Elektron ədəbiyyat və sənət portalı

Yulian Tuvimin gündəliyindən

Bölmə: Ədəbiyyat 17.06.2016

 

Əsəbi adam

12 dekabr

Dünən görüşə hazırlaşırdım. Təhlükəsiz ülgüclə üzümü qırxdım. Tüklərim sərt olsa da, saqqalımı yetərincə yaxşı təraş edə bildim. Kefim də pis deyildi. Əzablarım, nişastalı frak köynəyimi geyinəndə başladı; onun yaxalığını düymələyəndə elə bildim ki, bu dəqiqə partlayacağam. Barmaqlarım uyuşdu. Qeyri-insani qüvvə ilə boynumun ardındakı taxta düyməni bağladım. Dərhal da irəlidəki açıldı. Sanki amanabənd imiş. Başqasını tapmadım. Ondan altdakı düyməylə bərkitmək lazım gəldi. Axırda güc-bəla ilə bağlaya bildim. Amma güzgünün qabağında qalstuku bağlayanda, yaxalıqda qan damcısı gördüm. Görünür, buxağımdan düşmüşdü. Silmək istədim, amma əvəzində ləkəni daha da yaydım. Köynəyi və yaxalığı qayçının köməyilə çıxardım. Görüşə getmədim.

 

13 dekabr

Bu gün dayanacaqda on yeddi nömrəli avtobusu gözləyirdim. Əvvəlcə doqquz nömrə gəldi. Sonra beş. Sonra yenə doqquz. Axır ki, uzaqda ikirəqəmlisi göründü - on doqquz. Sonra iyirmi üç. Yenə də beş. Bu vaxt əsəbiləşdim. Taksi saxladım. Taksi tərpənəndə on yeddi nömrə gəldi.

 

14 dekabr

İntizar məni hiddətləndirir. Bu gün şirniyyat dükanının yanındakı telefon növbəsində altıncı idim. Qadınlar çox yerli-yataqlı danışırdılar. Biri yanındakı qadına gecə barda cürbəcür fahişələrin nə geyindiklərindən danışırdı. Bir başqası isə bir kişiyə hansısa işi görə bilməyəcəyini izah eləyirdi. Növbə üstündə biriylə tutaşdım. Nəticədə yerimi saxlamağa, köşkə ondan da qabaq girməyə nail oldum. Yığdığım nömrə məşğul idi. İyirmi dəqiqə gözləyəndən sonra! Sözləşdiyim adam istehzayla güldü. Yenə növbəyə durdum. Məndən qabaqda dörd nəfər var. Dörd qadın.

 

16 dekabr

Bu gün şirniyyat dükanında bir nəfərə göz qoydum. O, əlağacını stulun söykənəcəyindən asdı. Əlağacı bir qədər asılı qalıb yerə düşdü. Həmin adam ağacı qaldırıb yenə asdı. Əlağacı, əlbəttə ki, yenə düşdü. Beləliklə, bir neçə dəfə bu, təkrar olundu. Bütün bu müddət ərzində əsəbiləşirdim – əlağacının nə vaxt düşəcəyini gözləyirdim. Amma məni hər şeydən artıq həmin adamın qanmazlığı dəli eləyirdi. Üç-dörd uğursuz cəhddən sonra o, nəhayət, anlaya bilərdi ki, düşməməsi üçün başqa cür asmaq lazımdı. Ancaq bu kütbeyin bunu başa düşmədi.

 

17 dekabr

Artıq beşinci gündür qayış taxmıram. Köhnəsi qırıldı, təzəsini isə ala bilmirəm. İlahi! Dükanda qayış seçməliyəm! Necə olması məndən ötrü fərq etməz, oradasa bir neçə qutu açacaqlar… “Bəlkə sizə əsl ingilis qayışı verək?..” Tərifləməyə, göstərməyə başlayacaqlar. Axır ki, qət elədim. Dedim: «Mənə qayış verin». «Bağışlayın, hansından?» Cavab verdim: «Cekson və Humperdinidən, orijinal olsun, deşikli, özü də on doqquz yarım ölçüdə!» Heyrətlənmiş satıcı üzümə baxıb nəzakətlə: «Ondan yoxdur», - dedi. Mən etinasızcasına, əda ilə oranı tərk elədim.

 

18 dekabr

Şalvarımı köynəyimə iplə bərkidirəm, çox da yaxşı saxlayır. Kefim pis deyil. Diş həkiminin yanına getdim. Çox uğurlu oldu. Onu evdə tapmadım.

