Elektron ədəbiyyat və sənət portalı

26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

Bölmə: Tarix 26.06.2016

1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Geostrateji mövqeyinə görə böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.

Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi.

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları vardı.

Sovet hakimiyyəti dövründə də Rusiya İmperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Çar dövründən fərqli olaraq azərbaycanlı gənclər artıq hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd, təbii ki, azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. O vaxt bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu.

C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərdilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrildi.

Amma hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanun qəbul edilsə də, mütəşəkkil ordu yaratmaq mümkün olmamışdı. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi.

Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm Prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusuna keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının yardımı ilə 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.

Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan, hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.

Ölkəmizin müdafiə potensialının əsaslı şəkildə möhkəmləndirilməsində Müdafiə Sənayesi Nazirliyinin yaradılması da mühüm rol oynadı. Qısa müddətdə rəqabətə davamlı müdafiə sənayesini formalaşdıran Azərbaycan artıq NATO standartları səviyyəsində məhsullar istehsalını qaydaya salır və beynəlxalq müdafiə sənayesi sərgilərində uğurla təmsil olunur. Bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin xətti ilə ölkəmizdə hərbi təyinatlı məhsullar - patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar, pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika və pilotsuz təyyarələr istehsal olunur. Yəni, Azərbaycan Ordusunun təchizatı bu gün ordu quruculuğu işində böyük uğurlara imza atan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də  çıxışlarında vurğuladığı kimi, həm də daxildə istehsal olunan məhsullar hesabına formalaşır.

Bu gün Azərbaycan büdcəsindən hərbi xərclər üçün ayrılan vəsait 3 milyard dollardan artıq - Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Günümüzdə hərbçilərin məişət problemləri də həllini tapır. Yeni hərbi hissələr, bazalar tikilir. Azərbaycan beynəlxalq təcrübəni mənimsəyir, Türkiyə ilə hərbi əməkdaşlıq edir, birgə təlimlər, uçuşlar həyata keçirir. Orduda struktur islahatlarından sonra modernizasiya işi həyata keçirilir, təlim və təhsilə diqqət yetirilir. Bu gün Azərbaycan ordusu dünyanın ən qüdrətli ordularından biridir.

Bu yaxınlarda düşmən qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhə xəttində baş verən hadisələr də ordumuzun döyüş qabiliyyətini bir daha sübut edir. 2016-cı il aprelin 1-dən 5-dək davam edən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdi. Bununla da, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Şübhəsiz ki, bu uğurlu əməliyyatlar ordumuzun qüdrətini sübut edir və biz inanırıq ki, tezliklə, bütün Qarabağ ərazisində - Laçında, Şuşada, strateji əhəmiyyəti olan bütün yüksəkliklərdə Azərbaycan bayrağı dalğalanacaq. Həmin günün çox yaxında olduğuna inanırıq. Bu inama əsas verən qüdrətli ordumuzdur!

Hazırladı: RƏBİQƏ