını başa düşürsən… amma əgər mən səninlə, maşına qayğı göstərdiyim qədər vaxt keçirsəydim, yəqin ki, onda nə demək istədiklərimin hamısını söyləməyə imkan tapardım…

Uzaq yollarda olduğum bütün bu illər ərzində yaxşı bilirdim ki, sənin duaların başımın üstündə, maşınımın arxasınca uçuşur.

Amma indi o dualar gücsüzdür. İndi mən bərk yaralanmışam və bu, çox pisdir. Mən ömrümün sonuncu milini keçdim, indi sənə deycəklərimi isə əvvəllər demək lazım idi… di gəl, maşınımla, işimlə çox məşğul idim.

Mənsiz keçirdiyin ildönümləri və ad günləri barədə düşünürəm… uşaqlarımızın məktəb tamaşaları və xokkey oyunları barədə düşünürəm… Sən ora tək gedirdin, çünki mən həmişə yolllarda olurdum. Sənin tənhalıqda keçirdiyin, mənim harada ola biləcəyimi və başıma nə iş gəldiyini təxmin etdiyin, güman etdiyin yuxusuz gecələr barədə düşünürəm… Sənə bir neçə xoş söz söyləmək üçün zəng etmək istədiyim, amma bu niyyətimi unutduğum bütün şəraitlər barədə düşünürəm... Özümün necə arxayın yaşamağım barədə düşünürəm. Hə, arxayın idim – axı bilirdim ki, sən məni uşaqlarla birgə evdə gözləyirsən.

Hələ ailə məclisləri… onda sən öz doğmalarına mənim niyə iştirak edə bilmədiyimi izah etməyə məcbur qalırdın: o, mühərrikin yağını dəyişdirir; o, maşına ehtiyat hissələri axtarır; o yorğundur, yatıb yuxusunu alır, çünki səhər tezdən yola çıxmalıdır… Həmişə bir səbəb tapılırdı, amma nəyə görəsə, indi onlar mənə çox da üzrlü olan səbəblər kimi görünmür…

Biz evlənəndə, sən hətta evdəki yanmış lampanı necə dəyişməyi də bacarmırdın. İki ildən sonra, mən Floridada yük gözləyərkən isə, çovğunda sobanı özün təmir etmişdin. Əməlli-başlı mexanik olmuşdun, hətta mühərriki quraşdırmaqda mənə kömək edirdin. Hələ sonra o boyda maşının kabinəsinə qalxıb sükan arxasına keçəndə, maşını geriyə verərkən qızılgül kolunu basmayanda sənin qabiliyyətinə mat qalmışdım.

Bəs mən məhləyə gələndə yolumu gözləyə-gözləyə öz maşınında necə yuxuladığını görməyim yadındadırmı?! İstər gecə saat iki olsun, istər gündüz saat iki – sən mənimçün həmişə ən gözəl kinoaktrisadan da gözəl olmusan. Deyəsən, mən bunu sənə çoxdandı deməmişəm.

Mənim həyatda çox səhvlərim olub, amma əgər nə vaxtsa doğru bir qərar qəbul etmişəmsə – bu, səni özümə ömür-gün yoldaşı seçmək qərarım olub. Sən heç vaxt başa düşə bilməzdin ki, məni yola səsləyən nə idi. Bunu özüm də başa düşmürdüm, amma mənim həyat yolum beləydi və sən bu yolu mənimlə birlikdə keçməyə razılıq verdin. Yaxşı vaxtlarda da, pis vaxtlarda da həmişə mənim yanımda oldun. Mən səni sevirəm, əzizim; səni də, uşaqlarımızı da. İndi bədənim ağrıyır, amma daha bərk ağrıyan – ürəyimdir. Yolumun sonunda sən yanımda yoxsan. Səninlə tanış olduğum vaxtdan bəri ilk dəfədir ki, həqiqətən təkəm, buna görə də dəhşət içərisindəyəm. Sən mənə elə lazımsan ki! Amma bu sözlər gecikmiş sözlərdir.

Qəribədir, amma indi məndə qalan yalnız maşındır. Bizim həyatımızı bu qədər uzun müddət idarə etmiş maşın, neçə illər içərisində onunla birgə yaşadığım köhnə dəmir parçası. Amma o, mənim məhəbbətimə qarşılıqlı cavab verməz. Bunu yalnız sən bacarırdın.

Bizi bir-birimizdən min mil məsafə ayırır, lakin sən – mənim yanımdasan. Mən sənin üzünü görürəm, sənin məhəbbətini hiss edirəm və tək-tənha keçməyə məcbur olacağım yolun bu sonuncu qarışı məni qorxudur. Uşaqlara de ki, mən onları çox istəyirəm… və onlara icazə vermə ki, bir tikə çörəklərini sükan arxasında qazansınlar.

Bu qədər, mənim əzizim. Aman Allah, mən səni necə də sevirəm! Özündən muğayat ol və heç zaman unutma ki, səni həmişə sevmişəm, dünyada hər şeydən çox sevmişəm. Sadəcə, bunu sənə deməyi həmişə unutmuşam...

Tərcümə edən: Mahir N.QARAYEV