Elektron ədəbiyyat və sənət portalı

Ağ at və ağ çuxa

Bölmə: Ədəbiyyat 01.07.2016

Ağ at ilə ağ çuxanın əhvalatı xəyali bir masaldır. Bəlkə, masal surətində bir həqiqətdir və ya həqiqət şəklində bir xəyaldır. Mən bunu təhlil etməyəcəyəm, yalnız olduğu kimi söyləyib keçəcəyəm.

Bakı xanı Hüseynqulu xanın qayət gözəl və dilbər bir qızı var idi. Onun adı Mahnigar idi.

Ömrünün bahar çağında olan Mahnigar olduqca cəsur, qəhrəman bir qız idi. O, at minməkdən, qılınc oynatmaqdan, tüfəng atıb nişan vurmaqdan pək xoşlanar, bu sifətləri haiz olan gəncləri sevər, özü də bu xüsusda hər zaman mümarisə edərdi.

Mahnigar hər il Novruz bayramında atası Hüseynqulu xanın rəiyyət və bəylərindən hankı biri Təmənis düzənliyində at qovmaqda və cıdır oynamaqda birinciliyi qazansaydı, ona öz əlilə işləmiş bir hədiyyə verərdi.

Mahnigarın özünün bir Ağ atı var idi. Bu atı “Uzun ate” türkmənləri Hüseynqulu xana peşkəş gətirmiş, Hüseynqulu xan da onu Mahnigara bağışlamış imiş. Ara-sıra Mahnigar oğlan paltarında Ağ atı minər və şəhərin ərafında sürərmiş.

Rəvayət ediyorlar ki, Ağ atın yeminə, suyuna Mahnigar özü nəzarət edərmiş. Bu at o qədər harın imiş ki, nökərlərdən kimsə ona yaxın dura bilməz imiş. Bir neçə nökərin başını təpiyi ilə əzdiyi hər kəsə məruf imiş.

Mahnigarı bir çox yerdən istəyirdilər. Şəki xanı, Gəncə xanı, Qarabağ və Şamaxı xanı öz oğlanları üçün Hüseynqulu xana dəfələr ilə elçilər göndərmişdilər.

Bununla bərabər Mahnigarın dəstizdivacını bir çox bəyzadələr də istəyirdilər. Mahnigar bu barədə kimsəyə qəti bir cavab verməz idi.

Günlərin bir günü Mahnigar öz əlilə qayət zərif ipəklə qarışıq bir ağ şal toxuyur, yenə öz əlilə, əllərinə yaqışar bir zərafətlə ondan bir çuxa tikiyor. Bu çuxanın bütün sırmaları və ilməkləri həp qızıldan oluyor.

Mahnigar bütün kəndisinə xastkar olan bəyzadələr və xanzadələrə elan ediyor ki, o yalnız o igidi sevə biləcək ki, bu ağ çuxa onun əyninə gəlsin və Ağ atı da minib sürə bilsin.

Mahnigarın bu elanı əski masallarda olan kimi bir şey idi. Hər yerdə ağ çuxa ilə Ağ atın söhbəti idi. Nəinki yalnız xanzadə və bəyzadələr, hətta rəiyyətlərin də igid və qoçaq oğlanları ağ çuxanın xəyalı ilə yaşayırdılar.

Ağ çuxanın tərifi yalnız Azərbaycanda deyil, bir az zaman içərisində Gürcüstan və İranda da söylənməyə başladı.

Hər kəs ağ çuxa barəsində bir söz söyləyirdi. Deyirdilər ki, ağ çuxanı Mahnigar Novruz bayramı at oynatmasında birinciliyi qazanan miniciyə hədiyyə olaraq bağışlayacaqdır. Əksərən xalqın sədası haqqın nidası olur. Cəmaətin söylədiyi həqiqət olaraq meydana çıxır. Ağ çuxa barəsində söylənən söz doğru oldu. Mahnigarın carçıları Novruz bayramına bir həftə qalmış bütün ərraf və əknafa elan etdilər ki, ağ çuxanı at qovmaqda birinciliyi qazanan igid geyəcəkdir.

Novruz bayramı günü Günəş öz zərrin şüası ilə Təmənis düzənliyini işıqlandırmış, bütün ətraf kəndlərdən arvad, kişi, böyük, kiçik axın-axın oraya toplanmaqda idi: hər ilki kimi burada Hüseynqulu xanın hüzurunda “keçdi-keçdi” olacaq, pəhləvanlar qurşaq tutub güləşəcəklərdi.

