Elektron ədəbiyyat və sənət portalı

Oğlum Maks

Bölmə: Ədəbiyyat 01.07.2016

Rey BREDBERİ
(ABŞ)

Mən dodaqdan oxuya bilirəm. Bu “dili” uşaqlıqda, ciddi eşitmə problemləri olan əmim uşaqlarından öyrənmişəm. Doqquz yaşım vardı və onda fikirləşirdim ki, əcəb yaxşı işdi, əgər belə uşaqların yanında olsaz, onda hesab eləyin ki, bütün sirləriniz getdi; dəhlizin o başından sənin dodaqlarının tərpənişinə diqqət kəsilirlər.

Bu qabiliyyətimi gizli saxlayırdım. Heç kim bilmirdi ki, məndən qırx, bəzən səksən yard aralı kiminsə dodağından düşən istənilən kəlmə dərhal mənim mülkiyyətimə keçir. Kim üçünsə yavaşca səslənən istənilən söz mənim anlayıb gülə bilməyim üçün heç də yavaş deyildi. Bu qabiliyyətimə arxayın olub tez-tez restorana gedərdim. Masada tək otursam da, həmişə elə bilərdim ki, bütün ailəmlə nahar eləyirəm. Gözüm təsadüfən ağzına sataşan istənilən müştəri o saat mənim ya bacı-qardaşıma, ya atama, anama, ya da ərə getməmiş xalama çevrilirdi. Onlara “qulaq asmaq” məni bezdirəndə, nəzərlərimi şərabın və ya bifşteksin üzərinə çevirirdim, qaşıq-bıçaq dəstinə və ya çilçırağa baxırdım. Amma sizə danışacağım gecə, mən çilçıraq hayında deyildim.

Yenicə sifariş vermişdim ki, o ailə mənim qarşımdakı masada oturdu. O qədər yaxın idilər ki, mən xoş və ya naxoş replikanı onların dodaqlarından oxumasaydım belə, aydınca eşidərdim. Qırx yaşlarında yaraşıqlı valideynlər və onların dünyalar gözəli oğulları. Bu kişiyə, qadına və onların belə zərif oğluna kənardan baxmaq çox kədərliydi. Menyunu elə oxuyurdular ki, elə bil bütün taleləri orda yazılmışdı. Qadın çox rahatıydı, kişi taleyin zərbəsini almış kimiydi. Atanın oğluna yönələn baxışlarında məzəmmət yoxuydu, kədər vardı. Oğlan, deyəsən, ailənin tək uşağıydı, evləndirmək, nəvə sahibi olmaq istəyirdilər. O gecə həmin masa arxasında həyata uyğunlaşmağa çətinlik çəkməsinə baxmayaraq, çox sevilən bu uşaqla bağlı bütün ümidlərə son qoyuldu. Ata bəxtinə qarğıyıb, oğlunu qovacaq adama bənzəmirdi. Onun ümidsizliyi sonsuz olsa da, nəslinin davam eləməsini çox istəyirdi. Onlar şərab sifariş elədilər, qədəhlərini doldurdular. Sükutu pozmadan içəndə onları tanıdığımı xatırladım. Aman Allah! Mən axı onları bir il əvvəl burda görmüşəm. Demək, bir azdan həmin hadisənin ikinci hissəsi başlayacaq və mən bu müddətdə nələr baş verdiyini öyrənə biləcəm.

