Elektron ədəbiyyat və sənət portalı

Mənim qəmgin üzüm

Bölmə: Ədəbiyyat 14.05.2016

Henrix BÖLL
(Almaniya)

Limanda dayanıb qağayılara tamaşa edirdim. Üzümə çökmüş kədər ətrafda dolaşan polisin nəzərindən qaçmadı. Bütün diqqətim yemək tapmaq üçün ümidsizcəsinə sulara baş vuran quşlarda idi. Boş liman... Yaşıla çalan, çat-çat olmuş dəriyə bənzəyən, çirkdən, yağdan sanki ağırlaşmış dənizdə heç bir gəmi gözə dəymirdi. Paslanmış yük kranları, uçuq-sökük anbar binaları, hətta Kainin ətrafındaki zibillikdə eşələnən siçanlar belə görünmürdü. İllərdir ətraf mühitlə əlaqəm kəsilmişdi. Sakitlik idi.

Nəzərimi fırtınanı öncədən hiss edən qorxaq qaranquş kimi suyun səthinə daha yaxın ucan bir qağayının qanadları cəlb etdi. Hərdən o da cəsarətini toplayıb yuxarıya qalxır, ac yolyoldaşı ilə qanad-qanada uçuşurdu. Əgər məndən nə istədiyimi soruşsaydılar, düşünmədən qağayıları doyurmaq uçun çörək istəyərdim. Atdığım çörək tikələrini göydə qapmağa çalışan bu quşların təlaşına son qoyub, onların dolaşıq yollarını nizama salar, uçuşlarını bir düz xətt üzrə yönləndirərdim.

Amma elə özüm də o quşlar qədər yorğun və ac idim. Kefsiz olduğuma baxmayaraq, əllərim cibimdə dayanıb qağayıları seyr etməkdən ləzzət alırdım. Qəfildən, kimsə əlini çiynimə toxundurdu. Çiynimdən basaraq: “Mənimlə gəlin! ” -  dedi. Ancaq mən ona tərəf baxmadan, əlini çiynimdən itələyib, sakitcə: -  “Onlar dəli olublar,” – dedim.

- Vətəndaş, sizə xəbərdarlıq edirəm! - deyəndə, mən də ona: - Cənab -  deyə, cavab verdim.

O da qəzəbli şəkildə - Burada cənab-filan yoxdu, hamımız vətəndaşıq! -  deyib, yanımda dayandı. Diqqətlə üzümə baxdığına görə, mən də xoşbəxt baxışlarımı onun əmrə müntəzir gözlərinə tərəf çevirmək məcburiyyətində qaldım. Baxışları, sanki illərdir ancaq vəzifəsini müticəsinə yerinə yetirən öküzün gözləri kimi qəzəbli idi.

- Nə səbəbə görə... - deyə maraqlanmaq istəyirdim ki, sözümü kəsib dedi:

- Kifayət qədər səbəb var, biri elə sizin qəmgin üzünüzdü.

Mən güldüm.

- Gülməyin.

O qəzəbləndi.

Ətrafda həbs edə biləcəyi bir fahişə, oğru, sərxoş dənizçi olmadığına görə, canının sıxıldığını düşündüm. Amma o, doğrudan da məni həbs etmək istəyirdi.

- Mənimlə gəlin!.. - əmr etdi.

Artıq nə qədər ciddi olduğunu anlayıb, sakitcə soruşdum:

- Nəyə görə?

Elə o an əllərimi qandallayanda anladım ki, yanılmışam.

Son dəfə üzümü havada süzən qağayılara çevirib, göy səmaya baxdım. Özümü suya atmaq istədim. Mənim üçün o çirkli suda ölmək, hansısa  bir serjantın əlində boğularaq ölməkdən, ya da həbsxanaya atılmaqdan yaxşı idi. Amma polis məni özünə tərəf elə çəkdi ki, əlindən yaxa qurtara bilmədim.

- Axı nəyə görə? – bir də soruşdum.

- Qanuna görə, siz xoşbəxt olmalısınız! – dedi.

- Mən xoşbəxtəm də, - deyə çığırdım.

- Sizin o qəmgin üzünüz... - deyib başını yellədi.

- Bu qanun təzə çıxıb bəyəm? - soruşdum.

- Qanun artıq 36 saatdır ki, qəbul edilib və siz çox yaxşı bilirsiniz ki, hər bir qanun elan olunduqdan 24 saat sonra qüvvəyə minir, - deyə cavab verdi.

- Amma mən bu qanunu eşitməmişəm.

