Elektron ədəbiyyat və sənət portalı

İmperatordan qızıl qılınc alan kapitan

Bölmə: Tarix 24.06.2016

...1881-ci il martın 13-ü Rusiya İmperiyasının tarixinə qızıl hərflərlə yazıldı. Romanovlar sülaləsinin yeni nümayəndəsi taxta çıxmaqla, mühüm bir dönəmin başlanğıcından xəbər verdi. Bu gün imperator III Aleksandrın tacqoyma mərasimi idi. Moskva hələ belə təmtəraq görməmişdi. Qədim şəhər bayraqlar və al-qırmızı qumaşlarla bəzədilmişdi. Sübh açılandan ölkənin ən tanınmış adamları, qraflar və qubernatorlar, adlı-sanlı hərbçilər və xarici qonaqlar Kremlə axışırdı. Tacqoyma mərasimindən sonra III Aleksandr və xanımı Mariya Fyodorovnanın şərəfinə ziyafət veriləcəkdi. Yeni hökumdar xalqı da unutmamışdı. Onun göstərişi ilə Kreml yaxınlığında ümumxalq bayramına toplaşan şəhər əhalisinə pulsuz yemək və içki paylanırdı.

Rusiyanın yeni imperatoru və xanımı, Kremlin Uspenski kilsəsinə ibadətə getmişdi. Kilsə xorunun oxuduğu dini mahnılar qoca Kremlin divarlarında əks-səda verirdi. Nəhayət, Mitropolit Nikolski tacqoyma mərasimi ilə əlaqədar dini mərasimi başa çatdırdı. İmperator saray əyanlarının müşayiəti ilə kilsədən çıxdı. Hərbi orkestr təntənəli marş çalırdı. III Aleksandr sıraya düzülmüş qonaqların qarşısında ayaq saxlayıb hər biri ilə səmimi görüşdü. Generallara və admirallara isə xüsusi ehtiram göstərdi. Hərbçilər farağat dayanıb imperatoru salamlayır, özlərini təqdim edirdilər. Növbə admirallara çatdı.

- Əlahəzrət, Rus donanmasının kontr-admiralı Aslanbəyov! İmperiya və rus çarı uğrunda həmişə döyüşə hazıram!

III Aleksandrın qarşısında farağat dayanmış 59 yaşlı bu adamın hərbi geyimini ali orden və medallar bəzəyirdi. Əfsanəvi həmyerlimiz İbrahim bəy Aslanbəyov ilk azərbaycanlı admiral, Krım müharibəsinin canlı iştirakçısı və qəhrəmanı, admiral Naximovun silahdaşı idi. İmperatorun çöhrəsinə xəfif təbəssüm qondu. O, ağ əlcəyini çıxarıb admirala əl uzatdı:

- Çox məmnunam, çənab Aslanbəyov. Amma mən sizi həmişə xatırlayıram.

- Təşəkkür edirəm, əlahəzrət. Biz də həmişə Sizinlə fəxr etmişik.

- 1872-ci il yaxşı yadımdadır. Birinci Pyotrun 200 illik yubileyi münasibəti ilə təşkil olunmuş tədbiri ömrüm boyu unutmaram. Dəniz paradında imperatorun avarlı gəmi dəstəsinin kapitanı kimi sizin təcrübənizə və cəsurluğunuza heyran qalmışdım. O vaxt 27 yaşım vardı. Düşünürdüm ki, hər şeyi bilirəm, hər şeyi hamıdan yaxşı bacarıram. Amma sizin, komandan kimi gəmilərə verdiyiniz əmrləri eşidəndə fikrim tamam dəyişdi. Gizlətmirəm, sizə, sözün yaxşı mənasında həsəd aparırdım. Atam II Aleksandr da məharətinizi yüksək qiymətləndirirdi. Dənizdə freqatlarla nümayiş etdirdiyiniz manevrlər hamını heyran qoymuşdu. Bu paraddan sonra əlahəzrət atam sizi həmişə örnək göstərirdi. Qüsursuz xidmətlərinizə görə sizə dərin təşəkkürümü  bildirirəm.

