Elektron ədəbiyyat və sənət portalı

Tərcümə modelləri

Bölmə: Ədəbiyyat 23.05.2016

 

Müasir tərcüməşünaslıq elmində çoxlu tərcümə modelləri (bəzi mənbələrdə bunlara “tərcümə nəzəriyyələri” də deyilir) mövcuddur. Beləliklə...

(Əvvəli ötən sayımızda)

 

Kommunikativ-linqvistik model

Kommunikativ-linqvistik modelə tərcüməşünaslıqda onu ilk dəfə irəli sürən alman alimin adı ilə “Otto Kadenin üçfazalı tərcümə modeli” də deyirlər. Bu modeldə tərcümə prosesində ikidilli ünsiyyət aktının üçüncü komponentinə – mütərcimin işinə xüsusi əhəmiyyət verilir.

Daha əvvəl bəhs olunduğu kimi, hər hansı tərcümə işi yaradıcı proses kimi qəbul edilir. Mütərcim hazır mətni öz beynində kodlayır, bütün bilik, bacarıq və intuisiyalarını səfərbər edərək kodladığı mətni yenidən tərcümə dilində yaratmaq üçün müəyyən əməliyyatlar aparır. Ünsiyyət aktının komponentləri təxminən belə sıralanır: informasiya (bilgi, məlumat), onun göndəricisi, məlumatın kodu (orijinalın dilində qəbulu və alıcının dilində verilməsi), kommunikasiya kanalı (yazılı, şifahi, audio, video və s.) və  alıcı (adresat).

Məlumdur ki, kommunikasiya vasitələri verbal (nitq, yazılı mətn), qeyri-verbal (jestlər, mimikalar, bədən dili, geyim, məsafə və s.) və paraverbal (intonasiya, səs tembri, nitq sürəti və s.) ola bilər.

Bu modelin tərəfdarları hesab edirlər ki, məlumatı orijinal dildə qəbul edən ötürücü (mütərcim) onu kənardan müşahidə edilə bilməyəcək şəkildə analiz-sintez yolu ilə özününküləşdirir (kodlaşdırır), kommunikasiya vasitələrindən tam, yaxud qismən istifadə etməklə adresata (hədəfə) onun öz dilində yenidən kodlayaraq göndərir.

 

İnterpretativ tərcümə modeli

Adını anlayışlar haqqında bilik mənasına gələn “interpretasiya” nəzəriyyəsindən götürən bu model fransız tərcüməşünasları D.Seleskeviç və M.Lederer tərəfindən hazırlanaraq irəli sürülüb. İnterpretativ tərcümə modelinə görə, insanlar arasında ünsiyyət dil vahidlərinin qarşılıqlı dəyişdirilməsi ilə yox, müəyyən mənaya malik nitq mətnləri ilə həyata keçirilir. Həm də bu mətnlər dil vahidlərinin sadə  məcmusu deyil.

Tərcüməçinin vəzifəsi mənbə dildən qəbul etdiyi məlumatdan lazımi mənanı çıxarıb, tərcümə dilində onu yenidən yaratmaq və  adresata çatdırmaqdır. Başqa sözlə, mütərcim  mənbə dilin materialını öz bilik səviyyəsinə söykənərək başa düşür, onu qəbul edən tərəfə tərcümə yox, təfsir və izah (interpretasiya) edir. Yeri gəlmişkən, ingilis dilində işlənən “interpreter” və “transletor” kəlmələrinin fərqləri buradan qaynaqlanır.

Məlumdur ki, tərcümə nəzəriyyəsində tərcümənin səviyyəsi, ümumiyyətlə,  dil vahidlərinə, bu vahidlərin ekvivalentliyinə və adekvatlığına görə qiymətləndirilir. İnterpretativ tərcümə modelininin müəlliflərinə görə, məsələyə bu cür yaxınlaşma tərzi özünü yalnız dillər arasında müvafiq uyğunluqların müəyyənləşdirilməsinə xidmət edən ikidilli lüğətlərin tərtib edilməsində doğrulda bilər. İnterpretasiya bu cür tərcümə anlayışından daha geniş və tutumludur. Belə ki, tərcümə edilən sadəcə dil vahidləri deyil, həm də ideyadır, məna və onun çalarlarıdır. İnterpretasiya, mənbə dildə o mətndə, o konteksdə, o zaman və məkan kəsiyində ifadə olunanın tərcümə dilində izah və təfsir oluna bilməsidir. Burada mühüm olan dil vahidlərinin uyğunluq səviyyəsi yox, tərcümə olunan mətnin məna və mahiyyətinin orijinalla uyğunluq səviyyəsi və tərcümə mətni alıcısının (oxucusunun, dinləyicisinin) onun adekvatlığını qəbul etməsidir.

