Elektron ədəbiyyat və sənət portalı

Osminoqlar nə yeyir?

Bölmə: Elm 14.05.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Köpək balıqları harada yaşayır?

Köpək balıqlarının 15-dən artıq növü var və cəmi bir növündən başqa hamısı dəniz suyunda yaşayır. Mərkəzi Amerikada Nikaraqua adlanan bir göl var – şirin suda yaşayan köpək balığı orada olur. Köpək balıqları müəyyən bir yerdə yaşamır, yem axtarışlarında yüzlərlə mil uzaqlara gedirlər. İri köpək balıqlarının əksəriyyətini, əsasən açıq dənizdə, suyun səthinə yaxın yerlərdə görmək olar. Amma onların eləsi də var ki, okeanın dibinə yaxın dərinliklərdə dolaşır. Daha xırda köpək balıqları isə adətən sahilə yaxın yerlərdə olur. Onlara isti və mülayim iqlimli dənizlərin çoxunda rast gəlmək mümkündür.

Çoxları köpək balıqlarını son dərəcə təhlükəli heyvan sayır. Amma əslində, təhlükəli köpək balıqları da var, tam təhlükəsizləri də. Məsələn, çox vaxt gəmilərin dalınca düşüb müşayiət edən köpək balıqları təhlükəsiz “zibilçilər”dir. Onlar gəmilərdən suya atılan qida qalıqlarını tutub yeyir. Bu köpək balıqlarından hətta ən xırda balıqlar belə qorxmur. Bəzi çox nəhəng köpək balıqları da elə “zibilçi” qədər təhlükəsizdir. Təbii ki, əgər onun üstünə hücum çəkməsələr. Belə köpək balıqlarından biri də balinadır. Onu Aralıq dənizində, Sakit okeanda və Qəraib dənizinin Florida sahillərində görmək olar. Bu balığın uzunluğu hərdən 11 metrə, çəkisi 11 tona çatır.

Nəhəng köpək balığı da “təhlükəsiz”lərdən sayılır. O, Şimali Atlantikanın ən iri balığıdır və uzunluğu 13 metrdən artıq olur. Bu balıq belini suyun üzünə çıxararaq özünü günə verməyi xoşlayır. Amma bu ailədən olan balıqların ən dəhşətlisi nəhəng ağ köpək balığıdır. Uzunluğu 12 metrə çatan bu nəhəng, insanlara çox tez-tez hücum edir.

 

İstridiyyələr mirvarini necə düzəldir?

Təxminən 4000 il əvvəl bir çinli balıqçı fikirləşir ki, yəqin istridiyyə yesə, onun aclıq hissi azalar. O bir neçə çanağı açır və yəqin, Yer üzündə mirvarini görən ilk insan olur. Mirvari də sədəflə eyni materialdandır. Sədəf istridiyyənin çanağını içəri tərəfdən örtən təbəqədir. İstridiyyənin bədəni çox zərifdir və heyvan özünü qorumaq üçün həmin sədəf örtüyünü düzəldir ki, bədəni hamar, sürüşkən səth üzərində qalsın. Çanağın içinə bu zərif heyvanı qıcıqlandıran nəsə, məsələn, qum dənəciyi düşəndə istridiyyə onun üzərini qat-qat sədəflə örtür və bu qum dənəciyi axırda mirvariyə çevrilir. Bu proses təbii yolla baş verəndə, mirvarinin ideal forması olur.

Lakin insan istridiyyələri mirvari düzəltməyə məcbur etməyin yollarını tapıb. Heyvanın bədəninin xarici örtüyü ilə çanağın iç örtüyü arasına ya qum dənəciyi, ya da xırdaca bir sədəf parçası qoyurlar. İki-üç ildən sonra, bu çanaqları sudan çıxarıb açanda içində mirvari olur. Bu mirvariyə süni mirvari deyirlər və onun forması, adətən çox ideal olmur.

Yaponiyada artıq ideal formalı mirvarilər düzəltməyi də öyrəniblər. Onlar qıcıqlandırıcı şeyi birbaşa istridiyyənin bədəninə daxil edirlər, yəni, əslində böyük dəqiqlik və ehtiyat tələb edən cərrahiyyə əməliyyatı aparırlar, çünki bu işi elə görmək lazımdır ki, istridiyyə sağ qalsın.

İndiyə kimi tapılan mirvarilərin ən irisinin uzunluğu 10, eni 5 santimetr olub. Təbii mirvari həddən artıq baha olduğundan, çoxları bəzək əşyası kimi, süni mirvarilərdən istifadə edirlər.

Fransızlar da çox gözəl süni mirvarilər düzəldirlər. Bunun üçün onlar içiboş şüşə muncuğu bəzi balıq növlərinin parlaq pullarından aldıqları maddə ilə örtür, sonra da muncuğun içini ərimiş mumla doldururlar.

