Əli Quşçu - hökmdarların məsləhətləşdiyi elm və Allah adamı

Elm 10.05.2016 185

XV əsrin ortaları... Qara buludlar Teymurun əsasını qoyduğu və öz adını verdiyi imperiyanın başının üstündən yox olmağa, hələ ki, tələsmir… Məhz bu buludların altındakı kimsəsiz Səmərqənd çöllərində bir atlı harasa dördnala çapır. Sanki hər şey onun atının mənzilbaşına tez çatmasından asılıdır… Doğrudan da belədir - o adam mənzilbaşına tez çatmasa, xilaskar rolunu oynamasa, insanlar çox şeydən məhrum olacaqlar…

Atlı tələsməlidir. Bir zamanlar müəllimi, sonra yaxın dostu və məsləkdaşı olan Teymurun nəvəsi Uluqbəyin dünyaya səs salacaq elmi irsini mütləq aradan çıxarıb uzaqlara aparmalıdır. Çünki vəziyyət durmadan qəlizləşir.

Uşaq vaxtından tanıdığı şahzadə Uluqbəy hər zaman at oynatmaq, qılınc çapmaqdan yayınıb meylini kitablara, dərslərə salsa da, zamanın gərdişindən qaça bilmədi. O da bir tərəfi “axsaq” olan taxtda oturdu. Bir müddət riyazi hesablamalardan, astronomik proqnozlarından kənarda qaldı. Deyilənə görə, özünü dünyanın ağası hesab edən babası Teymur uşaq vaxtı Uluqbəydən nə istədiyini soruşur. Sevimli nəvəsinə deyir ki, nə desən, sənin üçün edəcəyəm. Bu zaman Uluqbəy ulduzları göstərək deyir: -Bax, mən onları istəyirəm…

Sanki Uluqbəyin sonrakı həyatının bütün şifrələri bu sözlərdə cızılır. Elə o sözdən sonra qoca Teymur fikirləşir ki, bundan hökmdar olmaz!

Dünyanın bütün isti-soyuğunu görən, qılıncın iti yerindən də, küt yerindən də yaralar alan Teymurun bu öncəgörənliyi özünü doğrultdu. Uluqbəyin elə Teymur xasiyyətdə olan oğlu Əbdüllətif 17 yaşına çatar-çatmaz atasını hiyləgər bir üsulla edam etdirdi. Xəbər Kirmana yayıldı. Bu zaman Əli Quşçu böyük Xoca Nəsrəddinin əsərlərini təhlil etməklə məşğul idi. Amma bu xəbərdən sonra dayana bilmədi. Rəsədxananı xilas edə bilməsə də, oradakı vacib əsərləri qurtarmaq lazım idi...

Kimsəsiz çöllərdəki atlı, Səmərqənddəki rəsədxanaya tələsən “ikinci Ptolemey”, Şərqin ən böyük astronomu sayılan Əli Quşçudur - ömrünü dövlət işinə deyil, İlahi və dünya elmlərinə həsr edən böyük türk alimi Əli Quşçu, Kirmanda, Səmərqənddə yetişib, Ağqoyunlu Uzun Həsənin və Osmanlı sultanı Fateh Məhmətin yanında böyük izzət sahibi olan Əli Quşçu...

O eşidir ki, təzə əmir Səmərqənddəki rəsədxananı şeyxlərin fitvası ilə dağıtmaq istəyir. Çünki şeyxlər oranı dinsizlik yuvası adlandıraraq, dərhal məhvini təklif edirlər. Rəsədxanada isə bir sıra elmləri tədris edən alimlər, tələbələr, elmin müxtəlif sahələrinə aid olan hücrələr, gərəkli astronomiya cihazları və s. var idi. Əli Quşçu bilirdi ki, artıq rəsədxanadakı heyətin əksəriyyəti bundan xəbərdar olub, oranı tərk ediblər. Bir-iki sadiq şəxsdən başqa indi orada kimsə yoxdur. Oradakı ən dəyərli nəsnələr isə Uluqbəyin yazdığı elmi əsərlərdir. Həm onları, həm də başqa dəyərli əsərləri bir kisəyə yığıb harasa getmək lazımdır.

“Əvvəlcə, bir az çörək ver, tələsik çıxdım özümlə bir tikə də çörək götürmədim”. Rəsədxananın qapısını açan gözətçiyə Əli Quşçu ilk olaraq bunu deyir. O, çox yaxşı bilir ki, sabah bu gözəl bina yerində olmayacaq. Heç olmasa, binanın ruhunu xilas etmək lazımdır. Bütün dəyərli elmi irslərin yerini əzbər bildiyindən, çox da axtarış etmir. Sonradan dünyanın qəbul edəcəyi elmi yeniliklərlə dolu olan əsərləri özü ilə götürərək yola düşür.

