Elektron ədəbiyyat və sənət portalı

Son dayanacaq

Bölmə: Ədəbiyyat 23.05.2016

Nadin QORDİMER
(Cənubi Afrika Respublikası)

“Hətta pişik də nəcisinin üstünü örtür, torpağa basdırır, mənsə bağırsağımdakıları özümlə daşıyıram”. Xəstəxanadan neçə həftə idi ki, çıxmışdı. Bu fikri ucadan söyləmək üçün dəfələrlə dilinin ucuna gətirmişdi, amma udmuşdu! Təsəvvür eləmirdi ki, əri necə reaksiya verəcək. Yəni məsələ o həddə çatacaq ki, bu, hər ikisi üçün lağlağı mövzusuna çevrilsin? İllər öncə, hələ xəstəliyin izi-tozu olmayanda, indi belinə taxdığı bu tibbi ləvazimat barədə cəmi bir dəfə söhbət düşmüşdü. Bir gün səhər, hələ yataqdan qalxmamış adəti üzrə təzə qəzetləri gözdən keçirirdilər. Yazılardan biri onun diqqətini çəkdi - xəbər yeniyetmələr arasında işsizlik və fahişəlik problemindən bəhs edilirdi.

- Aman Allah, işə bir bax! Sosial müdafiə şöbəsindəki bu sarsaqlar qız uşağına guya iş yeri tapıblar da! Özü də harda? Mədə əməliyyatı keçirmiş xəstələr üçün rezin kisəciklər hazırlayan fabrikdə! Zavallı qızcığaz, belə fabrikdə can çürütməkdənsə, küçələrə düşüb fahişəlik etməsi daha yaxşıdır!

Üstündən xeyli vaxt ötsə də, nədənsə, indi həmin səhəri daha dəqiq xatırladı. Söhbət sənayeləşmənin doğurduğu bəlalardan - ümidsizlik və süstlükdən gedirdi. Erkən marksistlər bunu işçinin əməkdən soyuması adlandırırdı. Onlar düşünürdü ki, fəhlələr istehsal vasitələrinə sahib çıxan kimi, bu amillər aradan qalxacaq. Lakin Sovet İttifaqı və Çindəki zavodlarda (bir vaxtlar ər-arvad Pekinə səfər etmişdilər) əmək, elə Qərbdəki kimi yeknəsəgdir. Çində fəhlələrə, heç olmasa iş günü ərzində iki dəfə ondəqiqəlik fasilə verirlər ki, ritmik gimnastika ilə məşğul olsunlar.

- Sən bir fincan çayı buna qurban vermək istəyirsən?

Həmin bazar səhəri yataqda zarafatlaşan cütlüyün dünya vecinə deyildi. Onları nə proletariatın həyatı, nə xüsusi kəmərlə bədənə taxılan rezin kisəcik, nə də həmin kisəciyi istehsal edən fabrikdə işləməkdən boyun qaçıran yeniyetmə fahişə maraqlandırırdı.

İndi budur, onun özünə rezin kisəcik taxılıb, onu paltarın altında yaxşıca gizlədib. Yataq otağına keçdi, əri dinməz-söyləməz hər şeyi anladı. Xəstəxanada qadına bu tibbi ləvazimatdan necə istifadə etməyi öyrətmişdilər. Çox intim, hətta tualetdə rahatlanmaqdan da intim bir iş idi. Qadın bağırsaqlarını boşaltdı...

Həkimlər əmin etmişdilər ki, müəyyən vaxtdan sonra ləvazimatı açıb götürəcəklər. Biri altı həftə, digəri isə uzağı üç ay vaxt qoymuşdu. Bu müddətdən sonra orqanizm normal fəaliyyətini bərpa edəcək, daxildəki açıq yara bitəcəkdi. Bədən əsaslı təmirdən çıxmış kimi təptəzə olacaqdı. Elə indi işinə geri dönə bilərdi, axı niyə də dönməsin? Başlıcası, gərək özünü çox yormayasan. Amma işə getməyə heç həvəsi yox idi. Bir tərəfdən də dostları... Söhbətlər bitib-tükənmək bilmirdi. O da dinləmək məcburiyyətində qalırdı. Deyirdilər ki, başqaları bu vəziyyətdə çətinliyə uğurla sinə gərir (məsələn, Böyük Britaniya kral ailəsinin üzvləri kimi), normal həyat yaşayır. O isə gözəl yalanlar uydurub dostlarının ağzından vururdu: mənə dəxli yoxdur, həkimlər deyib ki, altı həftə, uzağı üç ay belə olacaq, ona görə də xəstə adamlar kimi yaşamaq mənlik deyil. Həyat yoldaşı onun üçün şərq üslubunda gözoxşayan iki xalat almışdı. Paltarları əri seçmişdi, özü də xanımının bəyəndiyi tərzi, sevdiyi rəngləri nəzərə almışdı.

Ərinin hədiyyəsinə elə valeh olmuşdu ki, xalatların məhz bədəninə bağlanmış tibbi ləvazimatı gizlətmək məqsədi ilə alındığını dərhal anlamamışdı. Xalatları geyinib özünü qonaqlara göstərəndə hamının ağzı açıq qalmışdı. Elə bil işıq saçırdı, dostları öz aralarında deyirdilər ki, vallah, bu qız özünü yalandan xəstəliyə vurub. Əri də deyilənlərlə razılaşırdı, həqiqətən yoldaşı xəstəliyə güc gəlir, sürətlə yaxşılaşırdı.