 

İstridiyyələr necə doğulur?

Əgər siz çanağı açılmış istridiyyəyə baxsanız, o, sizə müəyyən bir forması olmayan canlı kimi görünəcək. Amma əslində bu, ağzı, qəlsəmələri, mədəsi, qara ciyəri, bağırsaqları və ürəyi olan mürəkkəb bir orqanizmdir. İstridiyyələrin yüzdən artıq növü var. Onlar formasına, ölçüsünə, davranışına və dadına görə fərqlənir. İstridiyyələr bir qayda olaraq, çox məhsuldar canlılardır. Onların bəzi növləri bir mövsümdə beş-altı dəfə kürü tökür. Dişi istridiyyə birdəfəyə təxminən yarım milyard kürü qoyur. Xoşbəxtlikdən, onların bir faizdən də azı hissəsi yaşayıb böyüyə bilir, yoxsa bütün dünya okeanında istridiyyə əlindən tərpənmək mümkün olmazdı.

Körpə istridiyyə kürüdən çıxandan cəmi bir neçə saat sonra artıq üzə bilir. O, yetkin istridiyyəyə qəti bənzəmir. Bala istridiyyə formaca qıraqlarında kirpik kimi xırdaca tükləri olan balaca pulqabına bənzəyir. Bu tükcüklər zamanı çatanda tökülür və təxminən bir il ərzində balanın eni 3 santimetrə çatır. Amma o vaxtadək, istridiyyə bir neçə həftəlik olanda, su altında daşa-qayaya yapışır və bir-iki aya xırda pul boyda olur.

İstridiyyənin əsas problemi sağ qalmaqdır, çünki düşməninin sayı-hesabı yoxdur. Onları həm yekə istridiyyələr, həm də balıqlar yeyir. Hətta kifayət qədər iri istridiyyələr də qayalara yapışanda cürbəcür molyuskların hücumuna məruz qalırlar. Bu molyusklar onların çanağında xırda deşiklər açır, heyvanın ətini ordan çıxarıb yeyirlər.

 

Qalxanbalığı nədir?

Qalxanbalığının, başqa adla desək, kambalanın bütün növləri qiymətli qida sayılır. Avropa paltusunu isə, ümumiyyətlə, balıqların ən ləzzətlisi hesab edirlər. Kambala ailəsinin ən iri nümayəndəsi ağ paltusdur. Bu balığın qara ciyərində A vitamini ilə zəngin olan piyin, balığın ətində isə D vitamininin olduğunu bilən kimi, paltusu məxsusi ovlamağa başladılar və məhz bu balığın ovlanması üçün xüsusi gəmilər düzəldildi.

Lakin kambala ailəsindən  olan, ovluq əhəmiyyətə malik əsas balıq elə Avropa sahillərindəki qalxanbalığının özüdür. Bu balığın qırmızı xalları olan növü də var. Kambala qrupundan olan 500-dən artıq balıq növünün arasında böyük fletanların, adi paltusların, yastı balığın, əyriağızın adlarını çəkmək olar. Onların hamısının fətirəbənzər yastı bədəni olur və bu balıqlar suyun dibində uzana, bir böyrü üstündə üzə bilərlər. Bu zaman onların gözləri bədənlərinin digər böyründə, yuxarı baxan tərəfində olur.

Bir zamanlar kambala ailəsindən olan balıqlar da bütün balıqlar kimi normal üzürdülər, amma bunun nəticəsində düşmənlərinin asan qurbanlarına çevrilirdilər. Bax, elə buna görə də, canlarını qurtarmaq üçün yanakı üzməyə, yanakı uzanmağa başladılar və min illərdən sonra bütün kambalakimilər bu cəhətdən bir-birinə bənzədilər.

Amma daha bir problem vardı. Yanakı uzanmaq o demək idi ki, heyvanın gözünün biri daim palçığın içində olacaq, ağzı isə qidanı rahat qəbul etməyə imkan verməyəcək. Ona görə də uzun minilliklər ərzində bu balıqların bir gözü o birisinin yanına keçdi. İndi kambalanın görkəmi tam ağlasığmazdır. Ən maraqlısı isə budur ki, hər bir kambala balığı bu gün də həmin təkamül prosesini yaşayır. Balıqlar dünyaya gələndə, onların gözü bütün balıqlarınkı kimi olur, amma sonradan gözlərdən biri yerini dəyişib başın bir tərəfindən digərinə keçir.

 

İlbizlər necə yeriyir?

Yəqin, ilbiz görmüsünüz. Yerdə yavaş-yavaş gedir. Ayaq-zad görünmür, amma gedir. Bunu necə elədiyini də anlamaq olmur – ayaqsız da yerimək olar?..

