Elektron ədəbiyyat və sənət portalı

“Anama dedi ki, bu uşağın çörəyi sözdən çıxacaq”

Bölmə: Müsahibə 23.05.2016

Doğum günü ərəfəsində Sabir müəllimlə görüşüb söhbətləşdik.

 

- Türkiyədə sizin yubileyiniz artıq qeyd olundu. Qardaş ölkədən hansı təəssüratlarla qayıtmısınız?

- Mayın 14-də İstanbul Böyük Şəhər Bələdiyyəsi “Fatih” Mədəniyyət Mərkəzində “Sabir Rüstəmxanlının 70 yaşına” adlı yubiley tədbiri keçirdi. Tədbirin moderatoru, Böyükşəhər Bələdiyyəsinin əməkdaşı, yazar Özcan Ünlü idi. Əsas paneldə millət vəkili Rafael Hüseynov, türk dünyasının tanınmış professoru Əli Yavuz Akpınar, professor Gülşən Alışık, Türk Dünyası Araştırmaları Vakfı başkanı Közhan Yazgan və başqaları çıxış etdilər. Türkiyənin “Bengü Türk ” telekanalı 3 saat yarım davam edən tədbiri olduğu kimi efirə verdi. Bundan başqa, tədbir zamanı “Yurdumun En Güzel Nağmesi” adlı kitabım qonaqlara paylandı. Qeyd edim ki, kitab Türkiyədə on min tirajla çap olunub. Burada mənim şeirlərimlə bərabər, onlar haqqında rəylər də geniş yer alıb. Kitaba İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Qədir Topbaş ön söz yazıb. Eyni zamanda qardaş ölkədə nəşr olunan “Koroğlu” dərgisinin də bütün bir sayı mənim yaradıcılığıma həsr edilmişdi. Yəni, yubiley tədbiri məndə çox xoş təəssüratlar doğurdu, bu qədərini özüm də gözləmirdim. Hər beş ildən bir yaradıcılıq gecəsi keçirsəm də, açığı, təntənəli mərasimləri xoşlamıram. Şöhrət, əlbəttə, yazıçı üçün normal hissdir. İstəyirsən ki, səni tanısınlar, şeirlərini oxusunlar, onlardan danışsınlar. Amma mən düşünürəm ki, bu mərhələni... bir az keçmişəm.

 

- Bu günlərdə söhbət sizdən, qeyd olunan yubileyinizdən düşdü. Dostlardan biri soruşdu ki, Sabir müəllimin necə yaşı olur, 60 var?.. Şablon sualdan istifadə etməli olacağam: belə cavan qalmağınızın sirri nədədir?

- Bunu, əlbəttə, eşitmək çox xoşdur. Düzünü deyim, adamın özünə də inandırıcı görünmür, amma reallıqdan qaçmaq olmaz...

 

- Ümumi sualların cavabları həmişə fərdi olur, odur ki, növbəti şablon sualı verim. Beş-on il, ya elə bir il əvvəlki yaşınızla müqayisədə nə dəyişib? Təəssürat fərqi varmı?

- Şübhəsiz, insanlara, hadisələrə münasibətdə bəzi şeylər dəyişilir. Şair Qabillə yaxın dost idik, o vaxt 21 yaşım vardı, “Ədəbiyyat” qəzetində işə düzəlmişdim, Qabil müəllim də orada işləyirdi. Qabil o vaxt “Nəsimi” poemasını yazırdı. Redaksiyanın tənəkli bir eyvanı vardı, məni ora çağırır, axşam yazdığı dörd, ya səkkiz misranı oxuyurdu.

