Elektron ədəbiyyat və sənət portalı

Silviya Platın tənhalığı

Bölmə: Ədəbiyyat 23.05.2016

Oleq ROQOV

İkona olmaq asandırmı?

Əlbəttə ki, film qalmaqalsız ötüşmədi - şairənin qızı Frida Hyuz nəinki çəkiliş qrupu ilə əməkdaşlıq etdi, hətta etirazını bildirmək üçün “Mənim anam” adlı yeni şeir də yazdı: “Onu yenidən öldürdülər...”

Elə şairlər var ki, tərcümeyi-halı yaradıcılığının əsas motivini üstələyir. Digərlərində isə həyat hadisələri əsərlərinə nəzərən minimum mənaya malikdir. Silviya Plat, şübhəsiz ki, birincilərə aiddir. O, əsərlərini faciəvi və amansız tərzdə , emosional  şərtlər altında yaratmağa məhkum idi - şeir yazmaq  tənhalığa və depressiyaya səbəb olurdu. Bu qanunauyğunluqdan belə yəqin etmək olar ki, yaradıcılıq impulsu həyatı məhz dözülməz psixoloji şərtlər altında yaşamaqdan qaynaqlanır. Məlum olur ki,  bu cür  kobudcasına göstərildiyi halda, intihar təkcə qanunauyğunluq deyil, həm də bu cür sonluqda cahillikdən də nəsə var. Bu nöqteyi-nəzərdən müqavimət göstərməyi ruhi xəstəlikdən əziyyət çəkən əksər  şairlər bacarar.

Plat poeziyası öz dövrünü əməlli-başlı qabaqlayıb. Bir çox araşdırmaçılar düşünür ki, bu poeziya növbəti - Amerika həyatı üçün çox əhəmiyyətli olan “60-cı illər” dövrünə adekvat ola bilərdi. Lakin 50-ci illərin konservatizmi onun romantik təbiətini məhv etdi.

Bununla bağlı xeyli müzakirələr etmək olar – məsələn, Qumilyov 30-cu illərdə və ya Puşkin 60-cı illərdə nə yaza bilərdi...Bu mövzu maraqlı olduğu qədər də şübhəlidir. Görəsən  yeni Amerika dövründə Plat özü olaraq qala bilərdimi?

 

Həyat yaradıcılığa qarşıdır

Silviya Plat 27 oktyabr 1932-ci ildə çox xoşbəxt bir ailədə dünyaya gəldi. Atasına olduqca bağlı olan 8 yaşlı qız onun ölümünü faciəvi şəkildə yaşadı. Elə bu dövrlərdə məktəbdə divar qəzetində ilk şeiri ilə çıxış etdi. Plat “ulduz qızcığaz” idi - o, əla oxuyur, bütün müsabiqələrdə qalib gəlir, şeirlər yazaraq çap etdirirdi. Onun yaradıclıq istedadı ədəbiyyat aləminin diqqətindən yayınmadı; 18 yaşında hekayə müsabiqəsində birinci yerə layiq görülərək Nyu-Yorka getdi.

Elə həmin ərəfələr sanki olduqca uğurlu olmaqla bərabər, həm də ağır depressiyalar və intihar cəhdləri ilə yadda qalır. Çox sayda yuxu həbləri qəbul edən Silviya zirzəmidə gizlənir və  bir neçə gün sonra tapılır. Xəstəxanada o, elektroşok   müalicə kursu keçir və parlaq şəkildə bitirəcəyi kollecə geri dönür. Diplom işi olan “Dostoyevski yaradıcılığındakı ikiləşmələr”ə görə Plat, Kembricdə təhsil qrantına layiq görülür. Orada şair Ted Hyuzla tanış olur. Onlar qısa müddətdə evlənirlər.

Plat ərinin istedadına heyran idi və söz verir ki, onun Amerikanın birinci şairi olması üçün əlindən gələni edəcək. Silviya könüllü olaraq onun katibəsi işini icra edir, şeirlərini çap edir və nəşriyyatlara yollayırdı. Eyni zamanda bununla onun yaradıcılığının yeni mərhələsi formalaşmağa və müəyyənləşməyə başlayır.

Plat və Hyuzun ailə həyatı o qədər də hamar keçmir, iki eynitəbiətli insan üçün bir-birinə alışmaq çətin idi - onlar hər biri ayrılıqda “bütöv” insan idi və poetik temperamentləri bəzən iki eyni küləyin qarşılıqlı axını kimi aşıb-daşırdı... 1959-cu ildə Silviyanın ilk övladı dünyaya gəlir.  1962-ci ildə ilk (həyatda olduğu dövrdə sonuncu) şeir toplusu “Azman” işıq üzü görür.

