Elektron ədəbiyyat və sənət portalı

Şamil Mahmudbəyov - ilk kino məmurumuz

Bölmə: Mədəniyyət 13.05.2016

Ş.Mahmudbəyov respublikada kinematoqrafiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, milli kino kadrlarının yetişdirilməsi sahəsində diqqətəlayiq işlər görüb. Lakin ideoloji cəhətdən «səbatsız» sayılan, M.C.Bağırov və H.Sultanov tərəfindən daim təqib olunan Ş.Mahmudbəyov 1928-ci ildə AFKİ-nin yenidən qurulması bəhanəsilə vəzifəsindən uzaqlaşdırılıb, Kənd Təsərrüfatı İnstitutuna tədris hissə müdiri təyin olunub, sonra Qırmızı Professorlar İnstitutunda təhsil almaq üçün Moskvaya, daha sonra isə Qorki şəhərinə, buradakı Marksizm-Leninizm İnstitutuna göndərilib. 1936-cı ildə burada həbs olunan Ş.Mahmudbəyov 10 il həbsxanada yatıb, 1946-cı il sentyabrın 27-də beyninə qan sızmasından vəfat edib. 1957-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə ona bəraət verilib.

H.Terequlovdan miras qalmış çatışmazlıqları aradan qaldırmaq, qısa müddət ərzində idarənin fəaliyyətində dönüş yaratmaq üçün mövcud təşkilati qurumun təkmilləşdirilməsi yönümündə tədbirlər həyata keçirmək yükü onun çiyinlərinə düşdü. Ş.Mahmudbəyov ilk növbədə foto və kino sahələrinin kiçik qurumlarının birləşdirilməsi, işlərin yenidən qurulması və funksiyaların dəqiqləşdirilməsi problemlərini həll etdi. O, fotoqrafiya, kinematoqrafiya, kino-teatrlar və kinoprokat müəssisələrinin dövlətin əlində cəmləşdirilməsi, AFKİ-nin tərkibindəki müvafiq qurumların normal fəaliyyəti üçün şərait yaradılması məsələlərini ön plana çəkdi, bu bölmələrin rəhbərliyinə savadlı və işgüzar kadrların təyin olunması üçün geniş əlaqələrindən və nüfuzundan istifadə etdi.

AFKİ-nin yenidən qurulmasında ikinci mərhələ, həmin qurumların, o cümlədən, I Dövlət kino-fabrikinin maddi-texniki təchizatının yaxşılaşdırılması oldu. Ş.Mahmudbəyov yeni hakimiyyətin çətinlikləri ilə hesablaşmadan kino-fabrikin yeni binasının tikilməsinə, istehsalatın səviyyəsini qaldırmaq məqsədilə yeni avadanlıq və çəkiliş aparatlarının alınmasına maliyyə vəsaiti ayrılması üçün respublika rəhbərliyinə müraciət etdi. Onun Ə.Qarayevlə yaxın münasibəti qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına kömək edirdi. Görünür, bütün cəhdlərə baxmayaraq, kino-fabrikin aksiyalaşdırılması ilə bağlı qərarda nəzərdə tutulanlar gerçəkləşə bilmədi və bu da həmin qurumun tamamilə dövlət büdcəsinə keçirilməsinə səbəb oldu.

Ş.Mahmudbəyov davamlı təzyiqlərdən sonra 1926-cı ildə yeni kino-fabrikin tikintisi üçün hökumət orqanlarından vəsait ala bildi. C.Cabbarlının yazdığına görə, «...fabrikin inşasına 200 min manata qədər pul xərcləndi. Kino-fabrikin 78 işıq nöqtəsi, 10 şəkilçəkən aparatı vardı. Fabrikin kinolaboratoriyasında yeni kopyaedici (surətçıxaran – N.Ə.) aparat qurulmuşdu. Fabrikdə paltar, qrim və operator şöbələri olduğu kimi, mətbəə, fololaboratoriya, elektrik stansiyası və bu kimi yeniləri vardı» («İnqilab və mədəniyyət», 1930, № 4). Kinostudiyanın açılışı 1927-ci ildə «Gilan qızı» filminin istehsalata buraxıldığı zaman oldu.

