Elektron ədəbiyyat və sənət portalı

Ayzek Azimov, Aleksey Tolstoy və Aleksandr Belyayevin uzaqgörənliyi

Bölmə: Elm 24.06.2016

Fantastlar şüurun səhrasında azıb qalan nabələd yolçulara bənzəyir. Zaman və məkan sərhədlərini aşmaq, paralel aləmlərdə addımlamaq, alternativ dünyalardan bəzi ismarıcları çatdırmaq onların əsas missiyası olub. Antik dünyanın kor şairi Homerin “İliada” və “Odisseya”sından tutmuş, Dantenin “İlahi komediyası”na, Rablenin “Qarqantua və Pantaqrel” əsərlərinə qədər bir çox bədii mətnlərdə fantastikanın elementləri olub. Əksər dünya xalqlarına məxsus nağıllarının əsasını fantastik elementlər təşkil edib. Lakin bu yazının qəhrəmanları, şərti olaraq “şüur səhrasının yolçuları” adlandırılan fantastlar elmi fantastika janrını inkişaf etdirməklə yanaşı, bəşəriyyətin əsas dayaq nöqtəsi olan elm üçün də nəsə etməyə çalışıblar. Tomas Edisson, Maykl Faradey, Albert Eynşteyn başda olmaqla, dünyanın bir çox alimləri, ixtiraçıları onları bu işə sövq edən əsas təkanın məhz elmi-fantastik əsərlər olduğunu qeyd ediblər. Təbii ki, onların əksəriyyəti Jül Vern, Hüqo Hensberq və Herbert Uellsdən təsirlənmişdilər. Lakin sonradan Ayzek Azimov, Robert Haynlayn, Rey Bredberi, Artur Klark, Aleksey Tolstoy, Aleksandr Belyayev və s. kimi müəlliflər elmi fantastikanı XX əsrin elmi üçün əsas motivasiya mənbəyinə çevirə bildilər. 1926-cı ildə Hensberq tərəfindən ədəbiyyata gətirilən “elmi fantastika” termini bədii təxəyyüllə, praqmatik düşüncə arasındakı sərhəddə özünə məskən saldı. “Şüur yolçuları”nın zamanı qabaqlama, məkanı aşma cəhdləri mətnlərdə yeni təxəyyül oyunlarının, elmi proqnozların meydana çıxmasına səbəb oldu. Təqdim edəcəyimiz yazıda bu janra aid olan əsərləri nəzəri yöndən təhlil edib, bədii cəhətdən qiymətləndirməyəcəyik, yalnız və yalnız, elmi-fantastik ədəbiyyatın, “şüur səhrasındakı yolçuların” elmə verdiyi töhfələrdən danışacağıq:

 

Ayzek Azimov

 

Uzun müddət ABŞ-ın ən nüfuzlu universitetlərində dərs deyən Ayzek Azimov biokimya professoru olmaqla yanaşı, bütün ömrünü elmin kütləviləşməsinə sərf edib. Bu istiqamətdə “Elm və elmi ixtiralar tarixi”, “Kimyanın qısa tarixi”, “Robot”, “Sözlərin tarixi” kimi əsərlər yazırdı. Amma yazıçını dünyada elmi fantastika janrında yazdığı əsərlər tanıtdı. O, “Təməlçilər”, “Kosmik axınlar”, “Marslıların yolu”, “Ölü planet”, “Zamandan qaçış”,   “Qızıl qalaktika” kimi elmi-fantastik romanlarında bəşəriyyətin gələcəyi ilə bağlı maraqlı elmi proqnozları insanlara təqdim etdi. Azimovun ilk dəfə əsərlərində istifadə etdiyi terminlər sonradan bütün dünya elmində işlək funksiya qazandı. Məsələn, “robotexnika”, “psixotarix”  və s. terminlər ilk dəfə onun əsərlərindən çıxaraq universitetlərə, elmi laboratoriyalara ayaq açdı. Sovet dövründə araşdırmaçılar onun yalnız elmi-kütləvi və elmi-fantastik əsərlərini geniş tədqiq edirdilər. Onun həyatına aid olan bəzi məsələlər dəqiqləşdirilmədi. Yazıçının elmə verdiyi töhfələrlə yanaşı, həmçinin onun həyatına aid olan maraqlı bir faktı da qeyd etməliyik. Bu, onun Azərbaycan əsilli yazıçı olma ehtimalıdır.