 

19 dekabr

Sifətim şişib. İngilis ipi köynəyimi cırır. Qulluqçu bir lampa gətirdi, bir xeyli silkələmək lazımdı ki, azacıq işıldasın. Pərdələri açmalı olduq. Otaq boş, işıqlıdı. Staşek zəng vurmuşdu, əlyazmasını geri istəyirdi. Onu neylədim, bilmirəm. Sən demə, o parazitdə «surəti» yox imiş. Soruşan gərəkdir ki, niyə yoxdur?

 

20 dekabr

Üzüm şişir, şişir, amma ağrımır. Diş həkiminə getməyimdə təkid eləyirlər. Staşek gəlib qalmaqal saldı: «Qəzetə yazacağam». Yaz, özünü boğ. Qayış kəmər taxıram. Yaxşı görünür, amma əsəbiləşdirir. Karandaşları qədləyirəm. Hamısını qədlədim, biri də qalmadı. Yeməyimin içindən də tük çıxdı.

 

21 dekabr

Şişməni dayandırmaq üçün qayışı üzümə köçürməli oldum. Kömək eləmir. Ağrımağa başlayır. Pərdələri hələ asmamışıq. Əməlli-başlı yır-yığış eləyirlər. Kitablarımı rəflərdə formatına və cildinin rənginə görə düzdülər. Qulluqçuya ağzıma gələni dedim. Çıxıb gedir - yır-yığışın qızğın vaxtında. Staşek məktub göndərib. Üç gündür üzümü qırxmıram. Dişim get-gedə daha artıq ağrıyır. Bir əlimlə üzümü, o biri əlimlə şalvarımı tutub elə hey otaqda çırpınıram.

1926

 

Tanışlar haqqında

Haçansa əl verib görüşdüyünüz, adınızı deyib, yəqin ki - «Çox şad oldum!» sözlərini əlavə etdiyiniz adama “tanış” deyilir. Tanış - dərhal tanışlıqdan sui-istifadə eləməyə başlayır, sizinlə küçədə salamlaşır, sizi «şəxsən» tanıdığına əməllicə inanır, çünki əvvəl yalnız «üzdən» tanıyırmış. Tanışlar həmişə köhnə və yaxşı olurlar. Bir dəfə də eşitməmişəm ki, desinlər: «Bu, mənim yeni və pis tanışımdır». Köhnə və yaxın tanış barədə az qala addımbaşı eşidirsən.

Tanışlığın baş verməsi üçün adamları bir-birinə təqdim eləmək lazımdır. Bir qayda olaraq, bu mərasim üçüncü şəxsin nəzakət dolu vasitəçiliyi ilə baş verir. Üçüncü şəxs sizin tanışınızdır, onun da sizin tanımadığınız tanışı var. Buna görə də, üçüncü şəxs tanış olmadığınız adamı sizə təqdim edib deyir: «İcazə verin, təqdim eləyim – pan Sıbulyak» (başqa soyad da ola bilər). Sonra Sıbulyak deyir: «Sıbulyak», yaxud «İcazənizlə, Sıbulyak”. Əgər təsadüfən onunla həmsoyad olursunuzsa, siz də deyirsiniz: «Sıbulyak», yaxud «Elə mən də Sıbulyak». Hər iki Sıbulyak bir-birinin əlini sıxır – həmin dəqiqədən artıq tanış olmuş olurlar. Ömürlük. Yeni tanış, öz növbəsində, hamınıza öz tanışlarının hamısını, o tanışlar da öz tanışlarını təqdim eləyə bilər – beləcə, sonsuzluğacan sürər. Qorxulu olan da elə budur.

Bir dəfə, məktəbli olduğum vaxtlarda, qazlı su köşkündə pul xırdaladım – susatanın xırdası yox idi – ürəyiyanan birini xilas elədim. Səxavətimə görə minnətdarlığını bildirən adam özünü təqdim elədi. Bu hadisə 1912-ci ildə baş verdi. O vaxtdan həmin adam mənə küçədə təzim edir. Həm də çox ürəkdən! Qazlı su köşkündə o, tər-su içində idi, istidən pörtmüş bir oğlan idi. İndi həmin o oğlanın saçı ağarıb, ağır-ağır nəfəs alan kök öküzə çevrilib. Onun astması var, üç uşağıyla Zemyanskinin yanına dondurma yeməyə gedir, mənimlə də orada salamlaşır. Məni görəndə sevinsə də, tədbirli adam olduğundan, bilir ki, aramızda ortaq bir şey yoxdur, buna görə də, yaxınlaşıb söhbətə girişmir. Bu, ölüncəyə qədər davam edən ən sadə və nisbətən daha az zərərli tanışlıq növüdür.