Doğrudan da, bu, həmin bədbəxt ailəydi, hərçənd bu dəfə üz-gözlərindən əzab çəkdikləri o qədər də hiss olunmurdu. Özümü ələ aldım, onların danışığından və dodaqlarının tərpənməsindən masadakı mənzərəni özlüyümdə bərpa eləyə bildim. Bir il əvvəl nahar faciəylə bitmişdi. Ailənin başçısı yeməyini yarımçıq saxlayıb, əsəbi və pörtmüş halda masadan qalxıb getmişdi, qadın onun dalınca qaçıb qayıtması üçün yalvarmışdı. Oğul isə tələsmədən şərabını içdikdən sonra hesabı verib sakitcə oranı tərk eləmişdi. Mənə elə gəldi ki, ötən ilin yanvarı ilə müqayisədə Robinsonlar (baş ofisiant ailə başçısına belə müraciət eləyirdi) bir az cavanlaşıblar. Bir il əvvəl onların ünsiyyətində sarsıntının, dəhşətin, inamsızlığın və qəzəbin bir-birini əvəz elədiyini sezmişdim. Hər halda, ata bu vəziyyətdə idi. Onun sifəti getdikcə daha çox qızarır, arvadının isə rəngi ağarırdı. Oğulun sifəti sanki valideynlərinin üzlərindəki rənglərdən borc almış kimi, xəcalətdən ləkələrlə örtülmüşdü.

Oğul onu dinləyən valideynlərin canlarının sıxıldığını çox gec hiss elədi və anladı ki, etiraf heç də həmişə yüngüllük gətirmir.

Mən sakitcə oturub atanın iradəsini toplamaq üçün içdiyi şərab qədəhlərini sayırdım. Kişi irəli əyilib danışmağa başladığı zaman elə bil nur saçırdı və sözləri elə səliqə ilə tələffüz eləyirdi ki, onun dodaqlarını oxumaq mənimçün çox asan idi.

- Qulaq asın, görün nə deyirəm, - deyə o, sözə başladı. İnanın ki, danışmağa söz çoxdu. O, qədəhlərə şərab süzdü. Ötən il bu vaxt bu restoranda nahar eləməyimiz yadınızdadı? Onda yeni iliydi, indi isə Milad bayramına az qalır. Ronald, keçən dəfə sən bizə həyatın haqqındakı gerçəkləri danışdın. Desəm ki, sən öz həyat hekayənlə bizi məhv elədin, az olar. Düzdü, bizim də bəzi şübhələrimiz vardı, amma belə yerdə ən yaxşısı özünü bilməzliyə vurmaqdı. Çünki inanırdım ki, bizim ailəmizdə belə bir şey, sadəcə olaraq, mümkün deyil. Amma biz sənin dostlarından bəzilərilə tanış olanda məhv olduq, elə bil dünya üstümüzə yıxıldı. İnan, şişirtmirəm. Bir ay özümə gələ bilmədim. Gecələr yuxum ərşə çəkildi. Və günlərin bir günü dünyam ikinci dəfə başıma yıxıldı. Bu, inanılmaz dərəcədə dəhşətli zərbəydi. Mən çıxışı olmayan labirint içindəki siçovula bənzəyirdim. Sən axı bizim yeganə oğlumuzsan! Səni evlənməyə, ailə, uşaq sahibi olmağa inandırmaq mənasızıydı. Bilmirəm, qanuni nikahlarda belə hallar tez-tez baş verir, ya yox?! İnanıram ki, baş verir, sadəcə biz bundan xəbər tutmuruq, ya da boşanandan sonra öyrənirik. Hər halda, bir neçə uğursuz cəhddən sonra anladım ki, gələcəyinlə bağlı səninlə razılığa gəlmək mənasızdı, sən heç məni dinləmirdin də.

Cavan oğlan boş qədəhini masanın üstünə qoydu.

- Aman Tanrım! Ata, mətləbə keç.

- Nədi, çox uzun danışıram? - ata təəccübləndi.

- Hə, əzizim, bir az uzun oldu, - qadın ərinə sarı çevrildi. Nə demək istəyirsən?

Ata bir az pərt halda başını aşağı saldı, sonra yenidən qədəhləri şərabla doldurdu.

- İndi anlayarsan. Mənim katibəm missis Gilhemi tanıyırsan?

- Hə, qəşəng qızdı, uzun ayaqları var, nə olub ki?

- Deməli, sən də fikir vermisən.

Ata yenidən başını aşağı saldı, pörtmüşdü.

- Deyəsən, nə demək istədiyini anlamağa başlayıram, - oğul dedi.

