Elektron ədəbiyyat və sənət portalı

Yaradıcılıq yanğısı

Bölmə: Ədəbiyyat 09.05.2016

Xuan RULFO

Təəssüf ki, mənə heç vaxt hekayə danışan olmayıb. Bizim yerlərdə insanlar adamayovuşmazdırlar, bəli, hamı bir-birinə yaddır.

Onlar hər axşam çamadanlarının üstündə oturub söhbətləşir, bir-birinə əhvalatlar danışırlar. Ancaq elə ki tanımadıqları bir adam yaxınlaşdı, ya susur, ya da söhbəti dəyişib havadan-sudan danışmağa başlayırlar: “Hava bu gün də yaman buludludur…”

Beləcə, mən o gözəl əhvalatları eşitmək imkanı əldə edə bilmədim. Buna görə də o hekayələri uydurmaq lazım gəldiyinə inandım; məncə, elə yazılı ədəbiyyatın əsaslarından biri də uydurma, təxəyyüldür.

Biz yalançıyıq; yaradıcı insanların hamısı yalançıdır. Ədəbiyyat yalandır. Lakin elə gerçəyin yenidən yaradılması da həmin yalandan törəyir. Bu səbəbdən, gerçəyi yenidən yaratmaq, yaradıcılığın əsas cəhətlərindən biridir.

Məncə, yaradıcılıqda üç başlıca addım var: birincisi, şəxsi (xarakteri) yaratmaq, ikincisi, həmin şəxsin hərəkət edəcəyi mühiti formalaşdırmaq, üçüncüsü də o şəxsin danışacağı, özünü ifadə edəcəyi formanı tapmaq.

Əslində, hekayə danışmaq üçün lazım olan hər şey bu üç istinad nöqtəsinə söykənir.

Mən ağ kağızdan, xüsusilə qələmdən qorxuram, yazılarımı yalnız əllə yazıram. Baş verən prosesləri kütləvi yox, yalnız olduqca fərdi şəkildə izah edə bilirəm.

Yazmağa başladığım məqamdan ilhama inanmamışam, ona qəti etibar etməmişəm. Yazmaq – çalışmaqdır, yazmağa başlamaq – yazanda meydana nə çıxacağını görmək, səhifələri doldurmaq, sonrakı mərhələdə nələr baş verəcəyinə dair dəlil-sübut təqdim edən sözlərin yaranmasıdır…

Çox vaxt beş, altı, bəzən on səhifə yazmağıma baxmayaraq, arzuladığım obraz hələ də yaranmır. Çünki əslində, həmin şəxs yaşayır, o, gərək özbaşına hərəkət etsin. Obraz qəfildən meydana çıxır, inkişaf edir; sonra başqası onun arxasınca gedir, digəri ondan irəli keçir.

Obrazın yarandığı miqyasda tanımadığınız, amma mövcudluğuna əmin olduğunuz yollarla irəliləyib, istər həqiqətə, istərsə xəyala çata bilərsiniz.

Eyni zamanda danışmaq mümkün olan şeyləri yaratmaq çətin deyil, bu da son məqamda sanki baş vermiş, yaxud bəlkə də olub-keçmiş, ya da baş verdiyi güman edilən, lakin heç vaxt baş verməmiş hadisə ola bilər.

Beləliklə, mənə görə, yaradıcılıqda əsas məsələ - insanın nələri bildiyi, hansı yalanları söyləyəcəyidir; insan həqiqətə, tanış şeylərin həqiqətinə, gördüklərinə, eşitdiklərinə nüfuz edəndə, gördüyü işin, əslində, keçmişi yazmaqdan, müşahidədən ibarət olduğunu bilməlidir.

***

Çox vaxt həmyerlilərim gördüyüm işin hekayə yazmaq yox, yalan danışmaq olduğuna, söylədiklərim və yazdıqlarımın, əslində baş vermədiyinə görə məni tənqid edirlər. Buna etiraz edə bilmərəm. Təxəyyül mənim üçün hər şeydən irəlidir. Bu təklik sizi bilmədiyiniz məsələlərin öncəgörəninə çevirir. Təxəyyül bəhs etdiyim həmin üç addım arasında dolaşır.

