Elektron ədəbiyyat və sənət portalı

FAU-2 əməliyyatı

Bölmə: Tarix 10.05.2016

...“YAK” ağ buludlarla bəhsə girərək səmanın sakitliyini pozmuşdu. Çağırılmamış “dəmir quş” neçə saat idi ki, inadkarcasına qərbə doğru uçurdu. Qüruba yollanan günəşin şüaları nazlı buludların üstünə sanki əlvan xalı döşəmişdi. Ancaq bir-birinə qısılmış buludlardan aşağıda, torpağın üstündə həyat öz axarı ilə davam edirdi. Burada, səmanın ənginliklərində isə zaman necə də cazibədar görünürdü...

Kərim “YAK”-ın illüminatorundan açılan bu ecazkar mənzərəyə baxmaqdan doymurdu. Salondakı 7 hərbçi-mühəndis çoxdan mürgü vururdu. Böyük Vətən Müharibəsinin bitməsindən bir ay keçsə də, bu adamlar hələ də şirin yuxunun nə olduğunu bilmirdilər. Kərim özü də iki gecə idi ki, gözünü qırpmırdı. Almaniya səfərinin bütün məsuliyyəti onun üzərinə düşmüşdü. Kirpikləri qapansa da, son günlərin hadisələri gözləri önündə canlanırdı...

- Yoldaş Ali Baş Komandan! Texnik-leytenant Kərim Kərimov əmrə hazırdır!

Stalin, qarşısında farağat dayanmış bu çəlimsiz oğlanı diqqətlə süzüb razılıqla başını tərpətdi. Lavrenti Beriya vaxt itirmədən məruzə etdi:

- Yoldaş Stalin, “Katyuşa” ilə işləyən mühəndis bu oğlandı! Sizə söyləmişdim, gənc də olsa, işin öhdəsindən gəldi. Raketlər barədə də maraqlı fikirləri var. İcazənizlə, Almaniyaya yollanacaq qrupa başçılıq ona tapşırılsın.

L.Beriya bu sözləri nahaqdan demirdi. Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda anadan olmuşdu. Hələ uşaqlıqdan radiotexnikaya böyük maraq göstərirdi. 1926-cı ildə Bakıda ilk radioötürücü işə başlamışdı. Kərim də tələbə ikən bir neçə radio cihazı quraşdırmış, hətta Mərdəkan radioqovşağının müdiri təyin olunmuşdu.

Həmyerlimiz 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirəndə artıq Böyük Vətən müharibəsi başlanmışdı. Gənc mütəxəssis 1942-ci ildə Dzerjinski adına Artilleriya Akademiyasının 5-ci kursuna daxil olmuş, 1943-cü ildə mina istehsalı üzrə diplom işini uğurla müdafiə edərək topçu-mühəndis ixtisasına yiyələnmişdi. Bundan sonra Kərim “Katyuşa” raketlərini hazırlayan kostruktor heyətinin tərkibinə daxil edilmişdi. Onun bir neçə səmərələşdirici təklifindən sonra bu silahın kütləvi istehsalına start verilmişdi.

1943-cü ildə müharibənin gedişində böyük dönüş yaratmış “Katyuşa”nın istehsalına şəxsən Beriya nəzarət edirdi. Ona görə də 1945-ci ilin iyun ayında Almaniyaya gedəcək məxfi qrupa kimin başçılıq etməsi məsələsi ortaya çıxanda Beriya tərəddüdsüz Kərimovun namizədliyini irəli sürmüşdü. Lakin son sözü Stalin deməli idi.

Sovetləri 3-cü Reyxdə hazırlanmış FAU-2 raketləri çoxdan maraqlandırırdı. Almaniyaya yollanacaq qrup bu yeni tip raketlər haqqında daha ətraflı bilgi toplamalı, silahın nümunələrini əldə edib gələcək tədqiqatlar üçün Moskvaya gətirməli idi. Stalinin tapşırığına əsasən, Almaniyadakı Baş Qərargahın nümayəndələri müttəfiq orduların müvafiq qurumları ilə razılığa gəlsələr də, vaxt itirmək olmazdı, çünki Amerika və İngiltərənin xüsusi kəşfiyyat orqanları texnologiya ilə bağlı mümkün olan hər şeyi Almaniyadan gizlincə çıxarmağa çalışırdı.

...Beriya sözünü bitirsə də, Stalin ağır addımlarla otaqda hələ də var-gəl edirdi. Nəhayət, keçib yazı masasının arxasında əyləşdi və əlindəki qəlyanla onlara da oturmaq işarəsi verdi.

- Azərbaycanlısan deməli...

Stalinin şirin gürcü ləhcəsində dediyi bu sözlərdən sonra Kərim cəld stuldan qalxdı.

- Bəli, yoldaş Stalin!

- Əyləş, Kərimov, əyləş. Sizinkilərə böyük hörmətim var. Mərd adamlardı! Mən bunu yaxşı bilirəm.

Stalin “Zolotoye Runo” qutusundan bir papiros çıxartdı.

- Kərimov, FAU-2 barədə bəs siz nə düşünürsünüz?

Kərim FAU-2 haqqında Sovet kəşfiyyatının göndərdiyi məxfi hesabatlarla tanış idi. Bilirdi ki, FAU-2 dünyada uzaq mənzilli birpilləli ilk ballistik raketdir. Alman konstruktoru Verner fon Braun tərəfindən hazırlanmış bu silaha Hitler və 3-cü Reyx böyük ümid bəsləyirdi.

Faşistlər ilk dəfə bu silahdan 1944-cü il, sentyabrın 8-də istifadə etmişdi və cəmi 3225 raket atılmışdı. FAU-2 şaquli istiqamətdə havaya qalxırdı, 100 km hündürlükdə, saniyədə 1700 metr uçaraq 320 km məsafədəki hədəfi vura bilərdi. Raket etil spirti və duru oksigenin qarışığı ilə işləyirdi. Məxfi məlumatlara görə, fon Braunun başçılıq etdiyi konstruktor bürosunda FAU-2-nin bazasında yeni ikipilləli A-9/A-10 qitələrarası ballistik raketin layihəsi hazırlanmışdı. Bu qurğu 5 min km məsafəyə uça biləcəkdi. Lakin almanlar yeni silahın istehsalına macal tapmamışdı.

Yenicə yaranmaqda olan Sovet raketqayırma sənayesi üçün alman silahlarının istehsalında istifadə olunan materialların analizi böyük əhəmiyyət kəsb edirdi. Şübhəsiz, Stalin gənc mühəndis K.Kərimovun FAU-2 barədə məruzəsindəki əsas müddəalardan xəbərdar idi, amma onu diqqətlə dinlədi, sözünü kəsmədi. Stalin sonda dedi:

- Amerika prezidenti Trümen, İngiltərənin Baş naziri Çörçill də FAU-2-yə böyük maraq göstərir. Onları qabaqlamaq lazımdır. Bu çox vacibdir, yoldaş Kərimov!

...“YAK” buludların içinə girdiyindən təyyarə bərk silkələndi.

Fərhad SABİROĞLU