Elektron ədəbiyyat və sənət portalı

Ana təbiətə övladlıq etmək hamının borcudur

Bölmə: Tarix 14.05.2016

Bakıda ən qədim bağ 1830-cu ildə salınıb və o zamanlar “Qubernator bağı” adlandırılıb. Keçmiş sovetlər dövründə isə adı dəyişdirilərək “Pioner bağı” qoyulub. İndi bu bağ “Filarmoniya bağı” kimi tanınır. Vaxtilə İrandan və Lənkərandan Bakıya gələn gəmi sahibləri şəhər komendantının göstərişi ilə bir neçə çuval qaratorpaq gətirib bağa verməli idilər. Göstərişə tabe olmayanlar hətta cərimələnirdilər.

Park-bağda zeytun, tut, qarağac, şam, akasiya əkilmişdi. Yerə döşənən yaşıllıq və zaman-zaman forması dəyişdirilən çarhovuzlar bağa xüsusi gözəllik verməklə yanaşı, həm də onu əsl istirahət yerinə çevirirmiş. Bu, əslində, Bakı bağçılığının ilkin formalaşması sayılırdı. Yüksək rütbəli məmurların, neft sahibkarlarının, milyonçuların gündəlik sevimli məkanlarına çevrilən bu bağın içində, təəssüf ki, sadə camaat yalnız həftədə bir dəfə gəzə bilərmiş.

XX əsrin əvvəllərində kolluqlardan təmizlənən, lakin su çatışmazlığına görə əhali arasında “quru bağ” kimi tanınan “Parapet”, sovetlər dövründə “Marks bağı” adını alıb. Bu gün isə o, “Fəvvarələr bağı” adlanır. XIX əsrin yetmişinci illərində yeraltı suyun şorluğu və torpağının gilliliyinə görə “Malakan bağı”nda yaşıllıq salmaq mümkünsüz idi. Sovetlər dövründə “9 Yanvar” adlanan daha bir kiçik bağ-park var idi ki, bu gün “Sonalar gölü”nə çevrilib və gözəlliyi, orijinallığı ilə göz oxşayır.

Bakı milyonçusu H.Z.Tağıyevin təşəbbüsü ilə 1895-cı ildə “Axşam bazarı” adlı bağ salınıb və hazırda Səməd Vurğunun adını daşıyır. O zamanlar bir çox Bakı milyonçuları şəhəri abadlaşdırmaq üçün atlar, dəvələr, faytonlarla bura münbit torpaq daşıdıblar. Bağçılığın inkişafına təkan verən “Bağbanlar məktəbi” isə H.Z. Tağıyevin təşəbbüsü ilə 1895-ci ildə Mərdəkanda fəaliyyətə başlayıb. 1909-cu ildə salınan, Bakının hüsnünə yaraşıq verən Dənizkənarı park bu gün nəinki şəhər sakinlərinin, eləcə də paytaxtın əcnəbi qonaqlarının əsl istirahət ocağına çevrilib.

2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsüylə başlanan “Hərəmiz bir ağac əkək!” hərəkatına ictimaiyyət ilk gündən böyük həvəs və istəklə qoşuldu. Bunun nəticəsində ölkəmizdə saysız-hesabsız tinglər basdırıldı.

Ümummilli lider Heydər Əliyevin 85 illiyi ilə bağlı laçınlıların müvəqqəti məskunlaşdığı Qayğı və Taxta körpü qəsəbələrində 15 mindən çox, Bakının Bayıl yamacında 5 minədək ağac əkildi. Bu kampaniya yalnız Bakıda deyil, ölkənin bütün bölgələrində aparıldı. 2008-ci ildə Salyanda “Ümummilli lider Heydər Əliyevin 85 illiyinə 85 min ağac əkək” devizi altında iməciliklər keçirildi.

2009-cu ilin sentyabrında BMT-nin mənzil qərargahındakı ekoloji məsələlərə dair zirvə toplantısında təşkilatın baş katibi Pan Gi Mun, Yer kürəsinin gələcəyi barədə narahatlığını bildirərək demişdi: “Xilasımız üçün cəmi on ilimiz qalıb.”

Ekologiyanın XXI əsrdəki vəziyyətinin acınacaqlı olduğunu bilirik. Müxtəlif amillərin təbiətə mənfi təsiri nəticəsində atmosferdə balans pozulur, oksigen ehtiyatı azalır, karbon qazı çoxalır. Tədqiqatlardan məlum olub ki, hər ağac 1 ton karbohidroksid udur ki, bu da insanların təmiz hava ilə nəfəs almasına yardım deməkdir.

Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il “Ekologiya ili” elan olundu və bu, xalqımız tərəfindən müsbət qarşılandı. Həmin il Azərbaycanda 8 milyon 200 min ağac və kol bitkisi əkildi ki, onların 1 milyon 540 mini təkcə Bakıətrafı ərazinin payına düşür.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 14 iyul 2011-ci il tarixində start götürən ekoloji kampaniya, ətraf mühitin qorunmasını vacib sayan dünyanın bir çox ölkələrindən minlərlə gənci bu prosesə səfərbər etdi.

2011-ci ilin oktyabr ayında Müasir İncəsənət Muzeyində “Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq”un təşəbbüsü ilə, İDEA çərçivəsində ilk aksiya – Azərbaycanın təbiətinə və ekologiyasına həsr olunan foto-müsabiqə sərgisi zamanı Leyla Əliyeva demişdi: “Azərbaycanın təbii müxtəlifliyi – gölləri və çayları, dağ və düzənlikləri, meşə və səhraları ölkəni qeyri-adi məkana çevirib. Bizim bir planetimiz və bir gələcəyimiz var. Bu gün biz gənclər hansı planetdə yaşamaq istədiyimizi həll etməliyik.

Bu gün burada 35 ölkədən 85 nümayəndə iştirak edir. Bu, Yer kürəsinin üçdə biridir. Bu göstərir ki, biz birlikdə güclüyük”.

Yaxşı bir atalar sözümüz var: “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”. Təkcə əkməklə iş bitmir, gərək əkiləni həm də qoruyasan. Bakıda Təbiəti Mühafizə Cəmiyyətinin ərazisində salınmış “Dendroloji park” insana ruh rahatlığı verir. Öz flora və faunası, füsunkar yaşıllıqları, əvəzsiz gözəlliyi və cazibədarlığı ilə göz oxşayan parkı qorumaqda başlıca məqsəd Bakının abadlaşdırılmasına xidmət göstərməkdədir. Amma parkın ərazisinin 11 hektardan 6 hektaradək azalması təəssüfedicidir. Burada əvvəllər mövcud olmuş 1325 ağacdan 500-ə yaxını, 103 ədəd kol cinsindən cəmi 200-nün qalması, əlbəttə, ürəkaçan fakt deyil.

Halbuki bütün bu gözəllikləri qorumaq, yaşıllığı artırmaq hər birimizin vətəndaşlıq borcu olduğu kimi, həm də Ümummili liderimiz Heydər Əliyevin bugünkü və gələcək nəsillərə tövsiyəsinə əməl etmək deməkdir.

Aytən AYDINQIZI, filologiya üzrə fəlsəfə doktoru