- Heç bir şey anlamırsan.

- Amma mən hər şeyi anladım, - qadın dedi.

Ata artıq ayağa qalxmışdı.

- İndi qayıdıram, - dedi və masadakıları bu vəziyyətdə qoyub (elə bil bu dəfə dünya mütləq onların üstünə yıxılmalıydı) ayaqyoluna sarı getdi.

- Aman Allah! – oğul dilləndi, - deyəsən, ağlını itirib.

Qadın səssizcə oturmuşdu. Nəhayət, ata qayıtdı, yerinə oturdu, şərabını içdi və onların üzünə baxmadan – Həə - dedi.

- Nə hə? - oğlu soruşdu. İşə bax da, mərmini atıb, özü də tualetdə gizlənir. Bizi ələ salmısan? Belə bir şeyi təklikdə danışsan da, adam sənin yerinə utanardı. Sənsə ikimizə birdən xəbər verirsən .

- Başqa cür bacarmazdım, - ata etiraf elədi. Tək-tək hər birinizin gözlərinizin içinə baxmaq mənimçün işgəncə olardı. İndisə siz bir söz deməmişdən qabaq...

- Biz hələ sənə bir kəlmə deməmişik, - qadın dilləndi.

- Mənim evdən getmək, ya da boşanmaq niyyətim yoxdu. Mən səni əvvəlki kimi sevirəm və öz katibəmlə həftədə bir dəfədən artıq görüşməyəcəm. O da ancaq çeki vermək...

- Sənə inanmıram, - qadın ərinin sözünü kəsdi.

- Bir də o qadına barmağımın ucuyla da toxunmayacam. Uşaq Milad bayramından bir az sonra doğulacaq. Yaxşı vaxtdı. Ən yaxşı xəbər isə uşağın oğlan olmasıdı.

O, gülümsəyərək stula yayıldı və qarşısındakıların reaksiyasını gözləməyə başladı. Arvadı yalnız köks ötürdü, qaşqabağını töküb bir kəlmə də demədi. Oğlan stulunu masadan çəkib, əlindəki salfeti boşqabın içinə tulladı.

- Sən bununla məni sındırmaq istəyirsən?

- Yox, bu, sadəcə cavab tədbiriydi. Mən gələcəyim olmadan yaşaya bilmərəm. Mən dəhşətli dərəcədə bədbəxt idim. Buna görə də sənin davranışına necəsə cavab verməliydim. Və birdən ağlıma gəldi ki, yeni həyata başlamaq lazımdı. Münasib bir qadın tapıram, mənimçün bir oğlan doğur, ona öz adımı verirəm və iyirmi ildən sonra həyat yenidən başlayır. Yeni ailə, uşaqlar. Hər şey istədiyim kimi - gözəl olacaq.

- O axmaq da sənin bu ağılsız təklifinlə razılaşdı? – oğlu soruşdu.

- O, axmaq deyil. Cazibədardı. Keçirdiyim sarsıntını, ruh düşkünlüyünü bütün ağırlığı ilə anladı. Başa düşdü ki, oğlum sağ ola-ola, mən özümü qəbirdəki kimi hiss edirəm. Və o, mənə necə əmr etməli olduğunu bilirdi: “Lazar, qalx və get” . Mən qəbirdən çıxdım. İyirmi il sonra yaşım yetmişə yaxın olacaq. Yetmişində xoşbəxt olmaq o qədər də pis deyil. Təbii ki, oğlum mənim soyadımı daşıyacaq. Narahat olma, sən onunla görüşməyəcəksən. Qaldı bir neçə məsələni dəqiqləşdirmək. Bundan sonra əvvəlki kimi yaşaya biləcəyikmi? Arvadım məndən soyumayacaq ki? Yetkinləşmiş oğlum məndən küsməyəcək ki? Bu suallara ürəyinizin səsinə qulaq asıb cavab verəcəyinizə inanıram. Aha, desert də gəldi.