Onların nikahı kabusa dönməyə başlayır: Hyuz açıq şəkildə ona xəyanət edir, çıxıb gedir və yenidən geri dönürdü. İrlandiyaya barışıq məqsədi ilə etdikləri səfər də heç bir nəticə vermir. Hyuz ondan ayrılır. İkinci övladı dünyaya gətirən Silviya bir daha çıxılmaz vəziyyətə düşür.

Lakin o, şeir yazmağa davam edirdi – hər gün, səhər saat beşdən başlayaraq... Məhz bu ərəfədə Plat, sonralar müasir Amerika poeziyasının antologiyasına daxil olacaq mətnlər yazdı. Onların arasında ən məşhurlarından biri “Atacan” şeiridir.

Səni sevməyə çatmadım, ata

mən daşdan düzəlmiş torbanı Tanrı ilə doldurana qədər
           öldün sən

Heç kimin səsinin
           sığışmayacağı

qara telefon da
           qoparılıb divardan

 

Bu dəfə mütləq  öldürəcəyəm

sən olduğunu sübut etməyə
           cəsarətlənən vampiri-

Qanımı  içdi mənim.

Bir deyil, beş deyil,
           yeddi il kənarda yaşadım.

Yeddi il, bilmək istəsən,
           düz yeddi il.

 

Rahat yat, ata.

Səni qara qəlbindən oxladılar

İndi də məzarının üstündə atılıb –düşür, tapdalayırlar.

Qulyabanı idin,

Rəzil idin, ata.

Amma bitdi hər şey...

Bu cəmlənmiş ittihamla dolu şeir onun doğma, real atasından daha çox, əslində yaşlı nəslə aid idi. Şeirdən göründüyü kimi,  hər bir gənc atasından ciddi hesabat tələb edir. Bu baxımdan şeirdəki freydçilik və faşizmi tərənnüm edən obrazların qarşılaşması da əbəs deyil.

Silviya Platın digər şeirləri də bu qədər aqressiv və narahatdır, həyatın onun yanından, ətrafından keçməsi haqqındadır. Ancaq nəfəslə ölçülən dağınıq verilibrlər (sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir ölçülərindən azad olan forma), metafiziki boğulmaları və emosionallıq – bu xüsusiyyətlər onun şeirlərinin əsas qayəsidir.

1963-cü ildə ölümündən bir həftə əvvəl Silviya Platın “Viktoriya Lukas” imzası ilə “Şüşə qapaqlar altında” romanı çap olunur. Müxtəlif onilliklərdə yaşayan  bir çox gənc  xanım oxucular üçün  kitab əsl ixtira oldu. Təsadüfi deyil ki, bu romanı Cerom Selincerin  “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin qadın variantı adlandırırlar.

1963-cü ildə Silviya Plat mətbəxdə qapı isə döşəmə arasındakı araları dəsmalla bağladı və başını qaz sobasına salaraq intihar etdi.

1965-ci ildə Platın “Ariel” adlı Amerika poeziyasının klassikası sayıla biləcək şeirlər toplusu işıq üzü gördü.

1982-ci ildə, ölümündən on doqquz  il sonra Silviyanın Ted Hyuz tərəfindən hazırlanmış şeir toplusu Pulitser mükafatına layiq görüldü. Bu, təsadüfi hal kimi qəbul olunur, adətən  hər hansı müəllifin  əsərləri Pulitserə həyatda olduğu müddətdə  təqdim olunur və mükafata da yaşadığı müddətdə layiq görülür. Lakin Plat üçün bu, istisna hal kimi qəbul olundu.

Yəqin ki, o, klassik şair olmaq istərdi. Bu, o deməkdir ki, onun şeirləri azca da olsa, həyatın bir parçası olmaqdan “qurtulub” və azca da olsa, lirik nümunələrə çevrilə bilib. Və yəqin ki, o, yaşadığı həyatda sadəcə olaraq şeir yazmaq istərdi. Hər gün yazmaq... səhər saat beşdən başlayaraq...

Silviya Platdan bir şeir məhdudiyyət

Mükəmməl qadındır.

Kamilliklə dolu təbəssüm boylanır solğun bənizindən.

 

Onun toqası1 zəncirlərə bürünmüş,

Çılpaq ayaqları və pəncələri isə

“Nə uzun yoldan gəldik” deyir...

 

Birdən

boşalmış süd bardağının yanındakı bütün ölü uşaqlar

ağ ilanlara çevrildi.

Onları geriyə - bədəninə qaytardı

solmuş qızılgül ləçəkləri kimi,

qurumuş bağda gecə çiçəyindən axışan qoxular kimi.

 

O, sümük qabığının altından baxırdı,

Ay da kədərli deyildi.

O qadın öyrəşib artıq

matəm libasının
dalğalanaraq, xışıldamasına.

5 fevral 1963

 

1 Toqa - Qədim Romada vətəndaşların üst geyimi, qolsuz uzun plaş

Tərcümə edən: Xatirə NURGÜL