1926-cı il oktyabrın 1-nə qədər Azərbaycanda ayrı-ayrı təşkilatlar və icarədarların idarə etdiyi 70 kino nöqtəsi (qurğusu) vardı. 1930-cü ilin aprelində artıq onların sayı 250-yə çatmışdı və əksəriyyəti «Azərkino» vasitəsilə təchiz olunurdu. Kino-klubların bir qismi AHİŞ-in Mədəni-maarif şöbəsi tərəfindən idarə edilirdi. 1926-cı ilin oktyabrından «Azərkino» öz xüsusi film fondunu yaratmağa, bütün filmləri icarə ilə almağa başladı. Artıq 1930-cu ildə «Azərkino»nun «260 proqramdan ibarət kino fondu vardı və bu proqramın 2004-ü bədii, 60-ı siyasi-maarif şəkli (39 nömrə kinoxronika bura daxil deyildi) idi ki, həmin şəkillərin 160-nı Şura kinosu məhsulu təşkil edirdi. Tamaşaçıların sayı (məktəb və hərbi kino nöqtələrindən başqa) 18.500.000-ə çatmışdı. «Azərkino» 4 ildə kinolaşdırma işlərinə və başqa maarif ehtiyaclarına 150 min manat xərcləmişdi. Bununla yanaşı, 20 səyyar kino aparatı işə salınmış və kooperativləri kino işlərinə cəlb etmək məqsədilə 28 kino şirkəti düzəldilmiş, kəndlərə xidmət üçün Azərittifaqa 60 xüsusi kino qazalağı (arabası) sifariş verilmiş, kollektiv təsərrüfatlarda sabit (stasionar) kinoqurğuların yerləşdirilməsinə başlanmışdı».

Ş.Mahmudbəyov milli kadrların hazırlanmasına da böyük diqqət yetirir, AFKİ-nin nəzdindəki kino-studiyanın işinə lazımi şərait yaratmaq üçün bütün imkanlarından istifadə edirdi. Həmin studiyada ilk peşəkar kinematoqrafçılar C.Cabbarlı, M.Mikayılov, A.Quliyev, R.Çobanzadə, Ə.Tahirov, R.Təhmasib, N.Həsənov, L.Təhmasib və başqaları təhsil alırdılar. Məşğələləri aparmaq üçün Moskvadan A.Ardatov, S.Troitski və Sladkopevtsev dəvət olunmuşdular. Studiyada 56 nəfər təhsil alırdı. 1925-ci ildən burada aktyor kadrlarının yetişdirilməsi üçün də tədbirlər görülməyə başladı. Ş.Mahmudbəyov eyni zamanda Azərbaycan qadın səhnə ustalarının kinoya cəlb olunması üçün yorulmadan fəaliyyət göstərirdi. Artıq 1925-ci ildən başlayaraq, aktrisalardan Əzizə Məmmədova, Sona Hacıyeva, İzzət Oruczadə, Mərziyə Davudova və başqaları filmlərdə çəkilirdilər.

Ş.Mahmudbəyov sənət adamları arasında böyük nüfuza malik idi. Yüksək savadına, gözəl insani keyfiyyətlərinə, qaynar təbiətinə görə onu sevir, şəxsiyyətinə hörmətlə yanaşırdılar. Onun A.M.Şərifzadə, C.Cabbarlı, İ.Hidayətzadə və digər sənət adamlarıyla yaxın münasibətləri həmişə kinonun xeyrinə olurdu. O, A.M.Şərifzadəni «Bismillah» filmini çəkməyə, C.Cabbarlını ssenari yaradıcılığı ilə məşğul olmağa həvəsləndirmişdi. Ş.Mahmudbəyovun dəvətilə Moskva, Leninqrad, Kiyev və Tbilisidən V.Pudovkin, N.Şengelaya, İ.Perestiani, M.Çiaureli kimi, görkəmli kino adamları Bakıya gəlir, Azərbaycan kinematoqrafçılarına yaradıcılıq köməyi göstərirdilər.

Xüsusilə, V.Pudovkin həm film çəkmək, həm də milli kadrlar hazırlamaq işində yaxından iştirak edir, kino-fabrikin yaradıcı işçiləri üçün mühazirələr oxuyur, əməli işdə həmkarlarına yardım göstərirdi.