Təxəyyül sonsuz, sərhədsizdir, çətinliyə rast gəldiyi yerdə onun qabağını açmaq lazımdır. Qapı - təxəyyülün keçib gedə biləcəyi qapı, qeyd-şərtsiz var. Təxəyyül gərək azad olsun, o qapıdan çıxıb gedə bilsin; həmin məqamda da hissiyyat adlanan  şey peyda olur; hissiyyat insanı reallıqda baş verməmiş, amma mətndə baş verən şeylər barədə düşünməyə sövq edir.

Xülasə, yaradıcılıq - təxəyyül, hissiyyat və gözlə görünən həqiqətdən ibarətdir. Danışmaq arzusunda olduğunuz hekayə bu üç vasitə ilə ərsəyə gəlir.

İnsan yaradıcılığı təkbaşına həyata keçirir; ədəbiyyatda şərikli olmaq fayda vermir. Belə bir təklik sizi, necə deyərlər, naməlum şeylərin öncəgörəninə çevirir, ancaq, əslində, insanı yaratmağa sövq edən şeyin, həmin şüursuzluq halı və duyum olduğundan hələ xəbəriniz yoxdur.

Düşünürəm ki, hər bir əhvalatın, danışmaq istədiyiniz hər bir hekayənin mahiyyəti bundan ibarətdir.

Bu məsələdə başqa bir vacib cəhət - müəyyən mövzularda nəsə danışmaq istəyi – də var. Çox yaxşı bilirik ki, bu üç mövzudan - sevgi, həyat və ölüm - başqa mövzu yoxdur. Bəli, başqa bir mövzu mövcud deyil.

Normal cərəyan meydana gətirmək üçün də məhz həmin mövzuların necə işlənməli, onlara necə forma verilməli olduğunu bilmək lazımdır.

Buna görə də Vergilidən tutmuş digər yazıçılar çinlilər, yaxud başqaları tərəfindən dəfələrlə müraciət edilmiş mövzularda yazdığı üçün həmin məsələlərdən danışmağın fərqli yollarını tapmaq lazımdır.

Müəyyən istinad nöqtəsi axtarmaqdansa, mövzuya veriləcək formanın üzərində dayanmaq daha vacibdir. Məncə, yazılı ədəbiyyatda əsas olan,  əhvalatın diqqəti cəlb etməsinə şərait yaradan şey –  bu “yazı forması” da adlandırılır – formadır.

***

Hər hansı hekayənin, yaxud kitabın çap edilməsi o deməkdir ki, həmin kitab artıq öldü, yazıçı bir daha onun barəsində düşünməyəcək. Bunun əksinə, kitab çap edilməzdən, tamamlanmazdan əvvəl isə yazıçı yazmaq istədiyini beynindən bir an belə çıxarmayacaq.

Yazıçı təcrübə qazandıqca hekayəti hələ tamamlamadığını, müəyyən şeylərin çatışmazlığını dərk edəcək. Bax, elə həmin məqamda hekayətə yenidən başlamaq, əvvələ qayıtmaq, səhvləri görmək, yerindən tərpədə bilmədiyiniz xarakterləri hiss etmək lazımdır.

Şəxsi misal çəkməli olsam, mən həmin mərhələdə özümü əhvalatdan çıxarıram, süjetində fərdi təcrübələrin olduğu, yaxud avtobioqrafik xüsusiyyət daşıyan, eşitdiyim, ya da şahidi olduğum əhvalatları təsvir etmirəm. Bir istinad nöqtəsi lazım olursa, onu daim arzulamalı və qurmalıyam. Məsələnin sirri budur; ədəbi yaradıcılıq sirli prosesdir.

Yazıçı əsərdə lazım olmayan bir obrazı saxlamağa cəhd göstərsə, hər şey uğursuzluğa düçar olar.

Məncə, çox sadə məsələlərdən danışıram. Çünki yazıçılıq təcrübəm belə formalaşıb. Olmayan şeydənsə heç vaxt bəhs etməmişəm. Mənim əsas kimi götürdüklərim fəhmdən, duyumdan yaranır.