Hərdən zarafatla deyirdim ki, Qabil müəllim, bu gedişlə Nəsimi Hələbə nə vaxt gedib çatacaq?.. Bir gün yenə məni eyvana çağırdı, diqqətlə üzümə baxıb dedi ki, “starik, amma yaxşı qalmısan haa”. Cavab verdim ki, mənim cəmi 21 yaşım var. İllər sonra Qabilin 60 illik yubiley tədbirini mən aparırdım, o zaman bu hadisəni xatırlatdım və dedim ki, amma indi sizə həmin sözü demək olar – “yaxşı qalmısız”. Ondan sonra hər beş ildən bir məni görəndə saxlayıb soruşurdu ki, bir diqqətlə bax, gör, daha beş il yaşaya bilərəm, ya yox. Yetmiş beş yaşınadək hər dəfə deyirdim ki, arxayın olun, yüz faiz səksənə çatacaqsınız, sağlamsınız. Səksən yaşda bir də soruşdu, səncə, səksən beşədək ölmərəm ki? Çətin sual idi. Dedim, Qabil müəllim, sən heç vaxt ölməyəcəksən. Bunu həm də məcazi mənada deyirdim. Amma doğrudan da, bu gün Qabil ölməyib ki. Adamın sözü yaşayırsa, özü də yaşayır. Bu dünyada varlığı ilə yoxluğunun fərqi olmayan o qədər sağ adam var ki, əslində, ölüdürlər. Amma məsələn, Füzuli bu gün bütün məclislərin iştirakçısıdır, ondan diri kim var? Ya kim özünü Sabirdən daha diri hesab edə bilər? Ədəbiyyatla məşğul olan adamlar bu cəhətdən çox şanslıdırlar. Yəni, şairin özü yaşamasa da, sözü yaşayacaq.

 

- Belə bir fikir var ki, yazarların hamısının bir uşaqlıq zədəsi olur. Bu fikirlə razısınız?

- Dumanlı yadıma gəlir, bunu yazmışam da. Beş-altı yaşım vardı, dayım qoyunları otlağa aparırdı, təklif elədi ki, onunla gedim. Getmək istəmədim. Bilirdim ki, yay quraqlıq keçdiyi üçün kəndimizdəki Heyvan Pirində qurban kəsəcəklər. Bu, daha maraqlı idi. Gedib mərasimə baxdım, qurbanı kəsdilər, payladılar. Neçə ay idi ki, havalar çox qızmar keçirdi, amma günortadan sonra birdən-birə göy üzünü alan buludlar az qala atom bombası kimi partladı, iki-üç dəqiqə sonra dəhşətli leysan başladı. Bir saat sonra xəbər gəldi ki, dayımı sel aparıb. Meyitini kənddən xeyli aralıda, iki çayın qovuşduğu yerdən tapdılar. Əynində bircə əsgər kəməri qalmışdı. Bu, kiçik bir epizoddur, amma bu epizod anamın bütün həyat tərzini dəyişdi və mən böyüyəndən sonra da o, daim sızıldaya-sızıldaya ağı deyirdi. Bir gün hiss elədim ki, anamın bu ağılarıyla bağlı bir yazı yazmalıyam. Mənsur şeir də demək olardı. İlk dəfə duyğularımı ifadə etmək ehtiyacını onda duydum. Ümumiyyətlə, mənim şeirlərim yarıduadır, yarıağı - bir dəfə bu barədə yazmışam...

Bir hadisəni də xatırlayıram, beşinci, ya altıncı sinifdə oxuyurdum, kəndə falçı gəlmişdi. Anamla birgə qadınlara qoşulub, kəndin o biri başına getməli oldum. Hərə öz dərdinə baxdırırdı. Birdən falçı çevrilib mənə diqqətlə nəzər saldı, anama dedi ki, bu uşağın gözlərini qoruyun, onun çörəyi gözündən və qələmindən çıxacaq. Bu hadisəni cəmi iki-üç il bundan əvvəl şeirə köçürə bildim. Bəlkə də elə o baxıcı qadının bir sözü mənim ürəyimdə yer elədi, içimi oyub-oyub məndən şair yaratdı? Belə şeylər olur...

 

- Sabir müəllim, bu gün Azərbaycan ədəbi mühitinin ən çox müzakirə olunan məsələlərindən biri də ədəbiyyat üzrə Nobel mükafatı ətrafındadır. Sizcə, biz o mükafata nə qədər uzaq, ya yaxınıq?