Böyük knyaz Aleksandr Aleksandroviçin hərbçilərə bu xüsusi marağı əbəs deyildi. O, uşaqlıq və yeniyetmə çağlarında vəlihəd sayılmırdı. Bununla belə, mükəmməl hərbi təhsil almışdı. Amma incəsənətə, xüsusən də musiqiyə böyük həvəs göstərirdi. Aleksandr trubada, trombonda çalmağı bacarırdı. O, kazak atamanlarının rəhbərliyində təmsil olunmuşdu, Peterburq hərbi dairəsi və Qvardiya korpusu qoşunlarının komandanı idi.

1877-1878-ci illərdəki rus-türk müharibəsi zamanı Aleksandr Bolqarıstanda Ruşşuksk dəstəsinə rəhbər təyin olunmuşdu. Müharibədən sonra ticarət donanmasının yaradılmasında yaxından iştirak etmişdi.

Taxt-taca Aleksandrın böyük qardaşı Nikolay sahib çıxacaqdı. Lakin o, 1865-ci ildə Nitsedə dünyasını dəyişdi. Aleksandr vəlihəd kimi mərhum qardaşının nişanlısı – Danimarka kralının qızı Luiza Sofiya Frederik Daqmar ilə ailə həyatı qurdu. Luiza ərə gedəndən sonra Mariya Fyodorovna adını götürdü.

1881-ci ilin martında Aleksandrın atası II Aleksandr terrorçular tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Atasının başladığı islahatları indi yeni imperator - III Aleksandr davam etdirməli idi...

İbrahim bəy Aslanbəyov şərəfə layiq hərbçi kimi yetişmişdi. O, 1822-ci il sentyabrın 10-da Bakının Mərdəkan kəndində doğulmuşdu. Atası Allahverdi bəy Bakı xanları nəslindən idi. Oğlunun hərbçi olmasını istəyən Allahverdi bəy onu Peterburqa aparır və Hərbi Dəniz Korpusuna qəbul etdirir. Burada rus zadəgan nəslinin uşaqları təhsil alırdı.

İbrahim bəy ilk təyinatını Baltik donanmasına alır. Burada freqat yelkənli, sürətli hərbi gəmilərdə zabit kimi xidmət edir. Xidmətindəki uğurlara görə 1842-ci ildə donanmanın ən yaxşı zabitləri sırasında Dənizçilik Məktəbinin zabit sinfinə göndərilir. Bu məktəbi də uğurla bitirən İbrahim bəy Qara dəniz hərbi donanmasında “Elbrus” hərbi gəmisinin kapitanı vəzifəsinə təyin edilir. Məhz buradakı fəaliyyəti zamanı o, məşhur rus admiralı P.Naximovun diqqətini cəlb edir. 1853-cü ildə başlanan Krım müharibəsində ona verilən tapşırıqları layiqincə yerinə yetirən kapitan Aslanbəyov, çox keçmir ki, P.Naximovun adyutantı təyin edilir. 1856-cı ildə Krım müharibəsi başa çatır və Aslanbəyov Qara dəniz donanmasının Nikolayev limanında yerləşən 36-cı donanmanın ekipaj komandiri təyin edilir.

Aslanbəyov 1861-ci ildə “Sokol” korvet gəmisinin kapitanı olduğu zaman bir neçə dəfə Qara dəniz sahillərindən Baltik dənizinə reydlər edir.

Təcrübəli kapitan 1878-ci ildə kontr-admiral rütbəsinə layiq görülür. 1884-cü ildə isə o, Baltik donanmasının kiçik flaqmanı vəzifəsinə gətirilir və 1887-ci ildə vitse-admiral rütbəsinə layiq görülür.

...III Aleksandrla görüşdən sonra imperator hörmət əlaməti olaraq həmyerlimizə qızıl qılınc və pul hədiyyə etdi. Amma mükafatlar bununla bitmədi. Aslanbəyov tərəfindən Sakit okean hövzəsindəki Saxalin adasında kəşf olunan bir yarımadaya və Oxot dənizində bir körfəzə onun adı verildi. Bütün bunlar imperator Aleksandrın həmyerlimizə verdiyi rəğbətin bariz nümunəsi idi.

Müasir dövrümüzdə də həmin ərazilər “Aslanbəyov yarımadası” və “Aslanbəyov körfəzi” adlanır.

İbrahim bəy Aslanbəyov 1901-ci il dekabrın 7-də Peterburqda vəfat edib.

Fərhad SABİROĞLU