Məsələ bundadır ki, ilbizin bədəninin bütün aşağı hissəsi elə “ayaqdır”! Bu ayağın yastı, hamar səthi var, əzələləri isə ilbizə imkan verir ki, yerlə sürüşə-sürüşə getsin. Daha yaxşı sürüşməsi üçün onun ayağında xırdaca vəzilər var ki, onlardan selikli bir maye ifraz olunur və ilbiz nəm səthin üzərində dalğavarı hərəkətlərlə, sözün əsl mənasında sürüşür. Onun bu ayağı çox maraqlıdır – ilbizə imkan verir ki, heç bir zədə almadan ən iti ülgücün üzəriylə belə hərəkət edə bilsin!

İlbiz bir çox cəhətlərinə görə həqiqətən maraqlı varlıqdır. Məsələn, ilbiz heç vaxt yolunu azmaz. İnstinkti onu hansı məsafədən olursa olsun, mütləq gətirib yuvasına çıxaracaq. Özü də cəmi 15 qram çəkisi olmasına baxmayaraq, arxasınca yarım kiloqramlıq yükü çəkə bilir. İlbizlər, adətən iki növ olur: çanaqlı və çanaqsız.  Çanağın içində yaşayan ilbizin həmin çanağın bütün əyriliklərinə sıx oturan bədəni olur, güclü əzələləri isə təhlükə anında ona imkan verir ki, çanağın içində tam gizlənsin. İlbiz gizlənən kimi, çanağın deşiyini elə çanağın özünün sonunda yerləşən, buynuz qişasından olan disklə bağlayır. İlbizlər ya quruda, ya da şirin suda yaşayırlar.

İlbizin dili yeyəni xatırladır. Onun üzərində yüzlərlə xırda diş var və heyvan, yemi onunla parçalayıb üyüdür.

 

Lamantin nədir?

Lamantin balaca balinaya bənzəyir və balıqlara deyil, məməlilərə aiddir. Amerika lamantini Floridanın, Meksikanın, Mərkəzi Amerikanın çaylarında yaşayır. Onların uzunluğu 2,5-4 metr olur. Bədənlərinin quruluşuna görə lamantin bir az balığı xatırladır, amma quyruğu balıqlarınkına bənzəmir. Lamantinin quyruğu enli, çanağabənzər, kənarları girdələnmiş quruluşa malikdir. Onun qalın, tüksüz dərisi, üst dodağında “bığları” var.

Lamantinlər açıq dənizdə yox, buxtalarda, körfəzlərdə və böyük çaylarda yaşayır. Onlar bir qayda olaraq dayazlıqlara üstünlük verir. Onlar yemlənməklə məşğul olmayanda, suyun dibinə yaxın bir yer seçib orada uzanırlar. Daha dərin suda isə onlar əsasən suyun üzünə yaxın yerlərdə üzürlər. Üzərkən lamantinin başı, ətrafları və quyruğu suda, beli suyun üstündə olur. Lamantinlər dayazlıqda tapdıqları bitkilərlə qidalanırlar. Onlar üzgəclərinin köməyiylə tapdıqları bitkiləri ağızlarına qoyurlar. Bir lamantin gün ərzində 27-45 kiloqramadək qida qəbul edə bilər. Yetkin lamantinin çəkisi, az qala 700 kiloqrama çatır.

Lamantinlərə çox vaxt dəniz inəkləri deyirlər, çünki onlar da inəklər kimi otlayır və daha çox sürü şəklində toplaşırlar. Bu heyvanların adətən, bir balası olur, amma hərdən dünyaya körpələrini əkiz də gətirirlər. Körpəni yedirtmək üçün ana lamantin suyun üzünə qalxır, başını və çiyinlərini sudan çıxarıb balasını üzgəcləriylə döşlərinə sıxır.

Lamantinlər çox ləng heyvanlardır və tamamilə ziyansızdırlar. Lakin bizim günlərdə də bəzi yerlərdə lamantini dərisinə, ətinə və piyinə görə ovlayanlar var.

 

Osminoqlar nə yeyir?

Əgər siz nə vaxtsa suyun altında osminoqla üz-üzə gəlsəniz, ondan uzaq olmağınız məsləhətdir! Doğrudur osminoq təbii ki, görkəmindən, yaxud bizim xəyallarımızdakı təcəssümündən daha təhlükəli təsir bağışlasa da, əslində o qədər qorxulu deyil. Amma bununla belə, onunla görüş çox xoşagəlməz ola bilər. Məsələ bundadır ki, osminoq adamı dişləyə bilər və onun da zəhəri var.