Bəzən bundan da pis olur. Nəhs tanışlar çıxır. Dəhşətdirlər. Yaxınlaşıb söhbətə girişirlər:

- Nə vaxtdır görüşmürük! İşlər necədir?

Adətən cavab verirsən:

- Pis deyil… Yavaş-yavaş gedir…

- Bu gün çox istidir!..

- Hə.

- Deyəsən, yağış yağacaq axı.

- Görünür.

- Bura boşdur?

Sonra oturur. Oturur, çünki tanışdır. Tanışdır, çünki bir dəfə Sıbulyak onunla küçədə gedirdi, tanışım olduğundan, məni saxlayıb işlərimin necə olduğunu soruşdu və onu təqdim elədi.

- Sıbulyakı görürsünüz?

Sıbulyak, elə bil, rabitəçidir. Həmsöhbətim əmindir ki, Sıbulyak – məndən ötrü canlı və əziz bir şəxsyyətdir. Sıbulyak – mənim və həyatım haqqında həmin adama məlum olan budur. Sıbulyak ortaq tanışımızdır. O, bizi tanış eləyən adamdı, ola bilsin, həmsöhbətimə də mənə olduğu qədər uzaqdır, amma söhbəti başlamaq üçün Sıbulyak vacibdir. O, müəyyən mistik amildir, sanki sehrkar çubuğudur. Qızğın söhbət davam edir:

- Sizin işləriniz necə gedir?

- Pis deyil, sağ olun.

- Yazırsınız?

- Yazıram…

- Bu yaxınlarda oxudum ki, kitabınız çıxıb.

- Belə bir şey olub.

- O kitabı hardan tapmaq olar?

- Kitab mağazasından.

- Mütləq alacağam.

- Yaxşı.

Axı bilirəm ki, almayacaq, bu, onu qəti maraqlandırmır, maraqlandırmamalıdır, maraqlandıra da bilməz. O, qəhvə içir, tutqun nəzərlərlə harasa baxır, mənim papiroslarımdan çəkir, hökuməti tənqid eləyir, deyir, ağır zəmanədi, şikayətlənir ki, «işləri yaxşı getmir», Pilsudski barədə nə fikirləşdiyimi soruşur («ümumiyyətlə, necə deyərlər…»), Rusiya ilə ticarətin səmərəliliyinə inanmır, iş-güc adamları kimi söyləyir ki, ədəbiyyatla güzəran keçirmək, yəqin, çətindi, axırda teatr kontramarkası almaq üçün məktub istəyir.

Tələsik yazıram, deyirəm, tələsmək lazımdır.

- Niyə axı? Hələ saat dörddü…

- Siz gedib çıxanacan…

Çıxıb getdi.

Bu, sizinlə «işi olmayan» tanışdır. Amma «işi olan» tanışlar da var. Onlar da eynilə qorxuncdular.

- Elə sizi axtarırdım! Bilirsiniz, «Göy quş» kimi bir teatr yaratmışıq. Pul, yer, icazə, truppa – hər şey var. Repertuar lazımdır…

Yaxud:

- Jurnal açırıq… Bilirsiniz, o jurnal filan adamları bir yerə yığardı və i.a.

Yaxud:

- Salam! Yaxşı ki, sizə rast gəldim! Sizinlə işim var. Qohumum ədəbiyyata meyil eləyir, dillər bilir, tərcümə eləyir. Çox qabiliyyətli xanımdır. Sizdə ondan ötrü bir iş yoxdur ki?

Dərhal deyirəm, yoxdur.

- Birdən, olar!? Qoyun, hər ehtimala qarşı, telefon nömrənizi yazım, sizə də öz nömrəmi verim, əgər bir şey öyrənsəniz…

Karandaş, kağız axtarmaq və i.a. əzabı başlayır.

Teatr, jurnal heç vaxt olmayacaq. Tanışım bunu bilir. Amma, bununla belə, əl çəkmir. Dil bilən qohumu ərə getməlidir. Tanışımın bundan da xəbəri var. Amma başımı yenə xarab eləyir.

Nəyə görə? Soruşuram, nəyə görə?

1926

Tərcümə edən: Nəriman ƏBÜLRƏHMANLI