Elektron ədəbiyyat və sənət portalı

“Qatil” növbəti dəfə AzDrama-da

Bölmə: Beynəlxalq 01.07.2016

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Qatil” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, bəstəkarı Əməkdar incəsənət xadimi Aygün Səmədzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Səhnə əsərində rolları Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Münəvvər Əliyeva, Elxan Quliyev və aktyor Hikmət Rəhimov oynayır.

Mövzusu qadın sevgisi olan tamaşanın süjet xətti, uzun müddətdir müəllimə işləyən bir qadının faciəli həyatı üzərində qurulub.

Saxtakar, yalançı, fırıldaqçı oğlan başı ancaq şagirdlərinə qarışan, tənha, yaşı ötmüş, sevgi gözləyən müəllimin həyatına girir. O, yalanlarla saf qadının təmiz hisslərinin qatili olur. Müəllimin evini və ürəyini zəbt edən oğlan sonda onu qatil edir.

Sosial dəyişikliklər fonunda dərin mənəvi-psixoloji reallıqları əks etdirən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.