Elektron ədəbiyyat və sənət portalı

Azərbaycanda bütün vizaların alınması prosesi vahid portal vasitəsilə həyata keçiriləcək

Bölmə: Beynəlxalq 03.06.2016

AzərTAc xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.

İnam Kərimov deyib: “Son illər Azərbaycanın turizm potensialı, xarici vətəndaşların ölkəmizə marağı artmaqdadır. Bu məqsədlə son illər vizaların sadələşdirilməsi ilə bağlı mühüm tədbirlər görülüb. Lakin bununla belə vizaların verilməsi işinin daha da sadələşdirilməsi zərurəti ortaya çıxıb. Məhz bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərman imzalayıb. Fərmana əsasən bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək. Yəni, xarici vətəndaşlar, turistlər ölkəmizə səfər etmək istədikdə vahid “ASAN Viza” portalına müraciət edəcəklər, bütün zəruri informasiyalarını, sənədlərini təqdim edəcəklər və vizanı da həmin portal vasitəsilə elektron formada alacaqlar. Heç bir dövlət qurumuna və ya özəl təşkilata müraciət etmədən onlayn qaydada vizanı əldə etmək mümkün olacaq. Vizaların verilməsi prosesi üç gün ərzində həyata keçiriləcək”.

Sədr vurğulayıb ki, Fərmana əsasən Xarici İşlər Nazirliyi tərəfindən elektron viza ala biləcək ölkələrin siyahısı müəyyənləşdiriləcək. Yalnız bu ölkələrin vətəndaşları bu xidmətdən yararlana biləcəklər. Əlbəttə ki, digər viza alma prosedurları da öz qüvvəsində qalır. Elektron vizaların verilməsi prosesinə ən qısa müddətdə başlanılacaq.

***

“Azərbaycan Prezidenti İlham Əliyevin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərmanını alqışlayırıq”.

Bu sözləri jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Malena Mard bildirib ki, bu Fərman çox böyük əhəmiyyətə malikdir. Fərman Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axınının çoxalmasına şərait yaradacaq. Bildiyiniz kimi, bu yaxınlarda Avropa İttifaqı ilə Azərbaycan arasında biznes forum keçirildi. Forumda müzakirə olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. “ASAN Viza” bu işə öz töhfəsini verəcək və uğurlu olacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutmasının və növbəti görüşün keçirilməsi ilə bağlı razılığın əldə edilməsinin çox müsbət göstərici olduğunu deyən diplomat vurğulayıb ki, Avropa İttifaqı bu cür görüşlərin keçirilməsini alqışlayır. O deyib: “Biz çox şadıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bu cür addımlar atılır. ATƏT-in Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar”.