XX əsrin əvvəllərində Bakıda və Azərbaycanın əksər yerlərində yaşayan yəhudi ailələrinin bəziləri ölkəni tərk edərək, Rusiya və  Avropa ölkələrinə üz tutdular. Ayzekşünasların ötən əsrin 1980-ci illərdəki bəzi yazılarında yazıçının ata-anasının Azərbaycandan  olduğu göstərilirdi.  O zaman araşdırmaçı qrupunun, demək olar ki, hamısı bu faktla razılaşırdı.

Maraqlı bir faktı qeyd edək: Ayzek Azimovun oxucusu olan mərhum professor Zeydulla Ağayev ABŞ-da onunla görüşəndən sonra yazıçıya valideynlərinin Azərbaycandan olması ilə bağlı sual verir. Lakin o, bunu inkar edir.

A.Azimov 1956-cı ildə yazdığı məqalədə 2014-cü ili proqnozlaşdırdı. Həmin proqnozlardan əksəriyyəti bu gün öz təsdiqini tapdı. Onlardan bir neçəsini təqdim edək:

“Bəşəriyyət dəhşətli dərəcədə hərəkətsizlikdən, xəstəliklərdən əziyyət çəkəcək. Bu, ciddi əqli, emosional və sosial  fəsadlara səbəb olacaq. Psixiatriya 2014-cü ildə ən mühüm tibbi peşələrdən biri olacaq;

Avtomatik olaraq qida hazırlayan, suyu qızdıran və onu qəhvəyə çevirən, çörəyi qızardan və s. bu kimi işləri həyata keçirən mətbəx avadanlıqları ixtira ediləcək;

Kommunikasiya təsvir və səs ilə həyata keçiriləcək. Siz danışdığınız insanı nəinki eşidə, hətta görə biləcəksiniz. Ekrandan nəinki danışdığınız insanı görmək, həmçinin sənədlərin, şəkillərin öyrənilməsi və kitablardan hissələr oxumaq üçün istifadə etmək olacaq;

Avadanlıqların elektrik telləri mövcud olmayacaq. Bunun əvəzində texnikalar uzun müddətli batareyalar ilə elektrik cərəyanı toplayacaq.

Alimlər kosmosda nəhəng cihazlar vasitəsilə günəş enerjisi toplayan elektrostansiyalar yaradacaq;

Ay ilə əlaqə bir qədər çətinləşəcək və  əldə edilən məlumat 2,5 saniyə gecikəcək. Marsla da oxşar danışıqlar 3,5 dəqiqə gecikmə ilə həyata keçiriləcək;

2014-cü ilin yarmarkasında təsvirləri təbii ölçüləri ilə əks etdirən 3D televizorlar nümayiş etdiriləcək”.

Ayzek Azimovun ayrı-ayrı əsərlərində vurğulanan elmi proqnozların bugünədək yalnız 50 faizi reallaşıb. Alimlər yazıçının təxəyyülünün məhsulu olan ideyaların yaxın gələcəkdə mütləq öz təsdiqini tapacağına inanırlar. Məsələn, yazıçı bir romanında Marsa pilotsuz kosmik gəmilərin göndəriləcəyini, 2014-cü ildə ora astronavtlardan ibarət ekspedisiya hazırlanmasını  yazıb. Doğrudan da NASA belə bir ekspedisiya göndərməyi planlaşdırır, amma bu, 2030-cu ildən tez olmayacaq.