Xan taxtadan yapılmış bir sandalya üzərində xalça salıb əyləşmiş, ətrafını da ağsaqqallar və kəndxudalar almış, qoçaq oğlanlar, xanzadə və bəyzadələr də qızıl və gümüş vəznəli çuxalar ilə at çapmaq vaxtının hululunu kəmali-səbirsizliklə gözləyirdilər.

Pəhləvanlar güləşdikdən, qoçlar döyüşdükdən sonra, sıra at çapanlara gəldi. Carçı yenə uca səslə həzərata elan etdi ki, Mahnigarın bu il hədiyyəsi məruf ağ çuxadır. Hər kəs buradan gedib Şaqan qalasının başına dolanaraq qayıdarsa, birinci olaraq şəhərin sağ qapısından içəri girərsə, Mahnigar ağ çuxanı ona bağışlayacaqdır.

Atlar dördayaq Şaqan qalasına tərəf çapıyordular. Hər kəs o birisini keçməyə çalışıyordu. Birdən şəhər tərəfindən bir toz qalxdı. Bu, ilk əvvəl kimsənin nəzər-diqqətini cəlb etməyirdi. Fəqət sonra hər kəs o tərəfə baxmağa başladı. Bu gələn bir süvari idi. Özü də qayət sürətlə gəlirdi. Yaxınlaşdıqda, bunun Aslan adlı bir dəliqanlı olduğu anlaşıldı.

Aslan, xanın adamlarından idi. Hər kəsi bir heyrət götürdü. Çünki Aslan, Mahnigarın Ağ atını minmişdi. Xalqdan böyük bir səs və vəlvələ qalxdı. Hər kəs buna bir cür məna veriyordu. Kimisi deyirdi ki, Aslan Ağ atı tövlədən bir kəsə xəbər edib bildirmədən almışdır. Kimisi də deyirdi ki, Mahnigar özü Ağ atı Aslana vermişdir. Hər nə isə, Aslan yıldırım kimi tamaşaçıların qarşısından ötüb-keçdi.

Ağ at əsəbi bir şir kimi yüyənini çeynəyirdi. Şaqan qalasını dönüb qayıtmaq istəyən minicilərə tərəf yönəldi.

Tamaşaçılar Ağ atı əvvəlki atlıların arxasınca gələn görürdülər. Təmənisi keçib Keşlənin yanında Ağ at o birisilər ilə bərabər gediyordu. Ağ at şəhərin birinci səngərinə çatdıqda otəkilər bir çağırım geridə idilər. Birinci olaraq hər kəsdən əvvəl şəhərə Ağ at daxil olmuşdu.

Şəhərdə hər kəs Aslanın ağ çuxanı geyəcəyini söylüyordu. Halbuki bu əhvalatdan bir gün keçmiş, Aslan ağ çuxanı almaq üçün Mahnigarın hüzuruna çıxmamışdı. Bunun özü də hər kəsi heyrətə salmışdı. Mahnigar da bundan maraqlanmışdı.

Böyle danışırlar ki, bir gecə Mahnigar Aslanı yanına çagırıb ondan bu barədə soruşmuşdu. Mahnigar demişdi: “Nə üçün sən hədiyyəni almayırsan?”

Aslan başını aşağı salıb cavab verməmişdi. Sonra Mahnigarın əmri üzərinə demişdi:

- Siz ancaq ağ çuxanı geyəcək igidi sevə biləcəyinizi elan etmiş idiniz. Sonra bildirdiniz ki, kimin atı birinciliyi qazanarsa, ağ çuxanı ona verəcəksiniz. Bu “keçdi-keçdidə” birinciliyi Ağ at qazandı, o da sizin atınızdır.

Mahnigar Aslana ikinci bir sual da vermişdi. O soruşmuşdu ki, “niyə sən məndən iznsiz Ağ atı tövlədən çıxarıb mindin?”.

Bu suala Aslan belə cavab vermişdi: “Mən ağ çuxanı kimsənin əynində görməmək üçün bunu yapdım”. “Neçin?” - sualına: “Mahnigarın bir kəsi sevdiyini istəməyirdim!” - demişdi.

Mahnigar ağ çuxanı Aslana bağışlamışdı. Əlavə olaraq Ağ atı da ona vermişdi.

