Elektron ədəbiyyat və sənət portalı

Kitabxana sahəsində yeni qanunvericilik aktlarının hazırlanması müzakirə olunub

Bölmə: Beynəlxalq 20.05.2016

Kitabxanadan AzərTAc-a bildirilib ki, müşavirənin məqsədi mövcud kitabxana qanunvericiliyinin müasir kitabxanaların qarşısında duran vəzifələrlə tam uyğunlaşdırılması, yeni qanunvericilik aktlarının hazırlanması məqsədilə təkliflərin işlənməsi və müvafiq orqanlara təqdim olunmaq üçün təkliflərin hazırlanmasından ibarətdir.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxışında “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun ötən əsrin 90-cı illəri üçün çox mükəmməl olduğunu, lakin bugünün tələblərinə cavab vermədiyini, digər qanunvericilik sənədləri ilə uzlaşmadığını deyib. O, kitabxanaların kompüterləşdirilməsi, virtual xidmət, elektron kitabxanaların yaradılması və fəaliyyəti, respublika çap məhsullarının arxiv fondunun yaradılması, nəşr məhsullarının qeydiyyatının aparılması və digər məsələlərlə bağlı qanunun təkmilləşdirilməsinin zəruriliyindən danışıb, sənədə yeni maddələrin əlavə olunmasını məqsədəuyğun hesab edib.

Çıxış edənlər kitabxanaların yerli və xarici nəşrlərlə komplektləşdirilməsində, elektron kitabxananın əlçatan olmasında mövcud problemlərin, kitabxanaçının hüququ, sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinin, kitabların universal standartlara uyğun rəqəmsallaşdırılmasının, kitabxanaçıların peşə bayramının təsis edilməsinin, kitabxanalar üçün vahid kitab satışı mərkəzinin yaradılmasının və digər məsələlərin qanunvericilikdə təsbit edilməsinə toxunublar.

Müşavirənin sonunda bir ay müddətində təkliflərin hazırlanıb təqdim olunması qərara alınıb.