- Ədəbiyyat dil hadisəsidir. Dilin yayılma imkanları nə qədər çoxdursa, həmin xalqın ədəbiyyatı da bir o qədər böyük olur. Məsələn, Rusiyada çıxan orta səviyyəli bir mətn bizdə yazılan hansısa mükəmməl əsərlə müqayisədə bütün dünyada geniş yayıla bilir. İsa Muğannanın romanlarını, Sabir Əhmədlinin bəzi əsərlərini Nobel ödülü almış mətnlərdən heç də əskik hesab eləmirəm. O mükafatı alan yazıçıların əksəriyyətini oxumuşam, aralarında, təbii ki, çox mükəmməl əsərlər var, amma etiraf etməliyik ki, Nobel mükafatı zamanla siyasiləşdi. Məsələn, SSRİ-dən qopub gedən mühacir yazıçıları mükafatlandırırdılar. Dissidentlik nəyə görə ölçü vahidi olmalıdır axı? İndi Nobel daha çox ingilisdilli yazıçılara verilir.

Bu mənada, Orxan Pamuk Amerikada yaşamasaydı, türk dili ilə dünya arasındakı səddi qıra bilməyəcəkdi. Bir neçə il əvvəl Elazığda keçirilən Hazar Şiir Akşamında müzakirələrdən biri Çingiz Aytmatovun yaradıcılığına həsr olunmuşdu. Ustad özü hələ sağ idi. Söhbət onun Nobelə layiq görülməməsindən düşdü və oradakı çıxışımda bildirdim ki, bu mükafat Bakı neftinin hesabına yaranıb. Sonra Çingiz müəllim məni görüşə dəvət etdi və dedi ki, sən mənə gözəl bir ideya verdin, türk dünyasında Orhan Pamukdan sonra ikinci bir yazıçıya bu ödülü verməyəcəklər, amma bir halda ki, Nobelin tarixi neftdən başlayır və bu gün də Azərbaycanda neft bumu yaşanmaqdadır, bəlkə, siz adekvat mükafat təsis edəsiniz. Sonra da əlavə elədi ki, bu ödül Heydər Əliyev adına mükafat adlandırılmalıdır və məbləği simvolik olaraq Nobeldə nəzərdə tutulduğundan bir manat artıq olsun. O zaman bütün yazarların üzü Bakıya tərəf çevriləcək. Bakıya qayıdandan sonra eşitdim ki, ölkəmizdə Heydər Əliyev adına mükafat artıq təsis olunub. Hər halda, indi də gec deyil. Nobellərin ədəbiyyata nə dəxli vardı, amma regionda hər kəs bilir ki, Heydər Əliyev sənətə necə qiymət verirdi, yazarlara necə yanaşırdı.

 

- Bu gün Azərbaycan ədəbiyyatında atalar və oğullar problemi nə dərəcədə hiss olunur?

- Bu, çox normaldır. Bir az yaşlaşandan sonra gənclərimiz bizdən daha mühafizəkar olacaqlar. Onlar da özlərindən sonra gələnlərdən şikayət edəcəklər. Ömür bir göz qırpımında keçir. Mən az qala dünən Azərbaycan yazıçıları içində özümü ən gənc hesab edirdim, amma bu gün hamıdan yaşlı olmaq təhlükəsi ilə üz-üzəyəm. Gənclik keçəridir, mən bəzən cavanlıq iddiası ilə çıxış edən adamlara diqqət yetirirəm, yaş artıq qırxı, əllini ötüb, amma ortada bir normal mətn yoxdur. Vaxt gələcək, onlar öz ittihamlarına görə utanacaqlar. Əlbəttə, istedadlı gənclər də var. Üstəlik, mən tənqidə dözümlü yanaşmağın tərəfdarıyam. Bir şərtlə - tənqid, irad ola bilər, gərəkdir ki, qəzəb olmasın, təhqir olmasın. Əgər ədəbiyyat adamları da bir-birini sevməyəcəksə, başqalarından nə umaq? Yeri gəlmişkən, bugünlərdə “Azərbaycan” jurnalının bir sayını vərəqləyirdim, çox maraqlı gənc şairləri kəşf edib sevindim, amma sonra gördüm ki, bu, 2002-ci ildə nəşr olunan saydır. Bu gün o imzalardan heç biri görünmür. Bu on dörd ildə gərək onlar üzdə olaydılar. Ona görə də iddia hələ hər şey demək deyil.

Rəbiqə NAZİMQIZI