Elektron ədəbiyyat və sənət portalı

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Galindo: “Azərbaycan ədəbiyyatı bütün ispandilli ölkələrdə tanıdılmalıdır”

Bölmə: Beynəlxalq 10.06.2016

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Azərbaycan oxucusunun Latın Amerikası, o cümlədən Kolumbiya ədəbiyyatına marağından danışıb. O, xüsusən dünya şöhrətli kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin əsərlərinin ölkəmizdə çox sevildiyini diqqətə çatdırıb.

A.Məsud “Əvvəl dəniz vardı” antologiyasında yer alan şeirlərin də yüksək bədii dəyərə malik olduğunu qeyd edib.

Öz növbəsində Marta Galindo Azərbaycan kitabxanalarında Markes yaradıcılığına olan maraqdan məmnun qaldığını bildirib və bu böyük yazıçının “Patriarxın payızı” romanının hələ 1990-cı illərdə Tərcümə Mərkəzində kitab halında nəşr olunmasını ciddi hadisə adlandırıb.

Bundan sonra qonağa Tərcümə Mərkəzinin fəaliyyəti barədə qısa məlumat verilib. Görüş zamanı layihənin davamı kimi Azərbaycan şairlərinin də şeirlərinin ispan dilinə tərcümə olunaraq Kolumbiyada nəşr edilməsi məsələsi müzakirə  olunub.

İlkin mərhələdə poeziya nümunələrinin sətri tərcümələri hazırlanacaq. İşin keyfiyyətini təmin etmək üçün sonrakı proses dil daşıyıcılarının – ispandilli şairlərin iştirakıyla aparılacaq. Eyni zamanda azərbaycanlı və kolumbiyalı nasirlərin əsərləri də bu müştərək layihəyə cəlb olunacaq.