Ata ofisiantdan çiyələkli tortu alıb masanın üstünə qoydu, oğlu dedi:

- Adını nə qoyacaqsan o... o...? – dili dolaşdı, qıpqırmızı oldu.

- Düdüyün?

- Yox!

- “O düdüyün” demək istəyirdin? De, de, utanma.

- Hə, düdüyün.

- Yüngülləşdin? Gizlətməyəcəm, yaxşı ad da tapmışam onuncun. Maksimilian!

- Maksimilian?

- Ya da sadəcə Maks. Oğlum Maks. Məncə pis səslənmir. Bu adda nəsə bir əzəmət var. Maks. Oğlum Maks.

- Hə, sonra? Mən evdən gedəndən sonra gəlib otağıma yerləşəcək?

- Sən evdən getmək istəyirsən ki? Buna ehtiyac yoxdu. Ananı ikiqat əziyyətə salmaq istəmirəm. Üstəlik, mənim katibəm həmişə analıq hissini yaşamaq arzusunda olub, Maksla lap iyirmi il də qalmağa hazırdı. Əlbəttə, mən həftədə altı-yeddi dəfə gedib onu gəzdirəcəm. Uşağın atası olmalıdı, axı.

Ofisiant üç fincan qəhvəni masanın üzərinə qoydu.

- Ana, - Ronald qadına tərəf çevrildi, - sən bir kəlmə də deməyəcəksən?

Anası qaşqabaqla dilləndi:

- Cəhənnəm olsun...

Bu dəfə restorandan birinci çıxan ata yox, oğul oldu. O, yelkənli gəmi kimi burnu ilə havanı yara-yara getdi. Anası onun dalınca qaçdı.

Ata tələsmədən şərabını içdi, hesabı verdi və qapıya tərəf yollandı. Yanımdan keçəndə masaya paralel, üzü qapıya dayandı və yavaşca soruşdu:

- Siz dodaqdan oxuya bilirsiz?

Əvvəlcə mənə müraciət elədiyini anlamadım. O, sualını təkrar elədi və mən ona tərəf çevrildim. Onun boz rəngli gözlərindəki arxayın baxışları gördüm.

- Yəqin lal-kar ailəsində böyümüsüz?

- Onun kimi bir şeydi.

- Aydındı. Siz təsadüfən yazıçı deyilsiz ki?

- Hardan bildiz?

- Gözünüzü bizdən çəkmirdiz. Hekayə üçün pis mövzu deyil, eləmi?

- Çox da fikir vermədim, - mən yalan deyirdim.

O gülümsədi və başını buladı.

- Siz dediz, mən də inandım. Əslində, bu, o qədər də vacib deyil. Eşitdiklərinizin həqiqətlə zərrə qədər əlaqəsi yoxdu.

Az qaldı desert qaşığı əlimdən yerə düşsün.

- Necə yəni?

- Bilirsiz, nəsə uydurmalıydım. Bir il əvvəl burda oturanda götür-qoy elədim və bu gün qəfildən hədəfi vurdum. Nə deyirsiz, bunu hekayənizdə yazacaqsız?

- Yox... Bəlkə də hə... Hələ bilmirəm. Təəssüf...

- Niyə susduz? Bir halda ki, başlamısız, sözünüzü bitirin.

- Təəssüf ki, bunların heç biri gerçək deyil.

O, döş cibindən siqarını çıxartdı, çaxmağını axtardı, siqarını alışdırdı, bir qullab aldı, ağzından tüstü halqaları çıxartdı və onların formasını dəyişərək get-gedə əriyib yox olmasını uzun-uzadı müşahidə elədi. Gözləri yaşardı.

- Təəssüf, çox təəssüf...

Mən ofisiantı çağırdım və bir şüşə şərab sifariş elədim. Şüşənin ağzını açdım, o, sakitcə soruşdu:

- Yəni düşünürsüz ki, bunun hamısını içə biləcəyik?

- Hər halda yoxlayaq, - mən cavab verdim.

1993

Tərcümə edən: GÜLDƏSTƏ