Elektron ədəbiyyat və sənət portalı

Faşist Serjin heykəli

Bölmə: «Aydın Yol»çular 24.06.2016

Heykəlin təntənəli açılış mərasimində prezident Serj Sarkisyan başda olmaqla rəsmi şəxslər iştirak edib. Heykəlin açılışı dünya dövlətləri tərəfindən birmənalı qarşılanmayıb. Rusiya, Almaniya, Fransa, İsrail və digər dövlətlər faşistlərlə yaxın əlaqəsi olan bir şəxsə heykəl ucaldılmasından narahat olduqlarını dilə gətiriblər.

Amma ermənilər, həmişə olduğu kimi, bu dəfə də öz çirkin əməllərinə mələk donu geyindirməyə çalışıblar. Məsələn, parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib: “Qaregin Njdenin İrəvanda abidəsi ona görə qoyulub ki, o, həqiqətən erməni xalqının milli qəhrəmanıdır. Aleksandr Nevski, Alekandr Suvorov, marşal Kutuzov, Baqration, qardaş rus xalqının milli qəhrəmanı olduğu kimi, Njde də erməni xalqının milli qəhrəmanıdır”.

Müqayisəyə bir bax! Özünü sivil və demokratik dövlət adlandıran Ermənistan, əslində bu addımı atmaqla dünyaya meydan oxumaqda, insani dəyərləri ayaq altına atmaqda davam edir. Başqa sözlərlə desək, Njdeyə abidə qoyulması erməni dövlətinin xarakterini və mahiyyətini göstərir.

İndi təsəvvür edin, valideynləri ilə gəzintiyə çıxmış məktəbli şəhərin mərkəzindəki bu uca heykəli görüb soruşur:

- Ata, bu kimin heykəlidir?

- Qaregin Njdenin.

- Kimdir bu Njde? Qəhrəmandır?

- Yox.

- Bəs kim?

- Faşist.

- Faşist? Bəs müəllim deyir ki, faşistlər pis adamlardır. Onlar müharibə aparıblar, milyonlarla günahsız insanı öldürüblər, adamları diri-diri sobada yandırıblar...

- Elədir... amma... bilirsən, oğlum, Njde yaxşı faşist olub...

- Sən demişdin ki, babanı müharibədə faşistlər öldürüb. Əgər onlar yaxşı idisə, babamızı niyə öldürüblər?

Uşaq çaşbaş qalıb. Bilmir müəllimə inansın, yoxsa atasına. Ata da çıxılmaz vəziyyətdədir. Övladına bu faşist heykəlinin mahiyyətini və məqsədini necə izah edəcəyini bilmir.

Bəlkə də, övladının sualları qarşısında aciz qalan atanın xəbəri yoxdur ki, Njde və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayan İkinci Dünya müharibəsi dövründə əsirləri – müxtəlif millətlərin nümayəndələrini xüsusi amansızlıqla öldürüblər. Bu xain satqınlar xüsusi missiya ilə Berlinə gedərək, nasist lideri Adolf Hitlerlə görüşüblər. Tarixi sənədlərə görə, görüş qarşılıqlı anlaşma şəraitində keçib (Görünür, Hitler də ermənilərin satqın mahiyyətindən xəbərdar imiş). Kanayan və Njde faşistlərin başçısına təklif eləyiblər ki, erməni əsirləri bir yerə toplayıb diviziya yaratsın. Bu diviziya Sovet qoşunlarına qarşı amansızlıqla döyüşüb...

Bəlkə də atanın bütün bu tarixi faktlar barədə bilgisi yoxdur. Bir də ki, İrəvanda cinayətkarlara heykəl ucaltmaq çoxdan dəb halını alıb. Məsələn, Andranik Ozanyan faşist Qaregin Njdedən nə ilə fərqlənir? Amma ermənilər başkəsən tayqulaq Andranikə də bəh-bəhlə heykəl ucaldıblar.

Məsələnin hüquqi tərəfi də var. 2015-ci il dekabrın 17-də  BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə Ermənistanın da lehinə səs verdiyi “Nazismin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul edib. İndi isə İrəvan, lehinə səs verdiyi qətnamənin əleyhinə çıxır, dünya dövlətlərinə arxa çevirir.

Məncə, məsələnin görünməyən bir tərəfi də var. Njdeyə heykəl ucaltmaqla Serj özü üçün əl yeri qoyub. Aydın görünür ki, xəbis xislətə malik Sarkisyan ürəyində Njdeyə həsəd aparır. Yəni, arzu edir ki, gələcək nəsillər də Serjə neofaşizmin rəmzi kimi heykəl ucaltsınlar. O, düşünür ki, buna haqqı var. Qarabağda törədilən soyqırımına rəhbərlik edib, günahsız azərbaycanlıların qanını töküb, kəndləri, şəhərləri viran qoyub. Hitlerdən, Njdedən nəyi əskikdir ki? Amma Serj bəzi məqamları unudub. Əvvəla, Ermənistan adlı dövlətin gələcəyi sual altındadır. İkincisi isə, tarixdə rüsvayçılıq rəmzinə çevrilmiş adamlara ucaldılmış heykəllərin ömrü az olur...