- Verilən cəzaya qarşı özünüzü müdafiə hüququnuz yoxdu. Bu qanun dünən gecə radiogücləndiricilərlə səsləndirilib, bütün qəzetlərdə nəşr olunub, hətta mətbuatdan və radiodan xəbəri olmayanlar üçün vərəqələrdə çap olunaraq, imperatorluğun bütün küçələrində elan lövhələrinə vurulub, - deyərək, kinayə ilə üzümə baxdı. Sonra da:

- Maraqlıdır, siz son 24 saatı harada keçirmisiniz? - deyib məni kobudcasına özünə tərəf çəkdi.

Həmin anda mədəmdən gələn qurultudan ac olduğumu, əynimdə palto olmadığından canıma üşütmə düşdüyünü hiss etdim. Üst-başım çirkli, üz-gözüm tüklü və səliqəsiz idi. Təzə qanuna görə isə ölkənin hər bir vətəndaşı təmiz, səliqəli geyinməli, kefikök və damağıçağ olmali idi.

O məni sərt bir hərəkətlə qabağına saldi. Polis məntəqəsi yaxınlıqda idi. Gəncliyimin keçdiyi küçələrlə addımlayanda - əslində, sahildə gəzib-dolaşandan sonra buralara baş çəkmək istəyirdim -  ürəyimdə qəribə bir ağırlıq hiss etdim; bilirdim ki, oradan çıxa bilməməyim üçün yenə bir səbəb tapılacaq.

Təkcə səma və hava gəncliyimdəki kimi idi, dəyişməmişdi. Başqa heç nə əvvəlki çağları xatırlatmırdı. O vaxtlar kol-kos, ot basmış yolları, indi, həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri keçirilən əsgər nümayişləri üçün təmizləyib sahmana salmışdılar. Barların qarşısında içki reklamlarının əvəzinə imperatorluğun bayrağının rəngləri ilə bəzədilmiş pivə bardaqları asmışdılar. Fahişəxanalarda belə, imperatorluğun rənglərini görmək olurdu. Dövlətin siyahısında adı keçən, çərşənbə pivəsindən dada bilənlərin isə sevinci yerə-göyə sığmırdı.

Ətrafda bayram əhvali-ruhiyyəsi hiss olunurdu. Tələsən, vəzifələrini yerinə yetirən simalar qarşımıza çıxan insanlar yanımdakı polisi görən kimi üzlərində ilıq təbəssüm yaradırdılar. Mağazalardan çıxan qadınlar da, çöhrələrində tələb olunan məmnuniyyət ifadəsi yaratmağa cəhd edirdilər. Vəzifəsi hər gün dövlət işçilərinə yemək hazırlamaq olan ev qadınları da nəşəli görünürdü. Amma bu insanların heç birinin yolları bizimlə kəsişmirdi. Küçələrin adi həyatı, bizim ora ayağımız dəyən andan sanki sönürdü. Bizi görənlər üzlərindəki süni təbəssümü gizlədərək, hər hansı bir mağazaya girməyə, ya da ilk döngədəcə gözdən itməyə tələsirdilər. Bəziləri isə hətta qapının arxasında gizlənib bizim keçib getməyimizi gözləyirdi.

Onlardan fərqli olaraq, qarşımıza yaşlı bir kişi çıxdı. Yaxasındakı nişandan anladim ki, müəllimdir. Yolunu dəyişdirə bilmədiyindən, məcburən polisə salam verdi, məni də sanki bir xainəmmiş kimi süzüb, üzümə üç dəfə tüpürdü. Məqsədinə çatdı, borcunu da yerinə yetirmiş sandı. Tüpürcəyi özü qədər yaşlı deyildi. Hava çox isti olduğundan boğazı qurumuşdu deyə, üzümə bir-iki damci düşdü. Qaydalara qarşı çıxaraq üzümü silməyə çalışdım. Bunu görən polis onurğamın tam ortasına yumruqla vurub sakitcə dedi:

- Birinci səviyyə! – Qeyd edim ki, bu, polis tərəfindən tətbiq edilən ən yüngül cəza formasıdı.

Müəllim bizdən uzaqlaşdi. Fahişəxananın yanından keçəndə şişman, sarışın bir qadın minnətdarlıqla üzümə gülüb, mənə öpüş yolladı. O sırada polis, sanki heç bir şey olmayıbmış kimi davranmağa çalışdı. Bu qadınlar dövlət məmurlarını məmnun etdiklərinə görə azad buraxılırdılar. Ancaq sıravi vətəndaşlar üçün bu, çox ciddi cəza ilə nəticələnə bilərdi. Bir gün öncə şəhərin mərkəzindəki bir ayaqyoluna girəndə yerə atılan jurnaldan təsadüfən oxumuşdum ki, filosof Dr.Dr.Dr. Blayqot da bunu liberalizmin əlamətlərindən biri kimi qiymətləndirib.

