Elektron ədəbiyyat və sənət portalı

ABŞ-da “Anamın ailəsinin tarixçəsi”

Bölmə: Beynəlxalq 01.07.2016

Kitab görkəmli şəxsiyyətlərdən ibarət bütöv bir pleyada yetişdirmiş adlı-sanlı bir nəslin – Şıxlinskilər ailəsinin tarixçəsinə həsr olunub. Bu nəslin bir çox nümayəndələri (hərbi qulluqçular, ədiblər, alimlər, dövlət qulluqçuları, sahibkarlar və s.) fitri istedadları və yüksək peşəkarlıqları sayəsində təkcə Azərbaycanda deyil, bütövlükdə Qafqazda, Rusiyada, İran və Türkiyədə müxtəlif sahələrdə hörmət və nüfuz qazanıblar.

Kitabın müəllifi Yusif Pənahbur ana tərəfdən bu ailənin nümayəndələrindən biridir. İnqilabdan sonra onların ailəsi İranda yaşayıb, sonra Amerika Birləşmiş Ştatlarına mühacirət edib.

Müəllif müqəddimədə Qafqazın coğrafiyası haqqında məlumat verir. Kitabın birinci bölməsində bu soyadın İran qolunun görkəmli nümayəndələrinin, o cümlədən Cahangir Şıxlinskinin (kitabın müəllifi onun nəvəsidir) bioqrafiyası təqdim olunub. General Əlağa Şıxlinskinin əmisi oğlu C.Şıxlinski 1920-ci ilə qədər Qazax qəzasının rəisi olub. O, bu barədə öz xatirələrində yazır. General-mayor Cavad bəy Şıxlinski Azərbaycan Xalq Cümhuriyyətində korpus komandiri, habelə Gəncə antibolşevik üsyanının rəhbərlərindən biri olub. Gəncə uğrunda döyüşlərdə ağır yaralanıb, 1920-ci ilin mayında əvvəlcə İrana, sonra Türkiyəyə mühacirət edib, 1959-cu ildə Türkiyədə vəfat edib.

Bu ailənin Azərbaycan qoluna - əslən Qazaxdan olan məşhur nümayəndələrinə kitabın ayrıca bölməsi həsr olunub. Qazaxlı Şıxlinskilərin ən məşhurları “Rus artilleriyasının allahı” general Əlağa Şıxlinski, görkəmli Azərbaycan şairi Molla Vəli Vidadi, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun, Xalq yazıçısı İsmayıl Şıxlı və başqalarıdır.

Kitabda Şıxlinskilər nəslinin mənşəyinin ətraflı tarixi verilib. Qeyd edilir ki, bu nəslin kökləri XIV-XV əsrlərə gedib çıxır. O dövrdə Türkmənistandan Azərbaycanın indiki Qazax rayonu ərazisinə qədim türk tayfaları köç ediblər. “Şıxlı” toponimi bu tayfanın adı ilə bağlıdır. Tayfa “Qazaxlı” adlanırmış. Qazaxlı kəndinin əsasını bu tayfanın nümayəndəsi Məhəmməd Ağdolağın iki oğlu – Alqazax ağa və Şıxı ağa qoyublar. Hazırda mövcud olmayan Qazaxlı kəndi Kür çayı sahilində, Aşağı Salahlı kəndinin yaxınlığında yerləşib.

“Şıxlinskilər” soyadı Şıxı ağanın adından yaranıb. Nəsil şəcərəsi iki qola bölünüb. Şıxlinskilər və Alqazaxlılar. Alqazax Şıxlinskilər nəslinin qədim soyadıdır. Əlağa Şıxlinskinin “Mənim xatirələrim” adlı memuarlarında Şıxlinskilər nəsli haqqında ətraflı informasiya verilir. O yazır: “Azərbaycan Rusiyanın tərkibinə daxil olandan sonra bütün yerlilər rus soyadlarına bənzər soyadlar qəbul etdilər. Nəslimizin hər iki qolunun nümayəndələri özlərinə Şıxlinski soyadı götürdülər”.

Yusif Pənahpur bir neçə dəfə əcdadlarının vətənində olub. Sonuncu dəfə Qazaxa 2010-cu ildə gəlib. Səfər zamanı onu tanınmış rejissor Ziya Şıxlinski müşayiət edib.

Müəllif müqəddimədə əməkdaşlığa, sənədlərə və fotoşəkillərə görə yaxın qohumu Ziya Şıxlinskiyə xüsusi təşəkkür edir.

Kitab nəfis tərtibatda çap olunub. Bura xüsusi dəyəri olan nadir tarixi fotoşəkillər, o cümlədən Şıxlinskilərin ailəvi və görkəmli nümayəndələrinin fotoşəkilləri, Qazax rayonunun mənzərələrini, ötən əsrin milli geyimlərini əks etdirən şəkillər daxil edilib.