Azimovun süni qidanın meydana gələcəyi haqqındakı qeydi isə artıq reallaşıb - alimlər 2013-cü ildə süni ətdən ilk hamburger hazırlayıblar.

 

Aleksey Tolstoy və Aleksandr Belyayev

 

Elmi-fantastik əsərləri ilə bəşəri kəşflərin bədii açarını verən iki rus yazıçısı – Aleksandr Belyayev və Aleksey Tolstoy haqqında da qısaca danışaq. A.Tolstoy elmi fantastika janrında çox yazmasa da, cəmi bir əsərində - “Mühəndis Qarinin hiperboloidi” romanındakı elmi proqnozları onun bu sahəyə yaxşı bələd olmasına bir sübutdur.

Lazer şüaları haqqında ilk məlumata yazıçının adıçəkilən romanında rast gəlinib. Məhvedici yaşıl işığın köməyi ilə dünyanı fəth etmək istəyən Qarinin kəşfi bu gün tibb aləmində müvəffəqiyyətlə tətbiq edilir və əksər ciddi xəstəliklərin müalicəsində mühüm rol oynayır. Qeyd edək ki, lazer işığının imkanları əvvəlcə heyvanlar üzərində sınaqdan çıxarılıb. Aşkar olunub ki, yalnız göy və ya qırmızı işığın parametrlərini, tezliyini, həcmini, dalğalarının uzunluğunu dəyişməklə müalicə aparmaq mümkündür. Həkimlər sonradan müəyyən etdilər ki, işıqla müalicə soyuqdəymə və yaraların tez sağalmasına effektli təsir göstərir, immuniteti aktiv surətdə bərpa edir, sinir sistemini tənzimləyir.

35 yaşında sağalmaz tuberkulyoz-plevrit xəstəliyinə tutulan və müharibə illərində aclıqdan dünyasını dəyişən Aleksandr Belyayev isə SSRİ-də bu janrın ən güclü nümayəndəsi hesab edilirdi. Yataq xəstəsi olandan sonra həyat yoldaşı “mən ərə getməmişəm ki, ölənəcən xəstə insana baxım”, deyərək onu tərk edir. Yazıçı bir müddət yaşlı anası və dayəsi ilə Yaltada yaşayır. Tibb, xarici dillər, tarix, texnika kimi elmləri öyrənir və Jül Vern, Herbert Uells və Konstantin Siolkovskinin əsərlərini oxuyur. 1923-cü ildən etibarən isə ciddi ədəbiyyatla məşğul olmağa başlayır. “Sovetin Jül Vern”i adlandırılan Belyayevə üzləşdiyi xəstəlik, əslində böyük yazıçı nüfuzu qazandırır.

Yazıçı xəstə olandan sonra insan psixikası və beynin funksiyaları, onların həyat, şüur, ruhla əlaqələrini öyrənmək istəyirdi, araşdırırdı. Beyin transplantasiyası, Anabioz və onun geniş tətbiqlərinin fəsadları,  gen mühəndisliyi kimi elmi-nəzəri məsələləri bədii mətnə gətirdi.  “Professor Douelin başı”, “Sifətini itirmiş insan”, “Yatmayan insan” və “Hoyti-Toyti” kimi əsərlərdə yuxarıdakı elmi-nəzəri məsələlər obrazların dili ilə oxuculara təqdim olunur.

O, öz əsərlərində gələcəkdə baş verəcək elmi nailiyyətlər haqqında geniş məlumatlar verib. “KES Ulduzu” əsərində müasir kosmik gəmilər haqqında ideyalar var. “Amfibiya adam” romanında isə transplantasiya haqqında təsəvvürlər yer alır. “Əbədi insan” əsərində biokimya və genetika elmlərinin uğurları haqqında danışılıb. “Ariel” romanı daha diqqətəlayiqdir. Çünki orada yerin cazibə qüvvəsinə qalib gələn insan haqqında söhbət gedir.

Elmin NURİ