Elektron ədəbiyyat və sənət portalı

Yazmağımın səbəbi

Bölmə: Ədəbiyyat 23.05.2016

Corc ORUEL

...Bütün tənha uşaqlar kimi hekayələr uydurmağa, xəyali qəhrəmanlarla söhbət etməyə alışmışdım. Məncə, ədəbiyyat ehtirasım lap əvvəldən - təcrid olunmaqdan və yaramaz hesab edilməkdən yaranan hisslərlə yoğurulmuşdu. Bilirdim ki, sözlərdən ustalıqla istifadə etməyi bacarıram, xoşagəlməz faktlara müqavimət göstərməyə də gücüm çatır. Duyurdum ki, gizli aləm yaradıb həyatımdakı uğursuzluqların əvəzini çıxa bilərəm. Bununla belə, uşaqlıq və yeniyetməlik illərimdə qələmə aldığım ciddi yazıların həcmi altı səhifə də deyildi. Anamın mənim dilimdən kağıza köçürdüyü ilk şeirimi dörd, yaxud beş yaşımda qoşmuşdum. Güman ki, şeir Bleykin “Pələng, pələng” əsərindən oğurlanmışdı. On bir yaşımda, Birinci Dünya müharibəsi başlayanda yazdığım iki vətənpərvər mövzulu şeir əyalət qəzetində çap olundu. Bir az böyüyəndən sonra arabir gürcü üslubunda zəif, həmişə də yarımçıq qalan “təbiət şeirləri” qələmə almağa başladım. İflasa uğramış hekayə yazmaq cəhdimi də xatırlayıram. O illər ərzində kağıza köçürdüyüm və ciddi əsərə çevriləcəyinə ümid bəslədiyim əsərlərim bundan ibarət idi.

Həmin vaxtlar müəyyən mənada ədəbi fəaliyyətlə də məşğul olurdum. Əvvəla,  sifarişlə, tələm-tələsik, asanlıqla, zövq-filan almadan xeyli cəfəngiyyat qələmə almışdım. Dərslərimdən əlavə, indi mənə təəccüblü gələn bir sürətlə yarıkomik şeirlər yazır (on dörd yaşımda Aristofanı yamsılamağa çalışmış, bütöv bir qafiyəli pyesi təxminən bir həftəyə bitirmişdim), məktəb jurnallarının redaktəsinə kömək edirdim. Bütün bunlarla yanaşı, on beş il, bəlkə daha da artıq müddət ərzində tamamilə başqa janrı sınaqdan keçirdim: özüm barədə elə hey yalnız beyində mövcud olan gündəlik yazmağa oxşar hekayə qələmə alırdım. Bu vərdiş iyirmi beş yaşıma qədər, yəni ədəbiyyatdan uzaqlaşdığım müddətəcən davam etdi. Münasib sözü  axtarıb tapsam da, təsvir cəhdlərim sanki özümdən asılı deyildi, kənardan diqtə edilirdi. Güman ki, həmin “hekayə” məni müxtəlif dövrlərdə valeh edən yazıçıların üslublarından ibarət idi. O vaxt necə bir kitab yazmaq istədiyim aydındır: faciəli sonluqları olan, ətraflı təsvirləri, sarsıdıcı gülüşü, sözlərdən yalnız gözəl səsləndikləri üçün istifadə etdiyim, romantik epizodların çox olduğu irihəcmli natural romanlar yazmağı arzulayırdım. Həqiqətən də, otuz yaşımda yazdığım, amma daha erkən yaşlarımdan beynimdə yaratdığım ilk romanım “Birma günləri” müəyyən dərəcədə belə kitabdır.

***

Bu qədər məlumatı verməyimin səbəbi var. Məncə, uşaqlıq illəri barədə heç nə bilmədən, yazıçını nələrin yönləndirdiyini dərk etmək mümkün deyil. Onun başlıca mövzusunu yaşadığı zəmanə müəyyənləşdirir (hər halda, iğtişaşlı, inqilabi dövrümüzdə belədir), lakin yazmağa başlamazdan əvvəl yazıçının heç vaxt tamam xilas ola bilməyəcəyi hissi dünyası formalaşır. Şübhəsiz, öz hisslərini cilovlamaq, naşılıq dövründə, tez-tez dəyişən ovqatda ilişib qalmamaq yazıçının əsas vəzifəsidir, lakin uşaqlıq dövründən tamam uzaqlaşmaq onun yazmaq həvəsini öldürə bilər. Güzəran qayğılarını bir kənara qoysaq, fikrimcə,  ən azı nəsr yaradıcılığı üçün dörd böyük hərəkətverici amil var. Hər bir yazıçıda həmin amillərin payı müxtəlifdir, həm də yaşadığı mühitdən asılı olaraq eyni yazıçı üçün müxtəlif dövrlərdə o təsirlərin payı da dəyişə bilər:

  1. Sırf eqoizm. Ağıllı görünmək, tanınmaq, öləndən sonra xatırlanmaq, uşaqlıq çağlarında sənə yuxarıdan-aşağı baxan böyüklərə dərs vermək arzusu və s. və i. Eqoizmin səbəb, özü də güclü səbəb olduğunu inkar etmək riyakarlıq olar. Yazıçılara məxsus bu xüsusiyyət alimlərdə, rəssamlarda, siyasətçilərdə, hüquqşünaslarda, hərbçilərdə, uğur qazanmış biznesmenlərdə, qısası, cəmiyyətin yuxarı təbəqəsinin nümayəndələrində də müşahidə olunur. Yazıçılar təxminən otuz yaşdan sonra şəxsi mənlərini bir kənara qoyur, əsasən başqaları üçün yaşamağa başlayırlar, yaxud fərdiyyət duyğusu yorucu iş yükü altında yoxa çıxır. Lakin öz həyatlarını sona qədər yaşamaq istəyən, inadkar, istedadlı insanlar da var. Yazıçılar da belə insanlardandılar. Mənə görə, ciddi yazıçılar jurnalistlərdən daha şöhrətpərəst, eqosentrikdilər, həm də pulla daha az maraqlanırlar.
  2. Estetik duyum. Dünyanın, sözlərin və sözlərin düzgün düzülüşünün gözəlliyini duymaq bacarığı. Bir səsin digərinə təsirinin, gözəl hekayə ritminin, ustalıqla yazdığın nəsr əsərindən aldığın könül rahatlığı. Qiymətli hesab etdiyin, nəzərə çarpmadan yox olmasını istəmədiyin hər hansı təəssüratı bölüşmək arzusu. Estetik stimul əksər yazıçılarda o qədər güclü olmasa da, hətta pamfletlərin, dərs kitablarının müəlliflərinin də səbəbini bilmədən xoşladıqları sevimli sözləri və ifadələri var, yaxud da kimsə mətn tərtibatına, səhifə kənarlarındakı boşluqların ölçüsünə həssas yanaşa bilər və s. Dəmiryolu təlimatlarından azca səviyyəli olan istənilən kitab, estetik qayğılardan xali deyil.
  3. Tarixi amil. Hadisələri olduğu kimi görmək, həqiqəti aşkara çıxarmaq, onu gələcək nəsillərə çatdırmaq arzusu.
  4. Siyasi amil. “Siyasi” sözündən mümkün olan qədər geniş mənada istifadə etmək. Dünyanı müəyyən istiqamətə yönəltmək, insanların arzuladıqları cəmiyyət barədə təsəvvürlərini dəyişmək cəhdi. Heç bir kitab siyasi çalardan tam xali deyil. İncəsənətin siyasətlə əlaqəsinin olmadığını iddia edən fikrin özündə də siyasi məqam gizlənir.

***

Bu müxtəlif amillərin bir-biri ilə necə mübarizə apardığını, insandan və zamandan asılı olaraq necə çoxalıb-azaldığını sezmək mümkündür. Mən təbiət etibarilə ilk üç amilə dördüncüdən daha çox meylliyəm. Sülh dövründə yaşasaydım, bərbəzəkli, ya da sadəcə natural romanlar yazar, ən azı öz siyasi əqidəmdən xəbərsiz qalardım...

...1936-cı ildən etibarən yazdığım hər cümlə birbaşa, ya da dolayı yolla totalitarizmə qarşı, təsəvvürümdəki demokratik sosializm naminə qələmə alınıb. İndi həmin mövzularda yazmaqdan boyun qaçırmağı düşünmək mənə mənasız görünür. Bu haqda hər kəs bu və ya digər formada yazır. Sadəcə hansı tərəfdə dayanacağını, hansı mövqeni seçəcəyini müəyyənləşdirməlisən. Siyasi əqidəndən hansı səviyyədə xəbərdar olarsansa, estetik, intellektual vicdanını qurban vermədən siyasi fəaliyyət göstərmək imkanın da bir o qədər artar.