Bəs indi hara getməli? Atası Uluqbəyi öldürən xain əmir Əbdüllətif, təbii ki, Əli Quşçunun da halına acıyan deyildi. Dövrün böyük astronomu, riyaziyyatçısı olan Əli Quşçu hara getsə, onu böyük hörmətlə qarşılayacaqdılar.

Çünki alimin hesab, mexanika qanunlarına aid şərhləri, xüsusən də səma cisimləri barəsindəki elmi mülahizələri bütün Şərqdə ona məşhurluq gətirmişdi. Amma Əli Quşçu başqa bir yol seçir. Ömrünü Allah elminə həsr etmək, məntiq, din, fəlsəfə istiqamətində əsərlər yaratmaq fikrinə düşür. Bu səbəbdən də ilk olaraq Həcc ziyarətinə yollanmaq istəyir. Yolu Təbrizdən keçir. Bu zaman Ağqoyunlu dövlətində vəziyyət gərgindi. Uzun Həsən Osmanlı ilə müharibə aparmaq fikrində deyil. O cümlədən Osmanlı da bu savaşı istəmir. Amma artıq ox yaydan çıxıb. Onları barışdıracaq qüvvəyə böyük ehtiyac hiss olunur. Təbrizdən keçən Əli Quşçunu Uzun Həsənin sarayına gətirirlər. Əzəmətli Uzun Həsən özü onu sarayın qapıları önündə qarşılayır. Məclisə gətirir və alimə ən başda yer verir:

- Mən çox şadam ki, dövrün böyük alimi bizim saraya təşrif buyurub. Bu, bizim üçün böyük şərəfdir. Amma siz bir elçilik də etməlisiz.

- Mən artıq dünya işlərindən yorulmuşam. Uluqbəy Səmərqənd rəsədxanasının idarəçiliyini mənə tapşırdı. Amma o öləndən sonra elm evini qoruya bilmədim. İndi Allah evini ziyarət edib, qalan ömrümü onun elminə həsr etmək istəyirəm.

- İki müsəlman ölkəsini barışdırmaq, elə Allah evini ziyarət etmək kimi bir işdir. Bizdən Osmanlı sultanına namə aparmanı təvəqqe edirik, - Uzun Həsən israr etdi.

- İki müsəlman və eyni soydan olan ölkəni yenidən qardaşlaşdırmaq bir alimin ən böyük işi olmalıdır.

Söhbət burada bitir. Uzun Həsən bir qədər rahatlayır. Nəhayət, iki böyük güc arasında savaş səngiyəcək və onların heç biri maddi-mənəvi zərərlə üzləşməyəcəkdi.

Səhərisi gün İstanbula yola düşəcək Əli Quşçu isə Təbrizin aylı-ulduzlu gecəsinə baxaraq keçmişini yada salır... O zaman hələ 14 yaşlı bir gənc idi. Bursalı alim Qazızadə Rumi təsadüfi görüşlərin birində onun iti zehninə vurulur və Əliyə şagirdi olmasını təklif edir. Qazızadə sonradan öyrənir ki, Əlinin atası əmir Uluqbəyin quşbazı olub. Yarızarafatla onu “quşçu” deyə çağırır. Sonra bütün rəsədxanada hamı ona Əli yox, Əli Quşçu deyərək xitab etməyə başlayır.

Quşçu rəsədxananın ən zirək və bacarıqlı yetirmələrindən birinə çevrilir. Tez-tez həmin rəsədxananın müdiri böyük alim Qiyasəddin Cəmşid Şirazi və müəllimi Qazızadə əfəndi ilə elmi mübahisələrə girişir.

Və bir gün... Səmərqənd kitabxanasında səma cisimlərinə aid araşdırma apararkən öz-özünə nəsə deyinir. Birdən əlinə qonan mayböcəyini bir neçə dəfə yerə fırlayır. Onun fırlanması ilə səma cisimlərinin hərəkəti arasında oxşarlıq tapmaq istəyir. Heç xəbəri də olmur ki, həmin dəqiqə arxasında cüssəli bir əmir, Teymurun nəvəsi Uluqbəy dayanaraq, onu dinləyir. Əli tanımadığı cüssəli adamı görən kimi, özünü yığışdırır. Uluqbəyi tanımır. Amma onun verdiyi sual qarşısında aciz qaldığı üçün çox məyus olur. Əmir ondan soruşur ki, bəs nə zaman biz səma cisimlərinin, göy üzünün bütün sirlərini öyrənəcəyik?

Əlidən cavab gəlməsə də, bayaqdan onu dinləyən Uluqbəyin artıq gözləri parlamışdı.

...Bəli, sakit Təbriz gecəsində Əli Quşçu öz hamisini bu cür kədərli xatirələr içində yad edir. Onu da xatırlayır ki, sonradan bir neçə dəfə Uluqbəylə görüşüb, onunla uzun müddət elmi müzakirələrdə olub. İş o yerə çatdı ki, Qazızadə Rumi əfəndi və Cəmşid Kaşani öləndən sonra Uluqbəy onu Səmərqənd rəsədxanasının rəhbəri təyin etdi. Əli Quşçu həmin günü aydın, Təbriz gecəsini seyr edə-edə çox yaxşı xatırlayır:

- Sən o zaman yazdığım “Ulduz cədvəlləri” risaləmə baxıb heç nə demədin.

