Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan bayatılarını rusca dilləndirən mütərcim

Bölmə: Müsahibə 10.06.2016

 

Bu təvazökar və eyni zamanda məsuliyyətli sətirlərin müəllifini bugünkü ədəbi nəsil az tanıyır.

Halbuki Azərbaycan ədəbiyyatı inciləri daha çox onun tərcüməsində Rusiyaya, oradan da dünyaya çıxıb. Buna görə də dostları onu “tərcümə ədəbiyyatının canlı klassiki” adlandırırdılar. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza, Əli Kərim, Məmməd Araz, Süleyman Rüstəm, Əliağa Kürçaylı, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və s. müəlliflərin əsərlərini rus dilinə tərcümə edib. “Dədə Qorqud” dastanının, Azərbaycan aşıq şeirinin, Məhsəti rübailərinin, Füzuli qəzəllərinin, Yunus Əmrə və digər klassiklərin rusdilli oxucular arasında əldən-ələ gəzməsi onun əvəzsiz xidmətidir.

Bir dəfə V.Qafarova təklif edilir ki, “Dədə Qorqud” dastanını tərcümə etsin, amma boylardakı “mərə kafər” sözlərini işlətməsin - bu, xristian qonşularımızın xətrinə dəyə bilər. Volodya “Dədə Qorqud”u bir daha diqqətlə oxuyub müqəddiməsini, “mərə kafər”in işlənmədiyi “Dirsə xan oğlu Buğac xan boyu” və “Duxa Qoca oğlu Dəli Domrul boyu”nu tərcümə edir. Ondan nə üçün digər boyları tərcümə etmədiyini soruşduqda bildirir ki, axı onlarda “mərə kafər” sözləri vardı, siz isə dediniz ki... Tərcüməçi orijinalı təhrif etmək istəməmişdi. Bunu onun haqqında yazılan xatirələrdən oxumuşam.

Tərcüməçinin qızı Nadiyə Qafarova ilə söhbətimizdən isə daha çox şey öyrəndim.

Nadiya xanımın danışdıqlarından:

 

Kompüteri qəbul etmirdi

 

“Atam çox ünsiyyətcil adam idi, amma eyni zamanda evdə bəzən özünə qapılırdı, daim əlyazmaları, tərcümələri üzərində çalışırdı. Öz işinə, yaradıcılığına dəlicəsinə vurğun idi. Yaddaşımda əlində qəlyan yazı masasının arxasında oturmuş vəziyyətdə qalıb. Qəlyanı çox xoşlayırdı. Bir məqamı da deyim, biz kompüterdə işləməyi ona öyrədə bilmədik, nə də çap maşınında yazırdı. Qardaşımla onu nə qədər dilə tutsaq da, ömrünün son günlərinə qədər kompüteri qəbul etmədi.

 

“Atamın ilk sevgisi bayatı olub”

 

“Əsərləri adətən qəzet və jurnallarda çap olunurdu. Özü də şeir yazırdı. Hisslərini daha çox rus dilində ifadə edirdi. Hətta ölümündən sonra onun əlyazmaları arasında Azərbaycan dilində yazılmış bayatı və rübailər tapdım. Atam bunları cidd-cəhdlə gizləyirdi. Səbəbini bilmirəm. Bəlkə də düşünürdü ki, kənardan bu, təqlid kimi qəbul oluna bilər.

Biz sağlığında onun əlyazmalarına toxuna bilməzdik. Bu qadağanı özü qoymuşdu. Buna görə də ölümünədək mən onun Azərbaycan dilində şeir yazdığını bilmədim. Zarafatla misralar qoşurdu, amma rübai yazmaq çox ciddi məsələdir axı. Atam rübai və bayatılardan başqa çoxlu ağ şeir də yazıbmış. Bunların hamısını mütləq çap etdirməyi düşünürəm. Çox maraqlı əsərlərdir. Amma onun əsas işi tərcümədən, ən çox da aşıq ədəbiyyatını, bayatıları tərcümə etməkdən ibarət idi. Hətta deyərdim, atamın ilk sevgisi bayatı olub.

Yunus Əmrəni türk dilindən ruscaya ilk dəfə atam çevirib. Böyük təqdimat mərasimi oldu. Səhv etmirəmsə, kitab Türkiyədə də təqdim edildi. Çəkdiyi zəhmətə görə kiminsə ona “afərin” deməsini gözləmirdi. Hesab edirdi ki, Azərbaycan, türk ədəbiyyatını tərcümə edib bütün MDB ölkələri ərazisində yaymaqla bir vətəndaş kimi borcunu yerinə yetirir. Əlbəttə, yaxşı olardı ki, onun əməyi qiymətləndirilsin. Ömrünün son illərində - 90-cı illərdən sonra qəzet-jurnallara yazdı, Bakı Slavyan Universitetində dərs dedi. Amma, təbii, işinin böyük bir hissəsini tərcümə təşkil edirdi ki, onun da müqabilində heç nə qazanmırdı.

 

Sənədlərimizi cırdı ki, getməyək

 

Bəziləri onu qaraqabaq adam hesab edirdi. Özü buna belə aydınlıq gətirirdi: “Mən daim məşğul oluram. Kənar ünsiyyət üçün boş vaxtım olmur, həmin zamanı işə ayırıram”.

Böyük kitabxanamız vardı. Qonaqlarımızın hamısı bu kitabxanaya heyranlıqla baxırdılar. Kim  hansı kitabı axtarsa, bizdə tapardı.

