Elektron ədəbiyyat və sənət portalı

Qadınsız ev-tufandakı gəmidir,
O nə batır, nə limana yetişir

Bölmə: Ədəbiyyat 10.06.2016

 

Sözə, bədii mətnlərə tarixin bütün dönəmlərində ehtiyac olub. Söz – zamanın biləyindən yapışan, onun nəbzini yoxlayan bir təbib olub həmişə.  Gərdişin əli hər yerdən üzüləndə, dünya  qələmin gücünə, bədii sözə söykənib. Bunu zaman-zaman sınaqlardan keçən ədəbiyyatımız da təsdiqləyir. Təəssüf ki, yazılan gözəl əsərlərlə yanaşı, bu günün mənzərəsi fonunda yaşanan xaotik bir söz bumuna da şahid oluruq. Bu, əsl sözə qiymət verən oxucularda bir xəyal qırıqlığı yaradır. Ədəbi mühitdə yaşananlar, məsələn, yaşından, təcrübəsindən, istedadından asılı olmayaraq, romançılığa  aludə olmağın bu gün bir dəb halını alması, nəticədə sözün urvatdan düşməsi ədəbiyyatsevərləri məyus edir. Belədə yazarlarımızın tarixin dolanbaclarından keçib gəlmiş əsərlərinə bir daha üz tutmağa dərin ehtiyac duyulur. Bu baxımdan, dəyərli ədəbi nümunələrdən örnəklər verməyi planlaşdırmışıq. Beləliklə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəbi Xəzrinin şeirləri ilə missiyamızı davam etdiririk.

 

İSTİQLAL MARŞI

Göz açdığım qədim torpaq,

Dayağımsan sən dünyada.

Doğma anam, ey mehriban,

Ey qəhrəman Azərbaycan!

 

Addım-addım qucağından,

Odlu sellər çağlasa da

Həsrət qaldın sən işığa,

Zaman-zaman, Azərbaycan!

 

Yadellilər damla-damla

Al qanını sordu sənin,

Kimlər sənin göz dikmədi

Torpağına, Azərbaycan!

 

Bayrağını endirdilər,

Ancaq özün əyilmədin,

Alqış bu gün o ucalan

Bayrağına, Azərbaycan!

 

Səhər kimi cavan sənsən,

Tarix kimi qoca sənsən.

Fatehləri diz çökdürən,

Vüqarımsan, Azərbaycan!

 

Öz müqəddəs dağlarından

Günəş kimi uca sənsən,

Yer üzündə mənim Odlar

Diyarımsan, Azərbaycan.

 

Səhərlərin qoy açılsın,

Təzə nurlu bahar ilə,

Gələcəyə mərd addımla,

Uğurla get, Azərbaycan!

 

Şəhidlərin al qanından,

Lalə açmış yollar ilə,

İstiqlalın sabahına

Qürurla get, Azərbaycan!

 

ŞUŞA

Ah çəkir, hay salır dərdli meşələr,

Millətin görəcək günləri varmış.

Mərdlik üzərində ucalan şəhər,

Satqınlıq önündə gücsüz qalarmış.

 

Dedi göylər də ağı,

Rəngi rəngə qatdılar.

Bu ziqiymət torpağı

Nə qiymətə satdılar?

 

Buludlar halay çəkir,

Solur təzə pöhrələr.

“Ərimgəldi” hay çəkir,

Uğuldayır dərələr.

Uca dağları da bu gün yaş boğur,

Qayadan yetimtək baxır qalalar.

Nə orda gözləyən bir gəlin durur,

Nə çarpaz yollarla gələn bir ər var.

 

Namus tapdalandı, biz necə dözdük,

Yer yandı, göy yandı, biz necə dözdük.

Dözdük... günahkarı biz özümüzdük.

 

Deyin, mən bu dərdi çəkim nə qədər.

Ahımdan asiman qoy parçalansın!

Günəşlə yanaşı duran bir şəhər,

Zülmət övladının əlində qalsın?

Vaqif məzarında gəldi dəhşətə,

Daşaltı küləyi - pərişan ruhu.

Görən, necə dözdü bu xəyanətə,

Üzeyir gəncliyi, Natəvan ruhu.

 

Yaşıl kölgəlikdən süründü ölüm,

Gözəllər əlvida dedi həyata.

- Ata, öldür məni qurbanın olum,

Ölüm əsirlikdən xoşdur, ay ata!

 

Ata səndirlədi, titrədi durdu,

Bir güllə qızına, bir güllə özünə

Gözləri yaşaran o ata vurdu,

Dünyaya bəxş etmiş öz övladıyla

O getdi dünyadan qeyrət adıyla.

Eşitdim, qəlbimdə qanım da dondu

Bir nəslin isməti belə qorundu.

 

Fikir asır məni dardan

Dönə-dönə bu gün, Allah!

