Elektron ədəbiyyat və sənət portalı

Sofi Marso - təsadüfdən başlanan möhtəşəm karyera

Bölmə: Mədəniyyət 10.06.2016

sl adı Sofi Daniel Silviya Mopyü olan Sofi Marso 17 noyabr 1966-cı ildə Fransada Parisətrafı Jantilyi şəhərində dünyaya gəlib. Fransa kinematoqrafının gələcək ulduzu sadə, kasıb ailədəndir. Sofinin atası dükanda satıcı, anası isə treyler sürücüsü idi. Əksər yaşıdları kimi, balaca Sofi də aktrisa olmağı arzulayırdı. Hələ lap kiçik yaşlarından o, mahnı oxuyur, rəqs eləyirdi, ancaq xaraktercə çox utancaq və qorxaq olan bu balaca qız adamların yanında oxumağa, oynamağa qorxurdu.

Sofi Marso həmişə nümunəvi uşaq olub, məktəbdə əlaçı olan bu qız heç vaxt dərsdən qaçmayıb. Lakin bu, təxminən 14 yaşına qədər belə davam etdi. Artıq yeniyetməlik dövründən rəfiqələrinin gəzintiyə çıxmaq, əylənmək təklifini rədd edə bilmədi.

 

Karyerasının başlanğıcı

 

Sofi Marsonun taleyini tamam dəyişən sənət yolu çox maraqlıdır. Çox ağıllı və sözəbaxan uşaq olan Sofi rəfiqələrindən öyrənir ki, rejissor Klod Pinotonun filmində baş rolda çəkilmək üçün sınaq çəkilişləri aparılır. Bunu öyrənən kimi, Sofi sınaq çəkilişlərinin aparıldığı meydançaya üz tutur. Valideyinlərinin qorxusundan Sofi anketdə soyadını başqa cür yazır. Sınaq çəkilişlərinə Marso küçəsi ilə gedən Sofiyə küçənin adı xoş gəlir və onu özünə təxəllüs kimi götürür.

Minlərlə iştirakçının içindən rejissorun, sadə ailədən olan 14 yaşlı Sofini seçməsi hamını, o cümlədən, qızın özünü də təəccübləndirir. Beləliklə, Sofinin kinoda ilk addımı “Bum” filmində oynadığı rolla başlayır və film böyük uğur qazanır. Bu film yeniyetmə Sofiyə şöhrət gətirir. Tezliklə onu “Bum 2” filminə dəvət edirlər və aktrisa bu dəfə bir az da bəyənilir. Daha sonra yenə onun iştirakıyla “Bum 3” filmi çəkilir. Bu filmlə tənqidçilər Marsonu bir aktrisa kimi qəbul edirlər. Sofi filmdəki roluna görə “Sezar” mükafatının “Ən perspektivli aktrisa” və “Ən yaxşı kinodebüt” nominasiyalarına layiq görülür.

Sofinin “Bum” filmində çəkilməsi ona yeni imkanlar yaratdı, yeni təkliflər almağa başladı. Şöhrətə, ulduz həyatına alışmamış, qəfildən ulduzu parlayan yeniyetmə Sofi üçün bunlar çox maraqlı və cəlbedici idi.

Qızlarının uğurunu görən valideynləri Sofinin fikrini soruşmadan Fransanın ən məşhur, ən nüfuzlu kinoşirkəti olan “Qomon” ilə 5 il müddətində müqavilə bağlayırlar. Gözlənildiyi kimi, bundan sonra aktrisanın həyatı çətinləşir, şirkət öz qanunlarını diktə etməyə başlayır, nəyin yaxşı, nəyin pis olduğunu onlar təyin edir, bir sözlə, Sofi Marsonun aktrisa imici üzərində işləyirlər. Həmin dövrdə artıq tanınmış və öz ambisiyaları olan aktrisa belə işbirliyinə, şirkətin təzyiqinə dözmür və müqaviləni ləğv eləmək qərarına gəlir. Lakin şirkətin nüfuzunu və müqavilənin şərtlərini nəzərə alsaq, bu imtina aktrisa üçün o qədər asan başa gəlmir. Məsələ məhkəmə salonuna gedib çıxır və məhkəmə qərar çıxarır ki, müqaviləni pozduğuna görə aktrisa “Qomon” şirkətinə 1 milyon frank ödəməlidir. Məhkəmədən sonra Sofi Marso cəriməni ödəyə bilməyəcəyindən və buna görə dəmir barmaqlıqlar arasına düşəcəyindən qorxur. Həyatının ən böhranlı dövrlərindən birində onun köməyinə həmin zaman sevgilisi olan polyak rejissoru Anjey Julavski gəlir. Julavski Marsoya yaxşı vəkil tapır, aktrisa prosesi udur.