Atamın sənətiylə bağlı bizim də uşaqlığımız ədəbi mühitin içində keçdi. Şair-yazıçı dostları, həmkarları tez-tez bizdə qonaq olurdular.

Ailədə demokratik adam idi. Bizim – uşaqların tərbiyəsi ilə anamız məşğul olurdu. Atamın vaxtı az idi.  Amma, əlbəttə, o da bizə diqqət ayırırdı. Daha çox oxumağımızın qeydinə qalırdı…

Atam çox vətənpərvər adam idi. Vətənini çox sevirdi. Dəfələrlə başqa ölkələrdən dəvət alsa da, qətiyyətlə imtina edirdi. Hətta qardaşımla mən Moskva Dövlət Universitetinə qəbul olunanda atam qəbul komissiyasına gedib bizim sənədlərimizi cırmışdı ki, heç yana getməyəcəksiniz, öz vətəninizdə təhsil alacaqsınız…

 

Özü üçün mahnılar qoşurdu

 

Atamın musiqi təhsili olmayıb, amma yaxşı musiqi duyumu vardı. Ritmi tuta bilirdi. Bu, onun bayatıları tərcümə etməsində də özünü göstərirdi.

Zümzümə etməyi sevirdi. Zümzümə etmək onun həyatının bir hissəsinə çevrilmişdi. Səhərə mütləq çaydan başlayırdı. Armudu stəkanı vardı, çayı yalnız onda içərdi. Sonra qəlyanı əlinə götürüb, bizim bilmədiyimiz hansısa musiqini zümzümə etməyə başlardı. Yəni oxuduğu mahnıların musiqisini də özü qoşurdu. Bununla da özünü işə kökləyirdi.

 

Erməni snayperi və dağılmış kitabxana

 

“90-cı illərdə atam “Na straje Kaspiya” qəzetində çalışırdı. Baş verənləri işıqlandırmaq üçün həmin vaxt böyük bir nümayəndə heyəti Qarabağa yollanmışdı. Atam da getmişdi. Anam nə qədər yalvarsa da, xeyri olmadı. Həmin vaxtlar yaşı da az deyildi, 60 tamam olacaqdı. Bununla belə, əsgər paltarı geyib ön cəbhəyə getdi. Jurnalist kimi müsahibələr alır, xəbərləri işıqlandırırdı. Atam sonradan danışırdı ki, əynində hərbi paltarı görən erməni snayperçisi onu nişan alıbmış. Lakin bizim əsgərlər daha tez tərpənərək düşməni zərərsizləşdiriblər. Bunu danışıb gülürdü. Hərçənd, orada gülməli heç nə yox idi, əksinə, həyatı təhlükə qarşısında olmuşdu. Bundan başqa atam orada erməni əsgərlərin dağıtdığı kitabxananı tapmış, oradan Azərbaycan ədəbiyyatı şedevrlərini, çox dəyərli kitabları çıxarıb evə gətirmişdi. Yəni ən ağır məqamlarda da o, kitab, kitabxana barədə düşünürdü.

 

Vladimir Qafarovun internet saytı açılacaq

 

Onu ünsiyyətcil, gülərüz, zarafatcıl adam kimi xatırlayıram. Xoş xasiyyəti vardı, eyni zamanda çox işgüzar idi. Günlərlə fasiləsiz işləyə bilirdi. Amma, təəssüf ki, bu gün, ümumiyyətlə, kitaba, ədəbiyyata, mütaliəyə maraq azdır. Əsas informasiya internet vasitəsilə əldə edilir. Buna görə də mən indi ciddi şəkildə atamın xatirəsinə həsr olunmuş internet saytı açmaq barədə düşünürəm.  Demək olar ki, hər şey hazırdır, yalnız əlyazmaları elektron varianta keçirmək qalır. Yəqin, internetdə atam barədə informasiyalar, əsərlərini və etdiyi tərcümələri yerləşdirməyim onun yaradıcılığına marağı artırmaq üçün mühüm bir vasitə olacaq. Üstəlik, bu Azərbaycan ədəbiyyatının təbliği baxımından da vacib addımdır. 

 

Dosye: Şair, tərcüməçi Vladimir Qafarov  1935-ci il mayın 19-da Sabirabadda anadan olub.

Bakıda orta məktəbi bitirib, Azərbaycan Dölət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin redaktoru kimi başlayıb (1959-1960). “Literaturnıy Azerbaydjan” jurnalında ədəbi işçi (1960-1963), “Literaturnaya qazeta”nın Azərbaycan üzrə xüsusi müxbiri (1967), “Bakinski raboçi” qəzetində şöbə müdiri olub.

Bədii yaradıcılığa 1952-ci ildə “Oğul” adlı ilk mətbu şeiri ilə başlayıb. Bundan sonra istər respublikada, istərsə də onun hüdudlarından kənarda əsərləri müntəzəm çap edilib. “Gəlin”, “İki qala”, “Lermontov, 123”, “Bürünc külək”, “Küləkli alov” və digər kitabları oxucuların rəğbətini qazanıb. Poetik tərcüməyə böyük əhəmiyyət verib. Azərbaycan el ədəbiyyatı, klassik aşıq poeziyası və s. ruscaya çevirib. Əsərlərini Azərbaycan və rus dillərində yazıb. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi Vladimir Qafarov 2000-ci il iyulun 19-da vəfat edib.

Rəbiqə NAZİMQIZI