Uca Şuşam yuxulardan

Həqiqətə dönsün, Allah!

Qovub yadı torpağımdan,

Xalqım qisas alsın, Allah.

Sərçələrin caynağında

Laçın necə qalsın, Allah!

 

Qaytar cahi-cəlalımı,

Uca Allah, qadir Allah!

Yerlə yeksan Xocalımı

Zirvələrə qaldır, Allah!

Milyon qərinədir, min qərinədir

Vicdan üfüqümüz safdır, təmizdir.

Biz indi bildik ki, satqınlıq nədir:

Kürəyə sancılan öz gülləmizdir.

 

Sözlərim bitməyir... susmur haray, ah!

Xəyalən gəzsəm də beş qitəni mən,

Öz Şuşa qitəmə qayıdıb sabah,

Qoyaram şeirimə son nöqtəni mən!

1992

 

 

ŞUŞANIN YOLLARI

Hər yanda bir məclis qurulub gedir,

Buz kimi bulaqlar durulub gedir,

Dağların döşüylə burulub gedir,

Gör necə qovuşur yollara yollar,

Siz nə gözəlsiniz, yollar, a yollar!

 

Dağın ətəyinə qədəm qoyunca,

“Qarqar” uğuldayır dərə boyunca,

Durub hüsnünüzə baxım doyunca,

Baxım heyran-heyran mən sizə, yollar!

İlk dəfə gəlmişik üz-üzə, yollar!

 

Sərin bulaqlardan ellər su içmiş,

Dostunu düşməndən yaxşıca seçmiş,

Burdan Vaqif ötmüş, Vidadi keçmiş,

Gərək ki, onları tanıya yollar,

Onların izləri hanı, a yollar?!

 

Sevirəm çeşməli, sulu dağları,

Vüqarlı dağları, ulu dağları,

Döysə də qar, yağış, dolu dağları,

Dolanıb aparır dağlara yollar,

Bağçalara yollar, bağlara yollar.

 

Dağların zirvəsi ağa bürünür,

Yaşıl quzeylərdən duman sürünür,

Qəlbimdən bu yerə yollar görünür,

Gör necə qovuşur yollara yollar,

Siz nə gözəlsiniz, yollar, a yollar!..

1954

 

 

BAKILIYAM MƏN 

Xəzər sahilində doğulmuşam mən,

Laylamı çalmışdır dalğalar mənim.

Günəşli evimin pəncərəsindən,

Üstümə nur səpmiş ilk bahar mənim.

 

Xoşdur torpağımın isti nəfəsi,

Sevdiyim vətənin çölü, düzüdür.

Hər uca buruğun aramsız səsi

Mənim ürəyimin döyüntüsüdür.

 

Bu torpaq öz yurdum, öz məkanımdır,

İnsan nə xoşbəxtdir öz diyarında!

Mənim qara neftim mənim qanımdır,

Axır vətənimin damarlarında.

 

Düşmənlər üstümə gəldiyi zaman

Doğrultdum ellərin etibarını.

Mənim odlu neftim axdıqca hər an

Söndürdü davanın alovlarını.

 

Öz doğma yurdumun bahar yaşında

Əlimlə qurulur xoşbəxt gələcək.

Durmuş buruqlarım dağlar başında

Sülhün yenilməyən keşikçisitək.

 

Burda addım-addım dolaşsan, gəzsən,

Hər daşın, torpağın bir tarixi var.

Tikirəm dağların sinəsində mən

Hər gün dağlardan da uca binalar.

 

Qismətim olmuşdur gözəl bir bahar,

Yoluma nur səpmiş anamız vətən.

- Haralısan? - deyə məndən sorsalar,

Vüqarla söylərəm: - Bakılıyam mən.

 

 

QADINSIZ EV

Həyat yoldaşım Gülarə xanımın xatirəsinə

Çiyinlərdə yerin-göyün qəmidir,

Ah çəkirsən asimana yetişir.

Qadınsız ev - tufandakı gəmidir,

O nə batır, nə limana yetişir.

 

Ağır dərdlər faciənin gücüdür,

Nə sevinib, nə də gülə bilirsən.

Qadınsız ev xəstəxana küncüdür,

Nə dirilir, nə də ölə bilirsən.

 

Fəlakətdə neçə-neçə sirr yatır,

Səni yıxır, polad kimi o sınmır.

Qadınsız ev - günəşsiz bir dünyadır,

Nə od yansa qızınmır ki, qızınmır.

 

Sən bir quşsan, ruhun sınmış qanaddır

Heç baxma ki, külək sərin, meh ilıq...

Qadınsız ev - ulduzsuz kainatdır,

Həmdəmindir sükut ilə qaranlıq.

 

Ey kişilər, sevginizi əzizləyin cahanda,

Qadınlığın sədaqətdir ilk adı.

Vay o gündən ömrün axır anında,

Gözünüzü qapayan da olmadı!