Ş.Mahmudbəyov bununla yanaşı, yerli kadrların püxtələşməsinə ciddi qayğı göstərirdi. O, tez-tez A.M.Şərifzadə, C.Cabbarlı, Q.Braginski, İ.Tartakovski və başqalarını öz evinə dəvət edir, qızğın müzakirələr aparılaraq, Azərbaycan kino sənətinin mühüm təşkilati və yaradıcılıq məsələlərinin həllində bilik və bacarığını əsirgəmirdi. 1925-ci ildə Azərbaycan XKS-nin qərarı ilə AFKİ yenidən qurulandan, təsərrüfat hesablı «Azdövkino» təşkilatına çevriləndən sonra Ş.Mahmudbəyovun qayğıları daha da artmışdı. O, idarənin qurumlarının gəlirlə işləməsi, istehsalat bazasının yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər görür, Moskvadakı kino təşkilatları və respublika rəhbərlərilə bu sahəyə diqqətin artırılması barədə danışıqlar aparırdı. Onun səyi nəticəsində respublikada ilk ictimai-siyasi kino qurumu olan «Kino-Qornyak» müəssisəsinin o dövr üçün əla sayılan texniki bazasından birgə səmərəli istifadə edilirdi. Lakin bu təşkilatın uzun müddət müstəqil fəaliyyət göstərə bilməyəcəyini görən Ş.Mahmudbəyov «Kino-Qornyak»ın AFKİ ilə birləşdirilməsinə can atırdı. Bu proses isə 1927-ci ilin əvvəllərində baş verdi.

Ş.Mahmudbəyov respublikada kinorepertuar siyasətinə rəhbərlik etməyə də vaxt tapırdı. İstehsala buraxılan filmlər bilavasitə onun nəzarəti altında çəkilirdi. O, qısa müddət ərzində kino istehsalında dönüş yaratmağa nail olmuşdu. Təkcə 1925-ci ildə 16, 1926-1928-ci illərdə isə 20-dən çox sənədli-xronikal film çəkilmiş, «Bismillah», «Müxtəlif sahillərdə», «Gilan qızı», «Vulkan üzərində ev» bədii filmləri lentə alınmışdı. O, 1926-cı ildə kino istehsalının quruluşunda dəyişiklik edilməsini, «Azdövkino» təşkilatının yaradılmasını həyata keçirdi. Növbəti illərdə «Azərkino», «Azərdövkino» adlanan bu təşkilat istehsal bazasını möhkəmləndirəndən sonra öz repertuarını genişləndirdi. Bu dövrdə kinostudiyanın genişləndirilməsinə xüsusi diqqət yetirilir, istehsalat bazasının yenidən qurulması filmlərin çəkilişlərilə paralel aparılırdı. Sahəsi 36x13 metr olan yeni kino pavilyonu 1927-ci ildə tikilib başa çatdırılmış, kino-fabrik yeni avadanlıqla təchiz olunmuşdu.

Ş.Mahmudbəyov xidmət göstərdiyi sistemin yetirməsi kimi rəhbərliyin siyasi-ideoloji xəttinə əməl etməklə yanaşı, ekranda milli xüsusiyyətlərin aydın nəzərə çarpmasına da çalışırdı. Onun cəhdlərindən sonra 1926-cı ildən istehsal olunan filmlərdə türkcə yazılar (titrlər) tətbiq edilməyə başlamışdı. Artıq 1930-cu ildə «Azərkino»nun istehsal etdiyi filmlərin 95 faizi türkcə titrlərlə təchiz olunmuşdu.

Film istehsalı və nümayişi ilə yanaşı, kinonun təbliği də qarşıda duran başlıca vəzifələrdən idi. Bu sahədə görülən işlər «yuxarıdan-aşağıya» prinsipilə həyata keçirilirdi. Bir qədər sonra Moskvada yaradılmış İnqilabi Konematoqrafçılar Assosiasiyasının Bakıda oxşarının yaradılması məqsədilə 1925-ci il martın 25-də şəhər kino işçilərinin və kino həvəskarlarının yığıncağı keçirildi. Yığıncaqda sovet kinematoqrafiyasının vəziyyəti və vəzifələri müzakirə olundu, Moskva qurumunun proqramı əsasında Azərbaycan İnqilabi Kinematoqrafçılar Assosiasiyasının (Az.İKA) yaradılmasının zəruriliyi qeyd edildi. Burada formalaşdırılan müvəqqəti təşkilat bürosu Kino İşçiləri Klubunun yaradılması üzrə tədbirlər planı işləyib hazırladı, 1925-ci il avqustun 2-də keçirilən Bakı kinematoqrafçılarının ümumi yığıncağında klubun fəaliyətə başlamasına qərar verdi. Elə həmin il də Bakıda Sovet Kinematoqrafçılarının Dostları Cəmiyyətinin (SKDC) filialı təşkil olundu. Bütün bu tədbirlər bilavasitə Ş.Mahmudbəyovun rəhbərliyi altında həyata keçirilərək, Azərbaycanda kinonun populyarlaşmasına misilsiz xidmət göstərdi.

Nəriman ƏBDÜLRƏHMANLI