Elektron ədəbiyyat və sənət portalı

Xalq şairi Söhrab Tahir vəfat etdi

Bölmə: Ədəbiyyat 10.05.2016

AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.

Cənazənin ətrafına Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi (AYB), müxtəlif idarə və təşkilatların adından əklillər, tər qızılgüllər düzülüb.

Söhrab Tahirinin qələm dostları, poeziyasevərlər, tanınmış elm və mədəniyyət xadimləri Təzəpir məscidinə gələrək görkəmli şairə və gözəl insana son borclarını veriblər.

Sonra görkəmli şair son mənzilə yola salınıb. Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Söhrab Tahiri 1926-cı il may ayının 27-də İranın Astara şəhərində anadan olub. Sonralar o, ailəsi ilə birlikdə Kirmanşah şəhərinə köçərək orada orta məktəbdə oxuyub və “İran-ingilis neft şirkəti”ndə çalışıb. Təhsilini davam etdirmək məqsədilə Bakıya gələn Söhrab Tahiri 1946–1950-ci illərdə Bakı Hərbi Məktəbinin, 1952–1957-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olub.

O, 1962-1966-cı illərdə Azərbaycan Demokrat Firqəsinin Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor işləyib.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşriyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. 1991–ci ildə bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunub.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

Şairin 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publisistik məqaləsi çap olunub. Bununla yanaşı, xarici ölkələrdə də kitabları nəşr edilib.