- O zaman mən onu oxudum və özümlə rəsədxanaya apardım.

- Və sonra onu yenidən yazdın!

- Xeyr, əmir! Mən yalnız bir neçə əlavələr etdim.

- Sən böyük alimsən. Səni bütün dünya tanıyacaq. “Ulduz cədvəl”lərində də mənimlə bərabər sənin də zəhmətin var.

Bundan sonra Səmərqənd rəsədxanasına sən rəhbərlik et! Oradakı hər şeyə sən cavabdehsən. Yaxşı məvacib təyin et. Başqa şəhərlərdən də riyaziyyat, nücum alimləri ora gəlsin. Şöhrətimiz daha da artsın...

İndi bu dialoqu xatırlamaq Əli Quşçu üçün çox ağır idi. O, Uluqbəyi özünün böyük müəllimi sayırdı. Onu da bilirdi ki, Uluqbəy dövlət işlərində nə qədər naşı olsa da, elm və fəzilət sahibliyi onu düzgün qərarlar verməyə sövq edirdi. Uluqbəy yeganə hökmdar idi ki, kimsəsiz, ucsuz-bucaqsız çölləri Teymur kimi atla, qılıncla yox, qələmin gücü ilə birləşdirmək istəyirdi. O, yeganə hökmdar idi ki, birliyi qan və savaşda yox, fəzilət və elmdə axtarırdı. Amma heyhat...

Artıq Təbriz gecəsi də arxada qaldı. Səhəri, xatirələrlə birgə dirigözlü açan Əli İstanbula yol aldı. Gənc fateh hələ o gəlməmişdən qabaq hazırlıqlara başlamışdı. Sarayın nüfuzlu bir adamını Əli Quşçunun pişvazına çıxardı. Onu “cahan sultanının paytaxtında” hörmət-izzətlə qarşıladılar. Sultan Məhmət özü alimi qarşıladı. Məqsədindən hali oldu. Sözü çox uzatmadı: ”Biz Uzun Həsənlə qardaşıq. Heç bir döyüş olmayacaq”. Siyasətdən, diplomatik gedişlərdən tamamilə xəbərsiz olan sadəlövh alim buna inandı. Ağlına belə gəlmədi ki, çox yaxında Otluqbeli və Malatya ərazisində eyni soydan olan dövlətlər arasında savaş baş tutacaq. Hər ikisində Osmanlı qalib gəlsə də, bu, Ağqoyunlu ilə bərabər onlara da böyük zərər vuracaq. Ordu ac qalacaq, zülm altında olan əhalinin vergiləri kəlləçarxa çıxacaq. O, bunları bilmirdi. Çünki sadəcə olaraq Əli Quşçu idi. Siyasətdən, diplomatiyadan kənar olan Əli Quşçu.

Elçilik missiyasını başa vurandan sonra sultan ona maraqlı bir təklif verdi. Dedi ki, burada qal. Qoy, ali Osman soyundan olan gənclər sənin elmindən faydalansın. Amma Əli Quşçu Uzun Həsənə söz vermişdi. Bu şərtlə razılığa gəldi ki, əvvəlcə Təbrizə getməli, Uzun Həsəndən halallıq almalı, işinin müsbət nəticələndiyini bildirdikdən sonra qayıtmalıdır. Fateh razı oldu.

Əli Quşçunun sonrakı bütün həyatı İstanbulda keçir. O, hesab, astronomiya, mexanika, qrammatika kimi elm sahələrində əsərlər yazır. Osmanlı elmi onun sayəsində çox irəli getdi. XIX əsrə qədər Əli Quşçunun mexanika və riyaziyyata aid yazdığı əsərlər (onlardan ən əsası Fateh Məhmətə həsr etdiyi “Məhəmmədiyyə” və “Hesab risaləsi” əsərləridi) türk uşaqları üçün əsas dərsliklər oldu.

Ayasofya mədrəsəsində ayına 200 qızıl dirhəm alan, hamının hörmət etdiyi Əli Quşçu 1474-cü ildə vəfat edib Əyyub Sultanda dəfn olunana qədər bir mənzərəni heç zaman unutmadı... Uluqbəy ölmüşdü və o, çöllərdə kimsəsiz və əlacsız halda atını qovurdu. Məhz o zaman anladı ki, bu türk çöllərindən at ayağının tappıltısı heç zaman kəsilməyəcək. Onda Əli Quşçu gələcəyə olan inamını tamamilə itirdi. Sultan Fateh Məhmətin sarayında da yalnız bir missiya ilə çalışdı - türk gəncini qılıncla bərabər qələmlə də silahlandırmaq üçün...

Elmin NURİ