***

Son onillikdə siyasi yazıları sənət səviyyəsinə qaldırmaq ən istədiyim olub. Məni həmişə yazmağa ədalətsizlik hissi, təəssübkeşlik təhrik edib. Yazmağa başlayanda özümə “sənət əsəri yaradacağam” demirəm. Əsəri yazıram, çünki ifşa etmək istədiyim müəyyən yalan, diqqət çəkmək istədiyim fakt var, başlıca arzum da eşidilməkdir. Lakin estetik qayğılarım olmasaydı, nə kitab, nə də irihəcmli jurnal məqaləsi yaza bilərdim. Əsərlərimi gözdən keçirmək zəhmətinə qatlaşanlar hətta açıqca təbliğat məqsədi daşıyan parçalarda belə siyasətçilərin yersiz hesab edəcəkləri çoxlu ifadəyə rast gələ bilərlər. Uşaqlıq çağlarımda qazandığım dünyabaxışımı özümdən tamam uzaqlaşdıra bilmirəm, həm də istəmirəm. Sağlam olduğum, özümü yaxşı hiss etdiyim müddətdə nəsr üslubuna həssas yanaşmağa  davam edəcəyəm.

Əlbəttə, bu, asan deyil, dil, təfsir, yeni, bu dəfə başqa formada gerçəklik problemləri yaranır. Ortaya çıxan çətinliklərlə əlaqədar kobud bir misal çəkim. İspaniyada baş verən vətəndaş müharibəsi barədə yazdığım “Kataloniyanın xatirəsinə” əsəri, şübhəsiz, tamamilə siyasi əsərdir, amma o, müəyyən bitərəflik və forma amili nəzərə alınmaqla yazılıb. Kitabda əsl həqiqəti ədəbi instinktlərimə xələl gətirmədən çatdırmağa can atmışam. Lakin burada Frankoya sui-qəsddə ittiham olunan Trotski tərəfdarlarını müdafiə edən, qəzetlərdən gətirilmiş sitatlarla dolu uzun-uzadı fəsil var. Aydındır ki, sıravi oxucu üçün bir-iki il sonra əhəmiyyətini itirəcək bu cür fəslin kitabı korlaması qaçılmazdır. Hörmət bəslədiyim bir tənqidçi mənə bu barədə az qala mühazirə oxuyub: “Bunları niyə kitaba salmısan? - Çox gözəl ola biləcək əsəri jurnalistikaya çevirmisən”. Düz deyirdi, amma başqa cür edə bilməzdim. Mən İngiltərədə çox az insanın xəbəri olan bir həqiqəti bilirdim - günahsız insanlar nahaqdan ittiham olunurdular. Əgər buna qəzəblənməsəydim, o  kitabı heç vaxt yaza bilməzdim.

Həmin problem bu və ya digər formada yenidən ortaya çıxır. Dil problemi çox incə məsələdir, müzakirəsi uzun çəkə bilər. Ancaq onu deyə bilərəm ki, son illərdə bədiilikdən bir qədər qaçmağa, daha dəqiq yazmağa çalışmışam. Hər halda təcrübəmə əsasən deyə bilərəm ki, müəyyən bir yazı üslubunu təkmilləşdirməyə imkan tapmamış yetkinlik sizi başqa tərəfə aparır. “Heyvanıstan” siyasi və bədii məqsədləri vahid halda birləşdirmək yönündə ilk şüurlu cəhdim idi. Yeddi ildir, roman yazmıram, amma tezliklə yeni əsər yazacağıma ümid edirəm. Bilirəm, bu cəhdim iflasa məhkumdur. Bütün kitablar iflasa məhkumdur, amma necə kitab yazmaq istədiyimi indi daha dəqiq bilirəm.

Qələmə aldığım son bir-iki səhifəni yadıma salanda başa düşürəm ki, əsərlərimin tamam vətənpərvərlik ruhunda yazıldığı təəssüratı oyatmışam. Son təəssüratın belə olmasını istəmirəm.

***

Bütün yazıçılar şöhrətpərəst, xudbin, tənbəldirlər, onları hərəkətə gətirən səbəblərin kökündə isə müəmma dayanır. Kitab yazmaq, uzun sürən, iztirablı xəstəliklə çarpışmaq kimi dəhşətli, yorucu mübarizədir. Nə dərk elədiyi, nə də müqavimət göstərə bildiyi şeytani ehtirasın hərəkətə gətirmədiyi insan özünü bu əziyyətə salmaz. Digər tərəfdən, daim öz mənini itirməyə çalışmadan, oxunaqlı mətn yazmağın qeyri-mümkünlüyünü də bilirik. Yaxşı nəsr əsəri pəncərə şüşəsinə oxşayır. Mənə nəyin daha çox təsir göstərdiyini dəqiq ifadə edə bilmərəm, amma əminəm ki, hamısı həyata keçirilməyə layiqdir. Dönüb əsərlərimə nəzər salanda görürəm ki, siyasi məqsəd güdmədiyim dövrlərdə ancaq cansız kitablar yazmışam, romantik epizodlara, mənasız cümlələrə, bər-bəzəkli təşbehlərə, ümumiyyətlə, cəfəngiyyata aldanmışam.

Tərcümə edən: NƏRİMAN