Şöbəyə çatmışdıq ki, siqnal səsləri eşidildi. Bu, o demək idi ki, iş vaxtı bitmək üzrədir. İş saatının bitməsinə on dəqiqə qalmış verilən bu siqnal səsi eşidilən kimi, dövlət başçısının əmrinə əsasən, hamı üst-başlarını səliqəyə salaraq, işlərinin ağır olmasına rəğmən, üzlərində  təbəssüm ifadəsi ilə küçələrə çıxmalıdır. Düşündüm ki, onlar da bayaq gördüyüm yaşlı müəllim kimi, yanımdakı polisi məmnun etmək üçün əmrə boyun əyməyən sifətimə tüpürə bilərdilər.

Artıq polis məntəqəsinə çatmışdıq. Girişdə iki gözətçi dayanmışdı. Orada geniş istifadə edilən fiziki güc tədbiri mənə qarşı da tətbiq olundu: silahın qundağı ilə yanağıma, lüləsi ilə isə körpücük sümüyümə ilişdirdilər. Bir saylı dövlət qanununun ön sözündə yazıldığına görə, ”Polis işçisi həbs etdiyi şəxsə qarşı zor işlədə bilər. Müttəhimi ilk yaxalayan isə, onsuz da sorğunun gedişində ona qarsi fiziki güc tətbiq edir“. Qanunda isə deyilir ki : “Hər bir polis istədiyi şəxsi cəzalandıra bilər, hətta onu, etdiyi səhvə görə mütləq cəzalandırmalıdır. Vətəndaşa qarşı müxtəlif cəza növlərindən istifadə edilə bilər ”.

Böyük pəncərələri olan uzun dəhlizdən keçdik. Sonra üzümüzə bir qapı açıldı. Gözətçilər bizim gələcəyimizi içəri xəbər vermişdilər.

Məni, demək olar, boş bir otağa saldılar. Otaqda üstündə telefon olan bir masa və iki stuldan başqa heç nə yox idi. Mən otağın mərkəzində oturdum. Polis də dəbilqəsini çıxarıb, mənimlə üzbəüz oturdu.

Otağa səssizlik çökdü. Pisi də o idi ki, onlar həmişə belə edirdilər. Bərk yorulmuş və acmışdım. İçimdəki xoşbəxtliyin son izləri də yavaş-yavaş yox olurdu. Anladım ki, uduzmuşam.

Bu səssizlikdən bir neçə saniyə sonra otağa qəhvəyi rəngli formada hündürboy bölmə rəisi girdi. Gəlib düz qarşımda oturdu, üzümə baxıb dedi:

- Sənətiniz?

- Adi vətəndaş.

- Doğum tarixiniz?

- 1.1. bir, - deyə cavab verdim.

- Ən son məşğuliyyətiniz?

- Məhbus.

İkisi də təəccüblə bir-birinə baxdı.

- Nə zaman və harada azad olundunuz?

- Dünən, Ev 12, hücrə 13.

- Azad edilib hara göndərildiniz?

- Paytaxta.

- Arayışınız hanı?

Cibimdən buraxılış kağızını çıxarıb ona uzatdım. Vərəqi alıb haqqımda qeydlər apardığı yaşıl kartın üzərinə yapışdırdı.

- O zaman hansı cinayətə görə tutulmuşdunuz? - soruşdu.

- Üzümdəki xoşbəxtlik ifadəsinə görə, - deyə cavab verdim.

Yenə də ikisi bir-birinə baxdı.

- İzah edin, - dedi.

- Başçımızın ölüm günü hamının kədərli olması əmri veriləndə, mənim xoşbəxt üzüm polisin gözündən qaçmamışdı.

- Cəza müddətiniz?

- Beş il.

- Davranışınız?

- Pis.

- Səbəbi?

- Pis işçi olmağım.

- Tamamdır, - deyib, bölmə rəisi yerindən qalxaraq mənə tərəf gəldi. Yumruğu ilə ağzımın üstündən elə şillə vurdu ki, qabaq dişim sındı. Yəqin, bu, yenidən cəzalı olduğumun göstəricisi idi. O, otaqdan çıxdıqdan sonra içəri tünd-qəhvəyi formalı cavan bir oğlan girdi.  Müstəntiq idi.

O da məni döydü. Bu azmış kimi, məni otağa gətirən polis də qanunda nəzərdə tutulan bütün fiziki tədbirləri üzərində tətbiq elədi.

Qəmgin üzümə görə mənə on il həbs cəzasi kəsdilər - bundan əvvəl xoşbəxt üzümə görə aldığım beşillik cəza kimi.

Məndən olsa, azadlığımdan kəsdikləri 15 ilin əvəzinə, elə cəzalı üzümü birdəfəlik kəsib atardım.

Orijinaldan tərcümə edən: Nərgiz GƏRAYLI, Avstriya, İnsbruq şəhəri