Əvvəllər də bu mövzu ətrafında danışırdılar, ancaq abstrakt sözlərlə. Elə bil uşaq başı aldadırdılar, lap nağıllardakı kimi, nə bilim, doğmalıq, sonsuz sevgi etirafları: “Məni sevirsən? Məni həmişə sevəcəksən? Əhd eləyək ki, sağalmaz xəstəliyə tutulsaq, birimiz digərini çox əzab çəkməyə qoymasın, hə?” Amma həyatda buna bənzər hadisə baş verəndə...

Heç vaxt belə olmur axı! Xəstəliyin sağalmaz olduğunu kim deyə bilər ki? Kim zəmanət verə bilər ki, bu ağrılar daim olacaq? Əgər bunu demək mümkün deyilsə, indidən yas tutmağın nə mənası? Bir qadın var, iyirmi il əvvəl döşünü kəsib götürüblər, amma vecinə deyil, hər həftə cıdıra gedir. Bir başqası prostat vəzisindən əməliyyat olunub, amma bax, dost məclisində üçüncü arvadı ilə gecə-gündüz cin tonik vurur.

Qadın müayinə və əməliyyat olunmaq üçün xəstəxanaya getməzdən əvvəl macal tapıb ərindən verdikləri əhdə sadiqliyi barədə soruşmuşdu: “Birdən hər şey pis oldu, yəni lap pis oldu... əhdimizi unutmamısan ki, sən qoymazsan da mən uzun-uzadı əzab çəkim, hə? Mən olsaydım, sənin üçün bunu eləyərdim”. Onlar zülmətə qərq olmuş yataq otağında yanaşı uzanmışdılar. Əri elə bil ağzına su almışdı – ancaq başını tərpədib deyilənləri təsdiqləyirdi, buxağı da qadının üzünə toxunub onu ağrıdırdı. Nəhayət, razılıq əlaməti olaraq bir-birlərinə sarıldılar.

Cərrahiyə əməliyyatından sonra ona elastik boru taxmışdılar. İndi o, əri ilə ağır, xoşagəlməz mövzulardan danışmırdı, söhbət yalnız sağalmaqdan gedirdi. Bu yara da, tərs kimi, sağalmaq bilmirdi, elə bil kimsə qarğış eləmişdi. Bu yara onların normal həyatını, güzəranını da darmadağın edə bilərdi. Baxışları toqquşanda çöhrələrinə təbəssüm qonurdu. Əslində, vəziyyət çox ağır, hətta dözülməz idi. Yalan söyləmədən yaşamaq mümkün deyildi. Yalan krujevaya bənzəyirdi, ilmələri gündən-günə daha sıx hörülərək cütlüyün gələcək planlarının ətrafını sarırdı. Onlar növbəti həftə, ay, il üçün planı göz qırpımında qurmuşdular, amma həyata keçəcəyinə inanmırdılar. Deyirlər, yalan yalan gətirər. “Ərzağı çatdırdılar?... Yenə təyyarə qaçırıblar... Bu kresloda sənə rahatdır?...

Seçki payızda keçiriləcək... Təzə qədəhlər almaq lazımdır... Bir-iki məktub yazmalıyam... De ki, kofe və kibrit gətirsinlər... Orta Asiyada yeni böhran başlayıb... Pərdəni bağla, gün gözümə düşür... Cümə axşamı, gərək saçlarımı qaydaya salım...” Ərinin əlini sığallayanda özünə təsəlli verir və elə bil göstərmək istəyirdi ki, mən ölməyəcəyəm. Cismani həyat onlar üçün artıq əhəmiyyətini itirmişdi.

Yalnız bir şey qalmışdı ki, o da məğzinə görə heç bir vəchlə yalan ola bilməzdi. Bu, məhəbbət idi və hələ çırpınırdı. Həyat aman vermədi, amma əhd-peymanımızı həyatla bağlamamışdıq ki...

Cümə axşamı nahardan sonra əri onu gözəllik salonuna aparmışdı, geri dönəndə dedi ki, çox gözəl görünürsən. Ömründə ilk dəfə kompliment eşidən qız kimi utandı, minnətdarlığını bildirdi. Bu anlarda əməliyyatdan sonrakı müddət ərzində ilk dəfə olaraq təlatümlü hisslər yaşadı. Bu, qorxu və nifrət deyil, əksinə, ərinə bəslədiyi nəhayətsiz inam hissi idi. Axşam, yataq otağında yalnız qalanda, gizlətdiyi həbləri bircə-bircə saydı, onları içməzdən əvvəl qısa bir məktub yazdı: “Əhdinə əməl elə. Qoyma məni diriltsinlər”.

O, hələ uşaqlıqdan bunu dərin yuxuya bənzədirdi, başqa heç nəyə. İlk dəfə hasarın dibində büzüşüb qalmış bir quş görmüşdü, çubuq götürüb onu tərpətsə də, quş gözünü açmamışdı. Bax, elə həmin qənaətə də o vaxt gəlmişdi. Bunun bir yuxu olduğunu yalnız oyanandan sonra dərk edirsən... O, ölümdən çəkinmirdi, amma dərin yuxudan oyanmağa da qorxurdu. Kirpikləri işığı keçirən çəhrayı pərdəyə döndü. Gözlərini açanda xəstəxana palatasının parlaq divarlarını gördü. Kimsə əlindən tutmuşdu. Bu, ONUN əli idi.

Tərcümə edən: Fərhad FATEH