Osminoqun çox möhkəm, tutuquşununkuna bənzəyən çənələri var. Onun dişləməyinin çox ağrılı olduğundan isə danışmağa dəyməz, üstəlik, hələ bu heyvan dişləyərkən zəhər də buraxa bilər. Bu zəhərdən osminoq adətən, ov edəndə bəhrələnir. Məsələn, o, iri yengəci bir göz qırpımında iflic edib yeyə bilər. Osminoqun yemi, əsasən yengəclər, balıqlar və digər dəniz heyvanlarıdır. O bu heyvanları özünün əmici orqanlarıyla tutur və güclü çənəsiylə parça-parça edib udur. Lakin ac osminoq üçün nə yediyinin fərqi yoxdur. O praktiki olaraq, tuta bildiyi, parçalaya bildiyi hər şeyi yeyir.

Osminoqa qeyri-adi görkəmi onun səkkiz qolu verir. Onlar çox uzun və mütəhərrikdirlər. Bu qolların altında əmici orqanlar var ki, istənilən dəniz canlısını tutub saxlamağa kömək edir. İrəliləmək üçün osminoq bu əmici orqanlarından istifadə etmir. Onun bədəninin arxa hissəsində qifabənzər bir sifon var ki, onun köməyiylə heyvan suyu çox möhkəm flşqırda bilir. Bu, ona çox sürətlə hərəkət etmək imkanı verir.

Bəs siz bilirsiniz ki, hələ qədim yunanlar və qədim romalılar osminoqu yemək üçün tuturdular? Romalılar onu ləziz təam sayırdılar. Elə bizim günlərdə də yunanlar, italyanlar və çinlilər duzlanmış, qurudulmuş osminoqları böyük məmnuniyyətlə yeyirlər.

 

Məməli nədir?

İtlər və pişiklər, fil və yarasalar, balina və atlar, meymun və adamlar... Bütün bu canlılar məməli adlanan zooloji sinfə aiddirlər. Məməlilərin bütün qalan heyvanlardan fərqi bundadır ki, onların dişi nümayəndələri balalarına süd vəzilərindən süd verir. Məməlilərin çoxunun balaları dünyaya artıq tam formalaşmış şəkildə gəlir. Amma  quşlar əvvəlcə yumurta qoyur və yalnız bundan sonra həmin yumurtadan bala çıxarır.

Məməlilərin daha bir fərqli cəhəti onların əksəriyyətin də bədənini tam, yaxud qismən örtən tük qatının olmasıdır. Onların hamısı istiqanlıdır, dördkameralı ürəkləri və diafraqmaları var. Məməlilərin əksəriyyətinin quruda yaşamasına baxmayaraq, bəziləri, – məsələn, balinalar, delfinlər suda yaşayır. Bu heyvanların çoxu, məsələn, köstəbəklər və bir çox gəmiricilər yuvalarda yaşayır. Bir qismi isə meymunlar, dələlər kimi gününü ağaclarda keçirir.

Yeganə uçan məməli yarasadır. Alimlər məməliləri xeyli xırda qrupa, dəstəyə bölürlər. Bu dəstələrin ən aşağıda qərar tutanı – yexidna və ördəkburunlar, yaxud yumurtlayan məməlilərdir. Növbəti dəstə natamam dişli heyvanlardır. Sonra dəniz məməliləri, onların dalınca cütdırnaqlı məməlilər gəlir. Yırtıcı məməlilər ət yeyir, gəmiricilər bitki. Həşəratyeyən məməlilərin elə adı onların qidasının göstəricisidir.

Məməlilərin ən ucada duran dəstəsi – primatlar, yaxud caynaq əvəzinə dırnaqları olan məməlilərdir. Primatlara meymunlar və insanlar aiddir.

 

Yer üzündə ən sürətli məməli hansıdır?

İnsan yer üzündə istənilən digər məməlidən sürətlə hərəkət edə bilir... amma öz ayaqlarının köməyiylə yox! Bizim zəmanənin ən sürətli qaçışçısı belə, bəzi heyvanlarla müqayisədə çox zəif görünər. İnsan saatda 35 kilometr sürətlə qaça bilir. Lakin fil, kərgədan kimi ləng heyvanlar belə saatda 40 kilometr qaça bilirlər!

Kifayət qədər sürətli heyvan sayılan cıdır atı saatda 80 kilometr sürət yığır. Ən sürətli tazı isə saatda 60 kilometr sürətlə qaçır.

Əgər biz məməlilərin həqiqi sürətini bilmək istəyiriksə, onların antilop, ceyran kimi nümayəndələrini yadımıza salmalıyıq. Bu heyvanların sürəti saatda 100 kilometrə çatır. Lakin heyvanlar aləminin sürət kralı gillik pişiyi, ya da başqa adıyla desək, geparddır. Onun sürəti saatda 110 kilometrdən artıqdır! Təbii ki, belə sürəti onlar bir mildən artıq saxlaya bilməz, sonra mütləq daha aşağı sürətlə hərəkət etməlidirlər.