 

Sofi Marsonun yüksələn karyerası

 

16 yaşında Sofi artıq bir aktrisa kimi xeyli püxtələşmişdi. Bu dövrdə o, Katrin Denyov və Jerar Depardye kimi geniş yaradıcılıq imkanlarına malik aktyorlarla “Fort Saqan” filmində çəkilir. Bundan sonra Depardye ilə yenə eyni çəkiliş meydançasını paylaşır. Onlar Moris Pyalanın “Polis” filmində tərəf-müqabili olurlar. Bir-birinin ardınca uğurlu layihələrə imza atan Marso, Fransanın ən məşhur və ən nüfuzlu aktyorlarından birinə çevrilməyə başlayırdı. Onun ilk dəfə ingilis dilində ifa etdiyi, 1995-ci ildə Mel Gibsonun “Cəsur ürək” filmində yaratdığı şahzadə İzabella obrazı da çox uğurlu alınır. O, İzabellanı tamamilə fərqli şəkildə yaradır.

Bu film Oskar mükafatı almasa da, Sofi Marso istedadlı aktrisa kimi qəbul edildi və Hollivudu fəth edə bildi.

 

1995-ci il filmoqrafiyası

 

Aktrisa kimi şöhrət qazanmış Sofi Marso 1990-cı illərdə özü rejissorluq etməyə başladı. Rejissor kimi ilk işi isə “Tərsinə şəfəq” adlı qısametrajlı film oldu. Film Kannda keçirilən “İnamlı baxış” festivalına təqdim edildi. Lakin heç bir mükafat almadı. Bir ildən sonra isə Sofinin yarımbiqorafik “Yalançı qadın” əsəri işıq üzü görsə də, roman tənqidçilər tərəfindən o qədər də müsbət rəy almır. Ancaq illər keçdikdən sonra aktrisanın özünün də romana baxışı dəyişir və tənqidçilərlə eyni mövqedə durur.

 

Ən məşhur filmləri

 

Özünü müxtəlif obrazlarda sınayan aktrisa oynadığı rollarıyla xarici rejissorların da diqqətini cəlb edirdi. Bir çox adlı-sanlı əcnəbi rejissor onu öz filminə dəvət etməyə başladı . Artıq utancaq Sofidən əsər-əlamət də qalmamışdı, o, açıq-saçıq səhnələrə də çəkilirdi. Yuxarıda adı çəkilmiş “Cəsur ürək” filmi aktrisanın Hollivudda çəkildiyi yeganə film olmadı. 1997-ci ildə rejissor Bernar Rouz rus yazıçısı Lev Tolstoyun eyniadlı romanı əsasında “Anna Karenina” filmini çəkdi. Bu kinofilmdə aktrisa baş rolu ifa edirdi.

Marsodan başqa çəkiliş meydançasında Şon Bin, Alfred Molin kimi aktyorlar var idi. Bundan sonra Sofi Marsonu cəsur Britaniya agenti Ceyms Bond haqqında olan “Bütöv dünya da azdır” filminin bir seriyasında çəkilməyə dəvət edirlər. Bu film 1999-cu ildə ekranlara çıxdı. Filmdə aktrisa agent 007-yə qarşı mübarizə aparan hiyləgər və insanları yolundan azdıran cani Elektra Kinq obrazını yaratdı. Sofi Marso həmçinin tez-tez birinci əri, rejissor Anjey Julavskinin də çəkdiyi filmlərdə rol alırdı. Marsonun çəkildiyi “Fanfan sevgisinin ətri” və “Tələbə qız” filmləri, təəssüf ki, tamaşaçı tərəfindən soyuq qarşılanır və uğur qazana bilmir.

 

Şəxsi həyatı

 