Dediyim kimi, əsas məsələ mövzunu və obrazı tapmaq, həmin adamın nə deyəcəyini və nə edəcəyini,  obrazın necə yaranacağını müəyyənləşdirməkdir. Xarakter yazıçı tərəfindən məcburiyyətlə üzləşdirildiyi məqamda dalana dirənir.

***

Ən çox çətinlik çəkdiyim iş, müəllifi, yəni özümü aradan çıxarmaq olur. Mən öz obrazlarıma müdaxilə etmədən onların istədikləri addımı atmalarına imkan verirəm. Çünki yalnız bu halda müraciət etdiyim mövzu və düşüncələr içində çox sərbəst gəzişə bilirəm.

İnsan şəxsi fikirlərini üzə çıxarmalı olduğu mərhələyə çatanda özünü filosof sayır; çünki son məqsədimiz başqasını özümüzün inandığımıza inandırmaq, həyat, dünya, bəşəriyyət haqqında fikirlərimizi özgəsinə çatdırmaqdır. Elə insanı hərəkətə gətirən də budur.

Bax, bu mərhələyə çatanda adam özünü təcrübə keçən şəxs hesab edə bilir. Bir çox təcrübə-romanla – yazıya köçürülmüş təcrübə-romanlarla tanışıq. Lakin, ümumiyyətlə, janrı müəyyənləşdirən şey, əslində əhvalatdır.

Düzü, mənə görə, əhvalat romandan daha əhəmiyyətli janrdır, çünki əhvalatda az səhifədə çox şey danışmağa, xırdalamağa, özünə də istinad etməyə, fikri cəmləşdirməyə imkan var.

Hekayəti hər şeydən, hətta romandan da üstün tuturam, ona görə ki, roman sərbəstliyə şərait yaradır.

Belə məqamlarda hekayəçi bir qədər şairə, həm də yaxşı şairə oxşayır. Şair cilovu əlində möhkəm saxlamağa məcburdur; işinə səhlənkar yanaşıb yalnız yazmaq üçün yazmağa  başlasa, sözlər sadəcə ard-arda düzülər, gördüyü iş də tamam uğursuzluğa düçar olar. Ən vacibi idarəetmə qabiliyyətini saxlamaq, sözlə təması itirməmək, boşluğa imkan verməməkdir. Hekayət belə bir incə cəhətə malikdir.

Bəziləri iddia edirlər ki, roman bütün ədəbi növləri özündə birləşdirir,  hekayəni, teatrı yaxud dramı, fəlsəfi olub-olmamasına rəğmən, qanadları altına alır. Bunun əksinə, hekayədə azaltma, qısaltma məqbuldur. Yəni romanın iki yüz səhifədə danışdığını bir neçə sözə sığışdırmaq lazımdır.

***

Mənim yaradıcılığa, yazılı ədəbiyyatın əsaslarına dair fikirlərim belədir.

Fikrin çox da parlaq olmadığını qəbul etmək lazımdır, sizə bu anda həmin formadan çox sadə şəkildə bəhs edirəm. Çünki intellektuallardan çəkinir, onlardan uzaq dayanmağa çalışıram. İntellektual görəndə ona arxamı çevirirəm. Mənə görə, yazıçının daxilində minimum intellektual adam olmalıdır. Çünki onun fikirlərinin başqa insanlara təsiri mütləq deyil, bu düşüncələr o qədər fərdidir ki,  başqalarının görmək istədikləri işləri gerçəkləşdirmələrinə səbəb ola bilməz.

Bu nəticəyə varanda, bu məqama çatanda – bunu “son” adlandıra bilərik – insan nəyisə bacardığını hiss edir.

Məlumdur ki, heç bir yazıçı düşündüyü hər şeyi yazmır; düşüncəni olduğu kimi yazıya köçürmək çox çətindir. Məncə, bu, heç kəsə nəsib olmayıb, ola da bilməz, lakin bir məsələ də var ki, həyat inkişaf etdikcə, çox şeylər yox olub gedir.

1980

Tərcümə edən: NƏRİMAN