Bu modelin tərəfdarlarının fikrincə, interpretasiyanın müvəffəqiyyəti mənbə dildə (orijinalda) ifadə olunan mənanın mütərcim tərəfindən düzgün qavranılmasından, tərcüməçinin mənbə dili yüksək səviyyədə bilməsindən, haqqında bəhs edilən predmetin mahiyyət və mündəricəsini idrak dərəcəsindən, mövzuya hakim olmasından, eləcə də dilxarici erudisiyasından, nəzəri hazırlığından və praktik vərdişlərindən  asılıdır.

Əlbəttə, bu model özlüyündə doğru olsa da, bütövlükdə tərcümə nəzəriyyəsini əvəz edə bilmir. Belə ki, nitqdə intuitiv məqam şişirdilir ki, kiçik və sadə mətnlərdə bu, özünü doğrultsa da,  mənbə dildə ifadə olunanı mütərcimin subyektiv şəkildə qavramasına şərait yaradır. Mətnlərin uyğunluq ekvivalentlərinin analiz və sintezindən yararlanmadan mənanın tam şəkildə qavranılması və yenidən yaradılması (tərcüməsi) şübhə doğurur.

Digər tərəfdən, mənanın qavranılması hadisəsinin özü də mücərrəd deyil, idrakın (dərk etmənin) konkret dil vahidlərinin köməyi ilə reallaşdığı  yaddan çıxarılmamalıdır.

 

Hermenevtik model

Mahiyyəti etibarilə yuxarıda izahı verilən interpretativ modelə yaxın olan bu model öz adını yunan mənşəli  hermenevtika (təfsir, şərh, izah) sözündən (yunan mifologiyasında Zevsin oğlu, allahların yerdə elçisi və carçısı Hermesin adından) alıb.

Sovet tərcüməşünaslığında bu modeli ilk dəfə ortaya atan və nəzəri məsələlərini özünün “Tərcümə nəzəriyyəsi” kitabında (1979) geniş izah edən A.N.Kryukov olub.

Bu modelin tərəfdarları belə bir mövqedən hərəkət edirlər ki, tərcümə prosesi zamanı tərcüməçi yeni dil dünyasına, dil və məna işarələri aləminə daxil olaraq hər iki dildə bunları tutuşdurur və uyğun məna variantlarını aşkar etməyə çalışır. Nəticədə, tərcümə aktı dərin hermenevtik mahiyyət kəsb edir və ortaya orijinal mətndən doğulan, lakin artıq həmin mətn olmayan, yəni, yenidən yaradılmış bir mətn çıxır.

Tərcümə problemlərinin öyrənilməsində alman filosofu və teoloqu Fridrix Şleyermaxer tərəfindən bünövrəsi qoyulmuş hermenevtik nəzəriyyənin özünəməxsus əhəmiyyəti var. F.Şleyermaxer (sonralar alman filosofu Hans-Georq Hadamer) tərcümə olunan ədəbiyyatın oxucuda orijinal mətnin təəssüratını yaradan tərcümədən imtina edir, orijinal dilə istiqaməti qoruyub saxlayan tərcümə üsulunu məqbul sayırdı. Filosof bu paradiqmanı “özgəni” anlama məharəti kimi qəbul edirdi. Xüsusən H.Hadamer tərcümənin hermenevtik izahının fundamental fəlsəfəsi mahiyyətini ortaya qoydu.

O, tərcümədə hermenevtik situasiyanın baza modelini görürdü.

V.Yüzbaşıyevin “Tərcümənin hermenevtik problemləri” adlı məqaləsində bu modelin başlıca xüsusiyyətləri dəqiq izah edilir: “Bu modelə görə, tərcümə, mahiyyəti etibarilə izah deməkdir, çünki mətn bu məqamda oxucu qarşısında yeni, digər dilin timsalında təqdim olunur. Bu, o deməkdir ki, nə qədər çətin olsa da, tərcüməçi doğma dilin bütün hüquqlarını qoruyub saxlamaq şərtilə təqdim olunan dilin xüsusiyyətlərini də nəzərdən qaçırmamalıdır. Bu məqamın izahını Hadamer “özününkü-özgəninki” dilemması kontekstində təqdim etməyi müqabil sayırdı. O, tərcüməni mətnin rekonstruksiyası kimi deyil, onun özünün dərk olunması kimi izah edirdi. Hermenevtikanın izah və interpretasiya haqqında elm olmasından çıxış edərək, tərcümənin hermenevtik aspektinə tərcüməçi tərəfindən orijinal mətnin anlanması və interpretasiya edilməsi, eləcə də tərcümə mətninin onun mənimsəyiciləri tərəfindən anlanması və interpretasiya edilməsi məsələləri aid edilə bilər.

Davamı gələn sayımızda

Əsgər RƏSULOV, Filologiya elmləri doktoru, professor