16 yaşında Sofi ilk evliliyini yaşayır. Bu, 42 yaşlı polyak rejissoru Anjey Julavski olur. Yaş fərqi onların bir-birini dəlicəsinə sevməsinə mane olmur. Anjeyə aşiq olan aktrisa ona görə Polşaya köçür, polyak dilini öyrənir və orada yaşayır. Anjey onun üçün hər şey idi – həm ehtiraslı sevgili, həm də qayğıkeş ata. Sofinin dediyinə görə məhz Julavski onu qorxaq, lakin cazibədar qızdan yüksək profilli aktrisaya çevirib. Aktrisa tamamilə haqlıdır. Məhz Julavskinin “Dəli sevgi” (1985), “Mənim gecələrim sizin gündüzlərinizdən gözəldi” (1989) və “Mavi not” (1991) filmləri tamaşaçılara Marsonun aktyor potensialını göstərdi. Məhz həmin filmlərdə aktrisanın əsl istedadı üzə çıxdı. Hərçənd ərinin rejissorluq etdiyi filmlərdə çəkilmək Sofiyə nə pul, nə də şöhrət gətirirdi. Ancaq o, bunlara fikir vermirdi və tez-tez deyirdi ki, sevgi xatirinə nəinki pulsuzluğa, hətta ölümə də hazırdı. Ancaq onların ailə həyatı aktrisanın istədiyi kimi uğurlu alınmır. Anjey Sofini yalnız aktrisa, sevgili kimi görürdü, ancaq o, Anjeydən uşaq dünyaya gətirib bütöv ailəyə çevrilmələrini istəyirdi. Anjey isə qətiyyətlə bunu rədd edirdi.

Lakin bu vəziyyət çox davam etmir, 1994-cü ildə Sofi ərinin qarşısında şərt qoyur: ya onların uşağı olacaq, ya da o, Anjeyi atıb gedəcək. İnadkar Anjey yenə razılaşmır. Ayrılmaqda qərarlı olan Marso, Polşanı tərk edib Amerikaya “Cəsur ürək” filminin çəkilişlərinə gedir. Sofinin onu birdəfəlik atacağından qorxan rejissor okeanın o tayına gedib Sofinin könlünü alır, ondan üzr istəyir. Onlar evə bir yerdə qayıdırlar və 1995-ci ildə oğulları Vensan dünyaya gəlir. Bu münasibətlə Julavski Sofiyə Varşava ətrafında böyük malikanə bağışlayır. Ev başdan-ayağa əntiq əşyalarla doldurulmuşdu. Belə bir ev sahibi olmaq Sofinin uşaqlıq arzusu idi. Ancaq bunlara baxmayaraq, bu münasibət sonacan davam etmir və 2002-ci ildə onlar rəsmi şəkildə ayrılırlar. Bununla belə, Sofi Marso və Anjey Julavskinin nikahı nə az, nə çox, düz 16 il sürdü.

Sofi Marsonun ikinci sevgilisi amerikalı prodüsser Cim Lemli olur. Onların tanışlığı hələ “Anna Karenina” filmindən başlayır. Lakin özü də bilmədən Cimin “toruna” düşən Sofi, Anjeylə nikahına son qoymaq qərarına gəlir və Cimlə ailə qurur. Onlar münasibətlərini rəsmiləşdirməyə ehtiyac duymurlar. Bu nikahdan aktrisanın qızı Jülyet dünyaya gəlir. Bundan sonra Sofi filmlərdə az çəkilirdi. Aktrisa vaxtının çoxunu uşaqlarına həsr etməyə çalışırdı. Aktrisa aradabir bəzi filmlərdə rol alsa da, həmin filmlər o qədər də uğur qazana bilmir.

Aktrisanın Cimlə olan vətəndaş nikahı birinci kimi uzun çəkməsə də, Sofiyə çox gözəl hisslər yaşatdı, aktrisa qız anası oldu. İkinci həyat yoldaşından ayrıldıqdan sonra Sofi Marso qərara gəlir ki, özünü uşaqlarına, teatra və sevdiyi məşğuliyyətlərə həsr etsin.

Lakin çox keçmir ki, yeni bir sevgi macərası yaşamağa başlayır. 2007-ci ildə aktrisa Kristofer Lambertlə tanış olur. Onların isti münasibətləri tezliklə böyük məhəbbət romanına çevrilir. 2012-ci ildə Sofi Marso ikinci dəfə rəsmi şəkildə ərə gedir. Lakin 2014-cü ildə onlar ayrılırlar. Boşanmaq barəsində cütlük mətbuata açıqlama verməkdən imtina edir.

Sofi Marso həm də reklam ulduzudur. O, “Şome” (“Chaumet”) zinət evinin simasıdır. İndi Sofi Marso aktiv həyat tərzi keçirməyə çalışır, tez-tez yeni filmlərdə çəkilir, teatr səhnəsinə çıxır.

Boş vaxtlarında o, sevdiyi yazıçıların yağlı boya ilə portretlərini çəkməyi xoşlayır. Bundan başqa, Sofi Marso xeyriyyə işləri ilə fəal şəkildə məşğul olur.

2012-ci ildə isə onu Fransanın milli rəmzi olan Mariannanın prototipi seçiblər. Marsoya qədər bu şərəfə Bricit Bardo, Mirey Matye, Katrin Denyov və Letisiya Kast layiq görülüb.

NARINGÜL