Ruslar Bakıya gəldikdə Hüseynqulu xan təslim olmaq istəmişdi. Ona görə də şəhərin qoşa qapısından çıxıb Sisianovu istiqbala getmiş, şəhərin açarlarını ona təqdim etmişdi. Buna Mahnigar razı deyildi. O, xəbər göndərib gecə ikən Aslanı çağırmış, nə xüsusda isə xəlvətcə onunla uzun-uzadı söhbət etmişdi. Böylə deyirlər ki, guya Sisianovu qəflətən güllə ilə vurub öldürən Aslan olmuşdur.

Ruslar ikinci kərə Bakıya ordu göndərdilər. Hüseynqulu xan şəhəri buraxıb Keşləyə çəkildi. Mahnigar özünün sevdiyi sarayı buraxmadı, o, orada qaldı. Rus əsgərləri sarayı işğal edib, Mahnigarın yaşadığı ötənin ətrafına mühafizlər qoydular. Xanın təkrar şəhərə hücum edəcəyi gözləniyordu. Hər gün İrandan və ətraf kəndlərdən qüvvələr toplandığı haqqında şəhərdə müxtəlif şayiələr dövran ediyordu. Ruslar gecələr şəhərin qapılarını bağlayıb, küçələrdə qarovul qoyurdular. Halbuki xan Keşlədən də yığışıb İrana qaçmışdı.

Bir gecə şəhərdə böyük bir həyəcan qalxdı; bütün yatmışlar uyqudan oyandılar. Hər yerdən güllə səsi eşidiliyordu. Xanın adamlarının şəhərə, rus əsgərlərinə şəbxun vurduqları zənn ediliyordu. Həqiqət halda isə böyle deyildi. Bu atışmanın, bu gurultunun səbəbi Aslan idi. Aslan gecə ikən Mahnigarı əsarətdən qurtarmaq üçün təkbaşına şəhərə hücum etmişdi. Aslanın köməyi onun altındakı Ağ atı və əynindəki ağ çuxası idi. Aslan sarayın günçıxan tərəfindən həyətə aşaraq, Mahnigarın saxlandığı otəyə tərəf getmiş, mühafizləri olan bir neçə qazağı yerə sərərək, içəri daxil olmuş, Mahnigarı alaraq dışarı çıxmış, Ağ atın tərkinə alaraq onu şəhərdən çıxarmaq üçün rus əsgərləri ilə çarpışmaqda idi. Ağ at şəhərin bürcünü aşmaqla onları rusların əlindən qurtarmışdı. Lakin ruslar onları tutmaq üçün ayağa qalxmış, hep onları təqib ediyordular.

Günəş Xəzər dənizindən yenicə çıxmışdı. Ağ at rusların mühasirəsindən çıxmağa çalışırdı. Uzun qala düzənliyini keçib Kune saqi qayalığına tərəf iştab ediyordu. Kunə saqi uçurumunu aşıb Təmənis düzənliyində yıldırım sürətilə irəliləməkdə idi. Ruslar, rus qazaqlarının hep təqibi davam ediyordu.

Ağ at Aslan ilə Mahnigarı Buzovna kəndinə qədər gətirdi. Ruslar hər tərəfdən kəndi əhatə etmişlərdi. Ağ atın artıq gedəcək yolu qalmamışdı. İrəlidə dəniz var idi. Ağ at dəniz qırağında qayalar üstündə dayanıb Aslanın əmrini gözləyirdi. Onların başqa çarələri qalmamışdı. Aslan qayıdıb Mahnigara baxdı. Bu zaman hər ikisinin gözündən bir atəş parladı. Rus qazaqları ilə onların arasında öylə bır fasilə qalmamışdı. Onlara təslim olub əsir düşmək təklif ediliyordu. Ağ atın qaçacaq yolu yalnız Quzğun dəniz idi. Dənizin ağ və munis suları onları özünə tərəf çağırırdı. Aslan Mahnigarın əlindən tutdu, O da qolunu Aslanın boynuna saldı. Böyləliklə hər ikisi Ağ ata dənizə tərəf atılmağa əmr verdilər. Artıq Quzğun dəniz onları öz müşfiq ağuşuna çəkmiş idi.

Şimdi həmin vaqedən bir əsrdən artıq bir zamandır ki, keçibdir. Buzovnada dəniz kənarında həmin Ağ atın dənizə atıldığı yer indi də mövcuddur. Xalq o yeri bilir. Əbədi olaraq o yerin adı qalmaq üçün orada mövcud qayalardan birinə “Aslan qayası”, birisinə də Mahnigarın adından məhruf olaraq “Muynigar” qayası deyirlər. Biz də bu hekayəmiz ilə bu iki qayanı təsdiq elədik.